10.05.2013

Ələddin Əzimov - Tənha qayıq

Tablo

Külək döyəcləyən,
Qağayı gecəliyən
Sahilə atılan
Tənha
Balıqçı qayığı.
Qəmli-qəmli
Keçir illəri.
Balıq dolu günləri
Düşür yadına.
Nə vaxtdır heç kim
Yetişmir onun dadına,
Qarşıda alatoranlıq,
Zil qaranlıq.

Dəniz və torları,
Balıqla dolu
Günlərini gözləyir.
Sahibsiz tənha qayıq,
Ümidsiz tənha qayıq...

Bilməz

Şair Ramiz Rövşənə

Anan səni şair bilib,
Atıb sözlərin içinə.
Qəm çöküb kədər süzülüb
Ala gözlərin içinə.

Sən bir Allah kimsəsisən.
Dərdlilərin haqq səsisən.
Durnaların nəğməsisən,
Yayıl düzlərin içinə.

Qəribsən sirrin bilinməz,
Ölümün, dirin bilinməz.
Düşübsən, yerin bilinməz –
Şair, bizlərin içinə.

Комментариев нет:

Отправить комментарий