28.11.2012

Axundovu oxuyun, cənablar

Arzu Abdulla

IV yazı

Hələ tələbə ikən belə düşünürdüm ki, bizə orta və ya ali məktəblərdə tədris edilən əsərlər  o qədər güclü olub ki, digər əsərləri üstələyiblər və dövrümüzə qədər gəlib çatıblar. Düşünmürdüm ki, Nizaminin və ya Şekspirin dövründə digər yazarlar da olub. Yaxud elə XIX əsrdə Axundovun  ideyalarını tənqid edənlər niyə dərsliklərə salınmayıblar və ya təbliğ edilməyiblər? Məgər ona görə ki, onlar olmayıblar? Yoxsa aparıcı ictimai-siyasi vəziyyətə, hətta hakim sinfin ideoloji durumuna zidd olduqları üçün məhv ediliblər və ya arxivlərdə saxlanmayıblar? Əlbəttə, XXI əsrdə kitabxana və arxiv infrastrukturu yaxşı inkişaf etdiyindən gələcək nəsillərə daha çox əsərlər ötürüləcək. Amma guya bu gün bütün əsərlərin saxlanma ehtimalı eynidirmi?
Heç sirr deyil ki, hansı əsərlər bugünkü və sabahkı hakim ideologiyanın “sınağından” çıxa bilirsə, onun saxlanma ehtimalı da daha yüksək olur.  
Yaxud hansı əsərlər ölkə xaricində hansı hakim sinfin marağına uyğundursa, orda dərc edilir və orda saxlanılır. Bu yəqin ki, Axundovun əsərlərinə də aiddir. Axundovun əsərləri də onun tənqid etdiyi dəyərləri dəstəkləyən digər əsərlərə nisbətən XIX  və XX əsrin “ideoloji sınaqlarından” çıxdı və bizə yetişdi.
Axundovla bağlı mənim yazdığım əvvəlki üç yazı işıq üzü görəndən sonra oxucuların və opponentlərin reaksiyasını bilmək üçün bir qədər gözləməli oldum. Gözləyirdim ki, Axundovun yenidən tədqiqatının o dövrün ictimai-siyasi vəziyyəti ilə paralel araşdırılmasına narazılıq edənlərin əsas arqumenti və iradları nədən ibarət olacaq. Amma bunların heç biri olmadı.
Məni sadəcə qatı dindarlıqda və xeyli adını ilk dəfə eşitdiyim nələrəsə və kimlərəsə hörmətdə suçladılar. Lakin elə bu vaxt mənim fikirlərimi təsdiq edən maraqlı bir fakt diqqətimi cəlb etdi. Bu XIX əsr fransız alimi Jan-Jak Eliza Reklinin “İnsan və Yer kürəsi” kitabındakı Cənubi Qafqazın xəritəsidir. Xəritə C. Morqan planına uyğun tərtib edilib və “İran xalqları” adlanır.
Xəritədən açıq-aydın görünür ki, indiki Azərbaycan ərazisində, xüsusilə  Qarabağ, Zəngəzur və Naxçıvan ərazilərində XIX əsrə qədər “Qafqaz albanları” adlanan xalq yaşayıb. Başqa sözlə desək, Rusiya Cənubi Qafqaza gələnə qədər bu ərazilərdə onun siyasətini dəstəkləyə bilən əhali qrupları, yəni ermənilər xeyli az olub.
Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsi üçün müsəlman əhalisinin azaldılması və ya əhali arasında islamı gözdən salan ideoloji hücumların gücləndirilməsi, beləliklə, alban əhalisinin islama tərəf yox, erməniləşdirilməsi siyasəti ciddiləşib.
Odur ki, XIX əsrin axırlarında xristianlığın qriqorian və provoslav təriqətlərinin əleyhinə yox, məhz islamın əleyhinə geniş miqyaslı hücumlar başlayıb. Adətən, belə hücumların məhz müsəlman cəmiyyətindən olan ziyalılar  vasitəsilə aparılması isə taktiki bir gediş idi.
Mirzə Fətəlini “Azərbaycanda azad fikrin memarı” adlandıranlar bu dövrdə “azad fikrin” nədən ibarət olduğunu görəsən, tədqiq ediblərmi?  Məsələn, bu gün Azərbaycanda sovet rejimini tənqid etmək nə dərəcədə “azad fikirlilikdir?” Yaxud ABŞ səfirliyində səfirlə görüş zamanı ABŞ-ın Yaxın Şərq siyasətini dəstəkləmək və bununla qrant qazanmaq “azad fikirlilik” hesab oluna bilərmi? Əgər belədirsə, onda dünyanın elə ölkəsi yoxdur ki, orada “azad fikirlilik” olmasın!
Onda Səddam Hüseyn dövründə Səddamın siyasətini, sovet dövründə Stalin rejimini və sair hadisələri dəstəkləyənləri də “azad fikirlilik” kimi qiymətləndirmək olar. Əgər belə deyilsə, yəni “azad fikirlilik” cəmiyyətdə hakim zümrənin ideologiyasının əksinə və ya alternativ fikir söyləməkdən ibarətdirsə, onda Axundovun “azad fikirli” olmasına ciddi şübhə yaranır. Onda Axundovu yenidən oxumağa ehtiyac yaranır. Axundovu oxuyun cənablar!

yashilqafqaz@gmail.com

Комментариев нет:

Отправить комментарий