23.11.2012

İNAM ATANIN SAFRUHU

İşıqlı ATALI
Mütləqə İnam Ocağının Yükümlüsü

Noyabrın 23-ü Azərbaycan ictimai fikrinin öncülü, Böyük Ruhaniyyatçı, Türkçü, Asif Atanın Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruhun anadan olmasının 73-cü ildönümüdür.
İnam Atanın (Asif Atanın) 37 illik silahdaşı,  Mütləqə İnam Ocağının Ruhani Başçısı, Müqəddəs  Qardaşımız Safruh, onun möhtəşəm yaradıcılığı haqqında söz demək, yazmaq İnam Ata haqqında söz demək, yazmaq qədər məsuliyyətlidir. Ocağımızda İnam Atadan sonra zəngin, bənzərsiz, özünəməxsus yaradıcılıq irsi yalnız Safruha məxsusdur. Ata Evladlarının içərisində Safruh qədər İnam Ataya vurğun, aşiq kimsəni görmədim.
 Düşünürəm ki, əgər Ocağımızda Safruh hadisəsi baş tutmasaydı, görəsən, necə olardı? Heç şübhəsiz ki, onda Ocağımızın Atadan sonrakı dönəmində sapmalar baş alıb gedərdi. Bu baxımdan, İnam Atanın Müqəddəs Kitablarından sonra, Safruhu Atamızın şah əsəri saya bilərik.  İnam Atanın varlığının, obrazının yaranması üçün İnam Atanın özü qədər iş görüb Safruh qardaşımız. İnam Ata Safruhu Öz Ocağının Evladı kimi, Safruh da İnam Atanı öz Ruhani Atası kimi yaradıblar. Mütləqə İnam Ruhaniyyatı tarixində bu adlar həmişə yanaşı dayanacaq. Bir sözlə, Safruh Ocağımızın İnam Atadan sonrakı dönəminin ağsaqqalı, yiyəsi, qurucusudur, ona görə Ruhani Başçısıdır. O, Atadan sonra sevdiyimiz, güvəndiyimiz ən ali ruhani şəxsimizdir.
 Atanın ölümündən sonrakı dönəmdə Safruh Ocaq üçün çalışan, çarpışan hər bir Ocaqçıdakı ruhaniyyat eşqinin dərinləşməsi qayğısına qaldı, onları ruhlandırdı, çatışmazlıqlarını göstərdi, hünər göstərənləri öydü. Öydüklərinin çoxu təəssüf ki, ucalıqda qala bilmədi, ayağa düşdü. Hətta Safruh sarsılanda, «Göynərtilər»ini yazanda belə insanilik ümidini itirmədi, Yoluna davam etdi. Çünki o, İnam Atanın aqibətini yaşayırdı!
Ocağın yaşaması üçün Safruh ailəsindən imtina etdi, rahatlığından keçdi. Ocağı varlığının ölməz, bitməz-tükənməz mahnısına çevirdi. Gerçəkdən onun Ocaqsız bir anı belə olmadı!
Atadan sonra yalnız Safruhun Ocaqdakı hadisələrə, gedişata dəyər vermək, Ocaq Ruhaniyyatına yeni yön vermək haqqı və qüdrəti çatdı. Bununla da təbii olaraq Ocağın Ruhani Başçısı məqamına yüksəldi. Onun bu müqəddəs görəvdə olduğu son 3 ildə göstərdiyi ruhani iradə ortadadır: İnam Ata Evladı Safruh yenilməzdir! Zəngin İrsiylə (yaradıcılığıyla), özündənkeçməsiylə, mütləq insançılığıyla Safruh Evladlığını sübut elədi.
Safruhun yaratdığı İnam Ata obrazı Asif Atanın mahiyyətidir əslində. Bu sırada «İnam Ata» adının, anlayışının yaradılması Safruhun böyük uğurudur. Bu Ada Atanın münasibətinin şahidiyəm. Atayla Ruhani Təmasların birində dedi: «Atanı yaşatmaq üçün hər biriniz çalışmalısınız. Safruh “İnam Ata” adını yaxşı tapıb. Ata bunu bəyənir».
...Qautamaya da “Budda” adını ardıcılları vermişdi.
Safruhun Ata-Ocaq yaradıcılığı haqqında danışmaq – Ocaq Tarixi haqqında söz açmaq kimidir. O, İnam Atanın ilk ruhani silahdaşı, Evladı olaraq Ocağımızın canlı tarixidir. Hadisələri özünəməxsus dəqiqliklə, ruhani hərarətlə, qayğıyla, hərdən də hiddətlə qələmə alıb, Amaldaşlarının ruhani gözəl, mütləqiliyə xas cəhətlərini öyüb, ruhani, insani, Ocaq ölçüsünə uyğun gəlməyənlərini isə qınayıb. Atanın, Ocağın yaşaması üçün gecə-gündüz düşünüb-daşınıb. İnam Atanın ölümündən sonra Ocağın Ruhani ölçüsü, örnəyi olub Safruh. Ona görə də çoxları Safruhun mütləq ruhani ölçüyə əsaslanan güzəştsizliyini naşılıqları ucbatından anlamayıblar. Safruh bilirdi ki, ən gözəl ruhani iş ruhani içsiz yiyəsiz qalır, çünki iç yaranmayanda ruhani ömür baş tutmur.
İnam Evi ayrıca olaraq Safruhun möhtəşəm, bənzərsiz əsəri, yaradıcılığıdır. İnam Ata 10-cu ilə (1989) Evladlarından Amal Evi istəyirdi. Atanın sağlığında bu, mümkün olmadı. Ocağın 23-cü (2002-ci il) ilində Safruh öz yaşayış evini İnam Evi olaraq Ocağa verdi. Bəzi Amaldaşları isə... bu nəcibliyi anlayışsız qarşıladı. İndi onların heç biri Ocaqda yoxdur! Ocaq üçün evindən, rahatlığından keçəsən, ən yaxın qohumlarının belə qınağına tuş gələsən, ancaq Amaldaş saydıqların səni anlamayalar!  Halbuki Amal Evi ideyasının gerçəkləşməsi üçün başqa imkan yox idi. Safruh gerçək durumdan uyğun çıxış yolu axtarırdı, tapdı da. Az qala Evladlara yalvarırdı, «Gəlin, evimi Ocağa verirəm, burada İnamın harayını birgə çəkək!» deyirdi.
Safruh Ocağımızın Ruhani Başçısı məqamında ruhani qüdrət göstərdi: yeni-yeni əsərlərini yazdı, Ocağın harayını çəkdi. Safruhun bağışladığı Ocağın ilk İnam Evi olmaqla, ictimai mühitdə Mütləqə İnam Ocağının Ruhani Mərkəzi kimi tanındı, sayıldı, qəbul edildi. İnam Evində bu illərdə çoxlu yaddaqalan tədbirlər (Mərasimlər, Bayramlar, Amallaşma-Doğmalaşma günləri, Ailə Günləri, İnama Qovuşdurma, «Beşikbaşı» mərasimi, Ruhani Başçı Safruhun Ruhani Dərsləri və b.) oldu. Ocağın Ruhani Mərkəzinin İnam Evini yüzlərlə aydınımız ziyarət etdi.
İnam Evimizdən qıraqda Ocaqçıların, İnamçıların evlərində («İnam Evi» guşələrində), müxtəlif müəssisələrdə, orta məktəblərdə, redaksiyalarda, qeyri-hökumət təşkilatlarında, ictimai, bədii məzmunlu toplantılarda çıxışlarımız, görüşlərimiz oldu. Ruhani Başçımız Safruh bu toplantılarda iştirak edərək söz dedi. Safruhun sözü İnam Atanın sözündən sonra müqəddəs bir haray kimi tanındı, qəbul edildi.
Safruhun Ruhani Başçılıq dönəmi hərtərəfli, zəngin yaradıcılığının təsdiqi olaraq özünü bir neçə cəhətdən daha aydın göstərməkdədir; Ocağın bəzi mərasimlərinin ruhani məzmununun dərinləşdirilməsi, yenilənməsi, «İnama Qovuşdurma», «Hüzura – Hünərlə» törənlərinin yaradılması ilə. Ruhani Başçımızın İnam Ata İrsini «On Kutsal Bitiq»də  təsnifləşdirməsi onun önəmli işlərindəndir.
Safruh Ata Əsərlərini böyük bir sevgiylə, məsuliyyətlə sistemləşdirməklə yetərlənmədi, bu haqda Ruhsal Bəlgə yazdı. İlk Kutsal Bitiqimiz (Birinci Bitiq) Safruhun «Mütləqə İnam Sivilizasiyası» adlı önsözü ilə çıxdı. Ata Əsərlərinə önsöz yazmaq heç kəsə asan gəlməsin.
Bu yaxınlarda işıq üzü görən 4-cü Bitiqimiz – «Fəlsəfənin Təməli» kitabına da Ruhani Başçımız «İnamın Təməl Harayı» adlı önsöz  yazdı.
Bu yerdə Safruhun Ata Kitablarına öncəki önsözlərini də («Mütləqə İnam», 1999 və «Uluyurd Aqibəti – Bütöv Azərbaycan», 2007) xatırlatmaq istərdim.
Ruhani Başçımız Safruhun yaradıcılığını bir yazıda çevrələmək olduqca çətindir. Ona görə ki, onun yaradıcılığı çox genişdir və ruhanidir. Safruhun ruhaniyyatdan, Ata-Ocaq mövzusundan qıraq yaradıcılığı yoxdur. Bu yazıda Safruhun Ocağımızdakı yalnız ruhani əməklərinin ümumi cizgilərini verə bildik. Ayrıca olaraq onun haqqında kitab yazmaq kimi Amaldaşlıq borcum var.
Ataya vurğunluğumu «İnsaniliyə Bərabər» adlı əsərimdə ifadə etmşəm. O əsəri böyük bir ruhani həzzlə yazmışam. Bu əsərin ilk dəyərverəni Safruh oldu. O, başqalarına ən balaca, önəmsiz görünən məqamda belə ruhani gözəllik axtarır, tapır, dəyərləndirir, üstəlik, böyük bir səbrlə, vurğunluqla, vəcdlə yazıya gətirir, insaniliyin qayğısı kimi incələyir, ona yiyə durur.
Safruhda İnam Atada olduğu kimi ilahi aşiqlik, həqiqətçilik,  güzəştsizlik var. Safruh – ardıcıl vəcdlidir, ilahi təblidir, ruhani dayanıqlıdır, anadangəlmə təmizkardır. Təmizkarlığın bütün çalarlarını onun yaşamında görmək olar. İnam Evinin daşını belə öyən Ruhani Başçımız Evin səliqəsinin də hər an qayğısına qalır…
Biz insanı öyürük. Bu öymələr yalnız canlı ruhani yaşam yiyələrinin örnəyində mümkündür. İllər boyunca İnam Atanın yaşam qaydasını, ruhani dünyasını öyrəndim, bu konuda yazılar yazdım. Ağlım yetkinləşdikcə yenidən bu konuya qayıtdım. Səbəbi Safruhu dərindən tanımağım oldu. Safruhu dərindən tanıdıqca, sevdikcə Atanı daha dərindən tanımağa, sevməyə başladım. Ayrıca olaraq son illərdə Safruhun hadisələrə Ruhani Başçı (bilgə)  heyranlığı, dözümü, qırımı ilə yanaşması, inamçıları, bütün insanları «yavaş yeriş» ölçüsüylə yaşamağa səsləməsi var. Mən onu İnam Atadan sonra ikinci öyrətmənim olaraq qəbul edirəm.
Atadan sonra Ocağın mütləq ruhani özül əsasında yaşamasının, var olmasının birbaşa təminatçısı Safruhdur. Onu haçansa «mən» deyən görmədim. Qarşılaşdığım hər çətin işdə Safruhu daha dərindən tanımağın gərəkliyini anladım.
Safruhun yaradıcılığını aşağıdakı dönəmlərə bölmək olar: İnam Atanı tapıncaya qədərki dönəm (1975-ci ilədək); Atanı tapandan Atanın ölümünə qədərki dönəm (1975-1997-ci illər); Atanın ölümündən sonrakı dönəmdə Safruhun Ocaq quruculuğu (1997-2009-cu illər); Safruhun Ruhani Başçı dönəmi (2009-cu ildən bəri).
Ocağın Ruhani Başçısı Safruhun irsi çoxsaylı gündəliklərdən (110-dan çox dəftər), 16.500-dən çox deyimdən (bunların çoxu kitablarında cəmlənib), öz deyimləri əsasında yaratdığı haray, içsəs, cikkə janrlarındakı əsərlərindən uğurlama, ruhsal bəlgələrdən və s. ibarətdir.
Bu sırada Safruhun gündəliklərindən danışmaq istərdim. «Gündəlik – şəxsin fərdi həqiqətçilik laboratoriyasıdır» - deyir Safruh. Burada onun insana, həyatın bütün məqamlarına baxışı yaradıcı ifadəsini tapıb. Gələcəkdə Safruhun çoxçeşidli irsi araşdırılarkən onun 1962-ci ildən bəri ardıcıl yazılan gündəliklərinin ayrıca mövzu olacağını düşünürəm.
Safruhun gündəliklərində İnam Atayla tanışlığının ilk günündən (25 fevral 1975-ci il) bugünə kimi Ocaqla bağlı məqamlar yer alıb. O, hər məqamda Atanın Safruhudur! Ən çətin məqamda belə ümidini itirmir, Atanın, Ocağın yaşaması üçün dərin qayğılara qərq olur, ruhani iztirablar selinə düşür, tufanlara baş vurmaqdan çəkinmir…
Özü demişkən, Safruh üçün hadisəçilik yoxdur, onun işi mahiyyətlədir;  onun döyüşü ayrı-ayrı fərdlərə qarşı deyil, şər sifətlərə qarşıdır. Safruh üçün rəqib yoxdur, Şər var. Şər isə ölməlidir. Bu, dünyanın, insanlığın əzəli, vazkeçilməz qayğısı, davasının şərtidir. Əgər Xeyir varsa, Şər olmamalıdır: ailəçilikdə, ictimai münasibətlərdə, yaşamda, hər şeydən öncə isə fərdin içində. Əslində sonuncu məqam öncədir: fərd içəridən arına bilirsə, deməli, mənfiliklər ictimai çevrədə də arta bilməyəcək. İnsanın içərisində başlayan imtinaçılıq yaşamda çətin də olsa, normaya çevrilir. Yetər ki, insanların əxlaqı ömürləşsin. Ocağımızın canlı tarixi olan Safruhun gündəlikləri, içsəsləri, deyimləri və s. Yolumuzun hər anının cövhərini sabaha çatdırır. Bütövlükdə Safruhun yaradıcılığını Ocağın ensiklopediyası adlandırmaq olar. Safruhun yaradıcılığında Mütləqə İnam Ruhaniyyatı bütün tarix və bəşər ruhaniyyatı ilə üzvi vəhdətdə götürülür.
Safruh üçün mücərrəd sabah yoxdur. O, canlı yaşamdakı sabaha inanır – dediyini yaşayana, ömrünü Amalına verənə, təmənnasız, fədakar, vicdançıya, içlə məşğul olana…
Safruhun insana ruhani ərki, hökmü əslində özünə güzəştsizlikdəndir. Safruh özünə yiyəliyə yetdiyi üçün insanilik carçısı olub. Bu cəhət onun İnamçılığının, Asifçiliyinin özülündə duran başlıca keyfiyyətdir. İnam Atada olan keyfiyyətlərin özünə də özünəməxsus yaşadıcısıdır Safruh.
Safruh bütün bunları dərindən yaşayır, kədərlənir, ömrün bu qayğıları həll etməyə yetərsizliyindən, gələcəkdə bu qayğılarla yaşayanların azlığından narahat olur. Ancaq İnam Atanın Mütləqə İnamının Gəlişi, yerişi onu daim ümidləndirir. Bu, İnsanilik ümididir əslində. Beləliklə, Safruhun Ocaqdan qıraqda yaradıcılığı, yaşamı yoxdur, olmayıb.
Safruh böyük türkçüdür. Onun Türkçülüyü inamçılığının üzvi, ayrılmaz parçasıdır. O, Türkçülüyünü İnsançılığının, yaşamının nəfəs səviyyəsində təsdiqi olaraq ömürlərə gətirir. Safruhun yazılarından Türk adı, Türkçülük yönü qırmızı xətlə keçir. Ancaq bütün hallarda onun başlıca carı İnsandır, İnsanın qurtuluşudur. O, özü demişkən, çözüm axtarır: Mütləqə İnamı gerçəyə necə gətirməli, yaşamın anlamına necə çevirməli, İnam Atanın idealını necə ömürləşdirməli?
Safruhun «Görümlər, duyumlar, deyimlər» adlı ilk kitabını 1989-cu ildə indiki ADPU-da keçirilən Novruz bayramında mənə hədiyyə etdilər. O vaxtdan Safruh imzası məni tutdu, əslində mən Asif Ata imzasını, Ata obrazını öncə Safruhun kitablarından tanımışam.
1991-ci ildə Safruhun məşhur «Yeni Oğuz Sözü» kitabı çıxdı («İşıq» nəşriyyatı, 1991, 3200-dək deyim, 12 boğçada, 30 min tirajla) və ictimai mühitdə kifayət qədər dalğa yaratdı.  Kitabın başlıca hədəfi bəlli idi: Atanın, Mütləqə İnamın Gəlişinə yönəlik böyük bir inamla haray çəkmək.
Safruhun “deyim” adlandırdığı janrı mən həm də “haray” adlandırıram. Ona görə ki, inam harayçılığı bu deyimlərin canı-cövhəridir.
Safruhun bu kitabı Atanın Mütləqə İnam Dünyabaxışı ruhunda yaranmış ilk kitabdır. Buradaca deyək ki, Azərbaycan ədəbiyyatında deyim ilk dəfə Safruhun yaradıcılığında janr səviyyəsinə qaldırılıb.
1997-ci ildə Safruhun növbəti kitabı olan «Oğuz Yönü» (Az.ENPB nəşri, 528 s. 1000 nüsxə) işıq üzü gördü. Təəssüf ki, İnam Ata bu kitabın nəşrini görə bilmədi. Kitab «Yeni Oğuz Sözü»nün ardı olmaqla özündə 4 mindən çox deyimi 13 boğçada birləşdirir.
Burada kiçik həcmli, müstəqil süjetli əsərlər – içsəs və haraylar təqdim olunur. Bu kitabda Safruh ruhani, insani, milli, xilasçı hədəf olaraq Ulusumuza və Bəşərə Mütləqə İnamı daha aydın, açıq, geniş anlamda təqdim edir, çıxış yolunun İnam Ata Dünyabaxışı olduğunu göstərir. «İnama Doğru. Haraylar»ı isə («Nərgiz» nəşriyyatı, 2008, 416 səh.)  Ruhani Başçımız YOS-un və “Yön”ün davamı, tamamı sayır. Kitabda 5 min deyim var. Kitab Mütləqə İnama, İnam Atanın Ruhani Öndərliyinə-Öyrətmənliyinə çağırır. Safruh kitabın mahiyyətini belə açır: ««İnama Doğru» kitabını oluşduran əsərlər mahiyyətcə Mütləqə İnam Sivilizasiyasının haraylarıdır, insanın mənəvi-ruhani çöküşünə, yoxa çıxmasına qarşı dirənişdir. Safruhun bu kitabı insanın çöküş halını yaratmış gerçəkliyə, dünyabaxış və fəlsəfələrə qarşı üsyandır; onun ikinci adının «Haraylar» olması bundandır».
Safruhun «Başlanğıc» (AzENPB, 2003, 296 səh., 500 nüsxə) kitabı gündəlikləri əsasında yazılıb, Ocağın canlı, bənzərsiz tarixini yaradıcı şəkildə əks etdirir. Kitabın baş qəhrəmanı Atadır. Safruhun təsvirləri o qədər canlıdır ki, oxucu özünü həmin hadisələrin (Ocaqöncəsi Atanın, Safruhun axtarışları, Ocağın yaradılması, Müqəddəs Kitabların yazılması, təqiblərin ən zil dönəmi, Safruhun Ata ilə ruhani həmdəmliyi, həmfikirliyi, Ocağın qurulması yönündə ardıcıl çabalar və s.) içərisində hiss edir.
«Ata Səcdəsində – Ruh Yaddaşı» (“Günəş” nəşriyyatı, 2007, 296 səh., 500 nüsxə) «Başlanğıc»ın ardı olub, Ata ilə Safruhun əsasən 1984-1990-cı illərdəki gizli yazışmalarından ibarətdir. İnam Ata tərəfindən Safruh üçün yazılmış 69 Ruhani Sənəd sübut edir ki, Ocağın qurulmasında Atadan sonra ən çox zəhmət çəkmiş, hünər göstərmiş şəxsiyyət Safruhdur. Atanın təkcə Safruh üçün yazdığı ruhani sənədlər bütün Evladlara yazdığından çoxdur.
Son illərdə «Kutsal Öyrəti» Safruhun tərtibində; (Atakənd-32, Adiloğlu, 2010, 112 səh., 500 nüsxə), «İnamın Gəlişi» (Yolruh Atalı ilə birlikdə; Atakənd-32, Qanun-2010, 500 nüsxə) kitablarımız da ərsəyə gəldi. «Kutsal Öyrəti»də Atanın Kutsal kitablarından seçmələr Safruhun önsözüylə təqdim olunur. «İnamın Gəlişi»ndə isə Mütləqə İnam Fəlsəfəsi, İnam Ata Ocağının quruluşu, Ocağın iç və iş qaydaları haqqında danışılır, ulusumuz Mütləqə İnamın Gəlişi münasibətilə müjdələnir.
Safruhun bütün kitablarının çapı çətin başa gəlib – tam maddi dəstəkçisiz. Əsas odur ki, insanın əqidəsi uğrunda böyük, qarşısıalınmaz inadı, eşqi olsun. O zaman insan məqsədinə yetəcək.
Safruhun «Ruhani İnsan uğrunda» kitabını İnamımız yönündən insanlığın manifesti saymaq olar. İnam Atanın əsərlərindən sonra bu kitab dünyaya, insana, həyata, təbiətə canlı, uca, qayğılı yanaşma örnəyi olmaqla Ocağımızın insan uğrunda ruhani savaşının göstəricisidir. Zaman qaydasıyla Ruhani İnsan Uğrunda savaş ola bilməz. Zaman ölçüsüylə ruhani insan yaranmaz, adam elə adamlığında qalar, ruhaniliyə doğru addım ata bilməz.
Ruhani İnsan uğrunda savaşmaq, dünya, həyat düzəninə öz ölçünü gətirmək Ruhani İnsanın özündən başlayır. Gərək özünün ruhaniliyinə o dərəcədə əmin olasan ki, İnsanı ruhaniyyata çağırasan. İndiki dünyabaxışlar, ideologiyalar, nəzəriyyələr niyə bu dərəcədə əliyalın,  mahiyyətcə ümidsiz, inamsızdırlar?  Ona görə ki, insan yaranmadı. Din insan ruhaniliyindən danışdığı dərəcədə onun ruhaniliyinə qarşı oldu, insana xas olan keyfiyyətlər onun əlindən aldı, Allaha verdi. Təbiidir ki, bu halda ruhani insanın yaranmasından, var olmasından danışmaq olmazdı.
«Ruhani İnsan uğrunda» kitabı Ocağın təqdim etdiyi Ruhani İnsanın harayıdır. Bu Haray bəşəriyyətin çağımızdakı insan barədə bütün narahatlıqlarını əhatə edir. Bu Harayın özülü İnam Atanın Mütləqə İnam Dünyabaxışından yoğrulub, özümlüyümüzü ifadə və təsdiq edir, sabahımızın, varlığımızın təminatçısıdır.
İnsan haqqında bundan da uca, ali sözü yalnız İnam Ata deyib. O İnam Ata (Asif Ata) ki, Safruhun da yaradıcısıdır.
Safruh onillərlə həmin Ruhani bulaqdan müqəddəs su içib, Atanın dediyi kimi yaşayıb, var olub. Safruhun İnam Ata Yoluna ləyaqətli ardıcıllığını, qırılmazlığını yaradan Ataya, Amala, İnsana sonsuz eşqi ilə yanaşı, həm də fitrətindən gələn özəlliklər olub.
«Ruhani İnsan uğrunda»: yəni İnam Atanın Kamil İnsan idealı uğrunda. İnsan İnsanlığa yetməsə, ilahi sözə uyğun yaşamasa, heç bir istəyin sabahı olmayacaq.
Safruh İnam Atanın Ruhani İnsan idealının Atadan sonra ən görkəmli ifadəçisidir. O, bu idealın çağımızın idealsızlıq və ümidsizlik məqamında mütləq nikbinlik qaynağı, təsdiqi olduğunu bilir və böyük bir eşqlə soyuna təqdim edir. Safruh bəşəri öz türk soyunda görür. O, Ruhani hökmlüdür, hökmçüdür. Safruh Atanın dediklərini, Haraylarını canlı yaşadığı dərəcədə Ruhani İnsan uğrunda haray çəkməyə, dediyi kimi yaşatmağa özündə mütləq haqq tapır. «Ruhani İnsan uğrunda» kitabına daxil olan əsərlərin çoxu son 3 ildə mətbuatda çap olunub. Bir var qəzet üçün yazılanlar, bir də var, kitab üçün yazılanlar. Safruhun əsərləri qəzet üçün deyil əslində. Ancaq biz Ocaqçılar cəmiyyətdən ayrı yaşamırıq, çabalarımız insanın qurtuluşu üçündür. Bu səbəbdən də Ocağımızın haraylarını mətbuatla da çatdırırıq. Bu cür yazıların kitab halına gəlməsi isə oxucunun harayı çəkilən mətləblər üstə düşünüb-daşınmasına ciddi tutalqa verər. «Ruhani İnsan uğrunda» kitabındakı haraylar, içsəslər bu bənzərsiz insani qayğıdan, insana bitməz-tükənməz sevgidən irəli gəlib. Başqasına inam fərdin özünə inamından qaynaqlanır. Safruh Atamızın müqəddəsliyinə, insan xilaskarlığına inanıb ki, özünün də dönməz yolçuluğunu yarada bilib.
«Ruhani İnsan uğrunda» kitabı Safruhun mütləq haqlılığından yaranıb. Ruhani İnsan İnam Atanın istədiyi kimi olan insandır. Başqa sayaq Ruhani İnsan axtarışları sonuc verə bilməz. Gərək özün xoşbəxt olasan ki, başqasını da xoşbəxt edə bilmək haqqında danışdıqlarına inanan olsun. İnam Ata xoşbəxt idi: Ruhanilik onun aqibətində, hər addımında, sözündəydi. Müqəddəs Kitablarındakı ilahi sirr-sehrin qaynağı onun müqəddəs ömrüydü.
Safruh qardaşımız da eynilə İnam Atanın aqibətini yaşayır: ilahi fərəhlə yaşamaq qüdrəti, bu üzdən də insanları müqəddəsliyə çağırmaq ərkinə çatan…
Bu haqlılığın qaynağı özünə mütləq inamlı olduğu dərəcədə də ruhani (insani) məsuliyyətdir.
Ruhani İnsana çağırmaq – harayçının özündən müqəddəslik istəyir. Müqəddəs olmayanın Ruhani İnsan uğrunda çabaları gülünc görünər.
Çağımızda ədəbiyyat, musiqi, teatr, TV-lər, radiolar, mətbuat, siyasət insan uğrunda çarpışdıqlarını bildirirlər, ancaq insan yaranmır ki, yaranmır. Çünki adamlar ictimai yarış selində, həşirindədirlər. Cəmiyyət ölçüsüylə yaşayıb xoşbəxt olmaq olmaz, eləmək heç olmaz! Çıxış yolu – İnam Atanın Mütləqə İnam Dünyabaxışına uyğun yaşamaqdadır.
İnam Ata «Bir insan hər şeydir» deyirdi. Üstəlik, deyirdi ki, bir insan yetirmək – bir quruluşu devirməkdən qat-qat çətindir. Safruhun şəxsində İnam Atanın qələbə qazandığına əminəm. Safruhun harayları, içsəsləri, cikkələri, uğurlamaları Ruhani İnsan uğrunda, İnam Ata uğrunda, İnam Ata Yolunda müqəddəs savaşdır. Safruhun özü demişkən, «Qanı çıxmaz bu vuruşun». Çünki bu vuruş İnsanilik uğrunda, yəni Ruhani İnsan uğrunda ruhani döyüşdür.
İnsani Səadətə (həm də Sədaqətə, Ləyaqətə) qərq olmuş Aqibətin, Ömrün qutlu olsun, uca qardaşım Safruh!



Комментариев нет:

Отправить комментарий