23.01.2013

Nəriman Nərimanov barədə yeni faktlar...


"Paşam, qardaş qardaşa borc verməz, əl tutar"

Son 15 -20 ildə görkəmli yazıçı və dramaturq, tərcüməçi və diplomat, ictimai və dövlət xadimi N.Nərimanov haqqında onu az tanıyıb, onu az öyrənib, ona yerli-yersiz böhtan atanların diqqətini bir neçə məqama cəlb etmək istərdim. Həmin məqamlar bunlardır:

1. 1918-ci ildə Rusiya xarici işlər naziri Q.V.Çiçerin rəsmi olaraq demişdi: "Bakı qəzası həmişəlik olaraq Rusiyada qalacaq".
2. Daşnak və bolşevik Stepan Şaumyan demişdi: "Bakı Azərbaycanıən paytaxtı elan edilsə, Zaqafqaziya Rusiya üçün itirilmiş olar".
3. Hər cür cildə girib-çıxmağı bacarmiş şovinist Anastas Mikoyan demişdi: Biz Nərimanovu elə mühasirəyə almalıyıq ki, o, çox da öz nüfuzundan istifadə edə bilməsin".

Bütün bunları bilən, eşidən və getdikcə özünə qarşı güclənən təzyiq və təqiblərə baxmayaraq, heç nədən və heç kimdən çəkinməyən N.Nərimanov bu məsələlərə öz münasibətini ayrı-ayrı çıxış və məruzələrində, məktublarında belə bildirmişdi:
- "Azərbaycan bu vicdansız fırıldaqçıların əlində oyuncağa çevriləcək."

- "Mən həmişə deyirdim ki, Bakı vahid Azərbaycansız yaşaya bilməz, buna görə də onu Azərbaycanla birlikdə, vahid halda götürmək lazımdır. Buna nail olmaq üçün Bakıya, ümumiyyətlə Azərbaycana ermənilər deyil, azərbaycanlılar rəhbərlik etməlidir... Lap əvvəldən bu günə kimi Bakı Komitəsi elə bil qəsdən Mikoyan, Sarkis və Mirzoyan tərəfindən tutulub".
- "Mənim zərrə qədər şübhəm yoxdur ki, Serqo və Stalinin simasında Rusiya Kommunist Partiyasıının Mərkəzi Komitəsi biz türklərə etibar etmir və Azərbaycanın taleyini erməni daşnaklarına tapşırır. Nə kimi nəticələr olacağanı əvvəlcədən demək çətindir. Ancaq nə baş versə, bunun bütün məsuliyyəti Serqo və Stalinin üzərinə düşəcəkdir".
- "Dəhşətli vəziyyət yaranmışdır. Mərkəz Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir. Ərazilərimizi Ermənistana, daşnaklara vermək düzəldilməsi mümkün olmayan, pis nəticələr verə biləcək səhvdir".
- "Həmişə Denikini müdafiə etmiş Ermənistan müstəqillik qazanmış və üstəlik də Azərbaycanın ərazilərini almışdır".
- "Çoxmillətli əhalinin hüquq və hisslərilə belə zarafat etmək olmaz. Siz inanmayın ki, Azərbaycan çoxsaylı şüurlu rus fəhlələrinin yaşadığı Bakı deməkdir. Bu kobud səhvdir. İndi Bakıda şüurlu müsəlman fəhlələrinin sayı iki dəfə çoxdur. Bəs bütün Azərbaycan kəndliləri?
Mən qəti surətdə bildirirəm, siz də bizim dəlillərə diqqət yetirməsəniz, məcbur olacağıq ki, bizim geri çağırılmağımız barədə Mərkəz qarşısında məsələ qoyaq".
Və nəhayət, bütün qanı ilə, canı ilə doğma millətinə, doğma dilinə, doğma vətəninə bağlı olan N.Nərimanov yazırdı: "Bir millətə məxsus məslək ümumi ideal üçün bir yoldur. Ümum ideala çatmaq üçün, yəni insaniyyətə xidmət etmək üçün millətə lazımdır özünü tanısın. Bir millət özünü tanımazsa, özü ilə qeyrisinin fərqini düşünməyə qadir olmazsa, xüsusi məsləki dalınca yeriş edə bilməz. Bu yolda yeriş etməz isə, ümum müqəddəs məsləkin nə olmağın da düşünməz.
Özümüzə türk deyib də xüsusi bir məslək dalınca getməliyikmi? Getməliyik desəniz, özümüzü gərəkdir tanıyaq. Fəqət, tanımaq üçün nə lazımdır?
Milli dil, milli məktəb, milli mətbuat və qeyri-qeyri şeylər deyilmi?"
Bu idi N.Nərimanovun milli təfəkkür tərzi! Bu idi N.Nərimanovun öz xalqına, Vətəninə sədaqəti! Bu idi N.Nərimanovun cəsarəti, qorxmazlığı, mübarizliyi!
Bu idi N.Nərimanova millətçi damğası vuranların əlinə əsas verən!
Unutmamalıyıq ki, 1921-ci ilin 4 iyulunda RK (b) P MK-nın Qafqaz bürosunun iclasında qəbul edilən qanunsuz qərar - "Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi" bir günün ərzində məhz N.Nərimanovun qəti etirazı və təkidilə dəyişdirildi və Qafqaz Bürosunun həmin əsassız qərarı ləğv edildi, yenidən müzakirəyə çıxarılaraq bu şəkildə qəbul olundu: "Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması daha məqsədəuyğundur". Və Qarabağı Azərbaycandan ayırmaq təşəbbüsü, Dağlıq Qarabağa muxtariyyətin verilməsi yalnız N.Nərimanov Azərbaycandan uzaqlaşdırıldıqdan sonra reallaşdı.
Məhz N.Nərimanovun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda inadcıl və ardıcıl mübarizəsi nəticəsində Bakı, Zəngəzur, Qarabağ, Naxçıvan, Zaqatala Azərbaycanın tərkibində saxlandı.
Bir maraqlı tarixi faktı burada bir daha xatırlamağı faydalı hesab edərdim. Bu, Türkiyə Böyük Millət Məclisinin N.Nərimanova olan münasibəti məsələsidir. 1921-ci ildə Türkiyə BMM tərəfindən Azərbaycan- Türkiyə əlaqələrinin inkişaf sahəsindəki xidmətlərinə görə N.Nərimanov "Fəxri Qılınc"la təltif olunmuşdur.
Qoy, N.Nərimanovun əleyhinə lüzumsuz, faydasız fakt, materiallar axtaranlar, onu haqsız yerə günahlandıranlar burada sitat gətirdiyim fikir və qeydləri dönə-dönə oxusunlar. Bu fikir və qeydlər N.Nərimanovun milləti üçün, Vətəni üçün göstərdiyi xidmətlərin bəzi məqamlarıdır. Hələ N.Nərimanov irsində, N.Nərimanov tərcümeyi-halında açılmamış, oxunmamış xeyli maraqlı və qiymətli səhifələr, məqamlar var!
N.Nərimanov nə edəydi ki, bir yandan Çar Rusiyası tərəfindən təqib olunurdu, həm bolşeviklər - öz həmkarları, həm "sapı özümüzdən olan baltalara çevrilmiş" bəzi soydaşları onu çox güclü və potensial rəqib sayırdılar; digər tərəfdən isə doğma Vətəni Azərbaycanda Azərbaycan Xalq Cumhuriyyətinin daxili işlər naziri Xəlil bəy Xasməmmədovun Şuşa və Gəncə qubernatorlarına belə bir sərəncamı var idi ki, N.Nərimanov bu ərazilərdə görünən kimi onu həbs edib Bakıya göndərsinlər.
N.Nərimanov Azərbaycan SSR yaradılarkən Azərbaycan Respublikası Xalq Komissarları Sovetinin sədri, yəni Baş nazir seçilərkən ona qəti şəkildə, ən yüksək səviyyədə söz vermişdilər ki, müstəqil Azərbaycan Respublikası dağılmayacaq, bir hökumət yeni bir hökumətlə əvəz olunacaq. XI Qızıl Ordu Bakını, Azərbaycanın digər ərazilərini işğal etməyəcək, qan tökülməyəcək. Bu ordu dəmir yolu vasitəsilə Bakıdan, daha doğrusu, Biləcəri stansiyasından keçərək Türkiyəyə, Anadoluya gedəcək.
Yoxsa, mən əminəm ki, N.Nərimanov kimi vətənpərvər bir şəxsiyyət Azərbaycan Xalq Cumhuriyyətinin devrilməsilə, Azərbaycanın işğalı ilə heç cürə razılaşmazdı. Çünki o öz Vətənini, öz xalqını heç kəsdən az sevmirdi; əksinə, o dövrkü ictimai xadimlərlə, tanınmış ziyalılarla müqayisədə bəlkə də doğma xalqını, doğma Vətənini hamıdan çox sevirdi...
Lakin müəyyən müddətdən sonra aldadıldığını, yeni quruluşa, inandığı Mərkəzə inamını itirdiyini hiss etdikdən sonra bütün bunlara qarşı təkbaşına mübarizə aparmağa başladı, reallıqları, həqiqətləri dilə gətirdi və nəticədə elə bütün bu əməllərinin də qurbanı oldu.
Belə olduğu halda N.Nərimanov başqa necə hərəkət etməliydi? Onun arxalandığı yeganə dayaq hər tərəfdən sıxışdırılan doğma xalqı və hər yerdə təqib olunan milli vətənpərvər oğullar idi! Bax, belə bir qarışıq mühitdə ziddiyyətlərlə dolu ictimai-siyasi burulğanların əhatəsində 1920-ci ildə N.Nərimanov Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri, daha doğrusu, yeni qurulmuş ölkənin baş naziri təyin edilmişdi.
Ötən əsrin səksəninci illərində mən Tiflis arxivlərində araşdırmalar apararkən xoş bir təsadüflə rastlaşdım. Arxivlərin birində Nərimanovlar ailəsinin Gürcüstan Zadəganlar Silkinə məxsus olması barədə onlara verilən sənəd və möhürü gördüm. Bu möhür və sənəd N.Nərimanovun qardaşı oğlu Əlimirzə Nərimanova məxsusdur.
Səksəninci illərdə Tiflisdə olarkən Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti və abidələrilə yaxından tanış olmağa çalışdım. Arxivdə haqqında bəhs etdiyim sənədlərin tapıntısından sonra N.Nərimanovun anadan olduğu evə də baş çəkməyi vacib saydım. O zaman bu ev Tiflisin qədim müsəlman qəbiristanlığının aşağı tərəfindəki Mirzə Şəfi küçəsi, 46 (keçmiş Tatarski küçəsi) ünvanında yerləşirdi. Bu evin həyətində, üst mərtəbəsində oldum, mənə Nərimanovlar ailəsinin Gürcüstan Zadəganlar Silkinə mənsub olması ilə bağlı estampın (döymə dəmir lövhənin) həkk olunduğu sütunu da (ikinci mərtəbədə) göstərdilər (həmin evin o vaxt çəkdiyim fotoşəklini də oxuculara təqdim edirəm). O zaman söhbət gedirdi ki, bu ev yaxın vaxtlarda Nərimanovların ev muzeyinə çevriləcək. Çox sevinmişdim. Amma təəssüflər olsun ki, bu yaxınlarda Nərimanovlara məxsus ev-mülk tamamilə söküldü. Görəsən niyə? Kimin göstərişilə və hansı səbəbə, əsasa görə???
Xatırladım ki, N.Nərimanov 1902-ci ilin iyununda İmperator III Aleksandr adına Bakı Oğlan Gimnaziyasında ekstern imtahan verərək, bir aydan sonra Odessa şəhərindəki Novorossiysk İmperator Universitetinin Tibb fakültəsinə qəbul edilmişdi. 1905-ci il hadisələrilə əlaqədar Novorossiysk Universiteti bağlanır. N.Nərimanovun Kazan Universitetinə dəyişilmək cəhdi baş tutmur, o, Bakıya qayıdır.
1906-cı ilin avqustunda Bakıda Zaqafqaziya Müsəlman Müəllimlərinin Birinci Qurultayı keçirilir. N.Nərimanov və H.Zərdabi bu qurultayın sədrləri seçilir.
1906-cı ilin axırlarında N.Nərimanov yenidən tədrisi bərpa olunan Novorossiysk Universitetində təhsilini davam etdirmək üçün Odessaya qayıdır. 1908-ci ildə Universiteti bitirib Bakıya dönən N.Nərimanov elə o vaxtdan da aktiv siyasi fəaliyyətə başlayır.
Gürcüstan Dövlət Təhlükəsizlik Arxivində "Məxfidir" qrifilə daha bir sənəd saxlanır (başqa fondda). Həmin sənəd 1909-cu il martın 12-də Tiflis Bölgəsi Jandarm rəisi Yeryominin imzası və möhürü ilə təsdiq olunub. Sənəd bu şəkildədir:

12 mart

Məlumat məxfidir

1. Bu siyahıda adları çəkilənlərin tutulmaları Tiflis Jandarm şöbəsinin verdiyi məlumat əsasındadır. Nərimanov Nəriman bəy Nəcəf oğlu İran Inqilabı Mücahidlər Təşkilatının üzvüdür. O, İrandakı Səttarxan və Bağırxan Qoşunlarına adam, silah və partladıcı maddələr göndərmişdir. 1909-cu ilin mart ayının 9-da Tiflisdəki evi axtarılmış və həbs olunmuşdur. Evində farsca məktublar tapılmış, martın 11-də Tiflisdəki Metex qalasına göndərilmişdir.
2. Sorğulanması martın 10-da başlanmışdır.

Əslinə uyğundur

İmza: Tiflis Bölgəsi Jandarm rəisi Yeryomin (İmza)

(Gürcüstan SSR DTN arxivi, fond 153, S.1, yer 1485, v.29)

Nəhayət, Azərbaycan SSR-in Baş Naziri N.Nərimanovun imzaladığı və indiyə qədər çoxlarına məlum olmayan bir sərəncamın da surətini olduğu kimi oxuculara təqdim etmək istərdim:

Bakı şəhərindəBirinci Azərbaycan Dövlət Kişi Pedaqoji İnstitutunun təsis edilməsi haqqında 

D E K R E T

Respublikanı vahid əmək məktəbi ideyalarını həyata keçirməyi bacaran yüksək ixtisaslı maarif işçilərilə təmin etmək məqsədilə Azərbaycan SSR Xalq Komissarları Soveti qərara alır:
Bu il sentyabrın 1-dən Bakı şəhərində ikinci dərəcəli məktəb üçün dövlət (türk dilində, müəllimlər hazırlayan Birinci Azərbaycan Dövlət Kişi Pedaqoji İnstitutu təsis edilsin. Həmin dekret nəşr edilən kimi dərhal İnstitutun təşkilinə başlansın.

Xalq Komissarları Sovetinin sədri - N. Nərimanov.
Xalq Maarif Komissarı - D. Bünyadzadə

26 avqust 1921-ci il

Məncə, əlavə izaha ehtiyac yoxdur. Qoy, vicdanlı və millətsevər oxucu özü bu sərəncamın o dövr üçün necə böyük əhəmiyyət kəsb etdiyini müəyyənləşdirsin.
Görkəmli ictimai xadim və şəxsiyyət N. Nərimanov haqqında bu yığcam yazımı bu unudulmaz insanın bu gün öz aktuallığı ilə təkcə Azərbaycanı deyil, bütün türk dünyasının narahat edən Türkiyə-Ermənistan-Azərbaycan münasibətlərilə bağlı mövqeyini əks etdirən çoxlu sayda mövcud faktlardan birini xatırlamaqla tamamlayıram: "... N.Nərimanov ancaq siyasi danışıqlarla kifayətlənməyərək, imkan dairəsində Azərbaycandan Türkiyəyə neft, benzin, kerosin və qızıl pul göndərirdi. O, Atatürkə ünvanladığı məktubunda bu haqda bildirirdi: "Paşam, qardaş qardaşa borc verməz, əl tutar" (Həsən Həsənov).
Mənim fikrimcə, bugünkü azərbaycanlı N.Nərimanov kimi şəxsiyyətin fəaliyyətinə qiymət verərkən sadaladığım faktlara həm keçmişin, həm də indinin gözü ilə baxmalıdır. Hər kəs kimin kim, nəyin nə olduğunu düzgün müəyyənləşdirməlidir. Müasirlərimizin borcu tarixi reallıqlara obyektiv qiymət verməkdən ibarətdir. Tarixi unutmaqdansa, tarixi şəxsiyyətlərə ləkə yaxmaqdansa, onu öyrənmək, şəxsiyyətlərin fəaliyyətini hərtərəfli araşdırmaq, sonra tarixə, şəxsiyyətə qiymət vermək daha düzgün yoldur.

Vaqif ARZUMANLI                       Yeni Carci Qazeti

Комментариев нет:

Отправить комментарий