25.12.2010

Dəli yığıncağı

Cavidan

Dünəndən bəri söhbətə çəkib ölkənin paytaxtında rejimə qarşı təşkil olunması planlaşdırılan etiraz aksiyalarına münasibətlərini öyrənməyə cəhd göstərmədiyim adam qalmadı deyəsən bölgəmizdə.
Ən müxtəlif yaş qruplarına, ən müxtəlif savad və dünyagörüşünə, ən müxtəlif sosial təbəqələrə aid olan bu qədər insanı birləşdirən iki məqamdan birisi onların hamısının əyalətdə yaşamasıdırsa, o birisi də onların hamısının ətalətdə yaşamasıdır.
Məsələn, yaşı 30-35 civarında, əsasən kasıb təbəqəyə aid, çörəyi daşdan çıxan, daimi iş yeri olmadığı üçün əsasən paytaxt-rayon arasında qalmağa məhkum, muzdlu və gündəlik fəhləlikdən başqa heç nəyə gümanları çatmayan kişilərdən belə bir cavab aldım:
- Başları xarabdı vallah, dəlidirlər, yekə kişilərdi, düşüblər küçələrə özlərini polisə-molisə döydürürlər ki, nə var, nə var - bu prezident çıxsın, başqa birisi gəlsin, denən bundan sənə nə var, hə? Otur, bir tikə çörəyini halal zəhmətinlə qazan, evini saxla da, sənin nəyinə gərək seçki nətər keçir, nə bilim rüşvəti kim alır, kim verir... bu zamanada ancaq başı işləməyən gedər elə mitinqdi-nədi, ona...
Mən başa düşmürəm, ora çıxan arvadların, qızların yiyəsi yoxdu? Qızın, gəlin xeylağının nə qələti var mitinqdə ki, polis də gəlib sürüsün, abırsızlıq olar, daha bu qədər yox da, ay qız, ay dəli, azərbaycanlısan e sən, urus-filan deyilsən, çıxasan düşəsən onun-bunun kişilərinin dalınca ki, mən prezidenti istəmirəm. Görüm o kişilərin öz arvadları çıxırmı küçələrə? Ay çıxdılar ha! - bu cavabı da mənə 25-30 yaş arasında olan qadınlar verdilər.
Keçdim yaşı əllini keçən adamlara. 
“Nitinqdi, mitinqdi, hər nədi, pis baxıram, heç kimə də məsləhət görmürəm. O başdanxarab cavanların görünür valideynləri də avara adamlar olub, başları qarışıb sənin kimi dəftərə-kitaba, uşaqlarına ağıldı, tərbiyədi verməyiblər. Şəxsən mənim tərbiyə verdiyim nə qız, nə oğlan qələt eləyər atabaatasının ağzıyla, elə işlərə qoşular. Nəyidi bizim prezidentin, hə? Seçkidi, nədi, kim deyir ki, saxtadı, başını divara vurur, bax, Allah şahiddi, bütün məhəlləliklə pasportlarımızı yığıb veririk hökumət işindən başı çıxan bir nəfərə, gedir necə lazımdı səslərimizi də verir, hələ bir gətirib sağ-salamat özümüzə də qaytarır sənədlərimizi. Ünvanlı sosial yardımımızı yeyirlər? Ilham Əliyev yeyir bəyəm? Ay tövbə! Qan olsun, irin olsun gəlsin burnundan yeyənin, guya bilmirirk kim yeyir? Prosto kəndçilikdi, hamı bir-birinə qohumdu, adam-nəfərdi, dinmirik, o da yeyir, deyir bacarana can qurban...”- bunu əllini haqlamış qadınlar dedilər...
“A bala, başını sal aşağı, camaat necə, sən də elə, birdən çaşıb düşərsən ordakıların felinə, ağzından bəd kəlmə çıxarıb yazarsan qəzetə haa, bax rayon yeridi, gəlin xeylağısan, tutub apararlar səni, adın da gedər, canın da, ağlını başına yığ, dəli olma, siyasətdi, nə bilim mitinqdi, cəfəngiyyatdı bunlar, adam bada verən şeylərdi, çıx o qəzetdən, bala, çıx nə qədər tezdi!”- bunu isə altmışı haqlamış kişilərdən eşitdim...
“Pis baxıram, çox pis baxıram gənclərimizin özlərinin qızıldan qiymətli vaxtlarını bu cür mənasız işlərə sərf eləməklərinə, - yaşı altmışı haqlamış ziyalı xanım deyir, - bu sistemin kökləri o qədər dərinə işləyib ki, heç nə ilə heç nəyi dəyişmək mümkün olmayacaq. Oradakılar ağıllı adamlardı, qabaqcadan bütün bu kimi etirazlara qarşı hazırlıqları var, müxalifət də bunu bilir, sadəcə o şou-biznes adamları kimi hərdən adları yaddan çıxmasın deyə gəncləri qabağa verib gündəmə gəlirlər bir az, sonra yenə otururlar yerlərinə, axtarsan əksəriyyəti elə bu hakimiyyətə işləyir... Mən gənclərimizi bu cür yalançı liderlərin əlində vasitə kimi görmək istəməzdim. Heyf onlardan, onların qızıl kimi qiymətli vaxtlarından”.
“Aydındır ki, hər kəs öz tikəsinə can atır, etiraz eləyənlər də tikə tapmaq, günə çıxmaq üçün çıxırlar təbii ki, şəxsi maddi, rifah marağı olmadan kimsə nəsə eləməz, buna inanmaq belə gülüncdür”, - eyni yaşlarda daha bir əyalət ziyalısı deyir, amma bu dəfə kişi...
Son zəng elədiyim, illərin sınağından çıxmış rəfiqəmdi, sualıma uğunub gülür:
“Ay dəli, hələ də havalardasan, düş görüm aşağı, real həyata baxsana bir, boş-boş xəyallar axırına çıxacaq axırda... müxalifətdi, iqtidardı, ikisi də bir bezin qırağıdı, heç birini istəmir camaat, heç birinə də inanmır, bax belə!”
P.S. Köşəmdəki kobud ifadələrə görə bütün oxucularımızdan üzr istəyirəm, amma başqa cür yaza bilmədim real insanların real düşündüklərini... neynim, mən də o ətalətin içindəyəm də...

Комментариев нет:

Отправить комментарий