Ehramlar-insanlar
Bax,
Dağları necə tikir insanlar,
Səhrada sıralanıb ətəyi gen
Ehramlar.
Bəlkədə göydələnlər
Allaha çatmaq üçündür,
Babil qülləsi kimi...
Gözlərinə eynək taxaraq
Başa geyilən papaq,
Üzündə saqqal,
Kimdən gizlənir insanlar?
Başına hicab keçirən qadın,
Dilənirdi.
Əl açırdı maşınlara.
İnanmıram hicab taxan qadınlara.
Bəlkə buna çalışırlar?
İnamsızlıq.
Məscidin içində Allahı axtardım,
Mütəkkə gördüm, Molla gördüm.
Evə gəlib özümdə tapdım səni,
Bu qədər yaxın ikən,
Uzaqda axtardım səni.
Hər şeyin zahirinə aldanırıq.
Saqqalına, örtüyünə.
Artığına, əskiyinə.
Mənsə sənə inanıram,
Özümə bənzəyən adam...
Bu qədər
Yunusu udan balıq,
Sahilə qaytardı onu,
Bu da tarix qarşısında
Sahillərin xoşbəxt sonu.
Tək bir dəfə.
Lutu obasından didərgin saldı,
Qövmü.
Hər daş üzərində adı yazılaraq
Məhv oldular...
Bu qədər yazdıq, yazdıq
Kimi məhv edəcək kağız?
Qaranlıqdır.
Sözlər ilahidir deyirlər,
Danışmayın.
Bəlkə susaraq çox şey ifadə etdi,
Gözlərimiz.
O da korsa...
Sapı iynənin gözündən keçirməyi
Bacarmayan qoca nənəm,
Mənki sənin gözlərinəm.
Bir kibriti alışdıracaq qədər,
Güclü deyil qolların.
Bir insanı mutlu edəcək qədər,
Şəfalıdır sözlərin.
O da lalsa ...
Mən,
Hər ayna qarşısından keçəndə,
Özümü görürəm,
Səni görmək ümidilə...
Güvən
Ayağını itirəndən sonra,
Sarıldığın əsa, sənə dayaq olacaqsa,
Qola güvən.
Səni məhrum qoydu güllə,
Gözün, gözün,
Göz önündə töküldüsə,
Dilə güvən.
Nə arxalıq, nə önlüksən,
Özün üçün, ani, qısa,
Mənim üçün ömürlüksən,
Mənə güvən.
Bəs mən? Bəs mən kimə?
Nəzər saldım, həm geriyə, həm önümə.
Güvənsizəm...
Комментариев нет:
Отправить комментарий