Əkbər Nəcəf: “Son zamanlar Səfəvilər mövzusunun aktuallaşması mənfi yox, müsbət cəhətdir”
“Gündəlik Teleqraf” qəzeti Səfəvilər dövləti və Şah İsmayılla bağlı silsilə yazılarını davam etdirir. Bu dəfəki müsahibimiz tarix araşdırmaçısı Əkbər Nəcəfdir. O, Türkiyənin Mərmərə və Ankara universitetlərində təhsil alıb. Vyanadakı Türkoloji Mərkəzdə çalışıb. Türkiyədə Şah İsmayıl Xətainin külliyyatını çap etdirib. Həmsöhbətimiz deyir ki, bu külliyyat indiyə qədər işıq üzü görənlərdən fərqlənir. Çünki Şah İsmayılın bu kitabda toplanan yaradıcılığı onun danışdığı və yazdığı ləhcədə - Xorasan türkcəsində verilib. Söhbətə də bu külliyyatla körpü saldıq:
- Əkbər bəy, Türkiyədə nəşr etdirdiyiniz külliyyat haqqında oxucularımıza da məlumat versəniz, yaxşı olar.
- Türkiyədə “Kaktus” nəşriyyatında “Şah İsmayıl Xətainin külliyyatı” adlı kitab buraxdıq. Külliyyatı tədqiqatçı Babək Cavanşirlə birlikdə hazırladıq. Kitabın bir özəlliyi də ondadır ki, biz İranın “Millət” kitabxanasından tapdığımız iki yeni əlyazmanı da kitaba saldıq. Kitabın giriş hissəsinə 150 səhifəlik monoqrafiya yazdıq.
Son zamanlar Səfəvilər mövzusunun aktuallaşması mənfi yox, müsbət cəhətdir. Əslində bu polemika və diskussiyalar böyük bir dövləti və onun tarixi şəxsiyyətlərini yenidən xatırladır, insanlar yenidən bu mövzuda yazılmış kitablara, araşdırmalara üz tuturlar.
Türkiyədə son vaxtlar bu mövzuda iki roman çıxıb. İskəndər Palanın “Şah və Sultan”, Reha Çamuroğlunun “İsmail” kitablarını nəzərdə tuturam. Qeyd edim ki, Reha Çamuroğlu eyni zamanda Türkiyə Böyük Millət Məclisinin üzvü, hakim Ədalət və İnkişaf Partiyasının İstanbuldan millət vəkilidir.
- Güntay Gəncalpın “Səfəvilər” kitabını ən sərt tənqid edənlərdən biri də siz oldunuz.
- Güntay Gəncalpın fikirləri əsasən Şübiyyə nəzəriyyəsinin üzərində dayanır. Güntayın fikrincə, Şübiyyə ərəb xilafətının tərkibində farsları təmsil edən bir düşüncə hərəkatı imiş. Əslində elə deyil. “Şüb” sözü ərəb olmayan xalqlara verilən ümumi addır. Əməvilər xilafətinin hakim ideologiyası ərəb milliyyətçiliyinə dayanırdı. Bu hakimiyyətin dönəmində ərəblər digər xalqlara aşağı dərəcəli insanlar kimi yanaşırdılar. Ərəb olmayan xalqlar isə “məvəli” adlanırdı. O zaman bir fikir hərəkatı başlandı və ona şübiyyə adı verildi. Şübiyyə ərəbləri tənqid edir, başqa xalqların onlardan üstün olduqlarını dilə gətirirdi. Orada türklər də, yəhidilər də, xristianlar da, iranlılar da təmsil olunurdular. Bir maraqlı cəhəti də deyim, İbn Xəldunun özü şübiyyə mənsubudur. Şübiyyənin təsiri o zaman müsəlmanların əlində olan İspaniyaya qədər yayılmışdı. Yəni bunu fars ideologiyası ilə bağlamaq doğru deyil.
Güntay bir sıra yeni fikirlər ortaya atdı. Əslində hər kəs öz fikrini ortaya qoya bilər. Amma bu yanaşmanı sübut edən dəlillər, faktlar da təqdim olunmalıdır.
- Türkiyədə çəkilən “Möhtəşəm yüzil” serialında həm Səfəvilər dövləti, həm də Səfəvi liderləri təhqir olunur...
- Filmi ardıcıl izləyə bilmirəm. Onu deyə bilərəm ki, film müəyyən qədər Osmanlı ideologiyasını əks etdirir. Türkiyənin özündə də bu seriala münasibət birmənalı deyil. Əslində bəzi məqamları çıxsaq, bir çox məsələləri gündəmə gətirməsi baxımından biz bu seriala təşəkkür etməliyik. O dövrdə Osmanlılarla Səfəvilər arasında həqiqətən, ziddiyyətli mövqe var idi. Bəziləri bunu şiə-sünni məsələsi ilə əlaqələndirirlər. Əslində sünni-şiə məsələsi sonrakı dövrlərdə - XVI-XVII əsrlərdə tarixçilərin həmin hadisələrə geydirdiyi dondur. İşin məğzində bir dünya hakimiyyəti məsələsi dayanır. Hadisələrə məzhəb bucağından baxanda işin içindən çıxmaq olmur. Əgər məzhəb məsələsindən baxsaq, Osmanlı imperiyası öz ərazisini genişləndirmək üçün hardasa 14-ə yaxın müsəlman-türk dövlətini ortadan qaldırıb və öz torpaqlarına birləşdirib. Özü də Osmanlı imperiyasının işğal etdiyi müsəlman dövlətlərinin hamısının əhalisi sünni olub. Məsələn, Misirdə Məmlük dövlətini işğal edib. Məmlüklər sünni türk dövləti idi, üstəlik xəlifəliyin mərkəzi idi. Onu Osmanlı üləmasının çıxardığı fətvaya görə dinsiz elan etmişdilər. Bu, əslində müəyyən məqsədi örtüb gizlədən qılaf idi. Osmanlının özünü də dinsizlikdə ittiham edən müsəlman sünni dövlətlər olub.
Anadoluda Qaramanlı dövləti vardı. XIV əsrdə Osmanlıdan da böyük bəylik idi. O dövrün müəllifi olan Şikarinin “Qaramanlı tarixi” adlı bir əsəri var, orda Osmanlıya olduqca mənfi münasibət bəslənir, hətta kafir ittihamı da səsləndirilir.
Azərbaycanda Şah İsmayıl obrazı sovetlər birliyində dirçəldildi. Sovet dövrünə qədər bizdə Şah İsmayıl anlayışı yaddan çıxmışdı. Anadoluda Şah İsmayıla sevgi yaşanırdı. O zaman hələ Anadolu Osmanlının əlində idi. Amma Osmanlının nəzarəti altında olmasına baxmayaraq, bütün Anadolu ələvi kütlənin arasında Şah İsmayıl obrazı çox canlı şəkildə yaşadılırdı. Bu gün də ələviliyin yeddi böyük şairindən biri Şah İsmayıl Xətaidir. Bizdə unudulmasına baxmayaraq, Anadoluda yaşayır. Bunun başlıca səbəbi Şah İsmayılın türk düşüncə, sosial və dini həyatına bağlılığından irəli gəlir. Türklərdə iki islam anlayış olub. Birinə “mədrəsə islamı”, yəni kitabi əsasları olan islam, ikincisinə isə “xalq islamı”, yəni hetrodoks islam deyilir. Bu ikisi arasında müəyyən ziddiyyətlər mövcud olub. Səfəvilər xalq islamına, Osmanlılar isə mədrəsə islamına bağlı idilər.
- Deyilənlərə görə, Azərbaycanda xüsusi hörmətlə qarşılanan türkiyəli yazar İskəndər Palaya “Şah və Sultan” əsərindəki qərəzli yanaşmaya görə öz ölkəsində hətta irad tutanlar olub?
- İskəndər Palanı əslində Türkiyədə sünni oxucu kütləsi daha çox oxuyur. “Şah və Sultan” əsərindəki qərəz hətta onun öz oxucu kütləsini də narahat eləmişdi. İskəndər Palanın kitabında tarixi yanlışlıqlar çoxdur. Məsələn, Şah İsmayılın xanımı Taclı xanımın əsir düşdüyünü yazır. Halbuki Taclı xanım əsir düşməyib.
- Bu yanlışlıq Güntay Gəncalpda da çoxdur. Məsələn, kitabının bir yerində o, iddia edir ki, Şah İsmayıl anasını öldürüb.
- Çox qəribədir. Güntay Gəncalp bioqrafiyasında yazır ki, Ərdəbildə oxuyub. Şah İsmayılın anasının qəbir daşı Ərdəbil türbəsində bu gün də qorunur. Gedib o qəbrin üstündəki doğum ölüm tarixinə baxsa, bilər ki, nə boyda səhv edib...
- Bəs adıçəkilən kitabda Şah İsmayılın adamyeyən dəstə saxlaması iddiasına bir tarixçi kimi münasibətiniz necədir? Güntay iddia edir ki, bu, tarixi faktdır və bu faktı tanınmış Səfəvi tarixçisi, məşhur İskəndər Münşinin “Tarixi-aləm arayi-Abbasi” (“Dünyanın bəzəyi olan Abbasın tarixi”) kitabından götürüb.
- Bizdə İskəndər Münşinin kitabı iki dəfə tərcümə olunub çap edilib. Tarixçi-alim Oqtay Əfəndiyevlə Namiq Musalı birlikdə, Şahin Fazil isə ayrı nəşr ediblər. Kitabda iddia olunan faktlar yoxdur. İranda bir alim var idi - Ələkbər Dəxoda. Bu alim türkdür, türk dilində bir divanı da var. O, 60 cildlik bir tarixi lüğət hazırlayıb. Lüğətdə “çegan” sözünə “adamyeyən” izahı verilib. Tarixçi səhv eləyib. Güntay da bu kitabı oxuyub, Şah İsmayılın yanında Çegan adlı türk tayfasının olduğunu görəndə ağlına adamyeyənlər gəlib. Əslində “çegan” sözü “çigil” sözündən götürülüb. Çigil isə türk tayfasının adıdır. XI əsrdə çigil tayfası Qaraxanlılar və Qəznəvilər dövlətlərinin formalaşmasında rol oynayıb. Hətta Qəznəvi dövrü divan əsərlərində də “çigil” sözü “gözəl” mənasında keçir.
O ki qaldı adamyeyənlərə, bu, tarixdə olub, inkar ediləcək fakt deyil. Məsələn, səlibçilər Bizansı işğal ediblər. Bizans o zaman katolik deyildi. O işğal haqqında fransız rahiblərinin də əsərləri var. Bəli, bu işğal zamanı səlibçilər uşaqları yeyirdilər. Amma Şah İsmayılın adam yemək üçün ordu saxlaması və ya hansısa dövlət başçısının belə bir ordusunun olması fikrini iddia etmək çox gülüncdür.
Bütün bu məsələlər dünya tarixində o qədər geniş yazılıb, araşdırılıb ki, müxtəlif dillərdə yüzlərlə kitablar çıxıb. Bizim tarixçilər isə iki yüz illik ömrü olan Səfəvilər dövlətini çox az araşdırıblar. Bu, dəryada bir damla götürməyə bənzəyir. İstəyənlər isə müxtəlif qaynaqlardan düzgün məlumat əldə edə bilərlər.
Sovet dövründə, eləcə də 2000-ci illərə qədər Səfəvilər dövləti haqqında yazılmış yeganə kitab Oqtay Əfəndiyevin “Azərbaycan Səfəvilər dövləti” kitabı idi. Bir də həmin müəllifin eyni mövzuda rus dilində başqa bir kitabı var. Bu iki kitabı həm ölkəmizdə, həm də xaricdə ciddi mənbə kimi qəbul edirlər. Son dövrlərdə Namiq Musalı və bir sıra gənc alimlər də bu mövzuda kitablar yazıblar.
Bütün bunlar bir yana, dörd-beş kitabla Səfəvilərin tarixi yazıla bilməz. Ən yaxşısı odur ki, müxtəlif dillərdə çıxan mükəmməl araşdırmalar ölkəyə gətiriilib, dilimizə tərcümə edilsin. Səfəvilər 200 illik bir dövrü əhatə edir. Üstəlik, Azərbaycan tarixçisinin artıq Şah İsmayıla yanaşmasında bir yanlışlıq var. Bu fikri öz kitabında Oqtay Əfəndiyev də səslənidirb. Şah Abbasa qədər olan dövrü Azərbaycan Səfəvilər dövləti, Şah Abbasın süqutuna qədər olan hissəni isə İran-Səfəvi dövləti adlandırırıq. Səfəvilərin öz adı var. Tarixdə Azərbaycan Səfəvi dövləti, İran Səfəvi dövləti deyilən anlayış yoxdur. Bütün tarixi mənbələrdə Səfəvi dövlətinin adı Qızılbaş dövləti kimi keçir. Bəli, bu dövlətin əsl adı Qızılbaş dövlətidir. Səfəvilər isə hakim sülalənin adıdır. Şeyx Səfiəddinin adından götürülüb.
- Hər bir tarixi şəxsiyyətin, hər bir liderin həyatını daim araşdıranlar, hətta bəzən ona kölgə salmaq istəyənlər olub və olacaq. Bəziləri belə bir dayaz fikir işlədirlər ki, Şah İsmayıl türk qardaşları məzhəb üstə qırğına verdi.
- Qızılbaşlıq şiəlik deyil. Ümumiyyətlə, Qızılbaşlığın şiəliklə heç bir əlaqəsi yoxdur. Onu deyim ki, Şah İsmayılın şiə anlayışının özü də qaranlıqdır. Qızılbaşlıq türklərin yəsəvilikdən, bektaşilikdən gələn xalq islamı anlayışıdır. Şah İsmayıl dövlət qurduğu zaman ən kəskin mübarizə apardığı ölkələrin üçü şiə idi- Gilan, Luristan, İsfahan. Amma dövləti məzhəb olaraq şiəliyi elan etdi. Məzhəb elan edəndə Azərbaycanda və İranda ciddi şiə alimi tapa bilmədi. Məcbur qaldı Cəbəli-Aməldən, yəni indiki Livandan şiə alimlər gətirsin. O zaman Livanda şiə məktəbi var idi.
Dəvət olunan alimlər arasında türk alimlər də vardı. Səfəvilər dövründə ilk dəfə türk dilində “Fiqh” adlı şəriət qanunlarından ibarət kitab yazılır. Kitabın müəllifi Müqəddəs Ərdəbili idi. Səfəvilərlə Osmanlılar arasında şiə-sünni məsələsi isə sonradan qabardılmış motiv idi.
Arzu Abdulla

Комментариев нет:
Отправить комментарий