30.11.2012

Çingiz Abdullayev: «Cəmiyyətimiz Allahsız, vicdansız və əxlaqsız yaşayır»

ATV telekanalında yayımlanan və Orxan Fikrətoğlunun müəllifi olduğu «Nə xəbər?» verilişinin axırıncı buraxılışının qonağı, tanınmış yazıçı Çingiz Abdullayev Azərbaycan telekanallarının bu günkü durumu ilə bağlı sualı belə cavablandırıb:
Telekanalların fəaliyyətindən qətiyyən razı deyiləm. İnanmıram ki, siz özünüz də razı olasınız, ya kimsə razı olar. Bilirsiniz, bir dəfə demişəm, istəyirəm ki, ikinci dəfə təkrarlayım. Mən bilirəm, biz ermənilərə necə qalib gələcəyik. 20 ildir «akop»da (səngərdə) oturublar. Yazığım gəlir onlara. Oturub gözləyirlər ki, axı, gec-tez azərbaycanlılar gəlib torpaqları almalıdırlar. Baxırlar, televizora, səkkiz telekanalda səhərdən axşamacan oxuyub oynayırıq, yeyib-içirik, oynayırıq yeyib-içirik, gülürük. Axırda onların ürəyi partlayacaq. Deyəcəklər, nə millətdir, bu azərbaycanlılar? Heç yerdə belə şeyi göstərmirlər. Biz yeməyimizi də, yeməyi hazırlamağımızı da göstəririk. Ya da səhərdən axşamacan oynayırıq. Bu da olsun. Oynamaq da olsun, məclis də, bu qədər yox da.

O biri tərəfi də sizə deyim. Bunu dəfələrlə demişəm və öz kitabımda da yazmışam. Bilirsiniz, məsələ çox ciddidir. 1917-ci ildən, keçmiş SSRİ-də də bizim hamımıza deyirdilər ki,  Allah yoxdur və 70 il dinsiz yaşamışıq. Amma bizim ədəbiyyatımız olub. Ədəbiyyat ədəb sözündəndir. Rusiyada, Azərbaycanda ümumiyyətlə keçmiş SSRİ-də ədəbiyyat dinin yerini tutmuşdu. Sonra 1991-ci ilin avqustunda bizə dedilər ki, vicdan da yoxdur. Allahsız və vicdansız yaşamağa başladıq. Axırıncı beş-altı ildə bizə deyirlər ki, əxlaq da lazım deyil. İndi bax, cəmiyyətimiz Allahsız, vicdansız və əxlaqsız yaşayır. Nəticəsi nə olacaq bilmirəm. Siz soruşursunuz ki, bu, 20 ildə nə qazanmışıq? Bax, bunu biz qazanmışıq. İndi istəyirəm ki, bundan bir az çəkinib doğrudan da bir cəmiyyət quraq.

168.az

Комментариев нет:

Отправить комментарий