19.08.2011

Sevgilim cəllad


Oktay Hacımusalı

neçə ildir bax beləcə ümid öldürürəm
gedib gəlib alnımdakı yazılara baxıb
köks ötürür sevgilim cəllad
şəfqətlə saçımı sığallayır sonra
onun səssizliyinə sığınıb
unuduram hər şeyi
neçə ildir bax beləcə ümid öldürürəm

adım çıxmır neçə illərdir siyahılardan
yorğun çöhrəm sönmüş ocaq yeri
qapqaranlıq
bomboz buludlar kimi dolub qalmışam
məni qaranlıqlardan xilas et
itilə xəncərini
sonra bir naməlum qəbrə tapşır məni
onsuz da
adım çıxmır neçə illərdir siyahılardan

səni əmrə müntəzirliyinə görə seçmişəm
dəqiqliyinə görə bir də
arada şəfqətli baxışların işıq salır
buzdan çöhrəmə
ancaq yox
ağ eləmə
sənin adın cəlladdır
sevgilim cəllad
səni əmrə müntəzirliyinə görə seçmişəm

qapını aç
al apar məni
sevgilim cəllad

Комментариев нет:

Отправить комментарий