Gənc dindarların piketi niyə başlanandan 40 dəqiqə sonra dağıdıldı?
Jurnalistin foto-aparatını oğurlayan Zamir Kazımov sonra bunu necə “sənədləşdirib”?
Masallı Polis Şöbəsi “Polisdən intihara gedən yol” yazısının əvəzini Zahir Əmənovdan necə çıxır?
Yuxarıdakı xəbərdən aydın olduğu kimi dekabrın 15-də, Hicri-Qəməri tarixi ilə məhərrəmlik ayının Tasura adlanan günündə Masallıda 100-dən artıq gənc icazəsiz piket keçirib. Həmin piket zamanı “Cənub xəbərləri” qəzetinin baş redaktoru, eləcə də “Turan” İnformasiya Agentliyinin cənub bölgəsi üzrə müxbiri Zahir Əmənov olayı foto aparatla lentə alarkən ona qarşı polislər tərəfindən zorakılıq edilib və həmin olay vaxtı polislər onun cibinə girərək rəqəmsal foto-aparatını oğurlayıblar.
Zahir Əmənovun dedikləri:
- Redaksiyaya məlumat daxil oldu ki, bir qrup gənc şəhər mərkəzində piket keçirir, mən də tez foto-aparatı götürüb piket keçirilən istiqamətə getdim. Mədəniyyət Evi yaxınlığında bir neçə kadr çəkib otağa qayıtdım. Yarım saatdan sonra yenidən məlumat aldıq ki, Təhsil Şöbəsinin qarısında piketçilərlə polislər arasında qarşıdurma yaranıb. Yenə foto aparatı götürüb olay olan ünvana getdim. 5-6 polis məni görən kimi olduqca aqressiv şəkildə üstümə cumub: “Niyə çəkirsən, çəkmə” və sair ifadələrlə üstümə qışqırmağa və foto aparatı əlimdən almağa çalışdılar. Mən artıq bir neçə kadr çəkib işimi gördüyümdən foto-aparatı pencəyimin cibimə qoydum. Bu vaxt üzdən tanıdığım, lakin adlarını bilmədiyim bir neçə polis zorla məni polis maşınına tərəf çəkmək istədi, ətrafdakılar isə məni onların əlindən qurtarmağa çalışırdılar. Həmin vaxt, Aşura ərəfəsi buradakı bəzi polislər o qədər qəzəbli, ətrafdakılara elə nifrətli idilər ki, onların sifətini ancaq Yezidin, Şümürün sifətinə bənzətmək olardı. Sifətdən tanıdığım, lakin adını bilmədiyim polis işçisi təkidlə: “Çəkməyəcəksən, maşına gəl, nə olar jurnalist olanda, kişisən, bizimlə gəl!”-deyə çığırırdı. Bu vaxt hiss etdim ki, kimsə cibimə girib foto-aparatı götürdü. Həmin vaxt 3-4 polis qolumdan və boynumdan tutduğu üçün tərpənə bilmirdim. Aparat götürülən kimi onlar qollarımı buraxdı. Dedim ki, hara deyirsiniz gedək, lakin onlar əhəmiyyət vermədilər. Bir daha əmin oldum ki, bunlar artıq foto-aparatı götürdükləri üçün sakitləşiblər.
Otağa qayıdıb bu barədə ölkənin aparıcı mətbuat orqanlarına məlumatlar yolladım və Masallı Rayon Prokurorluğuna, polisə, məhkəməyə və digər əlaqədar təşkilatlara məktublar yazdım ki, foto-aparatım oğurlanıb və mənə qarşı ictimaiyyət qarşısında zorakılıq edilib. Fikirləşdim ki, heç olmasa, olaydan bir neçə saat sonra foto aparatı qaytararlar. Lakin belə olmadı. Olaydan 6 saat sonra şikayət məktublarımı yuxarıda adlarını çəkdiyim təşkilatlara şəxsən təqdim etdim. Prokurorluqda və məhkəmədə məktubların alınması barədə onun ikinci sürətlərinə imza etdirdim. Yalnız polis şöbəsində məktubun alınması barədə 2-ci surətə imza atmaqdan imtina etdilər.
Polis şöbəsinə məktubu təqdim edəndən təxminən yarım saat sonra oradan zəng gəldi ki, hadisəni ətraflı şərh edim. Mən də danışdım. Daha yarım saat sonra zəng gəldi ki, foto aparatın tapıldı. Səhər gəlib götürə bilərsən. Mən də dekabrın 16-da polis şöbəsinə gedib mənə zəng edən şəxsdən, polis əməkdaşı Allahşükür Zahidovdan foto-aparatı qəbzlə aldım. Buradakı vacib kadrların bir çoxu silinmişdi. Həmçinin foto-aparatın arxa qapağı sındırılmışdı. Görünür səriştəsizliklərindən kartı çıxartmaq üçün onun qapağını aça bilməyib və onu sındıraraq kartı götürmüş, surətini çıxarmışlar. Aparatda isə mənim xeyli ailə şəkillərim var idi. Polisdə mənə bildirdilər ki, guya bu aparatı olaydan 4 saat sonra (?) polis işçisi Kazımov Zamir Qılman oğlu tapıb.
İndi qəribə suallar yaranır? Polis əhalinin qarşısında mənim cibimə niyə girib? Mən piketçi deyildim, şüar demirdim, piketi zorakılıqla dağıtdıqları üçün onlara nə isə etiraz etmirdim. Sadəcə jurnalist fəaliyyətim ilə məşğul idim.
İkincisi, foto-aparatı qanunauyğun şəkildə “oğurlamışdılarsa”, niyə bunu dərhal aktlaşdırıb, rəsmiləşdirib, rəhbərliyə məlumat verməyiblər. Yaxud, doğrudan da rəsmiləşdirmişdilərsə, niyə rəis mənim şikayət məktubumu alanda bildirməyib ki, foto-aparat tapılıb. Niyə bu işin araşdırılmasını tapşırıb? Halbuki, bu vaxta qədər, Turan Azadlıq radiosu, Media-forum və sair KİV-lər bu barədə geniş məlumat vermişdilər. Bir də kim inanar ki, gündüz saat 11-30-da itən aparatı, yüzlərlə insanın keçdiyi küçədə heç kim görməyib, onsuz da bəd əməlləri ilə qısa vaxtda özünü ifşa etmiş Zamir Kazımov onu 4 saatdan sonra tapıb? (Foto-aparatı cibimdən çıxardarkən onu görən şəxslər də var. Yəqin ki, həmin şəxslərin adını və digər sübutları istintaq gedişində təqdim edəcəyəm).
Deməli, belə nəticəyə gəlmək olur ki, polis nəfəri oğurluq edib. Cinayət Məcəlləsində isə göstərilir ki, əgər oğurlanan əşya qaytarılsa, ziyan çəkən iddiasından əl çəksə belə, həmin şəxs cəzalanmalıdır. Bir də təzə söhbət deyil ki, Masallı polisində ağı-qaraya yamamaq adətə çevrilir. Onlarla oğurluq hadisəsi sənədləşdirilmir, döyən qalır, döyüləni tuturlar və sair. Elə son intihar hadisəsində də polis şöbəsinin sənədlərlə necə saxtakarlıq etdiyi barədə oxucuları məlumatlandırmışdıq. Elə bu olayda da əməkdaşlarının əməllərindən xəcalət çəkmək əvəzinə, onların çirkin işini ört-basdır etmək üçün “oğurluq” əməlini, “tapmaq” kimi sənədləşdiriblər.
Üçüncüsü, mənə qarşı yüzlərlə insan qarşısında zorakılıq edilib, mən təhqir olunmuşam. Bunun cavabını, cəzasını kim verəcək? Söhbət təkcə foto-aparatdan getmir. O aparatdan məndə 2-3-ü var. Dükan-dükan düşüb manat-manat pul yığan, onun-bunun üzünə durmaqla arvad-uşağına çörək qazanan, orta məktəbi ölüm-zülm bitirib min cür minnətlə bu posta yiyələnənlərin 30 ilin jurnalistinə zorakılıq etməyə mənəvi haqqı varmı?
Bu manqurtlaşmış, zombiləşdirilmiş bəzi polis işçiləri (görəsən, onların hamısı bu sözlərin mənasını başa düşürlərmi?) üçün elə bil mənəviyyat deyilən şey yoxdur. Sovet hakimiyyətinin ilk illərində böyüklərə xoş gəlsin deyə, atasını güllələyən Pavlik Morozovlar kimi bunlar da təkcə rəislərinə xoş gəlsin deyə, istənilən masallılını, öz qohumunu, qardaşını ayaq altına sala bilərlər. Normal ailə tərbiyəsi olanlar, nəcabətli nəsildən olanlar yəqin ki, belə addım atmazdı. Bu işdə adı hallanan Zamir Kazımov mənim vaxtilə sinif yoldaşım olmuş, dəfələrlə çörək kəsdiyim keçmiş həmkəndlim, polis işçisi (indi vəfat edib) Qılman Kazımovun oğludur. Onun mənim cibimə girməsi, elə valideyninin cibinə girməsi anlamına gəlir. Mənəviyyatı belə ucuz olanları polisdə saxlayanlar özlərinin mənəviyyatının hansı səviyyədə olduğunu ortaya qoyurlar. Təəssüf ki, indi polisdə tanınmış seyid balalarının sayı artsa da, mənəviyyatı uca tutanların sayı xeyli azalıb. Polisdə heç də hamını “qara” boyada göstərmək istəməzdik, orada da peşəkarlar, mənəviyyatlılar, çirkin şərləmə təkliflərinə boyun əyməyənlər də var. (Hansı ki, belələrinin bir çoxu oradan uzaqlaşdırıldı).
Təbii ki, biz hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik. Mənimlə üzbəüz dayanıb qolumu buran, kişilikdən “dərs” deyən polis işçisinə isə qəzet vasitəsi ilə çağırış edib deyirəm ki, doğrudan kişisənsə, ortaya çıx, adını bildir, xalq səni tanısın. Onsuz da səni sifətdən tanıyıram, 5 gün tez, 5 gün gec, əsl simanı oxuculara göstərəcəyəm.
Bir məqama da aydınlıq gətirmək istəyirəm. Dindar gənclər piketə Köhnə Bazar adlanan ərazidə, “Respublika Bankın” yaxınlığında toplaşıb, təxminən 1,5 kilometr məsafə qət etdikdən sonra polislər onlara hücum edib. Bəs niyə onlar 40 dəqiqə rayon mərkəzi ilə irəliləyəndə, onlarla islam bayrağını dalğalandıranda, dini şüarlar səsləndirəndə, hətta polis, prokurorluq, məhkəmə binalarının qarşısından keçəndə onları durdurmadılar? Necə olur, ucqar kənddə kimsənin cibindəki 0,0001 qram heroini görürlər, yüzlərlə gənc piket hazırlayır, bundan xəbər tutmurlar? Onlarla kəndin gəncini əhatə edən bu piketin çox mütəşəkkil qaydada hazırlandığı açıq hiss olunurdu. Bu qədər bayrağın tapılması, bu dərəcədə yekdillik təsadüfi ola bilməzdi.
Qeyd: Məlumat üçün bildirək ki, məhərrəm ayında dindarlar Lənkəran şəhərində də 500-600 nəfərlik dəstə ilə dinc küçə yürüşləri keçirmişlər. Onlar nəinki polis müqaviməti ilə rastlaşmamış, hətta bir neçə polis maşını dəstəni təhlükəsizlik məqsədi ilə müşayiət etmişlər. Cəlilabad rayonunda Ülvi məmmədlinin verdiyi məlumata görə isə analoji tədbir məscidə keçirilib. Dindarlar aksiya keçirtdilər.
Bu aksiyada dindar insanlar “Hicaba azadlıq!”, “Misir də kafir oldu!” “ və sair bu kimi şüarlar səsləndirib Misir Mərdanovun şəkilləri yandırmışlar. Rayon Polis Şöbəsinin və buradakı Daxili Qoşun hissələrinin güclü nəzarəti nəticəsində piketin icra hakimiyyəti bİnasının qarşısında keçirilməsinə imkan verilməmişdir.
Elə həmin gün polis 4 nəfəri, o cümlədən Cəlilabad Cümə məscidin Axundu Hacı Mahmud, Quran müəllimi Çingiz Əliyevi, Hüseyn Məmmədovu, saxlamış, bir müddət sonra isə sərbəst buraxılmışdır.
Həsən Məmmədov isə Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə 12 sutka iş kəsilib. O “Polisə itaətsizlik “ adı ilə məsuliyyətə cəlb olunub.
Bir məqam da maraqlıdır ki, ölkə televiziyası bu olayların heç birini işıqlandırmamışdır.
cenubxeberleri.com
Комментариев нет:
Отправить комментарий