Qadın hər şeyə çoxdan, lap çoxdan tüpürmüşdü, təkcə
qarşısında dayandığı bu qırağı haşiyəli, naxışlı güzgüdən başqa. Onun həyata
uzanan yolları bu güzgünün qarşısından başlanırdı, məhz bu güzgünün qarşısında
o, hamıdan güclü, hamıdan qürurlu olurdu, varlığı bütünlüklə təsdiq olunurdu.
Bəzənmək həyatında ən çox ləzzət aldığı bir əyləncə
idi. Dəfələrlə üz-gözünü boyayır, xoşu gəlmədikdə silib, təzədən boyaq çəkir,
uzun qara saçlarını gah o, gah da bu çiyninin üstündən aşırır, özü-özünə vurulurdu.
Qara, uzun saçları doğrudan da, lap qiyamət idi.
Kişi iri, kobud əlləriylə onun uzun saçlarını qarışdırır,
üzünə səpələyir, dönə-dönə öpüb pıçıldayırdı:
– Aman Allah, dəli olacağam. Heç bilirsənmi sənin həsrətini
nə qədər çəkmişəm?! Səni hələ ilk dəfə
görəndə ağlımı itirdim. İnana bilmirəm, inana bilmirəm bu xoşbəxtliyə.
– Bəlkə sən mənə cadu etmisən?
Qadın nazla yırğalandı:
– Bəs bilmirdin? Mən cadugərəm də...
Kişi tikinti idarələrindən birində çalışırdı. Hər gün
robot kimi dəqiqiliklə gedib-gəldiyi işindən, hər iki-üç gündən bir çənə– boğaz
etdiyi bazar alverçilərindən, saatlarla
içinə çökdüyü iri meşin divandan tamamilə bezdiyi bir vaxtda, az qala itməkdə
olan kişilik qüruru özünə qayıtmış, həyatına rəng qatılmışdı. Əgər xoşbəxtliyi
ölçən cihaz olsaydı, demək olardı ki, bu an yüz faiz xoşbəxt olmuşdu. Bu xoşbəxtlik
dalğa - dalğa axaraq qadına da siraət etmiş, onun qəlbini fərəh və nəşəylə doldurmuşdu.
Xoşbəxtlik quşu eyni anda hər ikisini qanadlarına alıb əsrarəngiz və əlçatmaz
bir aləmə aparmışdı...
Bütün
bunların səbəbkarı qadın idi və kişi
buna görə qadının ayaqlarına düşməyə hazır idi:
Deyirəm, Tanrıya qurban olum, nə yaxşı səni yaradıb
e...
Kişi
güzgünün qarşısında qurdalanan qadına baxıb, səsini bir qədər ucaltdı.
– Hə, Tanrı məni kişilər üçün bəxşeyiş göndərib.
Qadının bu
sözləri kişinin xoşuna gəlmədi, qaş-qabağını tökdü.
Bəlkə, bu axşam qalasan bizdə, səhər
gedərsən. Qadın dönüb ona baxdı.
Kişinin
gözlərində qorxaqlıq işartıları sezildi. O, tələm-tələs dilləndi:
– Yox, gedim. Səhər yenə gələrəm. Daha hər gün gələcəyəm.
Qadın öz fəhmi hesabına hiss etdi ki, kişinin ürəyindən
bu an evdəki arvad-uşağı keçdi. Adəti üzrə qapıya tərəf gedib, gözünün birini
qıyaraq qapının gözlüyündən baxdı, onu yola saldı.
Sonra gəlib güzgünün qarşısında oturdu, heyranlıqla
özünə tamaşa etdi. Doğrudan da gözəl idi. Üzündə elə bir cazibə vardı ki, çətin
ki, hansısa kişi bunun qarşısında tab gətirəydi. Kişinin sabah gəlib-gəlməyəcəyi
qadın üçün elə də maraqlı deyildi. Əsas o idi ki, kişini öz cazibəsinə çəkə bilmişdi,
kişi onun qurduğu torda çabalayırdı. Bu, qadının qələbəsi idi.
Qadın neçə dəfə həyatın lap dibinəcən baş vurmuşdusa
da, orada maraqlı, onu çəkəcək heç nə tapa bilməmişdi. Uzun axtarışlardan
sonra nəhayət qərara gəlmişdi ki, bu həyat çoxüzlüdür və onun heç birində
yaşamağa meyli yoxdur, bəlkə də gücü çatmır. Təkcə həyatın bir üzü qadını sürətlə
özünə çəkirdi, bu üzdə o, özünü inamlı hiss edir, qaranlığın içində parlayaraq
işıq saçır, asanlıqla kişiləri öz cazibəsinə çəkə bilirdi.
Bu üzdə qadın üçün heç bir qadağa, heç bir qayda-qanun
yoxdu, ürəyi istəyən kimi yaşayırdı. Bu üzdə o, azad və xoşbəxtdi. Bəlkə də, bunu
Tanrı özü onun üçün seçmişdi.
Qadın inanırdı ki, Tanrı bütün əsirgədiklərinin əvəzində
ona böyük bir cazibə qüvvəsi verib. Elə hesab edirdi ki, onunla yaxınlıq edənlərin
hamısı heç olmasa ömürlərində bircə dəfə əsl xoşbəxtliyin nə olduğunu duya
bilirlər. Bu çox fərəhli idi. Bu inam, bu duyğu onun bütün yaşamını, həyatını
təşkil edirdi. Necəliyindən asılı olmayaraq bu, qadının həyatı idi.
Qadının növbəti sevgilisi şəhərin ən məşhur banklarından
birində çalışırdı. O, əvvəlcə bu üzü
çopur, zəhmli kişini yaxına buraxmaq istəməmiş, onun təklifini qətiyyətlə rədd
etmişdir. Lakin kişinin israrlı təkidləri, inadı, bəlkə də bunlardan daha çox
bahalı hədiyyə və bəxşişləri onu inadından çəkindirmiş, bu adama qarşı özündə
güclü bir maraq hiss etmişdi. Kişi onunla tanış olduqdan sonra tamamilə dəyişmişdi:
bu anda dərk etmişdi ki, həyatında olan şeylər öz rəngini və əhəmiyyətini
çoxdan itirib. Hiss etmişdi ki, hər gün təmasında olduğu pulun soyuq, əzəmətli
ağırlığı, ətrafında fırlananların var- dövlətə olan marağı, hərdənbir
görüşdüyü “gecə kəpənəkləri” adlanan manikenəbənzər qızların pul yerləşdirdiyi cibinə sancılan həris və şəhvətli
baxışları, şişman arvadının, uşaqlarının
pula olan sevgisi- bütün bunlar onu tamam bezdirib. Artıq kənarda zəhmli və sərt görünən, öz
içindəsə öləziyib itməkdə olan şəxsiyyəti yenidən dirçəlməyə başlamışdı.
Qadınla tanış olduqdan sonra anlamağa başlamışdı
ki, həyatda puldan, var-dövlətdən daha önəmli, daha mərhəm olan şeylər də var.
O, saatlarla qadının qarşısında oturur, üzünü onun dizlərinə sürtür, bəzən
içkili olduqda isə nədənsə kövrəlib hönkür-hönkür ağlayır, qadının ayaqları altına
səpələnən pulları göz yaşlarına qərq edərdi.
Belə hallarda qadının ona yazığı da gələrdi, lakin
necə olursa-olsun öz rolunu oynayar, hündürdən şən səslə qəhqəhə çəkib gülərdi.
“Səninlə olanda əsl həyatı hiss edirəm, yaşayıram, –
deyirdi kişi, sən demə, həyat bitməyibmiş, səndən sonra hiss etdim bunları”. Bu
anda qadının qanadı olsa, göylərə uçardı.
Kişi öz xoşbəxtliyini dostları ilə bölüşməkdən ötrü əldən-ayaqdan
gedərdi. Çox vaxt bütün ehtiyat tədbirlərini unudaraq, qadını ətrafdakı
yoldaşları ilə tanış edir, onun gözəlliyini nümayişkaranə şəkildə sərgiləyir,
açıq-aydın bu təqdimatdan qürrələnirdi.
Qadın dəfələrlə onu xəbərdar edirdi ki, ehtiyatlı olsun, nə vaxtsa “ilişə bilər”. Bir qədər keçmiş
qadının ehtimalı özünü doğrultdu və kişi az qala bütün olanlarını itirmək
astanasındaykən qadından aralanmalı oldu.
Bank işçisindən sonrakı sevgili gənc bir tələbə idi. Qadın
onu eləcə tələbə deyə çağırardı.
Tələbə qadınla
tanış olduqdan sonra özünü yetkin, qürurlu kişi kimi hiss edirdi. Artıq əvvəlki yoldaşları ona hələ yetişməmiş, sadəlövh uşaq
təsiri bağışlayırdılar. Yerişində, hərəkətlərində bir ötkəmlik hiss olunurdu,
tamamilə dəyişmişdi.
Tələbə, qadının uzun müddət güzgüyə baxmasından
heç xoşlanmazdı. İmkan tapan kimi güzgünün qarşısına keçib, uzun-uzadı orda
qurdalanan qadını qucaqlayaraq güzgüdən kənarlaşdırardı. “Bu güzgünü evdən götürmək lazımdır, – deyərdi
– mənə vaxt ayırammırsan”. Qadın onun sinəsinə sığınaraq titrəyən əllərini, sevgidən
od tutan sifətini ləzzətlə seyr edər:
“Sən məni güzgüyə qısqanırsan”, – deyə
saçlarını qarışdırardı. Sonra oğlanın məhəbbət və heyranlıq yağan
gözlərində nəyi isə hiss edərək pıçıldayardı: “Bax, sən məni heç vaxt unuda
bilməyəcəksən, hamısı unutsa da, sən unutmayacaqsan”.
Qadın başqalarından fərqli olaraq onun bütün şıltaqlıqlarına
dözürdü.
Tələbəylə sevgi səhnələrindən sonra onun ürəyindən
etirafı özü üçün qorxulu olan bəzi şeylər də keçərdi. Dərhal da özünü
danlayar: “Həyatı qəlizləşdirmək nəyimə gərəkdir”, – deyə “sarsaq” fikirləri
başından qovaraq sakitləşərdi.
Tələbə qadından ayrıldıqdan sonra içi xoşbəxtlikdən
lehlənmiş halda saatlarla küçələri dolaşır, gecə səhərədək gözlərini yummadan
qadının cazibəli və şən, çox zaman da güzgüdən boylanan sifətini gözü
qarşısında canlandırır, intizarla səhərki görüşü gözləyirdi.
- Ölənə
kimi səndən ayrılmayacağam, hələ uzun illər boyunca, lap qocalana qədər əlaqəmiz
kəsilməyəcək...
Qadına elə
gələrdi ki, “əlaqəmiz” sözünü oğlan xüsusi vurğu ilə tələffüz edir. Gözlərini
yumaraq öz yaşı üzərində “hesablama” aparar: “Beş il, bəlkə də bir qədər çox”,
- deyə düşünərdi. Şəxsi qənaəti ilə ürəyindəcə tələbənin fikrinə düzəliş edərdi.
Sonra ehtirasla dolu, sonu yoxmuş
kimi görünən sevgi səhnələri başlanardı.
Qadın
getdikcə tələbənin həyatının əsas hissəsinə
çevrilirdi və bilirdi ki, tələbə ilə münasibətləri ötəri münasibətdir,
bəlkə elə özü son qoyacaqdı bu münasibətə. Lakin bu an çox xoşbəxt idi. Qadın həyatda yalnız xoşbəxt
olmaq üçün yaşayırdı və bunu bacarırdı.
Xoşbəxtliyin o biri üzündə böyük bir boşluq vardı və o, umkan qədər ora
yaxınlaşmamağa çalışırdı.
Ancaq bir dəfə
qadına insafsızlıq edildi. Hər halda, qadın bunu Tanrı tərəfindən özünə
edilmiş ədalətsizlik kimi qəbul etdi. Deyəsən, imtiyaz kimi verilmiş bu xüsusi bəxşişi də
ona qıymaq istəmirdilər.
Hər şey təntənəli bir mərasimdən başlandı. Mərasimi
köhnə tanışlarından biri hazırlamışdı. Xeyli imkanlı, müəyyən dairələrdə yüksək
nüfuz qazanmış bu adam bir vaxtlar ona nələri vəd etmirdi, hər əmrinə müntəzir
dayanır, saatlarla yolunu gözləyirdi. Bu xeyli əvvəllər olmuşdu və qadın az
qala onu unutmuşdu. İndi hardansa birdən-birə onun yadına düşmüşdü, bəlkə də
elə işin tərsliyindəndi bu yada düşmə. Əslində onun bu kişiyə heç bir marağı
yox idi. Tərk etdiyi kişiyə geyinilib köhnəlmiş, çoxdan dəbdən düşmüş, dolabın bir küncünə atılmış paltar kimi mənasız
baxırdı. Geri qayıtmaq onun prinsiplərinə uyğun deyildi. Amma rədd etməmişdi
kişinin təklifini. Özündən yaşca kiçik olan rəfiqəsiylə gəlmişdi mərasimə.
Evdən çəxarkan son dəfə güzgüyə baxaraq arxayınlaşmışdı ki, ondan gözəli yoxdur.
Yoxsa elə bu vəzifəli adam aradan neçə il keçəndən, öz ac hisslərini yetərincə
doydurduqdan sonra onu bu qədər israrla, yenidən görmək istəməzdi ki...
Məclisə daxil olan kimi dərhal bütün məclisdəkilərin, daha doğrusu, məclisdəki
kişilərin diqqətini özünə çəkdi. Onu xüsusi rəğbətlə qarşılayan tanışı bir
qədər keçmiş qulağına pıçıldadı:
– Qurban olum sənə, nə olar yanındakı rəfiqəni mənimlə
tanış et, nə istəsən verərəm.
O andaca qadının içindən, nələrsə qırılıb töküldü. Sonra
növbəti haqsızlıq, yanlarında əyləşmiş başqa bir kişinin ona məhəl qoymadan rəfiqəsini
rəqsə dəvət etməsi... Küçədəki laqeyd baxışlar, etinasızlıq. Qadın hiss
edirdi ki, nə isə baş verir. O, dibi görünməyən bir boşluğa yuvarlanırdı. Fərqinə
varmadan yaşadığı həyatın bu qədər bəsit olduğunun açıqca hiss edirdi.
Evə qayıdıb həmişə həvəslə, şövqlə qarşısında dayandığı
güzgüdən özünü seyr etdi. Üzündə o qədər dəyişiklik hiss etməsə də, içində nə
isə qırılıb tökülməyə, inamı, qüruru əriməyə başladı.
Sonra isə növbəti, daha növbəti uğursuzluq... Küçədə
qadını gözdən qoymayan, ona tərəf acgözlüklə boylanan kişilər artıq onun
yanından laqeydliklə ötüb keçirdilər. Bu, qadını yandırıb tökürdü. O, bu laqeydliyi
özünə rəva bilmirdi. Onun həyat fəlsəfəsində belə bir maddəyə yer ayrılmamışdı.
Qadın özünü təhqir edilmiş, alçaldılmış hiss edirdi. O, axır vaxtlar evdən
çıxmır, saatlarla güzgünün qarşısında oturub bir çıxış yolu axtarırdı. Hər dəfə
güc, ilham aldığı güzgüdən sifətində lazımsız xətlər, diqqət yetirdikdə nəzərdən
qaçmayan yeni qırışlar kəşf edir, əsəbləşirdi. Qadın demək olar ki, yaşamırdı.
Heç kəslə əlaqə saxlamırdı. Təkcə tələbənin cavabsız qalan israrlı zəngləri,
saatlarla qapının ağzında dayanmaları nəzərə alınmasa, heç onu axtaran da
yoxdu. Tələbə günlərlə gəlib evin qarşısında gəzir, dəfələrlə qapını döyür, lakin
heç bir faydası olmurdu. O, fikrində qəti idi, heç kimi görmək istəmirdi.
Qadın evdə, ətrafdan təcrid olunmuş şəkildə yaşamağa
başlamışdı. Demək olar ki, güzgüyə tərəf baxmırdı və bu onu həyatının
bitdiyinə dəlalət edirdi. Deyəsən, o, Tanrının da yadından çıxmışdı.
Tək bircə dəfə tələbə ilə telefonla danışmışdı. Söhbət
çox qısa olmuşdu. Tələbə ona məktəbi bitirərək yaxşı bir vəzifəyə düzəldiyini
sevinclə xəbər vermişdi. Qadın soyuq və quru şəkildə onu təbrik etmiş, sonra
bir bəhanə ilə söhbəti yarıda kəsmişdi.
Və çox keçmədən o, öz evindəcə adi bir təhlükəsizlik
nəticəsində vəfat etdi. Bəlkə də bu belə deyildi, ancaq rəy verməli olan
ekspertlər belə qərara gəldilər.
Dəfndə çox az adam, demək olar ki, yalnız dəfn bürosunun
işçiləri iştirak edirdi. Onları bura tələbə gətirmişdi. Tələbə qapının ağzına
qoyulmuş güzgünün qarşısında dayanaraq yanıqlı-yanıqlı siqaret çəkirdi.
Dəfn üçün bütün hazırlıq işləri görülmüş, hər kəs tələbənin
üzünə baxaraq onun əmrini gözləyirdi.
Tələbə gözlərini güzgüdən ayırmadan nə isə bir söz
demək, məntiqli, lap elə təsəlliverici bir söz söyləmək istəyirdi. Ancaq
beynindən sürətlə keçən fikirlərin heç biri tutarlı sözə çevrilmək iqtidarında
deyildi. Və o, son dəfə əlindəki siqaretin tüstüsünü acgözlüklə içinə çəkərək, daha
çox özünə bəyan edirmiş kimi, hüznlü səslə astadan dilləndi:
– O, həyata bu güzgüdən baxırdı... naringul1@mail.ru
Комментариев нет:
Отправить комментарий