Kənan Hacı
kenan731@rambler.ru
Mübarizə
“Səfillər”i oxuyanda on altı yaşım vardı. Hələ orta məktəbi bitirməmişdim. Mütaliə edə-edə qeydlər aparırdım, oxucu üslubunda qaraladığım subyektiv qeydlərdən ibarət o dəftəri nə qədər axtardımsa, tapa bilmədim, çox güman ki, kənddəki evimizdə qalıb.
Ədəbiyyata kütləvi sevginin sovrulmuş xırman kimi arxada qaldığı bir zamanda “Səfillər” və onun müəllifi haqqında danışmağım kimlərəsə maraqsız görünə bilər. Amma çox nahaq yerə.
Viktor Hüqo bu günkü Azərbaycan toplumuna hava-su qədər gərəklidir. Onun həyatı azadlıq uğrunda mübarizlərin istinadgahı ola bilər. O, 1848-ci ilin fevral hadisələrində 8-ci Paris dairəsinin meri kimi nitqində Lui Bonapart əleyhinə çıxış edəndən sonra Parisi tərk etdi və gedərkən “Mən bir də Parisə azadlıq gələndə qayıdacağam!” deyə bəyan etdi.
Bonapart rejimi Parisdə tüğyan edəndə Hüqonun başına 25 min frank qiymət qoyulmuşdu.
Onun yaradıcılığı üç mərhələyə bölünür:
1.Sürgündən əvvəl (ilkin yaradıcılığından 1850-ci ilə qədər olan dövr).
2. Sürgün dövrü (1850-1870ci illər).
3. Sürgündən sonrakı dövr (1870-1885-ci illər).
O, “Səfillər”i sürgün dövründə qələmə alıb. L. Tolstoy bu əsəri “fransız ədəbiyyatının ən yaxşı romanı” adlandırmışdı.
“Dünya ədəbiyyatı” kitabxanası” seriyasından nəşr edilən kitablar sırasında V. Hüqonun üç cildliyi də yür alır. Amma həmin üç cildliyin ön sözündə bircə dəfə də Hüqonun Bonapart rejiminə qarşı apardığı mübarizədən bəhs edilmir.
Hüqonu xalqa sevdirən də onun bu möhtəşəm mübarizəsiydi. Onun yaşadığı ev vətəndən qovulan emiqrantların üzünə həmişə açıq idi. O, gəlirinin üçdə birini didərginlərə və kasıblara paylayırdı.
Hüqonun əsərlərini qadağan etməyə Napoleonun cəsarəti çatmırdı. Xalq üsyan edə bilərdi. Qiyamçıları onun əsərləri yetişdirirdi, gələcək üsyanlara hazırlayırdı.
Əlbəttə, yazıçı ideoloq olmazdan əvvəl humanist olmalıdır. İstər sürgündən çox-çox əvvəl qələmə aldığı “Paris Notr-Dam kilsəsi”, istərsə də sürgün dövründə yazdığı “Səfillər”də yazıçı militarizm mövqeyindən çıxış etmir, əksinə, insanlığı haqqa-ədalətə səsləyir, azadlıq uğrunda savaşa səsləyir, müharibəyə yox.
Bonapart rejiminə qarşı savaşan fransız xalqı nəyin bahasına olursa-olsun, bu savaşda qalib gəlməliydi. Hüqo özü vətəndən kənarda olsa da onun ideyalarıyla silahlanmış yüz minlərlə parisli mübarizə meydanındaydı.
Yeri gəlmişkən, Vaqif Səmədoğlu...
Kral XI Lüdovikin və Burbon kardinalının obrazlarını təsvir edərkən Hüqo saray daxilindəki qeyri-sağlam atmosferi sənətkarlıqla təsvir edir. Miskin məmurların krala yaltaqlanmağı, şair-dramaturq Qrenquarın (sonra bu məlun Esmeraldanı yenidən baş keşinin əlinə verərək aradan çıxdı) Lüdovikin ayaqqabısını yalayaraq ondan aman diləməsi bu günkü Azərbaycan reallıqlarını yada salır.
Qrenquarın bəxti onda gətirdi ki, XI Lüdovik hələ xalqın ona qarşı üsyan qaldırmasından xəbərsizdi və ovqatı yaxşıydı. Səfil şairin sərsəmləməsinə dözə bilməyərək onu başından eləyir: “Çox zəhlətökən boşboğazdır. Buraxın getsin!”
Əyanlardan biri:-bəlkə bir az qəfəsdə saxlayaq?-deyir.
Kral əsəbiləşir:-Sən nə danışırsan? Biz üç yüz altmış yeddi livr səkkiz su yarım qiymətində olan qəfəsləri bu cür sarsaqlar üçün tikirik? Bu sərsərini bu saat buraxın və dalına da bir təpik vurun!
Bu gün yaltaqlığın sivil formalarından istifadə edən nə qədər məmur, şair-yazıçı alçala-alçala bu hakimiyyətdən istədikləri qədər bəhrələnirlər, deputat mandatına sahib olurlar, özlərinə bağ evi, oğul-uşaqlarına bahalı maşınlar alırlar.
Bir dəfə Vaqif Səmədoğludan niyə deputatlıq eşqinə düşdüyünü soruşurlar, cavabında xalq şairi görün nə deyir: “Gördüm ki, mənim dostlarım bahalı viski içir, bağ evləri, xarici maşınları var, mənimsə heç nəyim yoxdur, düşündüm ki, niyə mən deputat olmayım?!”
Artıq şərhə ehtiyac yoxdur. Səmədoğlunu öz vicdanıyla baş-başa buraxıb qayıdaq Hüqoya.
V. Hüqonun şəxsi həyatı faciələrlə zəngin olub. Yazıçının böyük qızı dənizdə boğulub öldü, kiçik qızı isə heç ərə getməmiş havalandı.
Tale onun sinəsinə iki oğul dağı da çəkdi. O, arvadının da, məşuqəsinin də ölümlərini gördü. Bu qədər itkilər müqabilində onun yaradıcı enerjisi fontan vururdu, gərgin iş rejimində çalışan yazıçı gün ərzində cəmi 4 saat yatırdı.
O, ağıllı və gözəl qadınları çox sevirdi. Hüqo üçün sübh tezdən bir gənc fahişə ilə, günorta hansısa aktrisa ilə, axşam kurtizanka ilə yatmaq gündəlik həyat tərzi idi.
83 yaşlı Hüqonun gündəliklərində ölümündən dörd ay əvvələ qədər müxtəlif vaxtlarda 8 qadınla görüşlərindən intim səhnələr əks olunub.
Daş simfoniya
Bütün bunlara baxmayaraq, yaradıcı dühası onu hər an yazı masasına doğru çəkirdi. “Paris Notr-Dam kilsəsi”ndə kilsənin təsviri insan hisslərini təlatümə gətirir:
“...memarlıq tarixində bu binanın fasadından gözəl arxitektura nümunəsi tapmaq çətindir; bu fasadın üzərində insanın gözləri qarşısında tədricən və birdən-birə, ciddi bir nizamla üç böyük şişbucaqlı qapılar ucalır, iyirmi səkkiz ədəd kral hücrəsinin zərif krujevası, ibadət əsnasında baş keşişin yanlarında keşişlər dayandığı kimi, yanlarında iki uzunsov pəncərələri olan böyük və yuvarlaq baş pəncərə, öz incə sütunları üzərində ağır səkini saxlayan və yonca yarpağı şəklində tikilmiş yüksək zərif qalereya, nəhayət, bu iki qaranlıq və ağır qüllə, yonma daşdan qayrılmış taxtapuşlar, bir sözlə, beş yarusda saysız-hesabsız heykəltaraşlıq əsərləri və naxışlarıyla yüksələn ehtişamlı bir binanın bu ahəngdar hissələri, kompleks halında əzəmətlə birləşmişdir. O, daşlardan hörülmüş həqiqi bir simfoniyadır; insanın və xalqın yaratdığı böyük bir abidədir; İliada və ispan romanseroları kimi vahid, eyni zamanda mürəkkəbdir; nəhəng bir dövrün bütün qüvvələrinin birləşməsindən əmələ gələn bu qəribə inşanın hər bir daşına həkk olunmuş yüzlərlə şəklə sənətkar dühası ilə nizama salınmış fəhlə fantaziyası inikas etmişdir; bu, bir sözlə, ilahi yaradılış kimi qüdrətli və zəngin insan yaradıcılığıdır və sanki tanrıdan iki şeyi əxz edib: müxtəlifliyi və əbədiliyi.”
Romanda olduqca maraqlı və bu gün də aktuallığını itirməyən sərrast fikirlərə rast gəlirsən:
“Hər bir mədəniyyət teokratiyadan başlayıb, demokratiyada başa çatır.”
“Müqəddəs simvol azad fikrin təsirilə silinir, yox olur, insan kahinlərin dəyənəyinin altından qurtulur, fəlsəfi sistemlərin inkişafı dini ifşa edir.”
“...hər bir xalq hərəkatı səbəb və məqsədlərindən asılı olmayaraq, hər zaman öz arxasınca bir iz, azadlıq ruhu buraxır. Hökümətlər titrəməyə, mütləqiyyətlər dağılmağa başlayır”.
Yazıçı çapçılığın kəşf olunması haqqında maraqlı mülahizələr yürüdür:
“Çapçılığın kəşf olunması- bütün tarixi hadisələr arasında ən böyük hadisədir. Çapçılıq -bütün inqilabların anasıdır. Çapçılıq kəşf olunandan fikir mətbu söz sayəsində əbədiləşdi”.
“İndiyə kimi bir qədər natamam və istər-istəməz qırıq şəkildə söylədiyimiz fikirlərə yekun vurarkən, onu deyə bilərik ki, bəşəriyyətin iki növ kitabı, iki növ əlyazması, iki növ təfəkkür tərzi vardır: biri memarlıq, o biri isə kitabdır. Birisi daş kitab, o birisi isə kağızdan hazırlanmış kitabdır.”
V. Hüqo haqlı olaraq kitabın yaratdığı binanın, əzəmətinə görə, heç də memarlığın yonduğu daş kitablardan geri qalmadığını qeyd edir və aşağıdakı cümləylə fikirlərinə yekun vurur:
“Bu bina- insan nəslinin ikinci Babil qülləsidir.”
Susmayan kilsə zəngləri
“Paris Notr-Dam kilsəsi” romanını oxuduqca bir daha fransız xalqının nəhəngliyinə, yenilməzliyinə heyran oldum. Bu əsərdəki obrazların hər birinin həyatda prototipləri vardı. Müəllif fantaziyasından isə bir şey tələb olunurdu- dövrün ruhunu qoruyub saxlamaq. Hüqo buna nail ola bilmişdi.
O, XV əsrə daha çox istinad etməklə bu dövrü yeni sivilizasiyanın başlanğıcı sayan tarixçilərin fikirlərini bölüşürdü. Məhz həmin yüzildə ilk dəfə dini inanca qarşı şübhələr yaranmağa, daşlaşmış ehkamlar yumşalmağa başladı.
Klod Frollo məhz bu skeptizmin əsiri olub qalmışdı. O, azad düşüncənin simvolu olan kitabla kilsə arasında heç bir bağlılıq tapa bilmirdi.
Klod Frollo dinin yasaq qoyduğu əlkimya ilə məşğul olurdu və onu elmlərin şahı sayırdı. Kvazimodo Frollonun daxili aləminin zahirə çıxmış ifadəsiyidi. Amma güclü sarsıntılar onun insani duyğularını oyatdı və o, keşişin maskasını yırtdı.
Monarxizmdən üz döndərib romantizmin yaradıcısı kimi tarixə düşmüş Hüqo bircə dəfə də öz prinsiplərinə xəyanət etmədi. 20 illik mühacirət həyatı da onun iradəsini qıra bilmədi.
Napoleon rejiminin süqutundan sonra ölkəyə qayıdan yazıçı artıq respublikanın canlı simvoluna çevrilmişdi. Fransız xalqı onu “Var olsun Fransa!”, “Yaşasın Hüqo!” çağırışları altında qarşılayırdı.
Kvazimodonun səsləndirdiyi kilsə zəngləri susmayan vicdanın səsiydi.
Комментариев нет:
Отправить комментарий