İndi dil öyrənmək yaman dəbə minib. Ay ingilis dili belə gəldi, fransız dili belə getdi. Bir az da xırdalasaq, icra başçısının, gömrük, vergi, polis işçisinin dilini bilsən, işin xod gedəcək. Rəhmətliklər deyərdi ki, gərək alverin də, vəzifənin də dilini biləsən. Əlbəttə, o savad, bacarıq məsələsi keçmişdə qalıb. İndi şirkət, idarə rəhbərlərinin çoxu heç latın qrafikasını ağıllı-başlı bilmir. Təsəvvür elə ki adi attestasiyadan keçə bilməyəni icra başçısı verirlər. O da başlayır öz ağlında olanları ətrafına yığmağa, vəzifəyə gətirməyə. Məsələn, hərbidən dəlilik kağızı ilə, yəni fırıldaqla yayınana tapşırırlar ki, gənclərin vətənpərvərlik tərbiyəsi ilə məşğul ol, onları hərbi xidmətə göndər. Dünənə qədər restoranda küftə, piti alveri ilə məşğul olana böyük bir idarəni etibar edirlər. O da insanlara əvvəl işlədiyi restorandakı kotlet, küftə kimi baxır. Nə var nə var dədəsi icra başçısının 2-3 dişinə “plomb” qoyub, bu da əvəzinə yüzlərlə yetim-yesirin haqqına “plomb” qoymalıdır. Qısası, idarəni “baş”la yox, “diş”lə idarə etməlidir.
Sizi bilmirəm, amma mən belələrinin bacarığına heyranam. Savadla deyil ki? Həmin savadlılar idi də, vəzifə, dükan yeri satışının zayını çıxartmışdılar. Məsələn, gül kimi vəzifələri dəyər-dəyməzinə satırdılar. Sağ olsun indiki başçılar, adi təlimatçılığın “tas”ını qaldırıb 10 minə. Belə olanda kadr vəzifəsindən daha möhkəm yapışır. Çünki kadrın vəzifəyə külli miqdarda xərci çıxmasa, iki gündən bir başlayacaq nə bilim istefa verirəm, insan kimi hüquqlarımı tələb edirəm və sair. Amma vəzifəyə yaxşı maya qoyanda nə qaça bilir, nə uça. Bax, rayonlarımız gündən-günə abadlaşır. Nəyin hesabına? Bilmirsən bil. Hörmətli və müdrik başçılar fəaliyyətə başlayandan sonra kvadratı 100 manata olan dükan yerinin indi kvadratını qalxıb 1000 manata. Bu qiymətə dükan yeri alan da onun qədrini də yaxşı bilir. Ay əlinə dönüm a! Bütün bunlar xarici dil yox, zamanın dilini, bicliyin, yaltaqlığın dilini bilənlərin hesabınadır. Rəhbərlərimiz Stalinin əsərlərini oxumasalar da, hərdən qarasına deyinsələr də, belə görünür onun iş üsullarına yaxşı bələddirlər. Belə ki “quyruğu” olan adamları vəzifəyə daha çox gətirirlər ki, çaşan kimi həmin “quyruğu” tez onun gözünə soxsunlar. Qısası, bizim rəhbərlərin bacarıqlı iş üsuluna görə onlara çox minnətdaram. Yapın nə qədər yapa bilirsiniz! Hərdən az qalır gedib deyim ki, üzr istəyəm sizi bəzən nahaq tənqid etmişəm. Bu kişilərin xırda-para işlərlə heeeç arası yoxdu! Məsələn, bir dəfəlik maliyyə şöbəsinə tapşırırlar ki, hansı sahəyə pul köçürsən, onun 20 faizi mənimdir. Məsələn, xəstəxana 0,5 milyon manatlıq dərman, 200 min manatlıq ərzaq alır, yaxud hansısa rayonda şəhər və qəsəbələrin təmiri üçün 0,5 milyonluq təmir pulu ayrılıb, hamısını o 20 faizlik “qayçı” ilə elə kəsirlər, heç kimin ruhu da incimir! Dədə-babalarımız min illər palçıqlı yollarda dolaşdı, dünya dağılmadı ki? Nizamilər, Füzulilər həmin işıqsız, televizorsuz, internetsiz zamanlarda, xaraba yolları olan yurdlarda yetişmədimi, ağrın aleym?!
Комментариев нет:
Отправить комментарий