27.11.2012

ŞƏRQDƏ NEFT VƏ QAN

Həmid Herisçi

NEFT VƏ… Barmaqlarını tətik üzərindən çəkmədən, bədbəxt ərəb məhəllələrini gəzən İsrail əsgərləri, Fələstində day o küçə, kənd-oba qoymayıblar ki, tikanlı məftillər arasında tək-tənha qalıb öz acı göz yaşlarını axıtmasın. Bu tikanlı məftilləri görmək üçün, kutsal Qüds torpaqlarına getmək, inanın, heç də vacib deyil-çıxın Mərdəkan yoluna, «Binə» hava limanınını qoruyan tikanlı məftillərə baxdızsa, vəssəlam, elə bilin ki, o məftilləri görübsünüz.
Dediklərimdə təəccüblü heç nə yoxdur-Fələstin qaçqın düşərgələrinini saran dəmir məftilləri istehsal edən İsrail şirkətləri, ay bərəkallah, elə bizim hava limanınından da vaxtilə yaxşı sifariş alıblar.

Uzun sözün qısası, bizim, İsraillə hərb, iqtisadi, məxfi əməkdaşlığımız artıq çox dərinə gedib. Vaxtiykən, Amerika demokratlarının lideri Bill Klintonun səyiylə  başlayan «Yaxın Şərqə sülh» lahiyəsi çərçivəsində, bəli, bu əməkdaşlığa bəraət qazandırmaq mümkün idi. Allahdan nə gizlin? –«Bakı-Ceyhan» neft kəməri də, gərək biləsiniz, həmin sülhməramlı cəhdin tərkib hissəsi kimi düşünülüb axı, bizim dəyərli Amerika demokratları tərəfindən. Kəmərin Ceyhana qədər uzanan borusu- eşidin haa!- hələ, bu lahiyənin tamı deyildir, mətbuata sızmış gizli xəbərlərə görə, bu neft kəməri, Aralıq dənizinin dibi ilə İsrail ərazisinə daxil olmalı, əski Eşkelon-Eylat neft kəməri vasitəsiylə Qırmızı dənizə çıxmalı, Hindistan tankerlərini neftlə təmin etməliydi. Sən demə, fillərlə dostluq edən bu ölkə də, İsrail kimi, müsəlman neft ixracatçılarından öz asılığını aşağı endirmək fikriylə, Bakı-Ceyhana hədsiz ümüd bəsləməkdədir…
Amerika demokratlarının bu böyük lahiyəsi isə bir şərtlə həyəta keçə bilər ancaq-Orta Doğuda barışın saxlanması, bəli, onun vacib şərtlərindən biridir, gərək bunu da qəti biləsiz.
Həmin kəmərin davam edəcəyi ərazi isə, tərsliyə bir bax, hardan keçir, soruşuram, hə?-indi od-alov içində yanıb külə dönən Qəzzanın burnu ucundan!
Hə, demək, «torbada pişik var», atalar demişkən, «süngünü də, neft borusunu da kisədə gizləmək əbəsdir»…
Qəti nəticəmiz belədir-indiki Qəzza hadisələrinin pərdəarxası sirlərini, yəqin, «Bakı-Ceyhan-Aşkelon-Eylat» neft kəmərinin dəmir seyflərdə saxlanılan tam məxfi lahiyəsində axtarmaq lazımdır, ay mənim bədbəxt müsəlman bacı-qardaşlarım.
Hə, xəyəlpərəstliyə varıb da «fentezi» janrına əl ataq: tutaq ki… tutaq ki, əlimizdə çin fənəri, gizlincə həmin dəmir seyfi açmışıq. Qara əlcəkli əllərimiz titrəyir, sənədlərə baxdıqca nəfəsimiz quruyur, gözlərimiz çıxır kəlləmizə. Bəlli olur ki, istər bu seyfdə, istər çiynimizə atdığımız torbada, daxil olduğumuz qara otaqda o qədər qara pişik var ki, saysan, saya gəlməz!
İndiki İsrailin hakiminə çevrilmiş «Likut» partiyasının, Amerika «neokon»larıyla apardığı şifahi danışıqların məxfi lent yazılarını, bu seyfdə aşkarlayararkən lap çaşacaqsız, əliniz qalacaq üzünüzdə. Lentlərə qulaq asınca həqiqət bəlli olacaq sizlərə-«Demək belə… Amerika respublikaçıları, İsrail «Likut» partiyası əsla dinc durmurlar, gülərüz demokrat Bill Klintonun «Yaxın Şərqə barış» siyasətini, «Ağ ev»i tərk etdikləri vaxt, tam mənada süquta uğratmaq, bütün köhnə siyasi danışıqları sıfır nöqtəsinə yenidən qaytarmaq istəyirlər ki… O cümlədən, «Bakı-Eylat»» neft kəmərinin sonrakı taleyini də həmçinin»…
Qəfildən, əlinizdə tutduğunuz məxfi sənədlər, şarappıltıynan yerə töküləcək. İsrail siyasi elitasında özünə möhkəm yer qazanmış Şaqal, Uri Lubraninin isimləri diqqətinizi cəlb edəcək gözünüzə girən yeni məxfi sənədlərdə… Bu nə sənəddir belə? Adına bax bir bunun-«Güney Azərbaycan və Mossad»…Maraqlıdır…
Nəfəsinizi dərmədən başlayacaqsız bu sənədləri oxumağa…
Görəcəksiz ki, vaxsey, yatmışıq ki fil qulağında… Qəzza bölgəsindəki alovun bir ucu da Güney Azərbaycana gedib çıxırmış ki…Mossadın İranda, o cümlədən Güney Azərbaycanda apardığı əməliyyatlara cavab imiş ki bütün bunlar…
…VƏ QAN… VƏ MOSSADIN  «GÜNEY AZƏRBAYCAN» DOSYESİ. Əlimizdəki çin fənərini o dəmir seyfdən çıxardığımız bəzi sənədlər üzərinə tuşlayaq, başlayaq onları bittə-bittə öyrənməyə. Görək, Qəzza hadisələrindən öncə İsraildə hansı şübhəli hadisələr baş verib.
Dekabr ayının sonu. Tel-Aviv. İsrail siyasi elitasını qəribə istefalar silkələyir. Süftə, Savunma Bakanlığı pencərələrindəki işıq sönmək bilmir, pərdə arxasında əsəbi kölgələr bir-birinə qarışır- Bakanlığın baş məsləhətçisi, qocaman Uri Lubraninin tutduğu vəzifədən istefa verməsi mətbuat səhifələrinə sıçrayır. Soruşun məndən, deyim sizə kimdir bu qraf De Monta Kristo – 1973-78-ci illərdə İsrailin Tehrandakı elçisi olub, islam devrimindən sonra, şiə ekstirimizmini dəf etməkçün Güney Livanda xüsusi təyinatlı əməliyyatlara başçılıq edib. Lap son zamanlar isə cənab Lubrani öz maraqlarını Bakıya, Təbrizə dikib, Güney dissedentlərimizin bir sağına baxıb, bir soluna, kirli çəkmələrinə fikir verib, sonra əzik-üzük üst paltarlarına, qərar verib lap axırda-«İranın Axilles dabanı Təbriz, Azərbaycan milli hərəkatıdır. Həmşəriləri oynadıb onlaran öz çıxarılarımız üçün istifadə edək!»
Ancaq, bu «istifadə» tezliklə Lubraninin «istefa»sına gətirib çıxarıb neyçünsə.
Lakin tələsməyək, hadisələrin ardıcıllını pozmayaq, görək, hadisələrin bu cür cərəyanı əvvəlcə haradan başlayıb.
İsrail Müdafiə nazirliyi tərkibində cənab Lubrani üçün ayrıca bir bölüm yaradılır, adı da olur «İran işləri üzrə xüsusi şöbə»( kod işarəsi bizə bəlli deyil). Hərbi kəşfiyyat idarəsi «AMAN», adı əzbər «Mossad»ın İran aqentura şəbəkəsinə daxil olan bəzi dəyərli qaynaqlar Lubraninin tam ixtiyarına tapşırılır. Dostumuz da başlayır özfəaliyyətə-Qərblə Bakı arasındakı məsafəni su yoluna döndərmiş güneyli dissidentlərin sevinci yerə-göyə sığmır, bəli, nəhayət ki, bu fani (ani!) dünyada kimsə onlara fikir verdi!
Rusdilli İsrail mətbutından topladığımız qırıq-qırıq bilgiləri bir yerə yığsaq, hadisələrin mənzərəsi təxminən elə bu cür görünür. Lakin, Uri Lubraninin «xüsusi şöbəsi»ylə digər İsrail kəşfiyyat mərkəzlərinin birgə işi neyçünsə alınmır, sonuncular başlayırlar dostumuz barədə Exud Olmert, Exud Baraka şikayət etməyə. Müdafiə Naziri Pinxas Buxris, şikayət ərizələrini oxuduqca başını sağa-sola titrədir, «ah!» deyib «of!» fısıldayır, axırda əmr verir ki, Urinin xüsusi «Azərbaycan» şöbəsi diqqətlə yoxlanılsın. Lubrinini «diletantlıqda» ittiham edirlər, iddia edirlər ki, onun özfəaliyyəti nəticəsində bəzi «Azərbaycan fəalları İran cəlladları tərəfindən neytrallaşdırılıb»…
Uri Lubrani vəzifəsindən ayrıldıqdan üç gün sonra bir başqa məşhur şəxs-«Azərbaycan-İsrail» parlament komissiyası başkanı İosif Şaqalın müəmmalı istefa xəbəri gəlib Bakıya çatır.
Üç-dörd gün aradan keçməmiş İsrail hərbiçiləri- elə həmin «AMAN», Mossad, bədnam Qəzza əməliyyatına başlayırlar.
Gəlin indi bir az səbirli olaq, sadaladığımız hadisələr arasındakı boşluqları bərpa edib, qarşımızda canlanan mənzərəni tam genişliyiylə görə bilək.
«Bakı-Ceyhan-Aşkelon-Eylat» neft kəmərinin xoşbəxt gələcəyi, düz sözümdü, bu tədqiqatlarımızdan asılıdır bəlkə də. Hə, keçək, bu xəbərləri özündə gizləyən dəmir seyfdəki digər sənədlərin qısa məzmununa.
***
«Azrbaycanın böyük dostu» İosif Şaqalın, Uri Lubraninin tutduqları vəzifədən istefa etmələri, uşaq olmayın, təkcə elə Güneydəki hadisələrlə əlaqədar deyildir. Bəli, noyabr-dekabr ayları boyu Güney Azərbaycandakı İsrail şəbəkəsi ciddi itkilərə məruz qalıb, yüzlərlə insan həbs edilib, bəziləri xaricə qaçıb, bir sözlə, İsrail rəsmilərinin də etiraf ediyi kimi, cəbhənin bu bölgəsində, vaxsey, «İTTEALAT» onlara ciddi zərbə vurub. Elə həmin vaxtlar Azərbaycanın İrandakı səfiri Abbasəlinin tələm-tələsik İran xəbər agentliyinə müsahibə verərək, İsraillə əlaqələrimizin səbəbkarı kimi Elçibəyi nişan verməsi, bəli, məhz bununla əlaqədar olub, eşidin, ay bizim bədbəxtlər.
Siz iranlıları tanımırsız, həbsə atdıqları fəalları işkəncə altında dindirəcək, əldə etdikləri məlumatlar əsasında Bakını İsrailin əlaltısı kimi qələmə verəcəklər. Ən yaxşı halda, Tehran, ifşaedici sənədləri Elmar Məmmədyarovun yazı masası üzərinə tullayacaq, sonra bizlə siyasi alver etməyə çalışacaqdır. Biz də qorxudan xırp səsimizi kəsəcək, deyilənlərlə razılaşacağıq. Zarafat etməyin, iranlıların əlində çox ciddi sənədlər var ki, Tel-Avivdə artıq bunun ağır nəticələri görünür, Şaqal, Lubrani kimi lobbistlərimiz tutduqları vəzifədən istefa edirlər. Hazırlaşın, mən sağ, siz salamat, həmin ifşaedici sənədlərdə sözsüz ki, Dünya Azərbaycanlıları Konqressi (DAK), Diaspora nazirliyimizin də mübarək isimləri hallandırılıcıq.
İsraildə bu, artıq istefalara gətirib çıxarıb, biz də isə…
Lakin, məncə, bu istefalarda daha dərin sirlərin izi görünür.
«Azərbaycanın dostları» İosif Şaqal, Uri Lubrani sionist şahinlərindən deyildilər, Fələstin, İrana qarşı hərbi əməliyyatın keçirilməsinə etiraz edir, haqlı olaraq etiraf edirdilər ki, bu, İran xalqı tərəfindən əsla qəbul olunmayacaq, tam tərsinə, mollaları xalqla daha da birləşdirəcək. Lubraniyə gərək qızıldan heykəl qoyaq-o, İsrail kəşfiyyatını, İran atom lahiyəsində ilişib qaldığına görə tənqid edir, bütün diqqəti İranı daxildən partlatmağa yönləndirməyə çağırırdı-SSRİ-yə qarşı işlədilmiş milli ixtişaşları qızışdırmaq siyasəti, Lubraniyə görə, Tehran əleyhinə də istifadə edilməliymiş mütləq. Həllini tapmamış Güney Azərbaycan məsələsi, Lubraniyə inansaq, İranın Axilles dabanıdır, Qərb yalnız ordan mollara güclü əks zərbə endirməyə məhkumdur, vəssəlam, şüd-tamam. «Türkiyyə-Azərbaycan-İsrail» strateji əməkdaşlığı isə, yalnız digər İslam, xüsusən, Fələstin xalqıyla dinc münasibətlər halında mümkündür» deyən Lubrani, Şaqal sionistlərdən daha çox uzaq hədəflərə tuşlanmışdılar, buysa, yəqin, İsrail hərbçilərini, xüsusən Exud Barakın «müharibə komandasını» qətiyyən qane etmir, sonuncularda, «boğazda qalmış tıx» təsiri buraxırdı.
Görünür, «bizim dostlar» İranda baş vermiş uğursuzluqda qurbanlıq keçiyə çevrildilər. Şahidi olduğumuz «vəlvələ»də İsrail, Azərbaycan pərdəarxası hiyləyə əl atmaq, cavabdehliyi Lubraninin boynuna yükləmək istəyir. Hakim elita, Mossadın diliylə «Lubraninin fəaliyyəti, özfəaliyyətdir, bizimlə razılaşdırılmayıb» deyərək, gələcək diplomatik qalmaqalı azdırmaq fikrinə düşüb.
Bəlkə də onlar qanlı Qəzza əməliyyata qarşı qəti etiraz etdilər, bir sözlə, bizimkilərin İsrail hərbiçiləriylə dil tapmaması, qəti şəkildə göz önündədir. Mən onları yaxşı anlayıram, gələcək «Bakı-Eylat» neft kəməri yalnız qonşularla barış şəraitində öz ömrünü yaşa bilərdi bu narahat corafi ərazidə.
Bəli, «Azərbaycan doslarının» tutduğu xətt, Amerika demokratlarının vaxtilə Orta Doğuda güddüyü barış siyasətinin davamıydı. Demokrat Bill Klintonun başına bununla əlaqədar min cür bəla gəlib-bu biçarə barəsində bir yəhudi lətifəsi var: «Ağ ev. Prezidentin dairəvi otağı qapısında Yasir Ərafat oturub Bill Klintonu nə vaxtdır ki, gözləyir.
Bill Klinton isə içəridə yəhudi gözəli, Mossadın agenti Monika Levinski ilə eşq məcarası yaşayır. Ərafata əsla fikir vermir».
Şərhə ehtiyac yoxdur məncə.
VƏ «TARAKAN ƏMƏLİYYATI». Bayaq yuxarıda nişan verdiyimiz dəmir seyfin içindəki digər sənədlərə də fikir versək, ilk olaraq beynimizə soxulan şübhə, aşağıdakı olacaq-«Uri Lubraninin dəsti-xəttidir bu, o, həmişə İrana xaricdən deyil, daxildən zərbə vurmaq tərafdarı kimi ad çıxarıb, bu sahədə bir neçə psixoloji-təxribat əməliyyatı hazırlayıb axı!»
2006-cı ildə Güney Azərbaycandakı çalxalanmaları İsrail araşdırmaçısı Mixail Falkov dolayi dillə məhz onun adıyla təsadüfən əlaqələndirmir.
НЕФТЬ-ЭТО КРОВЬ ЗЕМЛИ : а мы делаем на ней состояния...***
Vaxtilə, Mossad sıralarından fərarilik etmiş «katsa» (yəni operativ xəfiyyə) Viktor Ostrovski, şir ürəyi yeyərək «Yalan yoluyla» adlı çox məşhur bir kitab qələmə alıb. Elə onu oxumaq hər bir adama bəs edir ki, Mossadın sirlərinə az-maz, bir qədər bələd olsun. Kitabı oxuyub qatladıqdan sonra hamı kimi sən də anlayırsan ki, Mossad adi xüsusi xidmət mərkəzi deyil, əslində elmi Akademiyadır. Cari, keçmiş əməliyyatlar orda bilgisayar vasitəsiylə hər bir dinləyicinin diqqətinə çatdırılır, öyrəncilərdən, zabitlərdən tələb olunur ki, onlar bu əməliyyatlara öz əlavələrini artırsınlar.
Viktor Ostrovski əsərdə ayrıca olaraq qeyd edir ki, bəzi Avropa xüsusi xidmət mərkəzlərinin Mossaddan gizlədəcəyi heç bir sirr yoxdur, xüsusən, Danimarka kəşfiyyatçıları bu sahədə deyəsən bütün qırmızı xətləri keçərək, son nəticədə sanki Mossadın bir şöbəsi halına düşüblər.
Beləysə, onda, diqqətli olaq, 2005 tarixində bu ölkədə yaşanmış «Məhəmməd peyğəmbərə çəkilmiş karikaturalar» olayına bir başqa gözlə baxaq.
Şübhəsiz, bu bir Mossad əməliyyatıdır. Məqsəd isə aydındır-tam nəzarətlərində olan bu ölkəyə müsəlman etirazçılarını yığıb onları qeydə almaq, şəkillərini çəkib, səslərini müəyyənləşdirmək, sonra, onların hər birini izləyib güdmək. Gizli islam təşkilatlarının izinə düşmək və s.i.
Mossad bilgisayarına düşmüş bu əməliyyat sözsüz ki, sonralar dəfələrlə tədqiq edilib, bəlli olub ki, müsəlmanlar karikatura məsələsində xeyli həssasdırlar. Bundan bir başqa təxribat əməliyyatında da istifadə etmək gərəkdir.
Görünür, Uri Lubrani bunu nəzərə alıb, həmin əməliyyatın ikinci hissəsini həyata keçirmək həvəsinə düşərək, indiki İran mollalarının əleyhdarları kimi ad çıxarmış solçu «Mücahiddine-xəlq» təşkilatıyla məxfi əlaqələr qurub.
Hə, qərara alınıb ki, bu dəfə karikatura, Peyğəmbərimizə qarşı deyil, azərbaycan türklərinə qarşı çəkilib İran mətbuatında çap edilsin. Terror təşkilatı kimi tanınan xalq mücahidləri üçün bu, bəlkə də ilk polittexnoloji imtahana çevrilir. Mücahidlərin İrandakı nəhəng gizli şəbəkəsi var gücüylə işə düşür, karikatura çəkilib az saylı bir qəzetdə çap olununca, əməliyyat başlayır-qəzet, bütün Güneydə paylanılır, meydanlarda müzakirəyə çıxarılır, son nəticədə bütün İran Azərbaycanı silkələnir, «tarakan» olmadığını sübut etmək üçün etiraz yürüşlərinə qoşulur. Vur-sındır, od-alov şəhər mərkəzlərini bürüyüb Tehran hakimlərini əməlli-başlı qorxudur.
Mossad isə lap uzaqda dayanıb dilini çıxarır İran inqilab keşikçiləri ünvanına:
«Tarakanlar»ı üstünüzə buraxarıq haa»…
VƏ AŞURANIN ŞƏHADƏT BARMAĞI. TÜRKİYYƏ (SÜNNİ MƏZHƏBİ) ANTİYEZİD DƏSTƏSİ SIRALARINDA. Orta Doğudakı, dünyadakı son hadisələrin ardıcıllığını, gəlin, bərpa etməyə çalışaq…
1. Noyabr-dekabr ayı. İran. İnqilab keşikçiləri korpusu neçə illərdir ki, Mossadla, «Güney-Quzey Azərbaycanı konusu»nda oynadığı «siçan-pişik» oyununa son qoyur. Güneydəki şəbəkəni həbsə alır. İran-İsrail arasındakı kəşfiyyat savaşı «1-0» hesabıyla Tehranın xeyrinə bitir.
2. Gizli «Höccətiyyə» dəstəsinin göstərişi altında hərəkət edən İslam keşikçiləri, Qəzza zolağında gerçək şəbeh düzəltmək barədə göstəriş alırlar. Məhərrəmliyin ilk günlərində hərbi əməliyyatlara başlayıb neoyezid dəstəsinə qarşı «Qasim» oxlarını atırlar. Ərəb ölkələri yenə də Yezid ordusuna mane olmur. Atəşkəs sazişinin məhrrəmliyin ilk günlərində pozulması göstərir ki, Qəzzanın çağdaş Kərbəla çölünə çevrilməsi əməliyyatı, Tehran tərəfindən çoxdan planlaşdırılıb.
3. İran mətbuatının sirri dili. Tehranın «biz Qəzzaya 7 min canbaz göndərəcəyik» mesajını düzgün dərk edək-demək, Qəzzada 7 min İran canbazı artıq çoxdan mövcuddur.
4.  HƏMAS-ın «biz, İsrail atom mərkəzini, Tel-Avivi vuracağıq» hədəsinə ciddi yanaşsaq yaxşıdır. İmam Hüseyn aşiqləri axıracan getməyi qərara alıblar.
5. Dünya mətbuatına təzə şaiyə sıçrayır-«Misir hərbçiləri saray çevrilişi hədəsiylə çıxış ediblər!»
6. İsraili dəstəkləyən, Çex hökuməti tərəfindən səsləndirilən bəyanatın ömrü cəmi bir gecə çəkir.
7. Rusiya Avropaya öz qaz nəqlini dayandırınca…
8.  …Avropa fikrini dəyişir.
9. İsrail İranın «əl-Əyyam» telekanalı müxbirini Qəzzada əsir alır. O, sadəcə elə müxbir deyil axı…
10. Rusiya qazın, İran neftin qiymətini, taleyini hərrəca çıxarırlar.
11. Sünni məzhəbində parçalanma-Erdoğan, öz şeyxlərinin əmriylə İmam Hüseyn ordusunu dəstəkləyir. Türkiyyə-İsrail  münasibətləri qopma həddinə çatır.
12. Anar Məmədxanovun «Day.az» saytı Byer-Şevadan həyəcanlı xəbər yayır: «Vaxtilə Az.TV-də işləmiş jurnalist Nina Yarovaya gecələr yata bilmir, HƏMAS-sın bu şəhərə tolazdığı kiçik raketlər onun yuxusuna haram qatır.Ay aman, ay Azərbaycan, kömək elə İsrailə, Nina Yarovayanın İsraildəki yuxusuna kimsə mane ola bilməz!
13. «Höccətiyyə»nin fikrincə, Qəzzada «ruhla maddiyyat» arasında gerçək döyüş baş verməlidir.
14. Exud Barak qəhrəman kimi meydana atılıb döyüşü qəbul edir…
15. Digər «Barak»-Barak Obama, «bir ölkədə iki fikir ola bilməz, buna görə mən susuram» deməklə, incə eyham vurur- «mənim fikrim Buşunkundan fərqlidir».
16. Hadisələr, üzr istəyirəm gerçək Aşura hələ də davam  edir…
QURBAN SƏİDİN NEFTİ VƏ QANI. Düz 80 il öncə Almanyada Qurban Səid-Məhəmməd Əsəd bəyin «Şərqdə neft və qan» əsəri çap edilib. Əsəd bəy bu romanında o vaxtkı alman geopolitiki Karl Xausxoferin «qan və torpaq» ideoloqemasına səs vermiş, neftin qanla sazişini bütün çılpaqlığı ilə oxucularına çatdırmışdı.
Xausxoferə görə, qanla sulanmış torpaq yalnız bir qüvvəyə-qaliblərə tabe olur. İstəyirsən torpaq sənin olsun?-üzərinə qanını axıt!
Xusxoferin çağrısına bu cür cavab vermiş gənc Əsəd bəy tezliklə vermaxt kəşfiyyatına dəvət olunur. Bakı, Yaxın Şərq, neft konusu ona həvalə olunur. Əsəd bəy başlayır işə, əvvəl İrana gedir-bütün o vaxtkı Alman siyasəti kimi. Rza şahın bioqrafiyasını qələmə alaraq, başgicəllədirici bir sürətlə karyera pilləkanında yüksəlir. İştirakçısı olduğu əməliyyatlara görə tez-tez öz sənədlərini dəyişməsi, indiki tədqiqatçıları çaşdırmasın. Əsəd bəy alman hərbi kəşfiyyatçısı taleyini yaşayır, Bakı neft mədənlərinə ayaq basacağı günü səbirsizliklə gözləyir.
Sovet kəşfiyyatı yatmayıb ki… «Prometey» antisovet şəbəkəsindəki sovet cəsusu Münşiyə Kremldən əmr gəlir-«Gestapoya məktub yazıb Əsəd bəyin ana tərəfdən yəhudi olduğunu onlara xatırladın».
Dəyirman işə düşür, çakka-çuk baş ağradır-Əsəd bəy işindən uzaqlaşdırılır…
Bu ağrılı günlərində «Əli və Nino» romanını yazıb bitirir.
***
O çağdan Əli bəyin yəhudi, yaxud azəri türkü olmağı konusu mətbuat səhifələrindən düşmür.
Bəli, biz azərilərin yəhudilərlə qəribə sərgüzəştlərimiz var. Şəxsən mən Karl Marks, Lev Trotski kimi beynəlmiləl yəhudiləri sevirəm.
Hakim elitamız onlardan üz çevirib bir başqa-sionist yəhudilərə, bel bağlayarkən azca ehtiyatlı olsun.
Məhəmməd Səid bəyin acı taleyini göz önünə gətirib, Karl Marks kimi yəhudini yadınıza salın.
Sağ yəhudiləri sol yəhudilərə dəyişin…
***
Kərbəla döyüşü artıq başlayıb…

marakaqol@rambler.ru

Комментариев нет:

Отправить комментарий