24.12.2010

Göz açıban gördüyümüz boyalar

Esse

Araz Gündüz 

Tələm-tələsik iş görmək, ya da gördürmək istəyən kimsəyə deyərlər:Bu sənin üçün boyaqçı küpü deyil ha!..

Türkcəmizi kirləndirə-kirləndirə gəlib ora çatmışıq ki, gündəlik danışığımızda: boya yerinə rəng deyirik, boyaq yerinə – “kraska”!
XI yüzildə Mahmud Qaşqarlı oğuzların dillərində yersiz olaraq fars sözləri işlətməsindən gileylənib deyirdi: mən anlaya bilmirəm türkün gözəl-göyçək “kumqan” sözünü qoyub, farsın “aftaba” sözünü demək nə üçündür? 
Ötən yüzilin başlanğıcında Mirzə Cəlil dilimizin öz sözləri “işlənib qurtarmasın deyə”, rus sözlərini çox işlədən “intiligentlərimizi alqışlayırdı”.

Anlamaz, qanmaz kimsə haqqında deyərlər: qatığa qara deyib durur!

Qaradan artıq boya olmaz deyərlər, sonra da qarğış olaraq: boyunu qara yer örtsün söylərlər; ağlağana: “gözüqaralıq eləyir”, alçalana: ”üzüqaradır”, əzilənə: “günüqaradır” deyilər. 

“Dəli qırmızı sevər” deməklə, kiminsə qırımının onun qavramına etkisi olduğu anılır, yəni anında yaşanan psixoloji durum, adamın o andakı anlağının yönəldicisi ola bilir.

Başıpozuqların (anarxistlərin), devirimçilərin (inqilabçıların) başları üstə qırmızı bayraq qaldırıb, yamanlıqlarla savaşa yürüməsində bir dəlilik – çılğınlıq çağırışı var yoxsa? Korridalarda qırmızı parçaya cuman başını itirmiş yazıq canlıları necə, unutmamısınız ki?..

Əski çağlarda türklərin ən pozulmaz andıçmə törəni belə olurdu: Türk əri qılıncını qından çıxarıb deyirdi: göy girsin, qızıl çıxsın! Bu o demək idi ki, andımı pozsam, qılıncımla özümü öldürüb, onu qızıl qanıma boyamalıyam.

Ağsaqqallıq, ağbirçəklik ucalığında, ad-sanında, ağ boya insan kimliyində sayqıya yetir, yəni yaşa dolub bilgələnmək sanki ağ boya ilə yanaşıdır, ondan “asılıdır”, onunla birgədir.

Günün işıqlı çağı “Dədəm Qorqudun Kitabında” : “ağlı qaralı seçən çağda” kimi ayırd olunur.
Yenə “Dədəm Qorqudun Kitabında”:
– Oğlu olanı “Ağ otağa”, Qızı olanı “Qızıl(yəni qırmızı) otağa”, soysuzları isə “Qara otağa” qondururlar.
– Yas tutmağa: ”göy geyib, qara sarınmaq” deyirlər.
– Sevgililərinin üzünü: ”Qar üzərinə qan dammış kibi qızıl yanaqlım” deyə anırlar.

Kərkük bayatılarından bir söz sırası: ”heyva narın istəyir”. Yəni ayrılığın ağır sınaqlarından üzü saralıb-solmuş Gənc, al yanaqlı Sevgilisinə qovuşmaq istəyir...

Dustaq olunmuş igid toxuduğu xalçanın üstündə boyalarla darlıq kərtisi(nişanı) vurur, sevgilisi onun boyaların dili ilə “dediklərini” “oxuyub” anlayır, gəlib onu çıxılmazlıqdan qurtarırlar. (Azərbaycan xalq nağılı)

Yunus Emre isə deyir:
Göyündüm aşk ile, ta kül olunca
Boyandım rengine, solmazam ayruk.

Dilimizdə “yaşıl” boyalı nəsnələrə “göy” deməkdən yaranmış anlaşılmaz durumla üzləşməmiş deyilsiniz. Doğrudan da axı biz nədən “göy ot”, “göyərti”, “göyərdi” deyirik, özlüyündə isə söz qonusu yaşıl boyalı nəsnələrdir. 

Yazarını unudub, çoxdan oxuduğum bir yazıda bunun nədəninin bitkilərin göyə sarı ucalması olduğu yazılmışdı, mən də durub bu sözə inanmışdım.

Ancaq sən demə: ”Ağ işıqdan doğan boyaların ayırd edilməsində türklərin baxışları avropalılardan seçilmişdir. Belə ki, türklər göy dedikdə: göyümtül-yaşılımtıl boya çalarlarını; yaşıl dedikdə: yaşıl-sarı-bulanıq olan boya çalarlarını; sarı dedikdə: sarı-narıncı-parlaq boya çalarlarını anlamışlar”.(Л. Н. Гумилев “Древние Тюрки” Айрис Пресс Москва 2002. səh. 315)

Elə buradaca başı qovğada olan başqa bir boyadan – qırmızıdan söz açmağın yeridir. İş burasındadır ki, bu boyaya Azərbaycan türkləri, bir də ara-sıra Anadolu türkləri “qırmızı” deyir, bütün qalan türklərin hamısı ucdantutma “qızıl” deyirlər. Elə biz də “qızıl qanına bələndi”, “qızardı (sözün kökü qızıldır)” kimi deyimlərimizdə bu boyanın düzgün adını unutmadığımızı sərgiləyirik.

Yer üzündə yaşayan xalqların hansısa ortaq dəyərləri paylaşmasının nədən baş verməsini araşdırmaq yazımızın söz qonusu deyil, ancaq burada istər-istəməz boyaların ortaq dəyər kimi paylaşılan anlamlarından söz açmağın yeridir. Belə ki, oyunun hakiminin ona göstərdiyi: “sarı”, ya da “qırmızı” vərəqənin nə demək olduğunu, oyunçu: ərəb də, türk də, ingilis də olsa, bir anlamda başa düşür; ya da elə işıqforun boyalı göstəricilərini yer üzündəki bütün sürücülərin eyni cür anlamasını götürün.

Boyalarla kərtilənən(nişanlanan) bayraqlar, gerblər, emblemlər, nələr, nələr onların insanın yaşamında danılmaz bir yer tutmasının göstəricisidr, bir də boyaların çoxluğun paylaşdığı simgələrə(simvollara) çevrilməsini də andırmaqdadır.

Bilcəyimizi(yaddaşımızı) çox da gərginləşdirmədən, yer üzərində yaşayan insanların çoxluğunun paylaşdığı avropa dəyərlərinə görə, hansı boyanın necə simgələndiyinə ötəri bir göz gəzdirək.

1. Qırmızı – Qızıl: gərginlik, gücün aşıb-daşmağa başlaması, savaş, amansızlıq (qantökmə), qadağa, devirim, çağdaşlıq, gəlişmə, toy-bayram, sağlamlıq (alyanaq), çəkicilik (cazibə), demək olar ki, bütün Şərqdə içki (al şərab), tanrı yolunda keçkinlik (qurban kəsib qan tökmə), ...

2. Sarı boya ən çox iki yöndə yozulmuşdur. Birinci, altunun (qızılın) parıltılı sarılığı: varlılıq, “seçilmişlər”, “üstünlər”, “yuxarıda yer tutanlar”. İkinci, ölüm-itim-ağrı: təbiətin payız ölümü; insan üzünə çökən – ağırlıq, xəstəlik, ölüm sarılığı; ötən çağlarda avropada keçmiş dustaqlara, pozğun qadınlara verilən “sarı pasportlar”, “sarı mətbuat”, satqınlıq (Kilsə rəsmlərində İuda İskaryotu başdan ayağa sarı paltarda göstərirdilər.),...
 
3. Yaşıl: Təbiətin ən çox sevdiyi boya; bitkilərin diriliyi; yazla yer üzünə gələn yenilik; yaşıllaşmağa başlayan nəsnənin körpəliyi, gəncliyi; doğuluş, ilkinlik... bir də: yırtıcıların gecə qaranlığında parıldayan qorxulu, ürəyə üşütmə salan gözləri; (kilsə rəsmlərində iblisin gözü də yaşıl boya ilə verilir); aşınmaqdan kif atmış divarlar; diriliyin ölümdən sonrakı çürüməsində üzə çıxan yaşıl qurdlar...

4. Göy: Üzünü bulud tutmamış açıq, sonsuz göylər; Tanrının, mələklərin, uçmağın (cənnətin), babalarımızın öpözlərinin (ruhlarının) dayandığı ucalıq, əlçatmazlıq; dilədiyimiz diləklərin çatacağı uğraq (mənzil), yardım diləyən əllərimizin yönəldiyi, onların harayına yetəcək “boşluğun” örtüyü; ...Tanrı evlərinin (məbədlərin) göy boyalı damları – göyün bir parçasını baxışlarımızın tuşuna gətirmək çabası kimi...
 
5. Ağ: Günəş işığı, dinclik, barış, toxdaqlıq, arılıq-duruluq, bilgəlik (müdriklik, ağsaqqallıq), sağlamlığın qorunması (həkim xalatı), uzun ömür (“saqqalın ağarsın” deyimi), aydınlıq (ziyalılıq – ğ yaxalıqlığı), toy, gəlin paltarı...

6. Qara: işığı boğan qaranlıq, qüssə, kədər, yas, qara güclər, xalqa bəyənməzlik damğası vurub: qara camaat demək; bir də qara torpaq, gəncliyin qara saç-saqqallı, telli-birçəkli görkəmi...

Lap qısaca desək, ulu babalarımızın da boyalarla bağlı baxışları bu deyilənlərin içindədir, ancaq ağ boyada “soyluluq”, “sayqılıq” da; göy boyada “özgürlük”, “bağımsızlıq” da görmüşlər Türk babalarımız. Qara boyanın yamanlıqla bağlı çalarlarını elə başqaları kimi görmüş, anlamış, ancaq onda çoxlu yararlı çalarlar da tapmışlar: güclülük, əlçatmazlıq, böyüklük, igidlik, qorxmazlıq, gizlinlik, olağanüstülük (qeyri-adilik)...

Yapon güləşini öyrənməyə başlayan öyrəncilər ilk öncə “ağ qurşaq” (istəsəniz “ağ kəmər” də deyə bilərsiniz, ancaq məncə “ağ qurşaq” düzgündür) bağlayırlar, sonradan öyrəniş uğurlarını artırdıqca bu qurşaqları başqa boyalı olanları ilə dəyişirlər. Yurd torpağını sevirik, baxmayaraq ki, qara boyaqlıdır. “Bahar budağının” çiçəkləri ağ da, qızılı da, sarı da ola bilər. İndi isə “Ağ rəngin sevinc çaları” adlı şeirin aşağıdakı parçasına baxın:

Nənə qurşağı.
Vətən torpağı.
Çiçəkli bahar budağı.

Yuxarıda baxışlarınıza çatdırdığım düşüncələri ansaq, burada yerinə düşməyən, çox gülünc bir görünüş alınır, eləmi?

Kim bilir keyfinin nə vaxtında,
Kim olmuş, rəngləri belə damğalayan,
belə ayıran.

Boyaların simgələşdirilməsinə belə vulqar yanaşmanı düzgün sayırsınızmı?

Gətirdiyim örnəklər Rəsul Rzanın “milli poeziyada yeni mərhələnin başlanğıcından xəbər verən” “Rənglər” şeir silisiləsindən götürülmüşdür. Boyalardan yazarkən, çağdaş ədəbiyyatımızda onlar üçün nə deyilib, necə deyilib sorğusu ilə bu şeirləri oxudum, axtardığımı tapmayıb, “poeziyamızın yeni mərhələsinin” durumuna ürəkdən acıdım. Ancaq Sizə deyim ki, şeirdəki qafiyələrin yar-yaraşığına söz ola bilməzdi, sözün düzü oxuduqca mənə elə gəlirdi ki, yazar sanki “meyxanaçılar” sayaq, qafiyə düzmək bacarığını göstərməyə uyub, özünü absurd bataqlığına salmışdır. Örnək üçün “Qırmızının inam çaları” şeirindən bir parça:
 
Dözüm. 
Günəş içmiş üzüm.
...İnsan adı.
Ölümün dadı.
İnsanlara məhəbbət.
Çılpaq həqiqət. 

Doqquzca yüz il geriyə qayıtsaq, Mahmud Qaşqarlı boyaların dili ilə, yazın gəlişini bizə belə anladır:

Kızıl sariq arkaşıb
Yabkin yaşıl yarkaşıb
Bir-bir karu yurkaşıb
Yalnık anı tanlaşır.

Anlamı: Qırmızı ilə sarı boyalar biri-birini sıxışdırırlar; Reyhanın gövdəsində qəhvəyi ilə yaşıl boyalar qaynayıb qarışırlar; İnsan oğlu gördüklərinə vurğunluqla baxır.

Yazımı, Rəsul Rzanın yuxarıda adını çəkdiyim şeirindən axtarıb tapdığım aşağıdakı uğurlu misralarla bitirmək istəyirəm:

Gördüyümüzdən artıq görmək istəməsək,
hər rəng adicə boyadır.

Məncə bu misralarda deyilən “yarımhəqiqəti” belə bütövləşdirmək olar: İnsanı insan eləyən onun təbiətdə, yaşamda, özündə: göründüyündən artıq, böyük olan anlamları tapmaq bacarığı oldu; Sanki Təbiət bütün evolyusiyalı gəlişmələrində özünün dəyişə, yeniləşə bilmək; İnsanda isə özündən böyük olmaq bacarığını gerçəkləşdirmək istəyirmiş...

                                                                                          enyeniedebiyat.com

Комментариев нет:

Отправить комментарий