27.11.2012

"Bu müqəddəs ay həm də haramlara qadağa ayıdır"

Qəni (el arasında Sədi) Axundzadə 1971- ci ildə Lənkəran rayonunun Veravul kəndində anadan olub. Buradakı şəhər 1 saylı orta məktəbi bitirib. Onun bildirdiyinə görə, babaları, eləcə də atası ruhani olduğundan məsləhət biliblər ki, o da bu yolu davam etdirsin. Lakin həmin vaxtlar, 1981-1988-ci illərdə Lənkəranda savadlı mollalar az olduğu üçün Qəni Axundzadə dini təhsil almaq üçün Masallı rayonuna üz tutub. Burada Mirkərim Ağadan (Ərkivan qəsəbəsi), sonradan yenə Masallının Qızılavar kəndində rəhmətlik Hacı Müzəffər Ağadan təhsil alıb. Mirəziz Seyidzadə də ona dini təhsil verib. Ərəb dilini öyrənmək üçün boradigahlı İsfəndiyar müəllimin yanına gedib.
Müstəqillik dövründə Bakı İslam Universiteti təşkil olunandan sonra bu ali məktəbin ilk məzunlarından biri olub. Bu məktəbdə təhsil ala-ala Lənkəranda Abbasiyyə mədrəsəsini təşkil edib. Daha sonra bu mədrəsənin bazasında Bakı İslam Universitetinin filialını yaradaraq onun rəhbəri olub. Hazırda həmin filial ləğv edilib və cənubda heç bir mədrəsə fəaliyyət göstərmir. Onun bildirdiyinə görə, yaxın vaxtlarda Lənkəranda dini kollec yaratmaq niyyətindədirlər.
Qəni Axundzadə 1997-ci ildən bəri 13 dəfə Həcc, 5 dəfə Kərbəla ziyarətində olub. İlk Həcc ziyarəti ona hədiyyə edilib, sonralar isə təşkilatçı və qrup rəhbəri kimi gedib.

- Biz sizinlə müqəddəs Məhərrəm ayının ilk günlərində görüşürük. Bu ay müsəlmanlar üçün hansı dəyərlərinə görə daha qiymətlidir?
- Bilirsiniz ki, Allah-talanın bizə göndərdiyi Quranda dörd ay müqəddəs sayılır. Aylar hamısı əzizdir, amma bunların içərisində haramlara daha sərt qadağa qoyan bir ay da vardır. Bu, məhərrəm ayıdır. Məhərrəm sözü haram sözündən götürülmüşdür, yəni haramların qadağan olunduğu ay. Adi günlərdə görülən işləri bu ayda etməməliyik. Məsələn, əgər ölkə ərazisində müharibə gedirsə, bu ayda müharibə dayandırılmalıdır. Məhərrəmlikdə münaqişəli məsələləri təxirə salmaq lazımdır. Bu ayda şənlənmək məqsədəuyğun deyil. Düzdür, şənlənməyi və kədərlənməyi heç kimə qadağan etmək olmaz. Eləcə də insanlara zor gücünə demək olmaz ki, sən ağlamalısan və ya gülməlisən. İnsan bu işdə azaddır. İnsan bu ayda öz ürəyinin səsinə qulaq asmalıdır. Peyğəmbər bu ayda ağlayıb, hədsiz kədərli, hüznlü olub. Görəsən, bu ayda bizim qəlbimiz gülə bilərmi?! Məhərrəm ayında xüsusi qadağa yoxdur. Amma dediyim kimi, bu ay şəhid olanlara ehtiram ayı, eləcə də bədxahlara, pisliklərə, naqisliklərə, insanlara dərd, kədər gətirən haram əməllərə, rüşvətdən saxtakarlığadək hər cür haram işlərə qadağa ayıdır.

- Bu ayda çoxlu ehsanlar verilir. Hətta bəziləri Aşura günündən öncə ehsanlar verir. Digərləri ehsan adı ilə varlı-karlıları evinə dəvət edib, təntənə düzəldir. Doğrudanmı, bu ayda ehsanlar belə kütləvi şəkildə, cücəplov verməklə müşayiət olunmalıdır, başqa formada xeyriyyəçilik etmək olmazmı?
- Öncə aydınlaşdıraq ki, ehsan nədir? Həsən və Hüseyn sinonimdir. Gözəl, göyçək, yaxşılıq deməkdir. Məsələn, bizim ədəb-ərkanla danışığımızın özü bir ehsandır. Mənim sizi ehtiramla qarşılamağım da, insanları hər gün yaxşı əməllərlə sevindirmək də ehsandır. Ehsan təkcə yemək - zəngin süfrə açmaq deyil, insanın hər xoş əməli, xeyirxahlığı, insani rəftarı bir ehsandır. Allah yanında dəyərləndirilməsi üçün ehsan mütləq ehtiyacı olanlara verilməlidir. Məsələn, Aşura günü sürücünün sərnişinləri pulsuz ünvanına çatdırması ehsandır. Aşura günü qan vermək ehsandır. Ehsan maddi imkan daxilində verilməlidir. Çalışmaq lazımdır ki, dəbdəbəli olmasın, görüntü və ya reklam xarakteri daşımasın. Ehsanın Aşuradan qabaq, ya sonra verilməsi elə də qəbahət deyil. Yeri gəlmişkən, onu da bildirim ki, Aşura günü bizim cənub bölgəsində bir qədər fərqli keçirilir. Bizdən savayı heç bir müsəlman ölkəsində Aşura günü insanlar dükan-bazarı, hətta çörək dükanını və aptekləri bağlayıb, bəziləri üçün problem yaratmır.

- Məhərrəmlik mərasimində zəncir vurmaq, baş yarmaq, ələm gəzdirmək, yürüşlər keçirtmək, hətta axşamlar sinə vurub pul yığmaq və digər buna bənzər işlər nə qədər səmimidir?
- Zəncir vurmaq, sinə döymək dində qadağan deyil. Lakin qan çıxartmaq olmaz. Yuxarıda da qeyd etdim ki, belə gündə qan vermək zəncir vurmaqdan daha faydalıdır. Vaxt var idi, insanlar qurşağa qədər soyunub, bədənlərinə daşla, dəmirlə döyərdilər. Bu, düzgün deyil. Ələm gəzdirməyin də elə bir lüzumu yoxdur. Ələm ərəb dilində bayraq deməkdir.

- Bu günlər insanlar İmam Hüseyn müsibətinin, şəhidliyinin hansı məqamlarından, İmam Hüseynin hansı kəlamlarından nümunələr götürməlidirlər?
- Belə bir kəlam var: “Hər yer Kərbəla, hər gün Aşura” (İmam Cəfəri Sadiq). Biz Kərbəlada olan hadisələri, düzgün qiymətləndirməliyik. İmam Hüseyn deyib ki, qılınc kəsərlidir, mənim qanım isə ondan da kəsərlidir. Yəni, o, şəhidliyi ilə əqidə yolunda qurban getməyin nümunəsini göstərdi.
Peyğəmbər buyurub ki, Fatimə mənim bir parçamdır, Həsən mənim gözümün nurudur, Hüseyn isə mənim qaraciyərimdir. İndi tibb elmi ürəyi də, böyrəyi də dəyişməyə qadirdir, lakin qara ciyəri yox. Peyğəmbər məhz buna görə Hüseyni özünün qaraciyəri kimi qiymətli sanırdı. İmam Hüseyn bir şəhidlik simvoludur, onun mərdliyi, qətiyyəti, cəsarəti, ağıllı fikirləri hər bir insan üçün nümunə ola bilər.

- Məhəmməd Peyğəmbərin “ Zülmə dözən zülmkara bərabərdir” kəlamına din xadimləri necə əməl edir? Bu gün rüşvətxorluq, korrupsiya, saxtakarlıq... simvolu olan şəxslərin zülmünə nəinki çoxları, eləcə də din xadimləri dözür, hətta məclislərdə onlara yüksək ehtiram göstərirlər. Xalqın milyonlarla sərvətini dağıdan 200 manatlıq ehsan verəndə ona min cür dua edilir. Belə hallar nə dərəcədə doğrudur? Bu gün İslam adı ilə alver edən, çörək qazananlar kimlərdir?
- Bir məqama nəzər salaq: pis - müəllim, müəllim - pis. Bu adları yanaş çəkmək mümkünsüzdür. O müəllimdirsə, pis ola bilməz, pisdirsə, demək müəllim deyil. Eləcə də din xadimi. Əgər o, əsl dindardırsa, saxtarkar, yaltaq, ikiüzlü ola bilməz. Yaxud bu cəhətlər onda varsa, demək o, əsl dindar adına bir xəcalətdir. Belələri bizdən deyil. Həzrəti Əli Əleyhissəlam dünyanın zalımını lənətləyib, həmin zalımın zülmünə dözəni isə 2 dəfə lənətləyib. Yaxşı olar ki, sən rüşvət verməyəsən. Kimsə səni məcbur etsə belə. Mən Almaniyada olarkən bir nəfər yanımdakına əl açdı, o, həmin dilənçini əliboş qaytardı. Səbəbini də belə açıqladı ki, mən istəmirəm o buna öyrəşsin, mən onu tərbiyələndirirəm. Bizim məhəllədə xəstə var, biz ona kömək edirik. Küçəyə çıxan insanı isə biz tanımırıq. Hər bir insan qonşuluğundakı xəstə, imkansız insanı tanımalıdır. Əbəs yerə demirlər ki, pulu küçədə abırsızlıq edib dilənənə yox, namusuna, abrına qısılıb evində kasıbçılıq çəkənə var. İnanmıram ki, İslamdan alət kimi istifadə edənlər, Allahdan qorxur. Çünki Allahdan, axirətdən qorxan adam belə əməl etməz. Azərbaycanda din xadimini xalq saxlayır. Din xadimi gərək müstəqil olsun. Əksər ölkələrdə din xadimlərini dövlət maliyyələşdirir. Bizim ölkəmizdə də bu ildən din xadimləri də maaş almağa başlayıb. Təkcə cənub bölgəsində 40-a yaxın molla hər ay hökumətdən 200 manat əmək haqqı alır.

- Bu gün dini xurafat kimi yox, mədəniyyət kimi təbliğ etmək üçün nə etməliyik?
- Öncə aydınlaşdıraq ki, dini xurafat nədir. O şey ki, nə şəriətdə, nə elmdə, nə məntiqdə, nə hökumət qanununda yoxdur, o, xurafatdır. Məsələn, harada yazılıb ki, 13 nəhs rəqəmdir, yaxud gözmuncuğu insanı xatadan qoruyur, nə bilim may ayında toy etmək olmaz və sair.

- Mollaların attestasiyası nələri aşkarladı?
- Attestasiyalar əvvəllər də keçirilirdi. 2 il öncə isə tam aşkarlıq şəraitində keçirildi. Həm yaxşıları müəyyənləşdirdik, həm də məlum oldu ki, 20 ildən artıq özünü savadlı kimi göstərən dindar Quranı qələt oxuyur, bəzi elementar şeylərdən xəbərsizdir. Belələri attestasiyadan sonra savadsızlığı faş olduğuna görə el arasında hörmətdən düşdü.

- Sizin təşkilat İslam dininin təbliği, yabançı təriqətlərin bölgəyə ayaq açmaması, eləcə də gənc dindarlarla hansı işləri aparır?
- İlk növbədə fəaliyyətimizi təbliğat vasitəsi ilə qururuq. Xalq bizə onda inanar ki, sözümüzlə əməlimiz bir-birinə düz gəlsin. Məzhəblərarası dialoqu gücləndirməyə çox səy göstəririk. Çalışırıq ki, hamının əqidəsinə hörmətlə yanaşaq. Məsələn, sünnilərlə bizim aramızda elə də fərq yoxdur. Onlar da Qurana ehtiramla yanaşır, hüzr məclislərini təxminən bizim kimi icra edir, bizim kimi nəzir-niyaz verir və sair. Amma vəhhabilərdə bu, yoxdur. Onlar deyir ki, qəbir bilinməməlidir, həyatdan köçən əzizin sonra yad olunmamalıdır, qəbir üstə Quran oxunmamalıdır və sair. Nə qədər ki, xalqın durumu aşağı idi onlar pul-para ilə bəzilərini ələ ala bilir, hətta bizim bölgəyə də ayaq açmaq istəyirdilər. Əbəs yerə deyilmir ki, qulun imanı olmaz. Maddiyyət bəzilərini çaşdırırdı. Düzdür, bu dünyasız o dünya yoxdur. Lakin Peyğəmbər kəlamını da yada salaq ki, bu dünya bir vasitədir, məqsəd deyil.
Bizim Astara rayonunun Pensər kəndində yaşayanların bir hissəsi sünnidir. Burada həm şiələrin, həm də sünnilərin məscidi var. Bəzi kəndlər növbə ilə ehsan verir. Bu il Şeyx həzrətləri məhərrəmliklə bağlı dialoqa sunnilərin də nümayəndəsini çağırmışdı. Onlar bildirdilər ki, elə sünni tapılmaz ki, o, İmam Hüseynə ehtiramla yanaşmasın.
Qaldı ki, gənclərlə bağlı işə, sevindirici haldır ki, son vaxtlar imanlı gənclərimiz artır. Dinin təbliği də onlarla birlikdə ümumi olmalıdır. Bəziləri isə gənc dindarları öz ətrafına toplayıb onlardan alət kimi istifadə edərək, özünü təbliğ etməyə çalışır. Əgər hansı gənc dindar əyri yola düşübsə, günah onda yox, onu yönəldəndədir.

- Son illər bir çox ahıl və gənc dindarlar həbs edilib. Buna münasibətiniz necədir?
- Biz həbslərin əleyhinəyik. Ən azı nəzərə alaq ki, həbs olunanın körpəsi, ailəsi ehtiyac içində qalır, qəlbi sıxıntı içində olur. Allah hamının qapısını açsın.

- Bir qədər də toylarımız və hüzr məclislərimiz barədə danışaq. Hamı dərviş toyu etməlidirmi? Hüzr məclislərinin 3 gün olmasına münasibətiniz.
- Toy böyük arzudur. Kim necə istəyirsə, onu o cür də keçirməlidir. Lakin orada harama yer olmamalıdır. Qız-gəlinlər yarı çılpaq kişilərin qabağında oynamamalıdırlar.
Hüzr məclislərini də sadə formada və 3 gün keçirilməsinin tərəfdarıyam. Bizim təbliğatımız nəticəsində hələ 8-9 il öncə Lənkəranda və Astarada hüzr məclisləri 3 gün keçirilməyə başlayıb. Bu addımı birinci yüksək çinli məmurlar, millət vəkilləri, din xadimləri atmalıdır. Bunu kasıb eləsə, ona bir az başqa cür baxarlar. Bizdə ilk addımı millət vəkilləri Hadı Rəcəbli, Ağakərim Şərifov atdı - əzizlərinin hüzr məclisini 3 gün etdilər. Daha sonra mən, digərləri bu yolla getdik. Şeyx Həzrətləri də yaxınları üçün çox sadə hüzr məclisi keçirtdi. Onun yaxınlarının qəbri də sadə baş daşındandır. Elə bilirəm, hər yerdə bu sadəliyə getsələr, yaxşı olar.

- Dindarlarımız bu günlə necə ayaqlaşır. İnternetdən istİfadə edirsinizmi?
- Vaxtım az olur. Amma hər axşam saat 12-dən sonra internetdə bütün xəbərləri izləyir, mənə maraqlı olan qəzetləri izləyirəm. Sizin qəzetinizin də daimi oxucusuyam. Sevinirəm ki, obyektiv yazılara daha çox yer verirsiniz. Digər həmkarlarımı da daim yeniliklərdən faydalanmağa səsləyirəm.
Müsahibədən istədə edib bu əziz gündə hamınıza xoş güzəran arzulayıram.

Zahir Əmənov                      "Cənub xəbərləri"

Комментариев нет:

Отправить комментарий