Azad Yazarlar Ocağı
Cavanşirin I gündəliyi
Mən də deyirəm axı! məndə bu fransız ehtirası hardandıı.
Axşam oldu,
Günəş söndü
Ay göründü.
Həyətimizdə pomidor zibil kimidi.
Nənəm yığdı bir yeşik,
Qiymət ölüb bazarda,
Kilosu cəmi beş qəpik.
Somalidə camaat acından ölür,
Nənəmə dedim gəl bir siyəzi də badımcan yığıb,
Somaliyə göndərək,
Allaha da xoş gedər.
Nənəm razı olmadı,
Dedi:İran göndərib,
Türkiyə də, ABŞ da
Mən bunların puluna
Taxta qəlit alacam.
Bala məni bağışla
Nənəm gördüyünüz kimi o qədər də qəlbi beton insan deyil. Lakin, ailə həyatı qurduqdan sonra çəkdiyi möhnətlərin çoxluğu onu hələ də ehtiatlı olmağa sövq edir. Düz 42 il pambıq tarlalarında üzüm əkinlərində can qoyub, 14 böyüdüb boya başa çatdırıb, 11 qızını ərə verib, cehiz salıb, üç oğluna diplom alıb.
Öz aramızdı hamısı pul istəyir.Nənəm təhsilə böyük önəm verir, təhsili olmayanı asanlıqla oğru da qatil də terrorçu da qayırmaq olar. Hər şeyin kökündə özünüdərk durur deyir nənəm. Düzdür təhsilli çobanlar da az deyil. Lakin, təhsilli olmaqla təhsili almaq arasında böyük bir fərq var, bunu tutmaq lazımdır, təhsil cəmiyyətin güzgüsüdür. Təhsil təkcə millətin gələcəyi deyil, həm də millətin keçmişi və bu günüdür. Vallah mənim heç bir günahım yoxdur nənəm belə deyir.
Bir də nənəm deyir ki təhsil Azərbaycanda Avropa ədəbiyyatında Dantenin “İlahi” komediyası kimi, böyük əhəmiyyətə malik olmalıdır. Bir də nəməm həm də belə fikirləşir - xarakterik haldır ki, Stolıpinin fəaliyyəti illərində mühafizəkar tənqidçilər onun şəxsində rusiyanın qənimini görürdülər, ancaq, özlərini liberal sayan kadetlər Avropa konteksində əslən radikallar idilər. Stolıpini muhafizəkar adlandırırdılar. Həqiqətdə isə o, liberal idi. O, belə hesab edirdi ki inkişaf etmiş cəmiyyət yaratmazdan əvvəl, biz vətəndaş yaratmalıyıq və buna görə də savadsız kəndliyə hərtəfli hüquqlar verməzdən əvvəl onun təhsilini, həyat səviyyəsini qaldırmalıyıq, Azərbaycanda isə bunun tamam əksi baş verir. Mən nənəmin fikirlərini başa düşə bilmirəm axı o nələrdən danışır? Təkcə onu bilirəm nənəm dahidir, 160 manat pensiyə alır, çox da verməsə siqaret pulumu verir. Buna görə nənəmə dəstək oluram. O düz danışır. Həm də təsərrüfatla məşğul olur həyətimizə baxsan bir metr boş yer tapa bilməzsən, əkir, tökür, mən də narahat oluram. 80 yaşı var. Allah eləməsin qəflətən soyuqlasa mən nə edərəm? Hərdən əsəbləşib özümdən çıxıram, deyirəm: “ ay nənə içinə azar olmuş bu kartofdan, xiyardan, pomidordan, badımcandan Azərbaycanda nə qədər istəsən var, qiyməti də ucuz, axı niyə özünü əziyyətə salırsan” nənəm də kefini pozmadan “ bala, həyət malı başqadır, gözümün qabağında yetişir” deyə cavab verir. Eeh ay nənə!
Birazda babamdan danışım yaxşı çıxmaz, kişi inciyib eliyər. Həyat, dünya, insan, elm haqqında kifayət qədər biliklərə malik olmasa da, o bu evin kişisi olub. Çox uşaqlı olduğuna görə babama tay-tuşları mufta qaz Mirzə deyərdilər. Babam qoçaq kişi olub, buradan fransaya – Tuluza şəhərinə qədər gedib çıxıb muharibə dönəmində.. bəzən insan həyatının dəyişməsi, düşüncə tərzinin dəyişməsi, cəmiyyətdə inqilabi sıçrayışın baş verməsi üçün qanlı-qadalı müharibələrin olması labüd imiş. Babamdan atama, atamdan da mənə nəql olunan bir maraqlı hekayə var, danışmaq istəyirəm, lakin, qulağımın dibində vızıldayan həşəratlar fikrimi yayındırır, zəhləmi tökür amma mən də inadkaram, dedimsə danışacam deməli danışacam. Babam Krımın düşmənlərdən azad olunmasında iştirak edən hərbi hissənin tərkibində döyüşüb. Jukov Stalinə nə qədər başa salmaqa çalışsa da biz Krımı almanlardan geri ala bilmərik deyə, lakin, köntö Stalin bildiyini eləyib. Mənim ordum hər şeyə qadirdir deyib və hücum əmrini verib. Bəzən dahilər elə uydurmalar yaradıb özlərini buna inandırılar ki, bunu heç körpə uşaqlar eləməz. Babam atama deyirmiş ki 11 nəfər əsgərə 3 silahımız var idi. Hər kəs həsrətlə kimin birinci öləcəyini gözləyirdi ki əlinə silah keçsin. Stalinin qızıl ordusu nə qədər çalışsa da Krımı tuta bilmədi əksinə almanlar bizi kürüyüb leşlərimizi ölmüş heyvan cəmdəkləri kimi qara dənizə tökdülər. Mən Qara dənizlə Azov dənizini birləşdirən kerç boğazına baxanda dəhşətə gəldim, suyun üzü insan cəsədlərinin çoxluğundan görünmürdü, sanki insan cəsədlərindən bir körpü düzəldilmişdi. Almanlar bizi Krımda əsir alıb Fransanın Tuluza şəhərinə gətirdilər. Hələ o vaxt əsir alınan erməni əsgərləriylə insani rəftar edilirdi. Hər bazar günü Fransada olan erməni lobbisinin nümayəndələri erməni əsirləriylə görüşüb, onlara təmiz paltar, qida məhsulları: çaxır, siqaret, hətta donuz ətindən hazırlanmış yağlı kolbasalar gətirirdilər. Bizimə Krımda əsir düşənlərin arasında Gəncə şəhərindən olan Tarverdi adında bir oğlan da var idi. Biz Krımda vuruşsaq da bunu yalnız əsirlikdə tanıdım. Üzünün cizgilərində heç nədən qorxmadığı açıq aydın hiss olunurdu. Sən demə o erməni dilini ermənilərin özündən yaxşı bilirmiş. Mənim erməniləri görməyə gözüm yox idi. Çünki onlar 1918-ci ildə Şamaxıda qardaşıgildə qonaq olan atamı və əmimin ailəsini amansızlıqla qətlə yetirmişdilər. Bir dəfə Tarverdi mənə yaxınlaşıb “ Mirzə, ağlıma bir fikir gəlib, istəyirəm həmin o erməni köpək uşaqları gələndə mən də qabağa çıxıb erməni olduğumu bildirim” dedi. Mən nə qədər ermənilərin oğraşlığı, qancığlığı, vəhşiliyi barəsində misallar gətirib onu fikrindən daşındırmağa çalışsam da Nuh dedi, peyğəmbər demədi. Hətta, yalvararaq erməni kimi özünü qələmə verib düşmənin malını yeməkdənsə burada acından ölmək daha yaxşıdır dedim. Yenə razı olmadı. “Mirzə mənim 3 oğlum, 1 qızım, 1 də gənc və mənim yolumu gözləyən gözəl həyat yoldaşım var. Necə olursa olsun mən buradan sağ çıxmalıyam” dedi. Mən onun fikrində qəti olduğunu görüb üstünə çox da getmədim. Lakin, bunu etdiyi təqdirdə mənə salam verməməsini, yanımda oturmamasını, istədim. Ümumiyyətlə bundan sonra məni tanımayacağını söylədim, bunu bacarmaram dedi. Həqiqətən də hər dəfə erməni nümayəndəliyi öz əsirləriylə görüşməyə gələndə Tarverdidə özünü qabağa verib ermənicə daışır, onlarla bir sıraya durur, verilən payı aldıqdan sonra bir hücrəyə çəkilib, öz işini görürdü. Bir – iki dəfə mənim də onunla oturmağımı təklif etsə də qəti etirazımdan sonra bu istəyindən əl çəkmişdi.
Bir gün gecə yanıma gəlib, mənimlə söhbət etmək istədiyini bildirdi.sadəcə söhbət dedi “ Mirzə, mən sadəcə erməniləri ələ salıram, onlara hələ bu da azdır. Mən heç vaxt haradan olduğumu unutmaram, inan mənə” deyə yanımda oturmaq istədi. Imkan vermədim. Sərt şəkildə yanımdan rədd ol dedim. O artıq bir söz demədən yanımdan uzaqlaşdı. Gecə yuxunun şirin vaxtları atəş səslərinə oyandım. Məni soyuq tər basmışdı. Narahat şəkildə səhəri açdım. əsirlərin səhər düzülüşündə Tarverdini görmədim. Heç günorta da gözlərimə dəymədi. Həmin gün bazar günü olduğundan erməni lobbisinin nümayəndələri gəlsə də Tarverdini erməni əsirlərinin srasında da görmədim. O gündən sonra ümumiyyətlə Tarverdini görmədim. Ürəyim o qədər kövrəlmişdi ki, hətta boşluğa düşəndə ağlamışdım da, axı niyə o gecə Tarverdini yanımda oturmağa qoymadım. Bəlkə mənə çox vacib bir sözü vardı. Çox peşman olmuşdum. Elə indiyə qədər də bu peşmançılıq mənimlədi. Görəsən Tarverdi hara yoxa çıxdı? Bəlkə də o atəş səsləri onun vaxtsız əcəl zəngi idi, ya da qaçarkən arxasıyca atılan güllələrin səsləri, mən bilmirəm.
Sənin anana gəldikdə isə onu Fransadan gətirmişəm. Muharibə qurtardıqdan sonra 1954-cü ilə kimi Tuluzada yaşadım. Necə tanış olduğumu danışsam qorxuram başın ağrıyar.
Stalin öldükdən sonra muharibədə əsir düşənlərin öz vətənlərinə qayıtmasına icazə verildi. Mən də eləməyib tənbəllik(daş düşəydi o günə) bu fransız qızını da götürüb gəldim Azərbaycana. Əvvəllər özünü əsil fransız aristokrat qadınları kimi aparan bu qadın sonralar burada yaşamağın nə qədər çətin olduğunu duyduqda fransız kübar cəmiyyətinin bütün məziyyətlərini buraxıb, mənimlə çiyin-çiyinə verərək, pambıq tarlalarında, üzüm əkinlərində işlədi. Ev qurduq, sakit və mehriban ömür sürməyə başladıq. 10 ildən sonra heç kim onun fransız olduğuna inanmırdı, heç özü də fransız olduğundan qürurlanmaz, əksinə özünü sovet azərbaycanlısı kimi görmək istədiyini, hətta gördüyünü deyirdi. Düzdür əlinə kitab götürüb oxuyanda ondan zəhləm gedirdi. Özümü gəlib Azərbaycanda halal süd əmmiş bir gözəl qızla evlənmədiyimə görə qınayırdım da. Lakin, Fransada mənim kimi sadə əsir bir müsəlmana bu avropalı qızın göstərdiyi dərin ehtimad yadıma düşəndə öz fikirlərimə görə utanıb, xəcalət çəkirdim. Hansı azərbaycanlı və ya varlı şərqli qadını bunu edərdi. Siz deyin! Bura gəldikdən sonra ona etdiyim qəddarlığa rəğmən o məni dəlicəsinə, əsil fransız romantikasına xas olan qarşısıalinmaz məhəbbətlə sevirdi. 14 uşağın olması da məhz bu sevginin ən bariz nümunəsidir. Öz ailəsinə, ərinə uşaqlarına o qədər bağlanmışdı ki, heç vaxt Tuluza şəhətində olan valideyinlərindən sarı darıxdığını deməz, mən bizdələməsəm heç məktub da yazmazdı. Qürbət eldə olan mənəm, onlar məni axtarsınlar deyirdi. Məncə də haqlı idi.
Bala, əgər, mənə hər dəfə cavan olmaq imkanı verilsəydi heç şübhəsiz həmişə bir fransız qızı ilə evlənərdim.
Комментариев нет:
Отправить комментарий