15.08.2011

Müasir yapon poeziyası. Şizuko Kavakami (1971)

“Sevən bədən” kitabından seçmə şeirlər
*
Cırr... cırr...
Bədənim cırıldayır
Pas atmış qapı cəftəsi kimi...
- Dilimin altına yağ tök!
*
Bundan sonra
Heç vaxt buraxmamaq üçün
Əlini bərk-bərk sıxıb durmuşam -
Bu kişi mənimdir,
Onu təzə tapmışam!
*
Off, elə istəyirəm ki... –
Bunu etiraf etmək asan deyildir.
Amma istəyirəm.
Qürurum qoymur deyəm.
*
Kəmşirin nar dənələrini
Ağzıma atıb
Dilimlə onları oynadıb
Marçıldadaraq
Dişlərimlə sıxmaq, sıxmaq istərəm...
*
Harasa tələsən zaman
Işlərin düz gətirməyəndə
Uzaqdan
Hər yaraşıqlı kişi
Arxadan
Tanış gəlir...
*
Qıcıq fikirlər
Dəri altında oynayır sanki.
Hey dəcəllik edir, heç sakitləşmir.
Bəlkə, qeyd-şərtsiz sevdiyimdəndir?
Bəlkə, özümü məhv etməkdəndir...
*
Nə istəsəm, onu da edəcəm.
Əllərimə hər şey tabedir.
*
Görürəm,
Cücəmin kefi yaxşıdır.
Yaman ərköyündür –
Dən əvəzinə 
Dilimi istər...
*
Dözə bilmirəm.
Bir söz de mənə!
Dilindən qopan hər sözü
əzizləmək istərəm...
*
Sus. Qımıldama.
Nə bir səs olsun, nə bir jest.
Niyə anlamırsan axı!
Dağın zirvəsindən
Lərzə yaxınlaşır...

Tərtib etdi: Sima Ənnağı

Комментариев нет:

Отправить комментарий