09.07.2014

Söyün Sadıqovdan sensasoin musahibə

Söyün Sadıqov: “Avrasiya İttifaqına üzvlük Azərbaycana son dərəcə sərf edir”

Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos” FMMM) keçmiş prezidenti Söyün Sadıqov “Yeni Müsavat”ın suallarını cavablandırıb. 

- Söyün bəy, Prezident Administrasiyasının Millətlərarası əlaqələr şöbəsinin üzvü kimi fəaliyyətiniz hansı istiqamətdə gedir və işinizdə nə yeniliklər var? 
- Mən iki ildən artıq Rusiya prezidentinin milli məsələlər üzrə Şurasının üzvü olmuşam. Rusiyanın 2025-ci ilə qədər milli məsələlər və miqrasiya üzrə strategiyasını hazırlayan müəlliflərdən biriyəm. Bu proqrama Vçislav Mixaylov rəhbərlik edir. Biz onunla birlikdə milli məsələlərlə bağlı müzakirələri davam etdiririk. Mən artıq şuradan istefa vermişəm.
Ancaq bununla bərabər, prezident Putinin etibarlı şəxsiyəm. Mən Modelləşdirmə və Strateji İnkişaf Mərkəzinin rəhbəriyəm. Odur ki, yalnız milli məsələlərlə məşğul olmayacağam. Daha geniş problemlərin təhlili ilə məşğul olacağam. 

- Krımın Rusiyanın tərkibinə yenidən qatılmasını necə qiymətləndirirsiniz və sizcə, bu, işğal deyilmi?
- Krım məsələsi olduqca mürəkkəbdir və birmənalı deyil. Krımla bağlı Rusiya və Ukrayna arasında daima ziddiyyətlər olub. Əksər hallarda Ukrayna hakimiyyəti Krımın inkişafına Rusiyadan daha az maliyyə xərcləyib. Ukrayna Krımı heç vaxt öz bölgəsi hesab etməyib. Odur ki, Kiyevdə dövlət çevrilişi baş verərkən qanunsuzluqlardan bezən Krım əhalisi provokasiyalara getməyə təhrik olundular. İlk günlərdə Krım tatarları ilə ruslar arasında qanlı toqquşmalar, hətta ölənlər oldu. Əlbəttə ki, orda Sergey Aksenov və başqa icma rəhbərləri vardı ki, tatarlarla ruslar arasında ümumi dil tapmağa yardım etdilər. Emosiyaları daha soyuqqanlı baxışlar əvəz elədi. Martın 16-da Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı referendum keçirilərkən, Putin təxirəsalınmaz tədbirlər görməyə məcbur oldu. Əks təqdirdə, ruslar, tatarlar və ukraynalılar arasında təxribatlar davam edə bilərdi. Sizcə, qardaş qırğını daha yaxşıdır, yoxsa Krımın Rusiyaya birləşdirilməsi və ədalətin bərpası? Düşünürəm ki, Rusiya 1954-cü ildə SSRİ rəhbərliyinin və 1992-ci ildə Yeltsin rəhbərliyinin buraxdığı kobud səhvləri aradan qaldırdı. 19-cu əsrdəki Rusiya və Osmanlı arasında müqaviləyə görə Krım Osmanlıdan uzaqlaşırdı. Lakin suveren dövlət olmaq, yaxud başqa dövlətə birləşdirilmək hüququndan məhrum edilirdi. Ukrayna isə üçüncü dövlət idi. Odur ki, düşünmürəm Rusiya Krımı işğal edib. 

- Ukraynanın keçmiş prezidenti Yuşşenko deyib ki, Putin Ukraynadan əl çəkən deyil, təzə prezident Poroşenko müharibədən qalib çıxacaqlarını söyləyib. Separatçıların arxasında Moskva dayanıbmı?
- Bu gün Ukraynada vətəndaş müharibəsi gedir. Bunu, səbəbi dövlət çevrilişi ilə hakimiyyəti ələ keçirmiş müxalifətdir. Turçinov Ukraynada prezident vəzifələrini icra etməyə başlayarkən özünü aqressiv aparmağa başladı və antixalq sərəncamları imzaladı. Bu isə rusdilli əhalinin maraqlarını ciddi zədələyirdi. Prezident konstitusiyaya görə vətəndaşların hüququnu müdafiə etməlidir, milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşları qorumalıdır. Ukraynanın cənub-şərqindən olan namizədə isə hücum təşkil olundu. Sanki cənubi-şərqi Ukrayna vətəndaşları bu ölkənin vətəndaşı deyil. Bütün bunlar isə həmin bölgənin insanlarının mövcud hakimiyyətə nifrətinə gətirib çıxardı. Hesab edirəm ki, prezident seçilən Poroşenko hərbi əməliyyatları dayandırmalı, həmin adamlarla danışıqlara getməli, ortaq məxrəc tapmalıdır. Bütün Ukrayna vətəndaşlarının hüquqlarını qorumalıdır. İlk növbədə Moskva ilə danışıqlara getməlidir. Ən azı ona görə ki, orada rus millətinə mənsub vətəndaşlar əzab çəkir, Rusiya isə öz qardaş-bacılarını qorumalıdır. Əgər Azərbaycan Ermənistanda olan soydaşlarını belə müdafiə etsəydi, azərbaycanlılar hələ də orda yaşayırdılar. Rusiya, Moskva və nəhayət, prezident Ukraynadakı vətəndaş müharibəsinin durdurulmasının tərəfdarıdır. 

- Söyün bəy, Azərbaycanda prezident seçkilərinə qədər bəyanatlarınız olurdu, amma indi arası kəsilib, səbəbi nədir?
- Mənim məqalə və müsahibələrim Azərbaycan mətbuatında həmişə işıq üzü görüb. İndi də yazılarım çıxır. Mənim yazılarımı oxusanız görərsiniz ki, məsələlərə heç vaxt aqressiv yanaşmamışam. Mən siyasətçiyəm və öz düşüncələrimi yazıram. 

Bəzi sifarişlə yazan jurnalistlər isə mənimlə bağlı hər məsələni aqressiv tonda ictimaiyyətə çatdırırlar. Bu, mənə qarşı qara piardı. Azərbaycan mətbuatında bizim Azərbaycan və Gürcüstanda çevriliş edəcəyimiz barədə yazdıqları tamamilə yalandır. Mən və komandam “AzerRos” təşkilatını yaratmışıq və qeydiyyata aldırmışıq. Mən 13 il bu təşkilata rəhbərlik etmişəm. “AzerRos” sədri vəzifəsindən getmək istəyirdim və elə namizəd axtarırdım ki, həm Rusiyanı, həm də Azərbaycanı qane etsin. Belə vaxtda Abbas Abbasovun namizədliyi meydana çıxdı. Onun namizədliyini şəxsən prezident İlham Əliyev irəli sürüb. Vahid Ələkbərov Bakıdan qayıdandan sonra xahiş elədi ki, görüşək. Görüşdə o, İlham Əliyevin istəyini mənə çatdırdı. Mən bu xahişi yerinə yetirdim. Vahid Ələkbərova söz verdim və sözümün sahibi oldum. O isə İlham Əliyevə söz vermişdi. 

- Abbas Abbasov və Rüstəm İbrahimbəyovla necə, əlaqəniz varmı, danışıb-görüşürsünüzmü? 
- Biz zəngləşirik və vaxt olanda görüşürük. Rüstəm İbrahimbəyov əfsanəvi bir insandır. Belə insanla görüşmək, onunla fəxr etmək lazımdır. Abbas Abbasovla isə qonşuyuq. Onunla tez-tez zəngləşirik və görüşürük. O da öz ölkəsinin vətənpərvəridir. 

- Azərbaycanın Avrasiya İttifaqına daxil olması üçün təzyiqlərin olduğu bildirilir, sizcə, rəsmi Bakı nə edəcək?
- Bu quruma üzvlük Azərbaycana son dərəcə sərf edir. İlk növbədə sadə vətəndaşlara xeyirlidir. Bu, Avrasiya məkanında maneəsiz gəzmək imkanı verir. O cümlədən özünə iş tapmağa kömək edir. Əgər Azərbaycan bu ittifaqa üzv olacaqsa, ilk növbədə bu ittifaqa qoşulan ölkələrin rəhbərliyi Azərbaycana məktub yazmalı və deməlidir ki, 1990-cı ilə qədər olan ərazi bütövlüyünüzü tanıyırıq. Ondan sonra Azərbaycan Avrasiya İttifaqına girməlidir. Bu ittifaq iqtisadi-siyasi sabitlik deməkdir. Avropa İttifaqını nümunə götürün. Heç bir dövlət öz suverenliyini itirməyib. Ancaq öz aralarında sərbəst şəkildə insani və biznes əlaqələri qura bilirlər. 

- İyunun 16-da 30 azərbaycanlı Rusiyadan deportasiya edilib, bu, Moskvanın təzyiq rıçaqıdırmı?
- Əlbəttə, bu, qanun pozuntusudur. Rusiya qanunlarının pozulması deməkdir. Təəssüf ki, miqrantların əksəriyyəti Rusiyada olarkən miqrasiya haqqında qanunu pozurlar, onları deportasiya edirlər. Bu gün miqrasiya haqqında qanun çox sadələşdirilib. Vətəndaşlar özləri məsuliyyətli olmalıdır. Rusiya öz ölkəsində gələcək, təhlükəsizlik və vətəndaşların hüququnu qorumaq naminə bunu etməlidir.

Комментариев нет:

Отправить комментарий