30.11.2012

Əbdülrəhman: “Terrorçular Qərbin əlində oyuncağa çevriliblər”

Suriya ordusunun yüksək rütbəli hərbçisi Ayham Əbdülrəhman ilə “Yeni xəbər” qəzetinin eksklüziv müsahibəsi

- Əssalamu əleykum, cənab Əbdülrəhman.
“Yeni xəbər” qəzetinə müsahibə verməyə razılaşdığınız üçün təşəkkür edirəm.
- Və əleykumə əssalam. Dəyməz, əziz qardaşım. Fürsətdən istifadə edib, azərbaycanlı bacı-qardaşlarımı salamlayıram.

- Məni uzun müddət bir sual düşündürür: məlum olduğu kimi, Bəşər Əsədə qarşı vuruşan silahlı müxaliflərin əksəriyyəti sözdə "islamçılardır". Lakin həm televiziyadan gördüklərimə, həm də Suriyada yaşayan tanışlarımın dediklərinə görə, Suriyada hər hansı dini məhdudiyyətlər yoxdur. Əksinə, orada dini təhsil almaq üçün xarici ölkələrdən tələbələr gəlirlər və Suriya dövləti hesabına oxuyurlar. Əsəd özü də cümə namazlarında iştirak edir, digər dini vacibatları da əncam edir, bir sözlə ona verilən "kafir" obrazına heç də uyğun gəlmir.

Belədə sual yaranır: "islamçılar" niyə Əsəddən narazıdırlar? Ümumiyyətlə, mənə bəzən elə gəlir ki, əsl cihadı onlar yox, elə Əsədin özü aparır.
- Sizə düzgün gəlir. Əsəd ölkəni dünyəvi qanunlarla idarə etdiyinə rəğmən eyni zamanda dindar bir adamdır. Lakin o İslamı olduğu kimi başa düşür. Onunçün İslam ilk növbədə sülh və barış dinidir. Və həqiqətən də bu belədir. Peyğəmbərimiz buyurmuşdur ki, "Bircə nəfəri öldürmüş şəxs bütün bəşəriyyəti öldürmüş kimidir." Bu cəhətdən Allahın və Onun rəsulunun bir nömrəli düşmənləri elə özlərini "islamçı" adlandıran terrorçulardır. Yadımdadır Dəməşqin yaxınlığında gedən bir döyüşdə terrorçular məsciddə gizlənərək, oradan bizə atəş açırdılar. Hansı normal müsəlman Allahın evinə bu cür hörmətsizlik edər? Amma əgər biz cavab atəşi açsaydıq, onlar bütün dünyaya hayküy salaraq, deyərdilər ki, “Baxın, kafir Əsəd ordusu məscidi dağıdır!” Yaxşı ki, onların bu çirkin əməlini ifşa edən video internetdə yayılıb, əks halda nəyisə sübut etmək çətin olardı. YouTube-də “التضامن - الحر اشتباكات عنيفة مع الجيش الاسدي” yazıb, izləyə bilərsiniz.

- Sizcə onların bu əməlləri arxasında hansı qüvvələr dayanır?
- Təbii ki Qərb. Amerika və onun müttəfiqləri digər ölkələrin daxili işlərinə etdikləri müdaxilələrə bəraət qazandırmaq üçün məhz bu cür vəhşi “İslam”ın iqtidarda olmasını istəyirlər. Bununla da onlar demək istəyirlər ki, “Baxın, bu vəhşilər bir-birilərini doğrayır və başlarını kəsir, ona görə gərək biz mədəni və demokratik insanlar müdaxilə edək və onları xilas edək.” Məhz bu yolla uzun illərdir ki, müsəlman ölkələrinin nefti, qazı və digər yeraltı sərvətləri talan edilir və bu dünya birliyi qarşısında müsəlmanların “vəhşi” olmağı ilə əsaslandırılır. Bizlə vuruşan terrorçular da öz naqis ağlı ilə dərk etmirlər ki, Qərbin əlində oyuncağa çevriliblər. Və onlardan ABŞ-nın iradəsinə "yox" deyə biləcək bütün ölkələri dağıtmaq üçün sadəcə istifadə edirlər.

- Müəmmər Qəddafinin öldürülməsindən sonra çoxları eyni aqibəti Əsəd üçün də proqnozlaşdırırdılar. Artıq bir ildən çox müddət keçib, lakin Əsəd yenə də hökumət başındadır. Sizcə o axıra qədər tab gətirərək, sonda qələbə qazana bilər?
- Axıra qədər tab gətirər və qələbə qazanar! Çünki onun arxasında güclü ordu və ən əsası xalq dayanır. Suriya ordusu indiyə kimi öz potensialının 10%-ni belə istifadə etməyib. Lakin Allah eləməsin NATO-nun hərbi müdaxiləsi başlasa, bütün dünya ordumuzun real gücünü görəcək. Amerika müdaxilənin olacağı təqdirində nələrin baş verəcəyini hamıdan yaxşı başa düşür, ona görə də özü soxulmağa cürət etməyərək, nökərlərini bizə qarşı göndərir. Terrorçuluğu dəstəkləyən ərəb ölkələrinin paytaxtlarını bombalamağı tələb edən suriyalı kommandirlərinin səsləri artıq günü-gündən daha aydın eşidilir. Onları bu addımdan saxlayan yeganə şəxs ali baş kommandan Bəşər Əsəddir. Lakin onun da səbri tükənməz deyil.

- Qərbin Əsədi devirməkdə əsas məqsədi nədir?
- Onlar müqavimət ölkələrini – Suriyanı, İranı və Cənubi Livanı çökdürmək istəyirlər. Lakin bu onlarda alınmayacaq. Fikir ver, münaqişənin artıq iki ilə yaxın davam etməsinə rəğmən Suriya ayaq üstündə möhkəm durur, insanlar vaxtı-vaxtında maaşlar alır, mağazalarda bütün lazımi məhsullar var, ərzaq ehtiyatı on ölkəyə belə kifayət eləyər, yerli valyuta öz kursunu saxlayır, uşaqlar məktəblərə, böyüklər isə işə gedirlər. Hansı ölkə bu qədər tab gətirərdi? Bizim daha neçə vaxt dayanacağımızı yalnız Allah bilir. Onlar ölkəmizin sanksiyalar nəticəsində çökəcəyinə ümid edirdilər, lakin bu baş vermədi və artıq onlar özləri əziyyət çəkirlər. Məncə onlar bizdən tez dağılacaqlar.

- Azərbaycanda bir çox insan Suriya münaqişəsinə görə naratçılıq keçirir. Hətta ölkəmizdən oraya dövlət tərəfində vuruşmaq üçün getmək istəyən insanların mövcudluğu barədə şaiyələr də gəzir. Bu haqqında nə deyə bilərsiniz?
- Yox, buna ehtiyac yoxdur. Suriya ordusu özü də kifayət qədər güclüdür. Biz düşmənlərimizdən fərqli olaraq muzdlulardan istifadə etmirik. Amma hər halda bizi dəstəkləyən azərbacanlılara minnətdralığımızı bildiririk. Sağ olsunlar. Lakin siz öz ölkənizə daha çox lazımsınız. Diqqətli olmağınız gərəkdir. Çünki Azərbaycanda da radikal sələfilik təhlükəsi baş qaldırır.

- Bəli, doğrudur.
- Səudiyyə Ərəbistanı və Qətər Qafqazda, o cümlədən də ölkənizdə sələfiliyi yaymaq üçün böyük pullar xərcləyirlər. İnşallah Əsədin münaqişədə qalib gəlməsi onların qəbrlərinə son mismarı vuracaq. Onlar kart evi kimi dağılacaqlar. Çünki pul hər şeyi həll etmir və nə vaxtsa qurtaracaq.

- Maraqlı söhbət üçün təşəkkür edirəm. Allah Suriya xalqının və şəxsən sizin yardımçısı olsun.
- Amin. Özünüzdən muğayat olun.


A. Məmmədov

Комментариев нет:

Отправить комментарий