10.07.2013

NƏĞMƏLİ YAĞIŞLAR

Xatirə Xatun

Məni unutmağa nə var ki axı,
Azacıq ətrimi yadından çıxar.
Daha xəyalımla açma sabahı,
Yoxsa xatirələr qəlbini sıxar.
Bir az gözlərimin unut rəngini,
Unut mesajımı, unut zəngimi.
Görüş yerimizi biryolluq unut,
Yanından keçəndə üzünü yan tut.
Göz-gözə, baş-başa dinlədiyimiz 
Həmən o mahnını sil telefondan.
Mən də çalışaram xatırlamayım,
Daha soruşmayım: "Nə xəbər ondan?"

Ortaq tanışları gördüyüm zaman.
Bəlkə bax beləcə çıxdın yadımdan...
Bax, bu da düsturu unudulmağın,
Nə qədər asanmış, nə qədər yaxın.
Sən demə, boş şeymiş intizar, həsrət,
Bu da bir oyunmuş, adı---məhəbbət.
Nahaq əzab verdik öz-özümüzə,
Güldü həsrət bizə, intizar bizə.
Tapdıq çarəsini unudulmağın,
Nə qədər asanmış, nə qədər yaxın.
Asanmı? Yaxınmı? Kim söylədi, kim?
Bunu dilim dedi, yoxsa ürəyim?
Unutma, bu günün bir sabahı var,
Nə vaxtsa, hardasa rastlaşmağı var.
Lap elə deyək ki heç görüşmədik,
Ayrılığa məhkum iki nəfərik .
Bir qərib , buludlu payız axşamı,
Görsən ki evinə tələsir hamı, 
Qəfildən başlasa bir dəli leysan,
Əl edib bir taksi saxlatdırarsan.
Keçib oturarsan. Bax elə onda,
Elə o maşında, həmin salonda 
Bir də eşidərsən –bizim nəğməmiz,
O kövrək nəğməmiz, həzin nəğməmiz.
Onda birdən-birə dolar gözlərin,
Dilinin ucunda donar sözlərin.
Ünvan soruşular, baxıb çaşarsan
O anda o yerdən uzaqlaşarsan.
Yenə də yadına düşər o çağlar,
Gözlərin lal durar, ürəyin ağlar.
Taksi sürücüsü baxar güzgüdən,
Süzər təlaşını baxışlarıyla.
Düşəcək yadına hər şey yenidən ,
Payızın nəğməli yağışlarıyla...

Комментариев нет:

Отправить комментарий