23.11.2012

Qaş düzəltdiyi yerdə

Akif Abbasov

Şura hökumətinin vaxtları idi. Zahid neçə müddət olardı ki, rayondan gəlib Bakıda dolaşır, burada işə düzəlmək istəyirdi. Şəhərə pasport qeydiyyatı olmadığından yaxına qoymurdular. Qohumlarından birinin telefon zəngi ilə axır ki, iş tapdı. Amma onunla şərt kəsdilər ki, qeydiyyat məsələsini təcili həll eləsin, yoxsa gərək başına çarə qıla.

Həftələr, aylar ötsə də, o, istəyinə nail ola bilməmişdi. Açmadığı qapı qalmamışdı. Bir yandan da kadrlar şöbəsindən hər gün: «Nə oldu sənin qeydiyyat məsələn? Uzadırsan ha. Direktorluğa məlumat verməli olacağıq» , - deyə onun narahatlığını daha da artırırdılar.
Zahidlə eyni şöbədə Hacı adlı birisi də işləyirdi. Bakı kəndlərindən idi. Yaşıd olardılar. İri gövdəli, qaraşın bənizli, saçları seyrək bir gəncdi. Gövdəsi ilə müqayisədə başı bir qədər iri görünürdü. Bədəninin iriliyinə baxmayaraq, xasiyyətcə həlimdi, özü də sadəlövh. Sadəlövhlüyündən istifadə edərək, onunla tez-tez zarafatlaşardılar. Hətta Hacını dolayanlar da tapılırdı: «Ay qaqaş, sənin nə böyük başın var! Yaxşı xaş çıxar. İşçilərin hamısı yığılıb yeyər, hələ üstəlik sabaha da qalar…»
Hacı onlardan inciməzdi. Bir növ adətkərdə olmuşdu. Bu da onun ürəyinin təmizliyindən, özünün sadəliyindən irəli gəlirdi. Hacının atası Mirzəqulu yaşadıqları kənddə kənd sovetinin sədri idi. Zahid Hacıya dil çıxarıb yalvarmışdı ki, atasından xahiş eləsin, ona kömək əlini uzatsın. Hacı da bu barədə Mirzəqulu kişiyə çatdırmışdı. Hələ üstəlik arada Zahidi evlərinə aparıb atası ilə tanış da etmişdi. Kişi kömək göstərəcəyinə söz vermişdi. Həmin söhbətdən sonra Zahid toxtaxtlıq tapmış, kadrlar şöbəsinə pasport qeydiyyatının yaxın vaxtlarda düzələcəyini bildirmiş, bir az da möhlət istəmişdi. Hətta Hacını da özüylə aparmışdı ki, onun dediklərini təsdiq etsin.
Zahid oğlunun dostu idi. Mirzəqulu kişi bunu nəzərə alaraq, Zahidi öz evlərinə qeydiyyata salacaqdı. Bunu eşidən Zahidin kefi kökəlmişdi. Hacı ilə zarafatlaşır, arada da pürrəngi çaydan içirdi. Şöbədə onlarla Nadir deyilən birisi də işləyirdi. Yaman baməzə idi. Hacıya sataşmaqdan həzz alırdı. Bu gün də kefi yaxşı olduğundan zarafatından qalmırdı. Zahidə göz vuraraq:
-Zahid, səndən bir şey soruşacağam, amma gərək düzünü deyəsən. Evdə çayı sənə kim süzür? Arvadın, yoxsa özün?
-Əlbəttə, arvadım. Evə çatan kimi süfrəyə çay, dalınca da xörək gətirir.
Sonra Zahid Nadirdən xəbər aldı:
-Bəs sizdə necə?
Nadir çayını içə-içə:
-Qəribə oğlansan! Özümçün çay süzəndim, daha arvadı nə üçün alırdım?! Yaxşı, ay Zahid, yorğun-yorğun evə gələndə arvad qulluğunda necə durur?
-Tez stulda oturdur. Əvvəl ayaqqabılarımı, sonra da corablarımı çıxarır. Qışda ilıq, yayda sərin su ilə ayaqlarımı yuyur. Oluram quş kimi yüngül.
Hacı özünü saxlaya bilməyib söhbətə qarışdı:
-Ay Zahid, birdən dedin çay gətir – gətirmədi, ya da ayaqlarımı yu – yumadı. Əlindən nə gələcək?
Zahid tez rola girdi:
-Hünəri var, desin! Qulağının dibinə bir yumruq vuraram, ağlı gələr başına!
Söhbət elə buradaca bitdi. Hacı axşam evə gəlib əynini dəyişdi. Arvadı eyvanda paltar yuyurdu. Hacı stolun arxasına keçib onun səslədi:
-Ay Sənəm, bir stəkan çay gətir. Ciyərim yanır.
Sənəmin səsi gəldi:
-Görürsən, əlimdə işim var. Dur, özün süz.
Hacı dilxor olsa da, özünü o yerə qoymadı. Dinməz-söyləməz mətbəxə keçib özü üçün çay gətirdi. Çay yaxşı dəm alsa da, ətirli olsa da ona ləzzət vermədi. Arvadının sözləri onu tutmuşdu. «Həmişə belə edir», - deyə onun qarasınca asıb-kəsdi. Amma çox keçmədi ki, hər şeyi unutdu. Ürəyi təmiz adamların hamısı belədir. Kin saxlamağı bacarmırlar. Hacı yenidən üzünü eyvana tutub, arvadına dedi:
-Ay Sənəm, yaman acmışam. Gətir, görək nə bişirmisən.
Sənəm halını pozmadan:
-Ay Hacı, xörək qazanı qazın üstündədir. Dur, sən Allah, özün çək. Çörək də doğrayıb qoymuşam.
Hacı bu dəfə hirsləndi. Amma hirsini boğdu. Ayağa qalxıb yemək gətirdi. Yeyib-doyandan sonra yadına düşdü ki, ayaqları zoqquldayır. Bütün günü ora-bura qaçdığından, şəhərdən kəndə avtobusda ayaq üstə gəldiyindən bərk yorulub. Ayaqlarına su dəysə özünə gələr.
Sənəm təzəcə paltarları sərib yanını yerə qoymuşdu. Yorulduğundan nəfəsini dərirdi. Hacı isə öz aləmində idi. O, arvadına müraciətlə:
-Ay Sənəm, o ləyəni, aftafanı bura gətir, corablarımı çıxar, ayaqlarımı yu. Yorulub ölürəm.
Sənəm təəccüblə:
-A kişi, ayaqlarını da mən yuyum? Dur, zəhmət çək, keç hamama, ayaqlarını da yu. Lap istəyirsən, başını da, bədənini də…
Hacı tutuldu. Nadirlə Zahidin sözlərini yadına salıb bərk qeyzləndi. Ürəyində: «Doğrudan da, arvad sənə çay gətirməsin, xörək çəkməsin, ayaqlarını yumasın, daha belə arvad nəyimə gərək?! – deyə fikirləşib qalxdı və Sənəmin üstünə yeridi:
--Ayağa dur, köpəyin qızı!!!
Sənəm ilk dəfə idi ki, Hacını belə əsəbi görürdü. Ona görə də bir az qorxu, bir az heyrət içərisində dərhal ayağa qalxdı. Onun yerindən durmağı ilə Hacının silləni ilişdirməyi eyni vaxta düşdü. Hacının iri, ətli əllərinin zərbəsi ağır və həm də qəfil olduğundan Sənəm tir-tap yerə sərildi. İndi ölmüsən, dünən ölmüsən. Arvadın ağzı köpüklənməyə başladı. Səs-küyə qonşu otaqdan Mirzəqulu kişi, Fatma arvad hövlnak gəıldilər. Hacını pörtmüş və qəzəbli, Sənəmi isə başı kəsilmiş toyuq kimi yerdə çabalayan görüb ikisi də bir ağızdan:
-Nə olub, ay bala, niyə bir-birinizi qırırsınız? Hacı, oynar-gülər içəri girdin. Birdən-birə nə hadisə baş verdi?
Mirzəqulu kişinin işarəsi ilə Fatma arvad Sənəmin qoluna girib onu qonşu otağa apardı. Özü isə ayırd eləmək üçün qaldı:
-Hacı, bu nə işdir tutursan? Arvadını niyə o kökə salmısan? Heç utanıb yerə girirsən?
Hacı özünə haqq qazandırmaq üçün:
-Ay ata, camaatın arvadı kişi evə gələn kimi qabağına çay-çörək gətirir, su qoyub ayaqlarını yuyur…
Mirzəqulu kişi:
-Hə, sonra, davam et…
-Mənimki isə… Deyirəm - çay ver, deyir – dur, özün süz. Deyirəm – yemək gətir. Deyir - özün elə. Deyirəm – ayaqlarımı yu, deyir – səninçin ayaq yuyanam?! İndi sən de, ay ata, bəs bu arvadı niyə almışam?!
-Hə, sən də eləmədin tənbəllik, qadına əl qaldırdın?
Hacı başını aşağı salıb dinmədi. Mirzəqulu kişi davam etdi:
-Camaat deyəndə, kimi nəzərdə tutursan?
-Elə birisi iş yoldaşım Zahid olsun. İşdən gələn kimi arvadı çayını, yeməyini gətirib qoyur qarşısına, ayaqqabılarını, corablarını çıxarır. Su töküb ayaqlarını yuyur. Sonra qurulayıb təmiz corab geydirir.
Mirzəqulu kişi oxun hansı səmtdən atıldığını bilərək, sorğu-sualını davam etdirdi:
-Oğul, birdən o Zahid dediyin əclafın arvadı sözünə baxmasa, işi olduğunu bəhanə gətirib ayağını yumasa, o nə edir ki?
Hacı tez dilləndi:
-Silləni tutuzdurur qulağının dibinə, ağlı gəlir başına…
Mirzəqulu kişi oğlunun sadəlövhlüyünə təəssüflənərək ürək ağrısı ilə:
-Bərəkallah o Zahidə. Hünərini arvadına göstərir. Demək, sən də özünü o dələduza oxşadırsan?! Birdən-ikidən belə iş tutmamısan axı. Ağlını başına yığ. Adama çox söz deyərlər, oğul…
* * *
Həmin hadisədən bir həftə ötmüşdü. Zahidin pasportu Mirzəqulu kişidə idi. Bu gün qeydiyyat məsələsi həll olunacaqdı. Odur ki, Zahid metronun «Əzizbəyov» stansiyası yaxınlığındakı avtobuslardan birinə əyləşib kəndə yola düşdü.
Bakı kəndinin də öz gözəlliyi var. Xəzər dənizi, bağlar, yamyaşıl ağaclar, təmiz, saf hava… Bütün bunlar adamın qəlbini oxşayır, yorğunluğunu çıxarır. Əsəblərinə sığal çəkir. Qızmar yay günlərində buraların özgə hüsnü olur.
Zahid avtobusdan düşüb kənd sovetliyinə sarı getdi. Bu gün sədrin qəbul günü idi. Göstərdiyi qayğıya görə Zahid bilmirdi Mirzəqulu kişiyə öz minnətdarlığını necə bildirsin. «Allah ondan razı olsun, ömrünü uzatsın, onu darda qoymasın».
Sovetliyin binasında xeyli adam vardı. Hərə bir işdən ötrü gəlmişdi. Arayış alan kim, şikayətə gələn kim. Növbəsi çatanda Zahid içəri girdi. Mirzəqulu kişi ilə salamlaşdı. Sədr əvvəlcə onu tanımadı. Zahid gəlişinin səbəbini anlatdı. Mirzəqulu kişi eynəyinin üstündən onu tərs-tərs süzərək:
-Ə, qırışmal, bu nədir, mənim oğluma şəbədə qoşursan? Özün axmaqsan, istəyirsən onu da öz gününə salasan?
Zahid özünü itirdi, həm də xəcalət çəkdi:
-Mirzəqulu dayı, nə olub?
-Dərd olub canına, azar olub. Oğlumun evinə qan salırsan, sonra da soruşursan «nə olub»? Daha bundan artıq nə olacaq? Qızışdırmısan, gedib arvadını döyüb, öldürüb…
Mirzəqulu kişi stolun siyirməsini çəkib Zahidin pasportunu çıxartdı. Qolu getdikcə tullayıb dedi:
-Get, mən bacarmadım. Ver ayaqlarını yuyan arvadına. Salsın səni Bakı qeydiyyatına.
Zahid suyu süzülə-süzülə döşəməyə düşmüş pasportu qaldırıb özünü çölə atdı: «Qaş düzəltdiyim yerdə vurub gözünü də tökdüm. Əslində günah özümdədir. Arpa əkib, budğa gözləyirdim… Nəsə, bu da qismətdəndir», - deyə fikirləşib kor-peşman avtobus dayanacağına sarı getməyə başladı.

Комментариев нет:

Отправить комментарий