25.08.2011

"Ədəbiyyat ürəklərdə yaranır"


Səlim Babullaoğlu: “Postmodernizm açıq dünyanın xoşagəlməz ruhi vəziyyəti və öz vəziyyətinə sarsaq münasibətidi”
Canlı klassik Səlim Babullaoğlu ilə müsahibə
- Ədəbiyyatda bir çox proseslər gedir və bəzən də gedən proseslər də münaqişələrlə nəticələnir. Sizin buna münasibətiniz?
- Təəssüf ki hər sahə də olur münaqişələr. Amma ədəbiyyatda münaqişəyə yol verilməməlidir. Ədəbiyyat-söz sənətidir. Siz münaqişə deyəndə konkret nəyi nəzərdə tutursuz?
- Anar-Şamo Arif münasibətlərinə məsələn. Gənc yazarlarla AYB- arasında münasibətlərə.
- Şamo Arifi haqlı hesab eləmirəm. Ümumiyyətlə isə tarixə, özü də belə məsələlərlə bağlı bu şəkildə müdaxilələr düz deyil, doğru deyil. Biilirsiz bəzən olur, yolda 10-15 nəfərin gözü qabağında baş vermiş avtomobil qəzasını hərə bir cürə danışır. Yəni, 15 versiyada. Ona görə, heç yaxşı hal deyil, təəssüf doğuran pis örnəkdi. “Gənc yazarlar və AYB” deyə bir problem isə ümumiyyətlə yoxdur Tural. Çünki AYB üzvü olan xeyli istedadlı gənclər var, onda gərək gənc yazarlar və AYO, ya da başqa bir problem uydurulsun.
- Müasir ədəbiyyatımızda bir çox ədəbi qurumlar var, amma AYB və AYO bir müstəvidə tutulur. AYB-nin üzvü kimi fikriniz önəmlidir.
- Bu müqayisə qüsurludur. Kimlərsə bu iki qurumu bir tutursa, o zaman o şəxslərdə qüsur var. AYO deyilən bir şey yoxdur. Onun üzvləri arasında elə adamlar var ki, mən həmin adamların əsərlərini sevirəm, həmkar kimi onlara hörmətlə yanaşıram. Amma baxaq görək AYO deyilən bir qurum hansı prinsiplərə söykənib, hansı ədəbi-estetik bazaya əsaslanır. Yaxud təşkilati prinsiplərə. Yoxdu belə bir şey…Qardaşlıq, dostluq, azad düşüncə birliyidisə, son hadisələr göstərdi ki belə deyilmiş. Bir də bu ümumi insani keyfiyyətləri təşkilata sırımağa dəyməz. Ümumiyyətlə isə ədəbiyyat təşkilatları yaranmır, nə AYB-də, nə AYO-da, nə PEN klubda. Ədəbiyyat ürəklərdə yaranır, dirsək yerləşən qədər masalarda, yaxud diz üstə yazılır. Müasir dövrdə ədəbi təşkilatlar yazarlara sitimul vermək üçün yaradılırdı, yaranır. Amma bu gün elə dövlətlər var ki, ədəbi təşkilatları yoxdu, amma ədəbiyyatları var. Ümumiyyətlə elə dövrlər olub ki, təşkilatlar haqqında düşüncə belə olmayıb, amma böyük ədəbiyyat olub.
- Postmodernizmi bizlər gətirmişik ədəbiyyata deyən bir çox gənc yazarlar var. Doğurdanmı 2000-ci lərin gənc yazarları postmodernizmi ədəbiyyata gətiriblər?
- Mən onları təbrik edirəm və xahiş edirəm ki, necə gətiriblər indi elə də aparsınlar.
- Bəlkə bir az ciddi danışaq.
- Danışaq. Amma olmur. Məni təəccübləndirən bilirsiz nədir? Adamlar, xüsusən ədəbiyyatçılar necə belə şeyi deyə bilərlər? Postmodernizm bilirsiz nədi? Açıq dünyanın ötən əsrin 60-70-80-ci illərinddəki xoşagəlməz ruhi vəziyyəti, diaqnozu, eyni zamanda öz diaqnozuna öz sarsaq münasibətidi. Və bu vəziyyət o qədər acınacaqlıdır ki, kiminsə onu gətirib aparmağı özü qəhrəmanlıq yox, pis bir şey kimi görünür mənə nəzəri olaraq. Eyni zamanda gülünc. Bu sözü deyən adamlar nə dediklərinin fərqində deyillər. Başqa məsələdir ki, postmodernizmin nəzəriyyəsində qeyd olunan bədii priyomları sən istifadə edirsən. Bəli, bu mənada ola bilsin ki, birincilik kimdəsə olsun. Mən də bunlardan kiçik dozalarda istifadə eləmişəm.Amma bununla da çox məşğul olmaq və qürrələnmək olmaz. Bu təxminən tropik qurşağa aid olan bitkiləri bütünlüklə bizim torpaqlarda əkməyə oxşayar. Effekt verməz…
- Mətbuatımızın gündəmində mahnı mətnləri ilə bir çox yazılar var . Sizcə mətn hansı formada olmalıdır?
- Mətn düşündürücü olmalıdır. Bəsit olmamalıdır. Eyni zamanda hissli olmalıdır. Mahnı mətni sərbəstdə, hecada, əruzda da ola bilər. Qalanı bəstəkarın işidir.
- Siz düşündükləriniz yazırsız, yoxsa yaşadığlarınızı?
- Yaşadığım məni həmişə düşündürüb, Tural, düşündüyümü isə adətən yaşamışam.
- Azərbaycanda bir sıra məşhur şairlər nəzmlə yaradıcılıqlarına başlasalar da, sonralar nəzmi nəsrə dəyişərək özlərini daha çox bu sahədə sınamağa başladılar. Sizin buna münasibətiniz?
- Bu normal prosesdir. Bunu mən ədəbiyyatın uduşu kimi qəbul edirəm. Yəgin ki, nəzmdən nəsrə keçənlər anlayır ki, ədəbiyyata daha çox nəsrlə xeyiri dəyə bilər. Dünya praktikasında və öz praktikamızda buna uğurlu nümunələr var. Məsələn Kortasar. Məşhur Argentina romançısıdı. Eyni zamanda gözəl şeirlər yazıb. Yaxud Boris Pasternak. Mişel Uelbek. O daha çox nasir kimi tanınır və qəbul olunur dünyada. Amma bu fransız mənim fikrimcə şair kimi, esse ustası kimi daha ciddi və maraqlıdı.Məsələn Ramiz Rövşən şeirdən başqa eyni zamanda esse də, povest də yazıb və yaradıcılığının bu tərəfi elə o tərəfi kimi eyni qədər qiymətlidir. Amma tutalım Seyran Səxavət nəzmlə gəlib nəsrə. Uğurla. Şərif Ağayarın təcrübəsi. Bu təcrübələr ədəbiyyatımızın uduşudur.
- İndi bir deyim moddadır, Azərbaycanda tənqidçilər yetişmir təhqirçilər yetişir. Bununun bağlı nə deyə bilərsiz?
- Bir cümlə ilə desəm, mən tənqidçiləri sevmirəm.
- Səlim Babullaoğlu kimdən və nədən xilas olmaq istərdi?
- Kimdən diyə bilmərəm, amma nələrdənsə qaçıram.
- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
- Əvvəldən sonu görmək və tərsinə seçkin adamara, müdrüklərə məxsusdur. Məndə belə bacarıq yoxdur. Sonları görmək olsaydı maraqsız olardı bəlkə. İnsan həyatında hər bir iş görəndə 3 mərhələlidir. Niyyət, söz və əməl. Birincinin doğruluğu çox vacibdir. Bu təxminən elə son deməkdi.
Tural BALABƏYLİ                              merkez.az

Комментариев нет:

Отправить комментарий