17.12.2010

Nanə Ağlamalinski yenə də liderdi

Sofiya Sadıqlı 

“Trend Life” 2010-cu ilin teleaparıcı qadınlarının “TOP-15” siyahısını hazırlayıb. Aparıcıların reytinq sıralamasında ANS TV-nin “Zəif çərşənbə” verilişinin keçmiş aparıcısı, rəhmətlik Mailə Muradxanlı 1-cilik qazanıb. İkinci yeri həmin verilişin əsas aparıcısı, tamaşaçıların yaddaşında əl-qol ölçməyi və Amerikanın keçmiş səfirini qarşısında kreslodan yıxılıb, dombalağ aşmasıyla qalan Sevil Nuriyeva tutub. Guya üçüncü yeri də həmin verilişin (nə yaxşı ki bu veriliş var imiş) daha bir aparıcısı Gülnarə Məmmədova qapazlayıb. 
Hələ bu harasıdır. ATV və “Space” telekanallarında əyləncəli verilişlərin aparıcılarından olan, aktrisa Tünzalə Əliyeva (Toppuş bacı) dördlüyə düşüb. ATV-nin “Burda və indi” verilişinin aparıcısı Dilarə Əliyeva isə beşinci yerdə nazlanır. 
Guya ANS televiziyasının köhnə, lakin yeni ampulada təqdim edilən əməkdaşı Aytən Səfərova “Kök altı” verlişiylə altıncı olub. Qonaqlarını təhqir edən, hamıya yuxarıdan-aşağı baxan aparıcıya bax, tutduğu yerə bax. Inanan daşa dönsün. 
ATV-nin sosial problemlərdən bəhs edən “Sən tək deyilsən” verilişinin aparıcısı dəhşətli, tükürpədici, şoka, ürəkkeçməyə salan Xoşqədəm Hidayətqızı yeddincidir. 
İTV-nin “Eurovision”nun seçim turunu birgə aparan Leyla Quliyeva və Hüsniyyə Məhərrəmova da bu seçimdə 8, 9-cu yerləri tutublar. 
ATV-nin “Ulduz oldun” verilişinin aparıcısı Nanə Ağamalıyeva, yəni “Space” telekanalındakı “Etiraf” verilişinin aparıcısı İlhamın dişi variantı olan bu qız 10-cu yeri tutub. Artıq tamaşaçıların Nanə Ağamalıyeva kimi tanıyıb, Nanə Ağlamalinski kimi qəbul etdikləri aparıcı “liderlik” kürsüsünə doğru irəliləməkdədir. 
Qəfil ortaya çıxıb, gah aparıcılıq, gah müğənnilik edən, ATV-nin “Xalq ulduzu” verilişinin aparıcısı Sevinc Ağaşirinova da Nanənin dalınca gəlib.
Lider TV-nin “Qızıl pillə”sinin seksual aparıcısı Zemfira Adıgözəlovanı 12-ci yerə gətirib çıxarsalar da, yəqin ki, o, bu yerlə klifayətlənməyib, paltarının yaxasına, ətəyinə yenidən əl gəzdirməli olacaq. Söz yox ki onun paltarını ətəyi və yaxası heç vaxt ələ keçməz. Yoxdur, axı hardan keçəcək?
Lider TV-nin “Həyat tərzi” verlişinin aparıcısı Lamiyə Ələkbərova nəhs rəqəmə tuş gəlib. 
AzTV -də “Səadət” verilişinin aparıcısı Sevinc Muradova 14, ANS TV-nin “İncə maraqlar” verilişinin keçmiş aparıcısı, hazırda isə “Sabiranə” verilişinin aparıcısı Rövşanə Bektaşi isə sonuncu. Yəni 15-ci yerlə kifayətlənib. Bir sözlə, çox mənasız və haqsız seçimdir. 

 
Kim necə və niyə geyinir? 

Deyirəm, bu dünyada, yəni fani dünyada elə adamlar var ki, heç inkişafın zadın nə olduğunu bilmirlər və bilmək də istəmirlər. Onlardan biri də toyxanalarmızın fəxri ulduzu Nazənindir. Adam üzünü “evroremont” etdirsə də zövqündə bir addım da irəli getməyib. Elə bil şinyonu təkcə başına qoymayıb, elə özü də şinyondur, və ya iri bir şinyonun içərsində girib oturmuş, oyuncaqdır. 
Yaxşı ki, bütün müğənnilərimiz belə deyil, məsələn, Nura Suri, İradə İbrahimova. Bu qadınlar geyim tərziylə daim diqqət mərkəzindədirlər. Onlar aksessuar və geyim seçimində rənglərdən dəqiq istifadə edirlər. Eyni zamanda onlar makiyajda da rənglərdən ustalıqla yararlanırlar.
Özünü Azərbaycan şou-biznesinin ən avanqard geyimli müğənnisi hesab edən Elza Seyidcahandan danışmağa dəyməz. Söhbət geyimdən və zövqdən düşdüsə, Elzanın orda nə işi. Onunku heyvanlardı, bir də quşlar. Amma Elza təkcə göydə uçaqn quşları deyil, elə yerdə qaçan quşları da sevir. Belə ki, Seyidcahan son günlər özünü quşa oxşadan amerikalı müğənni Ledi Qaqa ilə müqayisə edib və maraqlı nəticəni hamıya açıqlayıb. Sən demə, Ledi Qaqa indiyə qədər qazandığı bütün uğurlarına görə, Elzaya borcluymuş. Bəli, Elza deyir ki, Ledi özünü ona oxşatmağa çalışır və Seyid qızını yaman yamsılayır. Amma Ledi Elzanın canına qurban olsun, nəyini də oxşada bilsə, bircə seyidliynə çata bilməyəcək. Deməli, belə. Ledi Qaqa yaxın aylarda bu dərdin xiffətini çəkməkdən ölüb, canını qurtaracaq. Görəsən, bizim canımızı mənasız şou-biznesin əlindən kim qurtaracaq?
Səhnə geyimlərini özü tikib-hazırlayan Ruhəngiz Allahverdiyeva da illərdir geyim üslubuna, saç düzümünə sadiqdir... Müğənni xanım istər el şənliklərinə, istər maqazin, istərsə də bozbaş bişirmə verilişinə gəlinlik geyimlərində çıxır. Artıq uzun illərdir bəzi həmkarları öz aralarında Ruhəngiz Allahverdiyevanı şou-biznesin “Barbisi” adlandırır. Yeri gəlmişkən, dünyanın heç bir yerində və xalqında bu yoğunluqda Barbi yoxdur. Pis gözlərdən iraq. 

 
Öz Qar qızımız, milli Qar qızımız-Zülfiyyə Xanbabayeva

 
Bu il qar, sevimli qar qışdan qabaq dünyanı ağartmağa başlasa da bizə tərəf burnunu da tutmadı. Yazıq neyləsin, keçən il bir az yağdı hər yerdə qaz, işıq, su kəsildi, camaat düşdü ağ qarın üstünə o qədər yamanladı ki, qarın qanı qaraldı və dabanına tüpürüb o gedən getdi. Qarın qaraldığını eşidən qara geyimli, sarı saçlı, qırmızımtıl bənizli müğənnimiz Zülfiyyə Xanbabayeva Qar qız olmaq qərarına gəldi (belə getsə qar üzünə ömürlük həsrət qalacağıq). O, yanvarın 2, 3, 4 və 5-də Heydər Əliyev Sarayının səhnəsində uşaqlar üçün konsert verəcək. Özü də Qar qız görkəmində. O, bütün Yeni il konsertlərinə xüsusi “gözəllik” qatmaq üçün bu qərara gəldiyini deyib.  

 
“Maşın-şou”da nələr baş verir?

 
Lider Tv-də yayımlanan “Maşın-şou” 11-ci dəfə nümayiş olunmağa başladı. 
“M Group Production”ın hazırladığı qalmaqallı və reytinqli şou başlayan kimi qruplaşma da başladı. Bu dəfə Aygün Kazımova, Röya və Rəqsanə birləşdi və aparıcı kimi tanıdığımız Aynur Talıbovanı yarışmadan uzaqlaşdırdı. Amma Aynur xanım Aygünlə, Rəqsanənin, Röyanın cavabını yaxşı verdi. O, ləyaqətdən, qürurdan danışdı. Röya ilə Rəqsanə isə bir-birinə qısılıb xosunlaşıb güldülər. Aygün də onlara fərəhlə baxıb, təzəcə düzəltdirdiyi sinəsini qabağa verib, təzəcə düzəltdirdiyi dodaqlarını azca yuxarı sağa əydi. Guya kişinin qızı istehzalı gülüş sərgiləyir. Amma mənə elə gəlir ki, Röya ilə Rəqsanə bir-birindən soruşurdular: Aynurun dediyi ləyaqət, qürur bazarda neçəyə satılır? Görən toylarda neçəyə olur?

Комментариев нет:

Отправить комментарий