23.12.2010

Məktəb illəri, ömrümün ən şirin cəzalı günləri...

Aqşin Yenisey 
Azad Yazarlar Ocağı 

Magellanı söydürən müəllimlərimiz şagirlərin savadlanması üçün hansı metodiki metodlarla işləyirdilər? 
 
Builki dərs ili, adı həmişə “Şərq”, “8-ci km”, “Nəsimi” bazarlarıyla yanaşı çəkilən Azərbaycan Beynəlxalq Universitetinin qapadılması və xeyli tələbənin “qaçqın” düşməsiylə yadda qaldı. Amma bu tələbə-qaçqınları ayrı-ayrı universitetlərin qapısı ağzında yerləşdirdilər və söz verdilər ki, özlərini yaxşı aparsalar içəri də buraxacaqlar. Bəs çöldə qalanlar necə olsun? 
Necə olacaq, axı onlara kim deyirdi ki, qanunsuz formada təhsil almaqdan ötrü, daha doğrusu, təhsil alırmış görüntüsünü yaratmaqdan örtü, diplom almaq xatirinə dövlət imtahanında iştirak etmə? Axı hər il o boyda dövlət imtahanı keçirilir, ağlı, savadı olan hər kəs müvafiq ali təhsil ocaqlarına qəbul olunurlar. Niyə sən imtahansız-filansız, əziyyətsiz təhsil almalısan ki? Belə uzaqgörən və ağıllısansa elə imtahana get suallara cavab ver, daha niyə qəpik-quruşunu yığıb sonra göyə sovurursan? Yox, əgər heç bir suala da cavab verəcək qədər ağlın, savadın yoxdursa, onda əzizim, get bir işin qulpundan yapış, nə özünə əziyyət ver, nə valideynlərinə, nə də ki təhsil qurumlarına.  
  
Amma son zamanlar həm müəllimlər, həm tələbələr, həm də onların arasında vasitəçilik edən valideynlər bu sahədə aparılan “tikinti-quruculuq” işləri nəticəsində xeyli maarifləniblər. Siseron demiş, Tanrı bizi şeylərin mahiyyətini bilməyə deyil, onlardan istifadə etməyə göndərib, ona görə təhsilin məzmununu bilməsək də olar, əsas odur ki, ondan ustalıqla yararlanaq və maşallah bu işdəki uğurlarımız göz önündədir. 
Hər halda, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) (bu ölkənin adını deyəndə adam lap keçi kimi mələyir) baxanda bizə min şükür. O gün təsadüfən öyrənmişəm ki, BƏƏ-də, ümumiyyətlə, ali təhsil ocağı yoxdur. Nefti neftimizdən, şeyxi şeyximizdən çox, milyarderlərinin pulunu balta kəsmir, di gəl, Allahın texnikumunu yaratmayıblar, qısası, həyat fəlsəfələri bu: bir molla, üç manat pul, bir kəllə qənd. Ərəblər haqqında dostumun yaxşı bir sözü var. Bir dəfə yay vaxtı əyalət çayxanalarının birində yolüstü oturub çay içirdik. Çayxana sahibi dirəyə köhnə bir radio bağlayıb milli “Araz” dalğasında muğamata qulaq asır, gözlərini yumub başını sağa-sola yelləyir, müştəriləri dəmlədiyi çayla bərabər, həm də özünün qəmli feyziyablığına qonaq edirdi. Bu vaxt aparıcı, dirəkdə növbəti mahnını elan etdi: “Kor ərəbin mahnısı”, oxuyur... Dostum öz-özünə deyindi: - ərəb, özü də kor, gör indi bunun mahnısı nə gündə olacaq. 

Oxumayanı necə cəzalandıraq?

Mən biləni Azərbaycanda dünyəvi təhsilin ənənələri Qori seminariyasından başlayır. Bu seminariyadan əvvəl, təhsil dedikdə adamın yadına yalnız dini təmayüllü mədrəsələr, molla, falaqqa düşür ki, orada da, Sabir demiş, yazı yazanda molla şəyirdi döyürmüş. Qori seminariyasını Azərbaycan maarifçiliyinin beşiyi, əsgi üstə qoyanı adlandırıb, keçək bu şəyirdin döyülmə məsələsinə. 

Ümumiyyətlə, dünyanın bütün mədəni xalqları öz övladlarını döyə-döyə oxudublar; hətta səhv etmirəmsə, ingilislər bu gün də tədrisdə və tərbiyədə çubuqdan istifadəni yığışdırmayıblar. Onlar bunu həm də onunla izah edirlər ki, uşağa kiçik yaşlarından dünyada cəzanın mövcudluğunu aşılamaq lazımdır. Ancaq cəzanın nə üçün verildiyi uşağa mütləq izah olunmalıdır. Biz həm ailədə, həm də məktəblərdə uşaqlarımızı pota balası kimi döyəcləsək də, yazıqlar yalnız böyüyüb arvad-uşaq sahibi olandan sonra anlayır ki, onu otuz il bundan əvvəl nə üçün cığnayırlarmış. 

Cəzanın növü də uşağın tərbiyəsinə, təhsilinə ciddi təsir göstərən amildir. Mən oxuduğum orta məktəbdə şagirdləri “öyrətmək” üçün müxtəlif növ cəzalardan istifadə olunurdu və bu cəzaların bəziləri birmənalı olaraq, yalnız və yalnız biz azyaşlı uşaqların formalaşmaqda olan azyaşlı şəxsiyyətinin təhqirinə yönəlmişdi. Məsələn, müəllimlər dərsi hazırlamayan, yaxud hazırlamaqda çətinlik çəkən şagirdləri ağına-bozuna baxmadan lövhənin qabağına çıxarır və nisbətən hazırlıqlı şagirdlərə əmr edirdilər ki, tənbəllik edən yoldaşının üzünə tüpürsünlər. Sonra da üzütüpürcəkli şagirdə əmr edirdilər ki, üzünü dərs boyunca təmizləməsin. Bəzən, tutaq ki, Abbas Səhhətin hansısa şerini əzbərləyə bilməyən şagirdin üzünə o qədər tüpürürdülər ki, zavallının bütün sir-sifəti göz yaşına və tüpürcəyə bələnirdi. Üzətüpürmə şəxsən mənim oxuduğum məktəbdə - SSRİ zamanında - ən geniş yayılmış cəza növü idi və dəhşətlisi bu idi ki, bu cəza uşaqların – istər oxuyanlar olsun, istərsə də savadsızlar – təhsilini, tərbiyəsini yaxşılaşdırmaq əvəzinə onları daha da sırtıqlığa və bir-birləri ilə düşmənçiliyə sövq edirdi. 
Artıq uşaqlıqdan millətin balalarının bir-birilərini sevməmək, bir-birilərinə nifrət etmək ənənələri qoyulurdu. Üzünə tüpürülən uşaq dərsdən sonra üzünə tüpürən sinif yoldaşlarını tutub əzişdirirdi, əzişdirilən isə səhəri gün acığını soyutmaq üçün yoldaşının üzünə daha da lombayla tüpürürdü.  

Magellan məni necə cəzalandırdı?

Yaxud qış aylarında müəllimlər maşanı sobada qızdırıb şagirdlərin əlinə dağ basırdılar. Şəxsən məni Fernando Magellanın ilk dünya səyahətinə neçə nəfər “xiyarla” – hələ də acıqlıyam - çıxdığını bilmədiyim üçün çoğrafiya müəllimi qışın oğlan çağında məktəbin qaranlıq və rütubətli zirzəmisinə salmışdı. Qırxbeş dəqiqəlik dərs boyunca zirzəmidəki nəm daşın üstündə oturub Magellanın yeddi arxadan dönənini söyə-söyə zırıldadım o vaxt. On iki yaşında zindan həyatının dadına baxan bir uşağın içində hansı duyğu cücərə və böyüyə bilər? Olsa-olsa hansısa duyğu böyürə bilər. Əminəm ki, Sovet dövründə bizim məktəblərdə bundan daha betər mənzərələr olub. 
Yaxşı ki, undiki uşaqlar bunları öz təcrübələrində yaşamırlar. 
Təzədən uşaq olub məktəbə getmək istədim. Görəsən, bu dəfə necə olardı məktəb illərim?

                                                                                                                    Milli.Az

Комментариев нет:

Отправить комментарий