Xanım Qasımova
İşıqla zülmət, ümidlə bədbinlik, sevgi ilə nifrət, ölümlə həyat qovuşanda güclü olanı qalib gəlir. Səssizliklə harayın bir yerdə olması mümkündür. Hər ikisi ruhumuzda yan-yana, əl-ələ yaşaya bilir. Gənc Ədiblər Məktəbinin, eləcə də Azərbaycan Yazıçılar Birliyinin ən gənc üzvü, Prezident təqaüdünə layiq görülmüş 17 yaşlı Mirbəhram Əzimbəylinin “Səssizliyin harayı” kitabını oxuduqdan sonra buna əmin oldum.
Nə sevirəm, nə nifrət edirəm,
Nə gülürəm, nə ağlayıram,
Mən ruhunuzun divarıyam.
Üstümə şeirlər yazdınız,
Bəzən şəkillər çəkdiniz.
Kirli əllərinizi silib ürəyinizə
Sevgidən təmizlənmiş şəkildə toxundunuz mənə.
Min dəfə dağıtdınız, min dəfə tikdiniz məni
Mən ruhunuzun divarıyam.
Sevgini sevmək...Nə gözəl deyilib. Gənc şairin təmiz ruhundan süzülən misralar, sözlər insanı düşündürür, həyata, ölümə, dünyaya, sevgiyə yeni bir qapı açır.
Hər şey qocalır, hər kəs qocalır...
Qələmim də qocalır.
Sözümü yazdım, kağızımda sözüm qocalır.
Hər kəs qocalır, amma heç kəs ölmək istəmir.
Bəs sən? Qocalıq, ölərsən bir gün...
“Duyğularım” adı altında topladığı yazılarda yaşantılarımıza, iç dünyamıza işıq salır. İnsanlara, həyata sevgi aşılayır. Yazılarından keçən “ölüm xətti” belə sevgi dadır: “ Yaşayın, sevin həyatı. Sevin, qarşılıq gözləməyin. Qar yağsa, qar adamı düzəldin. Günəş çıxsa, gəzin dəniz kənarlarını. Nəfəs ala bilirsinizsə, çox məsudsunuz. Həyatınızı bir məzarın içində ölü kimi keçirməyin. Sevdiyiniz insanların üzündən öpün, gözəl sözlər deyin onlara. Göydəki ulduzları deyil, sevdiklərini sayın. Onlar daha işıltılıdır və gözəldir. Sizi sevməyənləri sevginizlə cəzalandırın. Adamların gözlərinə şəklinizi çəkin. Qorxmayın ki, gözəl olar, ya çirkin...”
Комментариев нет:
Отправить комментарий