22.12.2010

Bomj

Həmidə Ömərova. Hekayə

Bizim binamızda son vaxtlar Bomj yaşayır, daha doğrusu o, binamızın altında – su trubalarının partladığı ağcaqanadlarla dolu zirzəmidə qalır.

Hər səhər oğlumu məktəbə aparanda onu görürəm. Blokumuzun yanında, zibil yeşiklərinin yerləşdiyi sahədən bir-iki addım aralıda oturub boş torbasına maraqla baxır. O, tək deyil. Yanında özü kimi evsiz-eşiksiz, kirli, bozumtul çəpgöz bir pişik var. Sarısaqqal, çal papaqlı, sarı sifətli bu kişi nədənsə rus ədəbiyyatı klassiklərinin atılmış, kimsəsiz, səfil obrazlarını, məsələn, Lermontovun “dilənçi”sini xatırladır. “İ kto-to kamen polojil, v eqo protyanutuyu ruku…” – deyə, Lermontovun “Dilənçi” şerini xatırlamağa çalışıram.

- Ma, gözlə, – deyə oğlum əlimi buraxaraq məktəb çantasını eşələyib, Bomja tərəf qaçır və öz nahar payını ona uzadır. Sarısaqqal ona baxıb gülümsəyir və qucağındakı pişiyi sığallayır.

Üç gün bundan əvvəl oğlum məndən soruşmuşdu:

- Ma, o sarısaqqal kişinin evi yoxdur?

- Yoxdur.

- Qaçqındır?

- Yox, bomjdur, yəni evi-eşiyi olmayan adamdı.

- Ma, bəs o bomj əminin anası yoxdur?

- Yəqin yoxdur.

- Yazıq bomj – deyə, oğlum köksünü ötürmüşdü.

Bomj oğlumun ona verdiyi kolbasa-çörəyi iki yerə bölüb yarısını pişiyə yedizdirir və birdən azərbaycan dilində qəribə ləhcə ilə oğlumdan soruşur:

- Sənin istədiyin qız var?

- Hə, var – deyə balam fikirləşmədən cavab verir.

- Onun nənəsi ilə məni tanış elə də…

- Onun nənəsi ölüb.

- Bəs anası necə? Anası ilə məni tanış edərsən?

- Axı sən qocasan – deyə oğlum təəccüblənir.

- Hə, – deyə bomj köks ötürür, – həm də evsizəm.

- Hə də… beləsinə heç bir qız gəlməz.

- Hardan bilirsən? – deyə bu dəfə bomj təəccüblənir.

- Nənəm bu barədə səhərdən axşama qədər danışır.

- Nə deyir?

- Deyir ki, gül kimi qızlarımız evdə qalıblar. Yazıq oğlanların nə evi var, nə də pulu ki, onları alsınlar.

- Hə… – deyə bomj dərindən ah çəkib pişiyini tumarlayır, – yazıq,…yazıq qızlar.

- Sağ ol, bomj əmi, biz məktəbə gecikirik, – deyib oğlum yenə də əlimdən tutur:

- Ma, gedək.

Bomjdan xeyli aralanandan sonra oğlum soruşur:

- Ma, bomj özü yeməyə çörək tapmır, amma kolbasa-çörəyin yarısını pişiyə yedizdirdi. Niyə?

- Ona yazığı gəlir.

- Axı o, özü də yazıqdır.

- Mama qurban, elə yazığın yazığa yazığı gəlir də. Toxun acdan nə xəbəri?…

Dərsdən evə qayıdan kimi oğlum nənəsini qucaqlayır:

- Nənə, bizim binada bomj var!

- O nədi elə?

- O, kişidir! Bu boyda saqqalı var! Başına qırmızı papaq qoysan şaxta babaya oxşayar. Nənə o, arvad almaq istəyir.

- Hardan bilirsən?

- Özü dedi…. Nənə, ona ərə gedərsən? – deyə oğlum gülməkdən uğunub gedir.

- Nə?!! – deyə anam qız kimi qıp-qırmızı qızarır, – Ay cüvəllağı,.. utanmaz!…

Nənə-nəvə stolun ətrafında xeyli “qaçdı-tutdu” oynayıb yorulurlar.

Axşam oğlum yuxuya gedəndən sonra anam soruşur:

- Ay qızım, o “bonjdu-donjdu” kimdi o, hardan çıxdı… uşağa da demisüz. Mən bu yaşda durub təzədən ərə gedənəm? Heç utanmırsuz?

- Ay ana, bomj evsiz adamdı, küçədə yaşayır.

- Nə? Mən, mənə… məni?…

- Ay qız, kimdi səni ərə verən? Uşaqdır da… zarafat etdi.

- Heç belə də zarafat olar? – deyə anam dərindən köks ötürüb, fikrə gedir:

- Gör biz hansı əsrdə yaşayırıq?!… Küçələr hər cür “donj”larla doludur…

Bakı, 2003-cü il, dekabr.

P.S. O vaxtdan 7 il keçir. Çoxdandır ki, nə bomj , nə də onun çəpgöz pişiyi gözümüzə görünmürlər… Bu yeddi ildə çox şey dəyişib. İndi bir vaxtlar bomjun məskunlaşdığı binamızın zirzəmisində son dəbli çayxana və yeməkxana tikilib. Onun pişiyinin sevimli yeri olan iki böyük zibil yeşiyini daha əvvəllər olduğu kimi aclar və sərxoşlar araşdırmırlar. İndi bu zibilliklərdə tək-tük hallarda it-pişiklər “tədqiqatlar” aparır. Oğlum da daha “Ma, bomj əmi niyə yoxdu?”, “ Bəlkə bomj əmi evlənib? Axı o, özünə arvad axtarırdı… Bəs onun pişiyi necə oldu?” – kimi suallarla məni bezdirmir. İndi bu yeniyetməni başqa şeylər maraqlandırır. Hər dəfə hazırlıq kurslarına, xüsusən riyaziyyata getməzdən əvvəl güzgüdən əl çəkmir… saçına jele vurub, güzgüdə diqqətlə özünə baxır.

- Oğlum, gecikərsən, tələs, cəld ol… Hazırlıqda üç nəfərsiz?

- Hə…

- Neçə qız, neçə oğlan?

- Ma, yüz dəfə soruşmusan! İki oğlan, bir qız…

- Bir qız?

Qğlum güzgüdən aralanıb diqqətlə mənə baxır… yanaqları qızarır:

- Ma, bəsdi də… Hanı mənim papkam? Nənə, qud bay! Toto, (gəfəsdəki tutuquşuya) anamı incitmə! Özüm incidəcəyəm! Ma, çao! – deyib tələsik evdən çıxır. Anam ağzı açıq halda heyran-heyran onun ardınca baxıb, gülür…

- Ana, yadına gəlir, bizim binanın zirzəmisində bomj yaşayırdı, Şaxta babaya oxşayırdı… Yadına gəlir? Sən də onu “donj” çağırırdın, yadındadı?

Anam “Hə” – işarəsi ilə başını tərpədib, səssiz gülməkdə davam edir… Və mən bilirəm ki,.. o, heç nəyi xatırlamır… hətta evsiz-eşiksiz bomju da…

                                        kultaz.com                                                   Bakı, 2010-cu il, dekabr

Комментариев нет:

Отправить комментарий