27.11.2012

“Cin” surəsinin rəsmi

Yaşı az deyil. Bir neçə ay öncə 65 yaşı tamam olub. Əsas qəribəlik odur ki, müraciət etdiyi mövzu “Quran” surələridir. Əsas
problemi, əsas düşüncələri isə... Bax, bunlarla yazı boyu tanış olacaqsınız.
Yazımızın qəhrəmanı Astara rayonunda yaşayıb-yaradan, Azərbaycan Rəssamlar İttifaqının üzvü Firudin Quliyevdir. Sovet dövründə onun əsas qazançı rəhbərlərin, necə deyərlər, “politbüro” üzvlərinin böyük portretlərini çəkməkdən ibarət olub. Bu yolla yaxşı pul qazansa da, özünün bildirdiyinə görə, eyni işlərlə məşğul olmaq onu bezdirirmiş.
O gümanda imiş ki, Azərbaycan müstəqillik qazanandan sonra belə portretlər çəkməkdən canı qurtaracaq. Lakin az keçməyib ki, elə müstəqillik dövründə də ona Heydər Əliyevin portretini çəkmək barədə sifariş verilib. Hazırda isə sabiq ölkə başçısının oğlu, hazırkı prezident İlham Əliyevin böyük portreti üzərində işləyir. Rəssam deyir ki, məmurlar belə portretlərə yaxşı pul verirlər.

Rəssamın dinlə bağlı ilk işi –“Cin” surəsi

Rəssamın aparıcı mövzusu heç də təkcə bu deyil. İndi o, “Quran” surələrinə şəkillər çəkir. Bu mövzuda ilk işi “Cin” surəsi ilə bağlıdır. Rəssam şəkildə cini insana oxşadıb. O deyir:
- ”Cin” surəsındə yazılır ki, bir dəstə cin gəlib İslamı qəbul edib, oruc tutub, namaz qılmağa başlayıblar. Yəni bu, o deməkdir ki, cinlər də İslamı qəbul ediblər. Var “Qəmər” surəsi. Peyğəmbərə “möcüzə göstər” deyəndə o, şəhadət barmağı ilə ayı iki yerə bölüb. Ayı iki yerə böləndə onun əksi dağlar arasında suya düşüb. Bir neçə adam bunu görərək deyib ki, Məhəmməd bizi tilsimə salıb. Belə fikirləşirlər. Gedib suya baxırlar. Görürlər ki, ay doğrudan da iki yerə bölünüb, suda da elə o cürə görsənir”.
Rəssamın sonrakı mövzuları da “Qurani-Kərim”in digər 112 surəsinə həsr edilib. Firudin Quliyev deyir ki, dünyada bu mövzuya birinci o, müraciət edib. Deyir ki, ona kimi “Qurani-Kərim”lə bağlı bir neçə rəsm əsəri olsa da, belə əhatəli və sistemli olmayıb.
Hesab edir ki, ”Qurani-Kərim”i əsas gətirib terrorla məşğul olanlara cavab verilməli və deyilməlidir ki, terrorun İslama aidiyyəti yoxdur. O, belə hesab edir ki, 70 il Azərbaycan xalqına yasaq edilmiş İslamı rəsm vasitəsi ilə onlara çatdırmaq çox vacibdir. Buna görə də o, bütün sürələrə həsr edilmiş əsərlər yaratmaq fikrindədir.
““Quran”ın 114 surəsi var. Hamısına şəkil çəkməliyəm. Onun yarısını demək olar ki, işləmişəm. Bu da çox çətindir. 20 ildir bu mövzuda işləyirəm. İndiyə qədər İslam tarixində, 622-ci ildən bəri “Quran”ın surələrinə heç bir rəssam bu qədər əsər çəkməyib. Çəkiblərsə də, çox az çəkiblər, tək-tək. Amma üzərimə götürmüşəm ki, bütün surələri fırçamla canlandırım. İstəyirəm “Ouran”ı fanatizmlə yox, elmi yolla insanlara çatdırım”.
Firudin Quliyev yaratdığı əsərlərlə Beynəlxalq tədbirlərdə də iştirak edib. Onun “Ouran” surələrinə həsr etdiyi “Beşik nəğmələri” ötən il Tatarıstanda keçirilən Beynəlxalq tədbirdə qızıl medala layıq görülüb. Rəssam deyir ki, bundan sonra onu sərgilərə dəvət edənlərin sayı da xeyli artıb.
“Keçən il YUNESKO-nun xətti ilə Tatarıstanın Elabuqa şəhərində keçirilən Beynəlxalq sərgiyə dünyanın 60-a yaxın ölkəsindən rəssamlar gəlmişdi. Mən də orada öz xəttimlə iştirak elədim. Burada, əsasən, klassik əsərlər nümayiş etdirilirdi. Mən də Şeyx Səfi məqbərəsindəki, Naxçıvandakı Qarbağlar kilsəsindəki ərəb əlifbasının kufi xətti ilə olan ornamentləri nümayiş etdirdim. Bu tədbirdə qızıl medala layiq görüldüm. Təkcə Rusiya qəzetləri yox, dünyanın bir çox qəzetləri bu uğurumdan bəhs edən yazılar çap etdilər. Çox təəssüf ki, Azərbaycanda bu barədə nə yazıldı, nə də göstərildi”.
Tədbirə öz vəsaiti hesabına qatıldığını deyən rəssam əyalətdə yaradıcı adamların problemlərinin həddən çox olduğunu bildirir. Onun fikrincə, bu yolla yaradıcı adamları dalana dirəyirlər.
“Dövlət də gərək fikirləşə ki, mənim əyalətimdə də yaradıcı adamlar var. Gəlin onlarla da maraqlanaq. Maraqlanmırlar. Çox çətinliklə yaşayıram. Şəhərdə olsaydım, şəkdiyim rəsmləri satıb bir az dolana bilərdim. Təsəvvür edin, mən, 50 ilin rəssamı əsərlərimi çəkməyə rəng tapa bilmirəm, qayğı yoxdur. Mən təkcə öz maraqlarımı güdmürəm. Azərbaycanın klassik ornamentlərini YUNESCO-nun siyahısına salmışam ki, başqa xalqlar onu oğrurlamasınlar”.
O deyir ki, bu illər ərzində yüzlərlə rəsm əsərləri olub. Onların əksəriyyətini satmaq məcburiyyətində qalıb. Qalanlar isə, əsasən, “Quran” surələrinə həsr etdiyi əsərləridir.
“Rəssamlar rəsm əsərləri çəkir, lakin özlərində qalmır. Mən də başqa rəssamlar kimi çəkdiyim əsərləri xarici millətlərə satıram. Qalereyalara veririk, orada satılır. Ayrı-ayrı adamlardan sifarişlər götürürük – müxtəlif mənzərələr, insan portretləri çəkib vermişəm, aparıb evlərinə asıblar. İndi məndə qalanlar ancaq “Quran” surələridir. Mədəniyyət və Turizm Nazirliyi sifariş verməlidir və həmin rəsm əsərlərini almalıdır. Çəkdiyim bir əsəri normal qiymətə alsalar, mən də həmin pula rəng, kətan, çərçivə alıb öz işimi davam etdirərəm”.
Firudin Quliyev “Quran” surələrinə həsr etdiyi əsərlərinin gec-tez müsəlman ölkələrində alıcısı tapılacağına ümidlidir. O bunu həmin ölkələrdə rəssamlıq sahəsində durğunluğun olması ilə əsaslandırır. Həmçinin, bildirir ki, bəzi sahələrdə az-çox oyanış hiss olunsa da, bunu rəssamlıq sahəsində görmək olmur. Azərbaycan xalqı böyük bir faciə yaşayıb, müstəqillik yollarında çətinliklərlə üzləşir. Onun fikrincə, bütün bunlar rəssamların əsərlərində öz əksini tapmalı idi. O belə düşünür ki, yaradıclığa geniş meydan olmamasının birinci səbəbi Rəssamlıq Akademiyası ilə bağlı olsa da, digər səbəblərdən biri iqtisadi çətinlikdir.
“Mən öz cibimdən, pensiyamdan lazım olan rəngləri birtəhər alıram, işləyirəm. İndi hər şey var, amma çox bahadır. Ona da bizim pulumuz çatmır. Bizdə rəssamlıq da monopoliyadadır. Elə adamların əsərlərini alırlar ki, elə adamlara şərait yaradırlar ki, o, öz xalqı üçün heç nə etməyib. Rəssam xalqı üçün tarixi yaddaş qoymalıdır”.

Zahir Əmənov

Комментариев нет:

Отправить комментарий