26.08.2011

“Şamo Arifin yerinə olsaydım utanardım”

“Postmodernə nə inanmıram, nə də ehtiyac duymuram”

Dünya Azərbaycanlı Yazarlar Qurumunun sədri, AYB Güney Azərbaycan ədəbiyyatı məsulu Sayman Aruz ilə müsahibə

-Dayaq.org saytının dünya azərbaycanlıları arasında populyarlıq qazanmasına sizcə səbəb nədir? Ümumiyyətlə, bu sayt barədə ideya necə yarandı?
-Məncə səbəb DAYAqın orta mövqei tutmağıdır. Onun marağı yalnız ədəbiyyat və onun inkişafıdır. Bu sayt Dünya Azərbaycanlı Yazarlar Qurumunun saytıdır. Və dünyada yaşayan bütün azərbaycanlı yazarın fikirlərini əks etdirməyə hazırdır. Eyni zamanda bunu da qeyd edim ki, məncə AYO öz funksiasını  itirib və ədəbi prosesdə heç bir dəyişikliyə səbəb ola biləcək gücü yoxdur. Ona görə də yeni bir havaya ehtiyac var. DAYAQ məhz bu ideyaya qulluq edir.

-Sayta nəzər yetirdikdə bu gün ədəbiyyatda qarşıdurma vəziyyətində olan bütün tərəflərə, cərəyanlara eyni dərəcədə yer ayrıldığını görürük. Onları bir araya gətirmək çətin deyil ki?
-Məncə bir araya gətirmək lazim deyil. Ədəbiyyat paradokslar içərisində inkişaf edər. Yəni müxtəlif cərəyanlar və müxtəlif növ fikirlər ədəbiyyatın daha tez irəliləməsinə müsbət təsir göstərir. Sadəcə problem burdadır ki, AYO, AYB-nin müxalif cəbhəsi kimi öz funksiyasını itirib. Loru dili ilə desək artıq barıtı qalmayıb. AYO, əslində kafelərdə yaranan bir təşkilatdı. Məncə ədəbiyyatın yeni nəsili AYO-dən kənarda formalaşır.

-Azərbaycanda keçirilən ədəbi müsabiqələrə münasibətiniz necədir? Bu müsabiqələrin obyektivliyinə inanırsınızmı?
-Tam inamım yoxdu. Milli Kitab Mükafatına milli olmağına inanmıram. Onun iyirmiliyi və onluğunda elə yazıçılar oldu ki, mənə ancaq gülüb-başımı tovlamaq qaldı. Azadlıq radiosunun hekayə müsabiqəsinə gəldikdə, birinci yeri tutan gənc yazıçının hekayəsini oxudum. Doğrusu heç birinciliyə layiq görmədim. Çox ibtidai üslubda yazılmışdı. Eyni zamanda içindəki süjet xətti də tam uşaqyana idi. Əsərin əvvəlindən bilinirdi sonluğu. Bu ona göstərir ki, nəsr janrı istədiyimiz inkişafa nail olmayıb və dünya ədəbiyyatı ilə həm tanış deyil,həm də uyğunlaşa bilməyib.

-Bəzilərinə görə postmodernizm artıq öldü, modda deyil. Sizcə bu fikrə gəlməyə əsas verən arqumentlər nə qədər tutarlıdır?
-Mən özüm şəxsən postmodernə nə inanmıram, nə də ehtiyac duymuram. Mən günün şeiri və günün hekayəsinə inanıram. Avropanın çeynənmiş ədəbi janrının daşını sinəmizə döymək nə qədər lazimdir? Biz 15 il qabaq postmodern ədəbiyyatını müzakirə edirdik. Avropa isə bizdən 15 il qabaq bu söhbəti qapatmışdı. Siz isə indi-indi başlayıbsız. Maraqlıdır! Bu qədər gecikmə olub. Avropa modernizm prosesini keçirib, daha sonra isə postmodernin yardımı ilə modernizmin səhvlərini doldurmağa çalışdı. Nə qədər bu istəyinə nail ola bilib ya yox, hələ bir tərəfə, amma bir sual ortaya çıxır: ondan bizə nə? Biz modernizm görmüşük yoxsa? Postmodernizmin yalnız ədəbiyyatda deyil, bütün sahələrdə mənası var. Həm iqtisadi, həm də siyası cəhətdən də bu ideologiya öz əksini tapıb. Məncə bu tendensiyadan uzaq durmaq, amma onunla dostluq etmək vəəsasən ictimaiyyətimizin yaratdığı günün ədəbiyyatı ilə məşqul olmalıyıq.

-Bəs Azərbaycan “postmodernizmin atası” adlandırılan Rasim Qaraca barədə fikirləriniz necədir? Onunla münasibətlərinizin korlanmasına səbəb nədir?
-Rasim bir naşır və publisist kimi yaxşı işlədi. Azərbaycan ədəbiyyatına can gətirmək istədi. Yeni nəsilin formalaşmasına çalışdı. Xüsusilə Güney ədəbiyyatına çox yardımlar etdi. Amma məncə o da bitib. Bir publisist kimi uğur qazana bilsə də, bir yazar kimi ortaya çıxa bilmədi. Onun kimi bir iddialı yazardan bu yaşa qədər heç olmasa 3-4 roman, bir neçə şeir və məqalə toplusu gözlənilirdi. Bir naşır kimi də bir sıra qəribəlikləri var. Münasibətlərimizin korlanmasına ciddi bir səbəb var, Rasimin onun saytlarında dərc olunan yazılarıma əl gəzdirməsi, yersiz müdaxilələr etməsi gərginliyi son həddə gətirdi. Xüsusən onun saytında mənim adımdan yer almış Anara qarşı yazılmış yazıya görə mübahisəmiz oldu. Məlum oldu ki, onun belə yersiz hərəkətlərinə tuş gələn təkcə mən deyiləm. Bu cür ucuz hərəkətləri özünü sivil adlandıran bir yazara yaraşdırmıram.

-Sizcə AYO neynəməlidir?
-Məncə elədiyini eləyib. Bundan artıq nə etsə də, çox əks sədası olmayacaq. Mən özüm şəxsən yeni bir ədəbi dalğanın yaranmasını istəyirəm və gözləyirəm. AYO-nun içındə bir neçə istedadlı gənc yazar olsa da, AYO-çuların çoxu publisistikayla məşğul olan adamlardılar. Yalnız gündəm xatirinə yazırlar. Publisistika ilə məşqul olmaq ədəbiyyatla məşqul olmaq demək deyil.

-Son zamanlarda müasir ədəbiyyatımızda kimləri oxuyursuz?
-Oxuduğum dostlarım çoxdu. Amma bəyəndiyim yazarlar o qədər də çox deyil.
 -Dayaq.org-da çoxlu sayda cənublu yazarlarımız da dərc olunur. Bunların içərisində ən çox önəm verdikləriniz hansılardır? Sizcə kimlər öz potensialı ilə daha çox seçilir?
-Cənubda bəyəniləsi çox şair və yazarlar var. Xüsusilə yeni nəsilin içində ürək açan çoxları var. Duman Ərdəm, Elvar Qulivənd, Baraz, Atila İskəndani, Səid Muğanlı, Rəsul Yunan və bir çoxları.

-Anar və Şamo Arif qarşıdurmasında kim haqqlı idi? Siz bu münaqişədə kimin tərəfindəsiniz?
-Güney və bütöv Azərbaycanın tərəfindəyəm. Məncə bunlar hamısı boş söhbətdi. Qələm yaradıcılığı quruyub deyə belənçik özünü doğruldur. Sadəcə mən Şamo Arifin yerinə olsaydım utanardım. Hər qurultayqabağı işə başlayır, Anara və onun ailəsinə qarşı hücuma keçir. Hər dəfə də tərsinə olaraq atası Süleyman Rəhimovun yeni-yeni zibillərini ortaya çıxardır. Əgər AYB-nin sədri Şamo Arif olsaydı, ədəbiyyatın gələcəyinə təhkükədə qalardı. Hər kəs öz layiq olduğu yeri və cavabı gec-tez alır. Ona görə də bir az səbrli, bir az da tədbirli olmaq lazimdir.

Комментариев нет:

Отправить комментарий