19.12.2010

HAUSXOFFERİN QÖVSÜ

Həmid HERISÇİ
marakaqol@rambler.ru
 

1946-CI İL. GÜNEY AZƏRBAYCAN. Seyidcəfər Pişəvəri xüsusi, tam məxfi tapşırıqla ən yaxın silahdaşı Qafar Kəndlini “quldur yuvası” sayılan Qaradağa yollayır-o, dağlarda silah ambarları yaratmalı, yerli xan-bəylərin demokrat hökumətinə qarşı müqavimətini qırmalıdır. Qaradağın Avdılla xanı elə ilk gündən Qafar Kəndliyə saymazyana münasibət sərgiləyir-həftədə bir toy mağarı qurur, aşıqları yığır başına, camaatı bu məclislərdə yedirdərək Pişəvəriyə qarşı təşviq edir.
Bir gün “yoldaş Kəndli”nin səbir kasası dolur.
Avdılla xanın növbəti toy məclisinə təşrif gətirən Qafar Kəndli, zalım xan tərəfindən əvvəlcə aşağı başda otuzdurulur. Sonra söhbət qızışan vaxt, Avdılla xan ərkyana, yoldaş Kəndlini yavaş-yavaş özünə tərəf, yuxarıbaşa dəvət edir. Xanın yanında yer tutan təzə hökumət nümayəndəsi Qafar Kəndliyə də elə bu lazımdır- o, cəld dəbərib xanın tapancasını belindən çıxarır, ətrafındakıları həbs etdirir, sonra, ağzı qurumuş aşıqlara əmr edir ki, bu dəfə Pişəvəri şəninə bir nəğmə oxusunlar. Xanın plovunu yeyən yoldaş Kəndli hiss edir ki, toyu dağıtmaqla öz məqsədinə çatıb-xalq birağızdan onu “yeni fərmandar” adlandırır.
BƏLİ, ƏGƏR AZƏRBAYCANDA HAKİMİYYƏT İSTƏYİRSƏNSƏ, QƏDİM EL ADƏTİNƏ ƏL AT-DÜŞMƏNİNİ ELƏ TOYUNDA HƏBS ET, BÜTÜN EL GÖRSÜN BUNU...
Qafar Kəndlinin bu təcrübəsi, “əməliyyatı” Pişəvərinin çox xoşuna gəlir. O, əmr verir ki, digər “inqilab komissarları” da yoldaş Kəndlinin bu fəndindən istifadə etsinlər. “Toy dağıdan” komissarlar bütün Güneydə həmin yolla hərəkət edir, yerli feodalları hakimiyyətdən devirirlər... Bütün həbslər elə toylarda aparılır...
AŞIQLAR KEÇİR PİŞƏVƏRİNİN TƏRƏFİNƏ...
Hakimiyyətə yiyələnməyin, xalqı, düşməni sındırmağın bu sirrinə, deyirsiz, Heydər Əliyev kimi bir çekist bələd deyildi, hə? Bələd idi, özü də necə lazımdı o səviyyədə. Məhz buna görə 70-ci illərdə o, “Atəşgah” restoranında dəbdəbəli toy keçirən yerli mafiozları həbs etdirmiş, sonra həmin əhvalat əsasında ssenari yazıb film çəkməyi Rüstəm İbrahimbəyova tapşırıbmış. Son nəticədə, bizim qədim “TOY DAĞITMAQ” adlanan siyasi əməliyyatımız “İstintaq” kinofilmində öz gözəl həllini tapır, deyilənə görə hətta Yuri Andropovun da diqqətini özünə cəlb edir. Filmin yaradıcı heyəti SSRİ Dövlət Mükafatına layiq görülür. Filmin ilk nümayişi Lyubankada, KQB-nin binasında keçirilir...

***
ANS telegüzgüsündə “Yüzüncü baxış” verilişini apararkən mən bir gün həmin “İstintaq” filmini müzakirəyə çıxardım. “Toy dağıtmağın” qan yaddaşımızda nə olduğunu, onun tarixçəsini, sirlərini tamaşıçılara çatdırdım. Dedim ki, İNDİKİ BƏY-XANLARLA DA BU CÜR MÜBARİZƏ APARMAQ, ONLARIN TOYLARINI DAĞITMAQ LAZIMDIR...
Lakin əvəzində elə mənim öz verilişim dağıdıldı. Dörd ay apardığım “Yüzüncü baxış” proqramım vaxtından əvvəl vəfat etdi...
Vəziyyəti çətin görən mən Güneyə, Təbrizə getməyi qərara aldım.

MƏQBƏRƏTÜŞ-ŞÜƏRA
Hər bir Azərbaycan yazıçısının yaradıcılığında məncə mütləq bir “Təbriz dövrü” də olmalıdır. Siyasətçilərimiz Güneyi də, Quzeyi də, Qarabağı-filanı çoxdan uduzublar. Biz yazarlar bu məğlubiyyətləri, bu səhvləri təkrarlamamalıyıq. Şair Şəhriyar kimi, Pişəvəri məğlubiyyətindən sonra, özümüzə bir çarə axtarmalı, ətrafımızda bir Heydərbaba dağı tapmalıyıq ki, dərdlərimizi ona ünvanlayaq...
NİYƏ PİŞƏVƏRİ UDUZUB, ŞƏHRİYAR İSƏ QALİB GƏLİB?
Biləsuvar keçid məntəqəsindən adlayıb Güneyə keçərkən, Qaradağı, Sarabı arxada buraxıb Təbrizə gələrkən mən yol boyu bu barədə düşünürdüm. “Bütöv Azərbaycan”a gedən yol ilk növbədə “Bütöv Azərbaycan ədəbiyyatı”ndan başlayır…
Bu ənənə bizlərçün böyük şairimiz Xaqani Şirvanidən miras qalıb. Şirvanşah Axsitanın zülmündən Təbrizə qaçmış şair Xaqani bu seçimində tək deyildi-o zamanlar Şərqin bir çox qələm sahibləri Təbrizə köçər, şəhərin məşhur “şairlər məzarlığında”-yəni “Məqbərətüş-şüəra”da əbədi sakitlik qazanmaq istərlərmiş. Bu məzarlığın Təbrizdə mövcudluğu məndə iki zidd fikir doğurur. Bir tərəfdən, bəli, müsbət- “işə baxın ee, görün Təbriz necə azad bir yermiş ki, bütün şairlər bura axışar, şəhərin “şairlər məzarlığında” özlərinə layiqli bir yer seçərlərmiş…
Lakin vallah, yaxşı dərk edin indi sizə dediklərimi-digər tərəfdən bu, bir mənfi fikir də doğurur Təbriz barəsində. “BİR QƏBİRİSTANLIQ ŞAİR” görmək, vallah, insanda qorxu, xof hissi yaradır. Qırışlı alnını ovuşdurub, şeir-şairliyin faniliyini, ölümə məhkumluğunu da hiss edirsən. Dərk edirsən ki, “bir qəbiristanlıq şairi” yola salmış bu əbədi şəhər elə-belə yer deyildir.
QORXULU YERDİR!
Şairləri bir fəndlə girinə keçirir, sonra gətirir bu əbədi sükut, süqut məkanına.
İRANLA BİZİ BİRLƏŞDİRƏN TELLƏR ÇOXDUR, SAYA GƏLMƏZ. BİZİM QARABAĞ SİYASƏTİMİZİ, İRANIN İDEOLOGİYASINI QƏBUL ETMİR “MƏDƏNİ DÜNYA”...

***
 Qəfildən diksinirəm, tez “Məqbərətüş-şüəra” məzarlığını, şair Şəhriyarın cıqqılı heykəlini arxada qoyub yaxınlıqdakı “Seyid Həmza İmamzadəsi”nə gedirəm. “İki mərtəbəli qapalı həyət” şəklində tikilmiş bu geniş ərazidə mülayim, nəvazişli Təbriz yeli, havası nə qədər xoşdur… Sanki cənnət havasınına düşürəm… Qapı ağzında min cür xırdavat, dondurma satanlar məni anında hədəfə götürür… Canımı, cibimi, tənhalığımı bir təhər qorumaq üçün bir-iki əbəs hərəkət etsəm də, xeyri yoxdur, gərək nəsə alım bu əbədi tacir tayfasından…
TƏBRİZ QƏLƏBƏLƏR ŞƏHƏRİ DEYİL, DAHA ÇOX, MƏĞLUBİYYƏTLƏR DİYARIDIR. Burda hamının həm qələbəsi, həm də məğlubiyyəti gözə girir. Şah İsmayıl, Səttərxan, Xiyabani, Pişəvəri qələbələri ilə məğlubiyyətləri arasındakı məsafə çox kiçikdir. Fədailər daim uduzur, tacirlər həmişə qələbə çalır bu şəhərdə.
Mənə dondurma satmış növbəti küçə taciri sanki öz qələbəsini qeyd edir -“sənin Məqbərətüş-şüəra ziyarətin nisyədir, nağdı iş isə 1 dollarlıq mənlə alverindir” . Təbriz bazarı heç vaxt uduzmur-uduzan siyasətçilər, fədailər, şairlərdir. Təbrizdə nə varsa alınıb satılır-gündə ən azı yeddi dəfə.
TACİRLƏRİN SATDIĞI ƏN NAĞDI MAL İSƏ BƏLKƏ ELƏ TƏBRİZİN ÖZÜDÜR.
ONU DA GÜN ƏRZİNDƏ ƏN AZI 7 DƏFƏ ALIB SATIRLAR... AXŞAMBAZARI QİYMƏTLƏR AŞAĞI DÜŞÜR...

***
Bəlkə, kimsə bu məzarlığı yaratmaqla görk edir bizlərə? Sübut etmək istəyir ki, şairlər də gəldi-gedərdir, əbədi bir həqiqət var bu aləmdə-özünü indiyədək qorumuş qədim, nəhəng Təbriz bazarı! Əbədi, nəsillərdən-nəsillərə ötürülən alver ənənəsi!
Lakin Təbrizdə bir yer var ki, yüz ildir ki, heç satılmır... Bu bizim Məqsudiyyə məhəlləsindəki evimizdir... Təbrizin bütün evləri, əşyaları, naz-nemətləri indiyədək min dəfə satılıb... Bizim kimsəsiz evimiz isə hələ də durur...
Mənim yolumu gözləyir sanki...
Bu evin qapısını açana qədər mən Təbrizin ən kasıb, kiçik evində, daxmasında yaşayırdım. Fikirləşirəm ki, Şəms Təbrizi, İmam Mehdi də sabah Təbrizə qayıtsa, mütləq bu evdə qalar. CƏMİ 100 METRLİK BU EVDƏN İNQİLAB VAXTI ÜÇ ŞƏHİD ÇIXIB-Musa, Səyavuş, Nadir Məmmədxani qardaşları. Altı bacının gözü-qarası-üç qardaş!
Hərdən gecələr durub, bu üç şəhidin divarı bəzəyən şəkillərinə baxıram... HİSS EDİRƏM Kİ, SABAH DÖRDÜNCÜ ŞƏHİD ELƏ MƏN ÖZÜM OLACAĞAM.
Mərhum Zinət əmməmin əri, 93 yaşlı Ağa Mirzəxan bir güncdə uzanıb inildəyir:
-Həmid ağa, kimsə gəlməliydi, qayıtmalıydı ki, mən onun üzünə baxıb öləm. Yoxsa elə hey Əzrayılla əlləşirdim... Səni gördüm, kimisə gördüm, demək indi rahat gözlərimi yuma bilərəm...
Böyrümüzdə kasıb, bər-bəzəksiz “Üsküilər” məscidi. Ona bitişik kor, susuz hamam binası...Damını qup-quru ot-ələf basıb. Digər tərəfdə Saman meydanı... Bir az uzaqda “Sahib-ül-əmr” məscidi. Vaxtilə Şah İsmayıl bu məsciddə öz əyri qılıncını sıyıraraq şiəliyi ölkənin baş ideologiyasına çevirib. Nahara qədər 40 min əleyhdarını qılıncdan keçirib. “Əmr”in sahibinə çevrilib.
ANCAQ DEYƏSƏN NAHAR DAHA ŞİRİN GÖRÜNÜB ŞAH İSMAYIL MÜRİDLƏRİNƏ. QIRĞINI NAHARA GÖRƏ YARIDA KƏSİBLƏR. GƏRƏK ŞAMA QƏDƏR QILINCLARINI QALDIRIB-ENDİRƏRDİLƏR, TƏBRİZDƏ DAHA ÇOX ƏCLAFIN KÖKÜNÜ KƏSƏYDİLƏR. Belə olsaydı vəziyyət indi başqaydı Təbrizdə-bazar tüccarları bir belə qudurmazdı. Nəsilləri kəsilərdi.

***
Hə, qədim zamanlar bu satqın tacir tayfasının qənimi Təbriz fədailəri olarmış. Onlar əvvəlcə məhz bu satqın tayfasını tora salıb oynadar, sonra ölkəni ələ keçirərlərmiş. Bunu etmək “toy dağıtmaq”la kifayətlənməzdi əvvəllər. Təbriz fədailəri bazarda “qırx cilvəlik” bir oyun qurarlarmış. Həmin oyun haqda mən ötən “Fədailərin kitabı” məqaləmdə xeyli danışmışam. Yazıçı Sabir Əhmədlinin “Yasaq edilmiş oyun” əsərini əsas götürüb bu 40 cilvəlik oyunu yenidən diriltmişəm. Oyunun birinci cilvəsi “laldinməz” adlanırmış-bu vaxt Təbrizin bazar əhli dilinə su alıb susmalı, ancaq him-cimlə, “laldili” danışmalıymış. Əmri pozanları fədailərin şallağı gözləyirmiş...
Bütün bu oyunlar xalqı təşkilatlandırmaqdan ötrüymüş...
Təbrizdə qonaqkən yazıçı Duman Ərdəmə bu haqda bir azcana nəsə dedim...
Qəfildən gözləri işıldadı şair Dumanın...
-Gəl Şüşəgərxana bazarçasına gedək. “Lütfü” qəhvəsinə qalxaq...

***
Əfsanəvi Təbriz bazarının içiylə sanki orta əsrlər zamanına səyahətə çıxdıq. “Başmaqçılar bazarçası”nda ayətullah Qazi Təbatainin məzarını arxada buraxdıq. Bu nəsildən olan 7 mollanın qəbri var buralarda...Hərdən astaca arxaya boylanırıq. Tinlərə burularkən bunu etmək daha təhlükəsizdir-səndən şübhələnməzlər...
Qarşımızda qorxulu bir mənzərə açılır. Yanıb külə dönmüş qədim evlərin xarabası... Şair Duman dilə gəlir nəhayət:
-İnqilab vaxtı buralara od vurdular-köhnə fahişəxana, restoran-kafelərdir. İndi kimsə əl dəymək istəmir bu xarabalıqlara. Şəhərin mərkəzində sakitcə durub çürüyürlər... Şah dövründəki əyyaşlığa bir abidədirlər sanki buralar...
Azca sükutdan sonra şairin dili yenə açılır:
-Qədim Təbriz fədailəri çox ağıllı idilər...Bir məhəlləyə qədəm basdılarsa, ilk olaraq divarları aşan elektrik naqillərinə fikir verirlərmiş... Üç tel varsa, demək dalan kordur, çıxışı yoxdur... Beş tel varsa, demək bu dalandan küçəyə çıxış var...
Həmin “beş telli” bir dalan boyu irəli addımlayır, qarşımızdakı daş pillələrlə yuxarı qalxırıq, ikinci mərtəbəyə. Bu da Dumanın dediyi o məşhur “Lütfü” qəhvəsi... Xidmətçi müştərilərə qəlyan paylayır, çay gətirir... Uzunsaç, avropalıya bənzər bir rəssam qəhvədəkilərin şəkillərini çəkir sakitcə. Qəlyan tüstüsü beyinləri dumanlandırdıqca bəzi qədim həqiqətlərin siması aydınlaşır:
-Səməd Behrəngi, Behruz Dehqani, Qulamhüseyn Səidi bura tez-tez gələrlərmiş qəlyan çəkməyə...
Bir-iki qüllab vursaq, tünd tüstünü sinəmizə çəksək bir başqa həqiqətlər də çadralarını atıb öz gül camallarını bizə göstərəcək sanki:
-Sən dediyin o “laldinməz” oyunu əsasında Qulamhüseyn Səidi özünün məşhur “Lalbazi” dramını yazıb. Markes onu oxuduqdan sonra deyib ki, “maqiq realizm”in banisi elə Səididir,- şair Duman, öz fikirlərinə Markesi şahid gətirərək gözlərini xumarlandırır.
İşə bir bax! Mən Bakıda Təbrizin məşhur “laldinməz” oyunu barədə yazıram... Sonra bu mövzu sanki dirilib məni öz caynağına götürür, gətirir Təbrizə, “Lütfü” qəhvəsinə. Bu oyun barədə dram yazmış Səidinin adını pıçıldayır qulağıma...
Hə, Təbriz qəlyanın dartmaq xatadır... Çox sirlərin pıçıltısını eşidərsən bu qəhvələrdə... Axtardıqların gəlib tapar səni... Dartar bura.
“Laldili, lalbazi, laldinməz”-Təbriz bu dildə danışır həmişə... Sükutla danışır... Təbriz fədailərinin əzəl mübtədasıdır “laldinməz”...
Gərək bu dili mütləq Təbrizdə eşidəsən. Agah olasan bu dilə...
Həmin qəhvəyə gələn Əşrəf Dehqani sonralar Təbriz fədailərinin başçısı kimi tanınıb... Səməd Behrəngi bir fədai kimi amansızcasına qətlə yetirilib.
“Laldinməz”i bilirmişlər axı...
Lakin, onlar da burdan başlayıblar-“laldinməz”dən, “Lütfi” qəhvəsindən, qəlyandan, bir stəkan acı çaydan... Təbriz bazarına əbədi müqavimət göstərən bir kiçik hücrədən...
İndiysə bura biz təşrif gətirmişik...
ÇOXLARI ÖLÜMƏ GEDİB BU ÜNVANDAN... SƏMƏDİ SATMIŞ XAİN, BƏLKƏ ELƏ İNDİ DƏ ÇAY İÇİR QARŞIMDA.
TƏBRİZİN ÖZÜ KİMİ, XAİNLƏRİ DƏ ÇOX QOCADIR. ADƏTƏN ÖZ ƏCƏLİ İLƏ, İXTİYAR YAŞINDA ÖLÜR ONLAR...

“ALMAN ÇEZDİ”?...
Biz azərbaycanlılar adətən dadlı kababı dişimizə vurarkən, Göyçay narının dadına baxarkən, Göygöl mənzərələrindən bayılarkən millətçi oluruq, başlayırıq türklükdən, vətəndən, azərbaycançılıqdan dəm vurmağa... Bilinmir ki, həmin o narı, kababı, telli sazı sevirik, yoxsa doğma yurdumuzu...
Məncə, elə kababı sevirik, dadlı meyvələrimizi... Vətənimizi yavancasına, kababsız, meyvəsiz, söz-söhbətsiz, aşıqsız sevməyi bacarmırıq...
Ancaq sən gəl vətəni kababsız-filansız, Göyçay narı, söz-söhbətsiz, aşıqsız sev, görüm necə sevirsən...
Güneydəki millətçiliyə də Bakının bu azarı yoluxub. Kabab, meyvə, içki azarı, boşboğazlıq... Bu millətçilər vətəni soyuq zindanda, istintaq altında inləyərkən, ac-acına sevsinlər, hə bax belə dar məqamda mən onların vətən sevgisinə inanaram... “Kababsız vətən eşqi” bax mən bunu axtarırdım, Arazın hər iki sahilində...
Məsəlçün, 30-40-cı illərdə Təbrizdə çox saylı Almaniya, Hitler pərəstişkarı olub. Hitler uduzduqda, küçə uşaqları bu almanpərəstlərin dükanlarına soxulub “alman çezdi!” deyə qışqırar, dükan sahiblərini əsəbləşdirərmişlər. İnanıram ki, bir gün bizim millətçilər də bu cür oyuna düşəcəklər.
Niyə?
Cavabınızı verirəm-“ideologiyanız, siyasi, fəlsəfi nəzəriyyəniz, bu cür kitablarınız yoxdur deyə”...
Mənim isə belə bir nəzəriyyəm var, indi onu sizə izhar edim, görəcəksiz ki, həmin almanlarpərəstlər hələ çezməyiblər. Hələ də yaşayırlar. Nəzəriyyələri isə siz millətçilərdən dəfələrlə güclüdür.

***
Ötən ilin dekabr ayında Azərbaycan çox çətin bir duruma düşmüşüdü. Amerika ölkəmizi saymır, onu Qarabağ məsələsində təslimçiliyə sürükləyir, Türkiyəni bizdən uzaqlaşdırır, bir sözlə, köhnə strateji siyasətinə fikir vermir, Qərbə axan neft-qaz xətlərinə, Azərbaycanın “kilid ölkə” olmasına əsla məhəl qoymurdu. Təcili olaraq ölkəyə yeni strateji nəzəriyyə hazırlamaq lazım idi...
Bu zaman mən tanınmış geopolitik Karl Xausxofferi yada saldım. Hitlerin baş siyasətçisi, məsləhətçisi kimi tanınan bu məşhur insan ilk növbədə hərbçi idi. O deyirdi: “ SİYASƏT O ZAMAN DƏYİŞƏCƏK Kİ, BİR NEÇƏ ÖLKƏ BİRLƏŞƏRƏK DÜNYA SİYASİ XƏRİTƏSİNİ TƏN ORTADAN YARAN BİR QÖVS YARADACAQ”. Bu nəzəriyyə ilə silahlanıb dünya xəritəsinə bir dəfə göz atın heç olmasa. Görəcəksiz: “Əgər Rusiya, Azərbaycan, İran bir siyasi, yaxud iqtisadi nəzəriyyə əsasında birləşsələr, möcüzə baş verəcək, dünya xəritəsi Şimal Buzlu okeandan ta Fars körfəzinədək tən ortadan iki yerə parçalanacaq”.
Son nəticədə, Amerika başda olmaqla Qərbin qorxduğu “Hausxoffer qövsü” yaşamaq hüququ qazanacaq.
Atlantizmin qənimidir bizləri birləşdirən bu qövs.
Ölkəmizin Şərqdən Qərbə gedən neft-qaz xətləriçün kilid ölkə olduğu bəllidir. “Hausxoffer xətti” işə düşsə, biz Şimaldan Cənuba gedən neft-qaz xətləri üçündə eyni “kilid ölkə” adını qazana bilər, Rusiya, İranı da müəyyən qədər bizlə hesablaşmağa vadar edərik.
Hausxoffer bu qövsün ortasındakı ölkəyə “HARTLAND”, yəni “orta, göbək ölkə” adını vermişdi. Şimaldan Cənuba, Qərbdən Şərqə gedən neft-qaz xətləri üzərində dayanmış ölkəmiz məncə həmin sehirli ada tam layiqdir.
Biz, dünya siyasəti üçün “HARTLAND”ıq, bəli, gərək bunu mütləq biləsiz.
Bu ilin yanvar ayının 13-də mən bu nəzəriyyəmi Rusiyanın tanınmış “REQNİUM” informasiya agentliyinə təqdim etdim. Nəzəriyyəm dünya mətbuatında əsil tufan yaratdı, bütün aparıcı dünya agentlikləri onu çap etdi. Azərbaycan bundan istifadə edərək Amerikaya öz alternativ layihəsini göstərdi. Qərb çaşdı. Dünya siyasi lüğətinə “Hausxofferin qövsü” nəzəriyyəsi daxil oldu.
Bakı-Ceyhandan sonra ilk dəfə Azərbaycan yenə də öz siyasi lahiyəsini dünyaya tanıtdı. Prezidentlərin danışıq masası üzərinə yeni siyasi layihə qoyuldu.
Onu da qeyd etməliyəm ki, Hitler Almaniyası bu “Hausxoffer qövsü” layihəsi üzərində 30-40-cı illərdə kifayət qədər iş aparıbmış. O vaxt Almaniya SSRİ, İranla bir siyasi xətt üzərində saziş imzalayaraq həmin qövsü özünə tabe etdirməyə çalışırdı. Bütün danışıqlar tam məxfi olduğundan dünya mətbuatında bu haqda bir sənədə belə rast gəlməzsiniz. Ancaq, həlledici anda Stalin bu layihəni rədd edir, Britaniya ilə sazişə keçir. Nəticədə 1941-ci ilin avqustunda Sovet, Britaniya orduları iki tərəfdən İran ərazisinə daxil olur, burdakı almanpərəst qüvvələri həbsə alırlar.
“Hausxofferin qövsü” Antantanın ixtiyarına keçir. Şimal Buzlu okeandan Fars körfəzinədək olan ərazini ələ keçirən Antanta dünya xəritəsini tən ortadan ikiyə parçalayır. Son nəticədə, Hausxofferin dediyi kimi, müharibədə qələbə qazanır. Hitlerçilərin Stalinqrad döyüşü zamanı bu xətti yarmaq, Bakıya yiyələnmək arzuları həyata keçmir.
Soyuq müharibə dövründə həmin layihə uğrunda mübarizə yenidən qızışır. O vaxt, bu nəzəriyyənin “kilid ölkə” adını İran qazanır.
Bu layihə üzərində o vaxtlar ən çox düşənən bilirsiz kim olur? İran kommunist partiyası Tudə! Partiya rəhbəri İyrəc İskəndəri öz silahdaşları Qafar Kəndli, Bozorq Ələvi, Davud Münşizadə ilə birgə bu “Hausxoffer qövsü” nəzəriyyəsini o vaxtkı Şərqi Almaniya rəhbəri Erik Xonekkerə təqdim edir. Deyir: “Əgər biz İranda inqilab etsək, SENTO-NATO-nu, şahı İrandan qovsaq, bu xətt, bu qövs yenidən işə düşəcək. İran, SSRİ, Şərqi Avropadakı sosialist ölkələr, o cümlədən Şərqi Almaniya dünya üzərində strateji qələbə qazanacaqlar. Dünyanı tən ortadan yaran xətt bizim olacaq. Qərbin Şərqlə rabitə, nəqliyyat əlaqələri bizim nəzarətimizə keçəcək, yaxud tam kəsiləcək”.
İndi bildiniz ki, Erik Xonekker başda olmaqla Şərqi Almaniya rəhbərliyi niyə Tudə partiyasına bu qədər himayə edirmişlər? Niyə İranda əvvəlcə islam, sonra sosialistik inqilab törətmək istəyirdilər 70-80-ci illərdə?
Bu inqilab 1979-cu ildə həyata keçdikdən sonra Qərbin qara günləri başlayır. Şərqdən Qərbə gedən bütün rabitə, nəqliyyat dəhlizləri antiqərb ölkələrin caynağına düşür. Şimal Buzlu okeandan Fars körfəzinədək gedən “Hausxoffer qövsü”, Qərbin əcəl zəngini çalır.
Lakin qocaman SSRİ rəhbərliyi, bu qövsdən lazımınca istifadə edə bilmir, Şərqi Almaniya rəhbərliyini, Tudə başçılarını bu işdən uzaqlaşdırır, Qərblə bu sahədə strateji alver etmək istəyir, yanılır və...
Və burda uduzur...

***
MƏNCƏ, GÜNEYLƏ QUZEYİN VƏHDƏTİ LAHİYƏSİ BAX BU “HAUSXOFFER QÖVSÜ” ÜZƏRİNDƏ DAYANMALIDIR. Fars körfəzindən gələn neft-qaz xətləri Azərbaycanda Rusiya xətləri ilə birləşməli, burdan Avropaya, ilk olaraq Almaniyaya nəql olunmalıdır.
Qoy Almaniya öz siyasi dahisinin adını daşıyan layihədən nəhayət ki, bir xeyr görsün.
Əgər biz Azərbaycan geopolitikləri, bu layihəni lazımı səviyyədə Avropaya təqdim etsək, zənnimcə qələbə bizim olacaq. Təbrizlə Bakının bu iqtisadi layihə əsasında vəhdəti təşəkkül tapacaq, xalqımız ilk dəfə bir vahid iqtisadi nəzəriyyə əsasında birləşəcəkdir.
“Alman çezdi” zarafatı bu halda yaddaşlardan silinəcək. Almaniya, Rusiya, Azərbaycan, İran öz maraqlarını dünyada müdafiə edəcəklər.

***
Bu mənim siyasi nəzəriyyəmdir. Qoy onu bizim millətçilər oxusunlar. Sonra olmayan nəzəriyyələrini mənə təqdim etsinlər.
Təbriz səfərim zamanı mən daim bax bu “Hausxoffer qövsü” barədə düşünür, İran, Azərbaycan, Rusiya, Almaniyanı birləşdirəcək bu layihə içində xalqımızın vəhdətini axtarırdım.

TƏBRİZDƏ
93 Ağa Mirzəxan əlində milçəköldürən, hərdən zəif hərəkətlər edir-üstündə gəzən ac milçəkləri öldürmək istəyir. Vay o gündən ki, Ağa Mirzəxan bu milçəköldürəni əlindən yerə salsın...
Təbrizdə qədimdə hər evin öz duası varmış. Şər adamlara qarşı bu dualırı oxuyarlarmış. Bizim evin də belə bir duası var... Qocalardan biri onu yadıma salır... Bir sirr olduğuna görə onu sizlərə demirəm, ancaq, vallah çox gözəl bir duadır...
Təbriz ətrafında bir Quru göl var...Adı Şəhriyarın “Heydər babaya salam”ında da adı keçir... Günəş batır, qaş qaralır... Quru göl isə hələ də batmış günəşə, onun son işartılarına güzgü tutur... Axşamın şəri ilə barışmır... Göl kənarında top-top oynayırıq. Əsən külək göl ətrafındakı qarağacların gövdəsini bir-birinə sürtür. Bunun səsini eşitmək məni xeyli kədərləndirir, elə bilirəm ki, ağaclar dilə gəlib öz həyatlarını danışmaq istəyir bizlərə...
Sanki gölün özü də bizim oyuna qoşulur... Topumuzu qəfil oğurlayıb, sakit ləpələrin qoynunda uzaqlara aparır...
Hə, demək öz oyunumuzu bu Quru gölə uduzduq. Hesabı o, açdı...
Dərvişlər kimi gözlərimi yumaraq baxıram Təbrizə... Görürəm onu...
Şair Duman bir şeirini oxudu bayaq mənə: “Oğul, süfrəni düzmüşəm. Gəl, türk şərabı da var.
-Yox ana. Kim çox yesə Afrikaya xəyanətdir”...
Təbrizin gecələrini sevdim. Bu vaxt bütün alverlər bitir. Day satası heç nə qalmır. Nəsə qalır ki, onu tacirlər sata bilmirlər. Bu Təbriz gecələrinin şeiriyyətidir...
Şair Məhəmməd Birya cavanlığında şəhərin “Gülüstan” bağında “çərxi-fələk” (karusel) fırladırmış. İnqilabı, qazamatları, Sibiri keçən şair lap ixtiyar vaxtı Təbrizə dönür. Həmin bağın üzbəüzlüyündə bir divara dirənib gəlib-gedənin falına baxır... Orada da ölür...
Gülüstana daha bir dəfə də ayaq basmır...
İndi Təbrizdə falçıları tuturlar. Bu işi indi tutuquşular öz boyunlarına götürüb. Gənc bir uşaq qəfəsdə tutuquşu gəzdirir. Müştərilərə göstərir onu. Təki sən öz falınla maraqlanasan... Qəfəsdəki bir kip kağıza tutuquşu iti dimdiyini atacaq. Ordan götürdüyü kağızda Hafizin bir şeiri yazılıb. Oxu bu şeiri, dincəl, sonra öz baxtınla razılaş...
Təbrizdə insan öz taleyi, öz falıyla tez razılaşır...
Bizim evin açarları məndə yoxdur deyə, kiliddar, yəni açarçı çağırmaq məcburiyyətindəyəm. Tez vaxtda onu tapıram. “İranda birinci şair olmuşam” deyir. Sanki istəyir ki, mən onu heç olmasa bir-iki dəqiqə böyük şair sayım. Bu arzusu həyata keçincə, sözünə əlavə edir. “Əlbətdə ki, 15 yaşlı şairlər arasında”...
Qıfılımızın üç halqası bir təhər açılır. Evimizə daxil oluram. Axşam əzanı lap yerinə düşür, əzan səsləri sanki bütün Təbrizdən bir yerə, bizim həyətə axıb orda bir-birinə qovuşur...
Xoşbəxt dəqiqədir... Qapı açılıb... Əzan oxunur. Mən doğma evimizdəyəm...
Həyəti ot-ələf basıb... Lakin lülədən su gəlir. Onu açıb əl-üzümü yuyuram. Evimiz toz-torpaq içindədir... Gərək onu bir az təmir edəm... Kiliddarın dili topuq çalır. “Burda cin-şeytan var. Hiss edirəm ki, soba borularında kimsə nəşə gizləyib”...
Sabahısı gün isə məni burda acı bir mənzərə gözləyir, vaxtilə bibimin icazəsiylə həyətimizdə nökərlik edən bir gədə qapımızı kəsib məndən 2-3 min dollar pul istəyir. Guya bu vaxtadək həyətimizə qulluq edib, xərc çəkib... Vəkil tutmalı, işi məhkəməyə verməli oluram...
Bu da Təbrizə qayıdış... Bu da Təbrizin əmniyyəti...

***
Xoşbəxtliyə bir bax! Bibioğlu Nəvid, Səttərxanın ev-muzeyində hərbi qulluqdadır. Ucaboy bu gənc məni bu müqəddəs ocağa qonaq çağırır... Axşam vaxtı ora gedirəm... Səttərxanın ruhuyla təkəm bu evdə... Həyətdə bir top var-lafetini Urmudan gətiriblər. Onu 10 min dollara muzeyə bir tacir satıb. Lafetin üstündəki ağır lüləni isə plastmasdan töküblər... Dəmirdən tökməyə qorxublar bəlkə də...
BİRDƏN KİMSƏ BU TOPU YENİDƏN İŞLƏTMƏK FİKRİNƏ DÜŞƏR?
Qəfildən yağış çiləyir üzərimizə. Səttərxanın evində yağışdan islanmaq xoşbəxtliyi mənim qismətimdəymiş.
Səttərxanın evində öz-özümə düşünürəm: “Kimdir fədai?”
Cavab gəlir sualıma: “Bircə qılınc zərbəsinə dünya xəritəsini yaran kəs bu ada layiqdir indi”.
Dünyanı tən ortadan bölən “Xausxoffer qövsü” fikri qəfildən dirilib beynimi silkələyir.
Mən bu zərbəni vurdum, dünya xəritəsini tən ortadan yardım...
Vaxtilə 1501-ci ildə Şah İsmayıl da Təbrizdə qılıncını bu cür sıyırmış, “SAHİB ÜL-ƏMR” adını qazanıbmış...

***
Səttərxanın evində bunları düşünə-düşünə özümü yağış altına atıram...
“NİYƏ PİŞƏVƏRİ UDUZUB, ŞƏHRİYAR İSƏ QALİB GƏLİB?” lal sualıma axır ki, cavab tapıram...
Öz adətincə “laldinməz, laldili” cavab verir. Təbriz bu lal sualıma-HAFİZ MƏMLƏKƏTİNDƏ SİYƏSƏT, ŞAHLAR HƏMİŞƏ UDUZUR, BURDA QALİB ANCAQ TƏNHA ŞAİRDİR. ŞAİRLƏR HEÇ VAXT UDUZMAYIB BURDA.

Комментариев нет:

Отправить комментарий