29.12.2010

Yardımlıda işsizlik faciəsi

   Yardımlı hazırda can verən bir insana bənzəyir

 İnsanlar bir tikə çörək üçün, ölməyib sağ qalmaq naminə hər şeyə əl atmağa məcburdurlar

Yardımlı rayonunda iş tapmaq lotereyada nə isə udmaq, iş itirmək isə az qala könüllü qəbirə girmək kimi bir şeydir. Bu rayonun çox cüzi miqdarda əkinə yararlı torpağı olduğu üçün əkinçiliklə məşğul olmaq çoxlarına qismət olmur. Ucqarda yerləşdiyindən və bura gediş-gəlişin az olduğundan kommersiya işləri də Yardımlıda aşağı səviyyədədir. Bir neçə il öncə rayonda tikinti işləri bir az canlansa da, indi həmin işlər də dayanıb. İnsanlar bilmir ki, harada işləyib, balalarını hansı pulla dolandırsınlar. Yardımlıların bu çətin durumundan istifadə edən rayon rəhbərliyi iş yerləri ilə açıq bazarlıq edir, bundan təzyiq və şirnikləndirici vasitə kimi faydalanırlar. Kim ki müxalifətçidir, yaxud müstəqil düşünür, yerli məmurların saxta, riyakar əməllərinə boyun əymir, həmin adama nəinki hökumət idarələrində iş verilmir, əksinə, bütün qohum-əqrəbasından kim ki, büdcə təşkilatından əmək haqqı alır, onu da bir tikə çörəkdən məhrum edilər. Hətta belələrinin gözətçi, süpürgəçi, bağban işləyən qohumlarını da gözümçıxdıya salırlar. Xüsusən, seçki ərəfəsi vəzifə bazarlığı tüğyan edir. Demək olar ki, “çətin” adamlara eyni təkliflər olunur: - “Ya lal ol, saxtakarlığa şəriklik et, iş yeri al, ya da bu torpaqda sənə çörək yoxdur”.
Elə öz timsalımda da bunu aydın görmək olar. 40 yaşım var, 3 uşaq atasıyam. Özüm və həyat yoldaşım orta ixtisas təhsilliyik. Lakin 20 ildən artıqdır ki, bizə iş yoxdur. Çünki müxalifətçiyəm, AXCP-nin üzvüyəm. Çünki həmişə rayonumuzdakı haqsızlığa, rüşvətxorluğa, seçki saxtakarlığına etiraz etmişəm. Nə vaxt ki, seçkidə bunların oğurluğunu tuturam, quzu kimi adamın ayağına yıxılırlar. Elə ki vəziyyət bir az normallaşır, əfi ilana dönürlər. Məsələn, noyabrdakı seçkilər zamanı icra başçısının müavini Mahir Mirzəyev haqqında seçki qanunlarını pozduğuna görə akt tərtib etdik. Üstümə onlarla xahişçi göndərdi. Seçki bitən kimi isə saxtakar işlərini davam etdirməyə, xalqı yalan vədlərlə süründürməyə başladı. Adi bir misal çəkim. Bir neçə il öncə Yardımlıda Qaz İstismarı İdarəsi yaradıldı. Onlarla təhsilli iş axtarmaq üçün növbədə olsa da, həmin idarəyə ancaq öz yaxınlarını, savadı olmayanları, hətta latın qrafikasından xəbərsiz olduqlarından qəbz yaza bilməyənləri götürdülər. Bütün bu işlərin başında isə icra başçısının müavinləri Mahir Mirzəyev, Etibar Fərruxov, Azər Əkbərov və Elçin Mirzəyev dayanır. Sanki bu insanlar öhdəlik götürüblər ki, yardımlılara zülm etsinlər, onları əzsinlər, alçaltsınlar. Təəssüf ki, icra başçısı Xəzər Aslanov da onların bu özbaşınalığına göz yumur, bəzən də belələrinə yardımçı olur. Həmişə mərd kişiləri ilə öyünən Yardımlıda bu gün vəzifə başında olan bəzi məmurlar kişi sözünə əməl etmir, verdikləri vədlərdən namərdcəsinə boyun qaçırırlar.
Yardımlı hazırda can verən bir insana bənzəyir. İnsanlar bir tikə çörək üçün, ölməyib sağ qalmaq naminə hər şeyə əl atmağa məcburdurlar. Elə həftə olmur ki, Yardımlıda narkotiklə kimsə yaxalanmasın. Hətta böyüklərin də qohumları bu yolla çörək qazanır. Elə bu yaxınlarda icra hakimiyyətində məsul vəzifədə çalışan Şakir Kərimovun qardaşı narkotiklə yaxalandı.


Kərəm Şabıyev, Yardımlı rayonu, 20 ilin işsizi                         cenubxeberleri.com

Комментариев нет:

Отправить комментарий