06.11.2010

Şərq nağılları



İbrahim Sel
“Çərçivəsiz” ədəbi qrupu

Hekayələr

Bir qanqalla sevinməyi
dəvədən öyrənməli.
Həyata gülməyi
dişlərini ağardan skeletdən.
Və beləcə xoşbəxt olmalıymışam…
                                                            Alov


  1. Karyerə gedən yol
 
-Ata, hara gedirik?- deyə oğlan böyürdə gedən atasına baxaraq soruşdu.
-Baban bizi aparır,- atası cavab verdi.
-Baba, hara gedirik?- bu dəfə başını döndərib sağ tərəfində gedən babasından soruşdu.
-Yaxşı bir yerə gedirik,- baba qırıq-qırıq dilləndi, barmağını qatlayaraq alnının tərini sildi və yerə tolazladı.
-Hara? Axı hara gedirik?- oğlan əl çəkmədi.
-Pul qazanmağa,- baba üzə dirəşən nəvəsini sakitləşdirmək istədi və inadla susan atanın üzünə baxdı. Onda oğlan sakitləşərək böyüklərinin arasında aramsız əsən küləyin toz qaldırdığı yolla irəliləməkdə davam etdi. Baba və ata oğlanı heç vaxt yaşadıqları yerdən kənara çıxarmamışdılar. Odur ki, ətrafda hər şey onun üçün təzə idi. İstər bir az aralıda görünən daş üzlü dağlar, istər qurumuş tikanlı kolları qopardaraq qabağına qatan vıyıltılı külək, istərsə də bomboz çölün ortasıyla uzanan bu tozlu yol onda maraq doğururdu. Bir azdan uçub dağılmış köhnə bir dükanın yanına çatdılar. Tikili yüz min illərcə öncə təpəsinə daş yağmış ərazinin ortasında təbiətin sərt qovğalarına güclə tab gətirirdi, adam izi görünməyən çöllükdə qədim döyüşçülər tək yorğun, lakin məğrur görünüşlə dayanmışdı. Uçulub dağılsa da, vitrinlərinə düzülmüş amerikan siqaretlərindən burada həyat olduğu anlaşılırdı. Dükanın çöl divarları Ana İqtidar Vətən Partiyasının reklam plakatları ilə bəzədilmişdi. Üçlük gəlib dükanın qapısının ağzını kəsdirəndə oğlan tinə vurulmuş şəkilddəki Partiya öndərinin gülümsəyən simasını maraqla seyr etməyə başladı. O, lövhədəki xırda bir detalı belə gözdən qoymaq istəmirdi. Qoca cibini eşələyərək siqaret almaq üçün dükana girdi. Birdən yenidən oğlanın səsi eşidildi:
-Ata, mən acmışam, yemək istəyirəm!
 Ata üzünü istiqamət götürdükləri dağlara tərəf tutaraq fikirli halda dedi:
-Zalım balası, pul var çörək yeməyə?
 Uşaq atasının səsindəki danlağı duydu. Utanaraq səhv etdiyini düşündü. Atasına yazığı gəldi. Get-gedə kütləşən mədə ağrılarını unutmağa çalışaraq dodağını dişlədi. Üz-gözünü büzüşdürərək baxışlarını yenidən reklam lövhəsinə tərəf çevirdi.
-Uşağı yedizdirmək lazımdır, yazıq acdır,- deyə ata damağında siqaret tüstülədərək dükandan çıxan babaya yaxınlaşdı. Qoca kobud, tüklü əlləriylə ağ çatma qaşlarını yuxarı sığallamağa başladı.- Əslində elə mən də, -ata sakit səslə əlavə etdi.
-Yaxşı. Get dükandan bir şey al yeyək.
-Nə alım?
-Kolbasadan-çörəkdən,- dönüb kənara çəkilmək istəsə də, ayaq saxlayıb astadan əlavə etdi: -Hə, bir də soruş, gör karyerə gedən yol burdan keçir?
 Oğlan cəld dönüb babasına baxdı. Ata onun baxışlarındakı qəzəbi duydu, bir anlıq duruxdu, anladı ki, oğlu karyer sözünü eşidib. Ancaq uşağı duyuq salmamaq üçün özünü bilməməzliyə vurdu. Sakit addımlarla dükandan içəri girdi.
 Ata kolbasa-çörək aldığı müddətdə baba hoppana-hoppana bir qırağa qaçdı, enli şalvarının zamokunu kobud bir hərəkətlə aşağı dartaraq yaxınlıqdakı kolun dibinə peşov etməyə başladı. Oğlan dükana yaxınlaşaraq başını toz basmış pəncərə şüşəsinə söykədi. Ata asta səslə satıcıdan karyerə gedən yolu soruşdu. Oğlan atasının karyer sözünü necə əziyyətlə tələffüz etdiyini duydu. Satıcı qollarını ölçə-ölçə yolun istiqamətini izah etdi. Sonra pəncərəyə tərəf boylanaraq soruşdu:
-Uşağı da aparırsınız?
 Ata əlindəki kolbasanı atıb tutaraq fikirli-fikirli başını tərpətdi. Lakin başa düşmək olmurdu, o bununla təsdiqləyir, yoxsa inkar edir.
-Neçə yaşı var?- satıcı soruşdu.
-On dörd,- ata cavab verdi və ürkək baxışlarla pəncərəyə tərəf döndü. Uşaq atasının dükandan çıxacağını hiss edib başını pəncərədən ayırdı, cəld addımlarla reklam plakatına yaxınlaşdı və altdan yuxarı gülümsəyən öndərin ağ yaxalığına və ağaran dişlərinə tamaşa etməyə başladı.
 Ata dükandan çıxdı, dirəyə söykənərək damağında siqaret tüstülədən babaya yaxınlaşdı.
-Bəlkə uşağı nahaq özümüzlə götürmüşük,- gileyləndi.
 Qoca qaşqabağını sallayaraq dodağını qabağa uzatdı:
-İndi nə deyirsən, acımızdan ölək?!
-Sənə hələ səhər dedim gəl uşağı nənəsinin yanında qoyaq,- atanın acıqlı səsi eşidildi.- Onun heç sümükləri də bərkiməyib.
 Birdən uşaq qəzəb dolu baxışlarını onlara tərəf çevirdi. Bu qəfil hərəkətdən ata diksindi. Gözlərini qıyıb diqqətini cəmlədi. Uşağın yanaqlarından yaş süzülürdü, əsəblərinin gərildiyini duymaq çətin deyildi. Baba da əlindəki siqareti çırtmayla kənara tullayıb nəvəsinə tərəf çöndü. Uşaq köynəyinin qoluyla yanağını silərək nəsə demək istədi. Ata uşağa yaxınlaşıb boynunu qucaqladı, möhkəmcə özünə sıxdı. Bir az keçəndən sonra uşağın dodaqları üfüqi vəziyyətdə səkkiz şəklini aldı və o, ağlamağa başladı. Yaxşı-yaxşı süzə bilmək üçün ata onu yüngülcə kənara itələdi. Sonra birdən əlini sərt bir hərəkətlə arxadan onun şalvarının kəmərinə saldı, -uşaq hətta qorxdu da,- ancaq onu nə vurdu, nə də həmişəki kimi çimdiklədi, sadəcə, səliqəylə köynəyinin ətəklərini şalvarının içinə saldı. Uşaq, görünür, bu hərəkətdən xoşlanmadı, əllərinin içiylə atasınn çiynindən vurub geri itələdi:
-Yox, mən karyerdə işləməyəcəyəm! Mən daş atan deyiləm!
 Uşaq yoldan kənara çıxaraq dağların əksi istiqamətində çöl boyunca yüyürməyə başladı.
 Ata fikirli halda barmağının mayasnı dişlədi. Baba çətinliklə siqaret alışdırdı, çünki şimaldan yüngülcə meh əsməyə başlamışdı.

  2. Zınqırov
  (Əmir kişinin dedikləri)

 Bir ay içərisində çox götür-qoy elədim, gordüm yox, bu yerlər mənlik deyil. Həmyerlilərimlə sağollaşıb vətənə döndüm. Arvadım Güləndam məni görən kimi soruşdu:
-Bir şey gətirə bildin?
-Ey evidağılmışın qızı, nə gətirəcəkdim, heç iş tapa bildim ki?- deyib ayaqqabımı çıxartdım.
 Arvad başına döyə-döyə:
-Kişi, allah sənin evini yıxsın, bir danamız vardı, onu da satdın. Dedin pul gətirəcəyəm, bəs uşaqların başını niyə kəsdin?!- dedi.
 Mən qeyri-ixtiyari dilləndim:
-Arvad, bir səbr elə də…
 …Hər yerdən öz elimiz, öz torpağımız, öz adamlarımız yaxşıdı. Ətini yesələr də, sümüklərini atmırlar. Fikirləşdim ki, qarlı-çovğunlu çöllərə düşüb çörək qazanmaqdansa, kəndimizə gedərəm, xırda-xuruş alver edib, uşaqların başını saxlaram. Məmməd yun alveri, Tarıqulu şor alveri, İbiş də qaz alveri edirlər. Onlardan artıq deyiləm ki!
 Bəli, həftənin ikinci günü özümü verdim İran bazarına. İkinci və beşinci günlər bu bazar aşıb-daşır. Kimin əlinə nə keçir, bu günlərdə satmağa gətirir. Çindən, Dubaydan, Turkiyədən və İrandan gətirilən mallar ikinci və beşinci günlər ucuz olur. Ona görə də mal almaq üçün alıcılar bu günlərdə daha çox gəlirlər. Həsir zənbili götürüb düşdüm bazarın canına. Daraq, sancaq, uşaq oyuncaqları, saqqız, müxtəlif ölçüdə corablar, şapşap, həna, uşaq ayaqqabısı, dəftər, qələm, şor və başqa şeylər- gözə dəyən nə varsa, yığdım-yığışdırdım. Zənbilləri tutduğum maşına yığıb düz evə sürdürdüm. Güləndam dolu zənbilləri görüb dəli oldu:
-Ay kişi, bu nədir, yenə haranı dağıtmısan? Elə ağlayırsan ki, pulum yoxdur, bəs pulu haradan tapmısan?
 Bir söz deməyib zənbilləri evə daşıdım. Aldığım şeyləri evin ortasına töküb, bir-bir gözdən keçirtdim. Qabaqlarda olduğu kimi, hər bir malın üstünə qiymət etiketi vurub təzədən zənbilə yığdım.
 Güləndam isə elə bil sirkdə maraqlı bir tamaşaya baxırdı. Hamısını yerbəyer eləyəndən sonra oğlumu çağırdım:
-Balaşükür, sabahdan o eşşək arabasını səhmanla, dağ kəndlərinə gedəcəyik.
 Oğlum soruşdu:
-Dədə, xeyir ola?
-Alverə başlayırıq.
 Oğlum güldü, sonra dedi:
-Dədə, day alver yoxdu. Camaat alveri buraxır, sən təzədən başlayırsan? Yenə də qabaqkı kimi batırarsan… Qoy oturaq yerimizdə. Hələ mollaobalıların borcundan çıxmamışıq. Gördün də suluçeşməli Abduləlini nə günə qoydular? Axırda evini də satıb borcdan çıxdı. Eləmə, dədə, eləmə. Elə arıq-uruğu saxlayıb dolanırıq, bəsimizdir.
 Mən od götürdü:
-Əə, qırışmal, əlimin üstündə it ağzını açma!
 …Sübh tezdən durub eşşək arabasını qoşdum. Arvadı səslədim. Dolu zənbilləri eşşək arabasına yığdıq. «Hoşa» deyib tərpəndik. Evlərin arasından keçən yola çıxdıq. Qonşumuz Güləprüz xala qabağımıza çıxdı. Güləndam:
-Kişi, gəl qayıdaq bu yoldan,- dedi.
-Niyə? Axı niyə?
-Qabağımıza Güləprüz çıxdı, işimiz yaxşı olmayacaq.
 Arvadın sözünə qulaq asmadım. Rəhmətlik babam həmişə deyərdi ki, arvadın dediyinə qulaq as, amma tərsinə et. Əvvəlcə Öğrubulaq və Zubanabad kəndlərini gəzdik. Satacağımız cəhənnəm, küçələrdə bir fərli başlı cinni-bəşərə də rast gəlmədik. Ordan Şatırlıya, Şorbaçıya, Tülkülüyə, Eşşəkçiyə və Ağüzümlüyə getdik. Harada arabanı saxladıq, mal təklif etdik, heç bir alıcı olmadı.
 Çığır-bağır salandan sonra küçələrə çıxanlar da deyirdi ki, gedə Rusiyətə gedib, pul göndərməyib, göndərəndən sonra ayın-oyun alacağıq. Güləndam kor-peşman olaraq arabanı geri döndərdi. Bir az getmişdik ki əlini dizinə çırpıb dedi:
-Aa… bu kəndlərdə kişi qalmayıb ki!
 Gözümü eşşəyin zınqırovuna zilləyib fikrə getdim.
-Eşitmirsən, ay kişi,- o məni dümsüklədi,- bu kəndlərdə kişi qalmayıb e, deyirəm!
-Hə? Rusiyətə gediblər də… Təki allah işlərini avand eləsin.
-Bəs indi biz neyləyəcəyik?
 Yol boyu Güləndam əlini ağzına aparıb elə hey deyirdi:
-Aaa… bu kəndlərdə heç kişi qalmayıb ki!
 Mənimsə fikrim eşşəyin zınqırovunun yanında idi.

  3. Əvəz kişinin dedikləri

 Mühasibatlıq işi hər bir idarənin, müəssisənin, kolxoz və sovxozların fəaliyyətində ən mühüm sahədir. Mən deyərdim ki, təşkilatın döyünən ürəyi, vuran nəbzi və əks etdirən büllur güzgüsüdür. İstər Sovetlər dövründə, istərsə də hazırki zamanda mühasiblik işi adamdan dərin bilik tələb edir. Onun mahiyyətini və gərəkliyini dərk etmədən, saf, təmiz vicdana sahib olmadan mühasib işləmək çox çətindir. Belə bir ağır sahə kiməsə həvalə edilibsə, deməli həmin şəxs əliəyri olmamamlı, xalqın, dövlətin, sahibkarın əmlakına xəyanət etməməlidir. Əks təqdirdə mühasib işləyən adam çox şey itirə bilər. İnam, etibar, hörmət-izzət, sədaqət sabun köpüyü təki bir anda puç olar. Hətta inzibati orqanlar qarşısında cavab verməli olarsan. İşlədiyim müddətdə belə hallarla çox rastlaşmışam. Bütün fəaliyyətim dövründə həmkarlarıma, iş yoldaşlarıma tövsiyyə etmişəm ki, xətalı işlərdən uzaq olsunlar. Mühasibatlıq işinin sirlərinə dərindən yiyələnsinlər. Qanunçuluğa riayət etməklə, səddi aşmasınlar.
 Təsəvvür edin, Sovetlər zamanı kolxoz və sovxozların, şərab zavodlarının əhatə dairəsi çox geniş idi. Əmək haqlarının düzgün hesablanması, tikinti işlərinin maliyyələşdirilməsi, onların fəaliyyətinə nəzarət, təftişlər aparmaq, uçot-hesabat işlərinin düzgün qurulması, yoxlamalar zamanı ortaya çıxan əyir-əksikləri nizama salmaq, bankla üzləşmələr aparmaq hər bir mühasibdən gərgin əmək, diqqət tələb edirdi. Bir çox hallarda iş vaxtı başa çatsa da, mühasibat işçiləri gecə yarısına qədər işləməli olurdular. Ümumiyyətlə, bu sahə həm çətin, həm də məsuliyyətli işdir. Rayonlarda Aqrar-Sənaye Birlikləri yaradıldıqdan sonra mühasibat işçilərinin həm məsuliyyəti çoxaldı, həm də işin həcmi artdı. Əvvəllər təsərrüfatlara və sənaye müəssisələrinə kapital qoyuluşunun maliyyələşdirilməsi işi müvafiq nazirliklərə həvalə edilmişdi. 1975-ci ildən isə belə bir mühüm və ağır iş aqrar-sənaye birliklərinə tapşırıldı. Mənə elə gəlir ki, bunun nə demək olduğunu siz də yaxşı başa düşürsünüz.
 İndiki kimi yadımdadır. O vaxtlar Respublika Aqrar-Sənaye Komitəsinin sədri rəhmətlik Yunus Rzayev idi. O, rayonumuza gəlmişdi və yuxarıda qeyd etdiyim məsələ ilə əlaqədar ictimaiyyətin içərisində üzünü mənə tutub dedi: -“Əvəz kişi, bu gündən etibarən rayonda bu işlərin təşkilinə rəhbərliyi sənə tapşırıram”. Bu, böyük etimad və həm də işimə verilən yüksək qiymət idi. Belə bir etimad məndə olan məsuliyyət hissini birə-beş artırdı. Sonralar məlum oldu ki, mənə göstərilən etimad əbəs deyilmiş…
 Taleyim elə gətirib ki, bir neçə prokurorla, hüquq-mühafizə orqanlarının rəhbərləri ilə, birinci katiblərlə işləməli olmuşam. Bu adamların arasında ədalətlisi də olub, ədalətsizi də. Mənə qarşı tələ qurmaq istəyənlərə də, məni dolaşdırmağa çalışanlara da rast gəlmişəm. Amma bir şey var ki, işlədiyim müddətdə həmin adamların pis əməlləri üçün “əl yeri” qoymamışam. Harada işləmişəmsə, uçot-hesabat və maliyyə işlərini qanuna uyğun aparmışam, tabeliyimdə olan işçilərdən tələb etmişəm ki, əyintiliyə yol verməsinlər. Bir dəfə prokuror Tələt Qənbərov rayon aqrar-sənaye birliyinin rəisi Əvəz Babayevin yanında bildirdi ki, İbişov, SSRİ Ali Məhkəməsinin plenumu belə qərar qəbul edib. Orada göstərilir ki, hətta 200 manata qədər yeyinti və çatışmamazlıq olduğu halda həmin adamlar barədə cinayət işi qaldırılır. Amma sən bu vəzifəyə gələndən sonra prokurorluğa bir dənə də olsun cinayət işi daxil olmayıb. Bu necə olan işdi? Yəni, bu boyda rayonun təsərrüfatlarında, sənaye müəssisələrində heç bir yeyintiliyə, çatışmazlığa yol verilməyib? Cavabında bildirdim ki, hər şey göz qabağındadır. Siz bu boyda rayonun prokurorusunuz. Belə bir faktla üzləşmisinizsə, tədbir görə bilərsiniz. Bu hal, bizim də işimizə müsbət təsir göstərməmiş olmaz. Bu cavabımdan sonra Tələt Qənbərov daha başqa söz demədi.
 Bir faktı da qeyd etmək yerinə düşər. 1981-85-ci illərdə respublika daxili işlər Nazirliyi tərəfindən bir neçə rayonda ciddi yoxlamalar keçirildi. Yoxlamaların nəticəsi ilə bağlı ayrı-ayrı rayonlardan bir çox adamlar cinayət məsuliyyətinə cəlb olundu. Amma cinayət məsuliyyətinə cəlb olunanların arasında bir nəfər də olsun cəlilabadlı mühasib olmadı. Bu bir daha göstərir ki, adamlarla işləməyi bacarmaq, onları düz səmtə yönəltmək lazımdır.
 Bir dəf prokuror Ələsgər Rüstəmov mənə belə dedi: -“İbişov, sən bilmirsən ki, yoxlama-təftiş işinə rayonda iki nəfər nəzarət edir? Onlardan biri mənəm, bir də sən”. Prokurorun bu eyhamını yaxşı başa düşürdüm. Rayon partiya komitəsinin birinci katibi İbrahim Quranovun vaxtında istər prokuror olsun, istərsə də qeyri hüquq-mühafizə orqanlarının işçiləri, təkbaşına bir iş görə bilməzdi.
 Səksəninci illərdə rayon partiya komitəsinin birinci katibi mənə qarşı ədalətsizlik etmişdi. Mənə şiddətli töhmət vermişdi. Səbəbi də guya bu olmuşdu ki, Xanəgah kəndindəki Məmmədyarov adına sovxozda yoxlama aparılarkən direktor Möhsüm Kərimova havadarlıq göstərmişəm və yol verilmiş əyintiləri ört-basdır etmişəm. Bu işdə rayon icraiyyə komitəsinin sədri Aslan Mehdiyev mənə yaxından köməklik göstərdi və heç bir günahın sahibi olmadığımı bildirdi.
 Bütün bunlarla yanaşı mənə dəstək olan, köməklik göstərən, işimin ağırlığını və məsuliyyətini nəzərə alan, qayğı və diqqət göstərən rəhbər işçilər də az olmamışdır. Rayon partiya komitəsinin birinci katibləri Əli Əliyev, Əbdüləli Mürsəlov, bir sıra mühüm vəzifələrdə işləmiş Əvəz Babayev, aqrar-sənaye birliyinin rəhbərləri olmuş Qılınc Nəsirov, Adıgözəl Yarməmmədov, Vəkil Zeynalov, Qüdrət İsmayılov, təsərrüfat rəhbərlərindən Məzahir Süleymanov, Mirzəhüseyn Mirzəyev, Bəhriş Kərimov, Əzizağa Əzizov, Kamran Həsənov, Ağasalah Abdullayev, uşaqlıq dostum Alı Əsgərov, ikinci katib Əlövsət Bəşirov və başqalarını öndəmə çəkmək olar. Bu adamlar işi bilən, haqqı-ədaləti hər şeydən üstün tutan, təsərrüfatda bişən, qayğıkeş, səmimi, təvazökar, təəssübkeş, öz köməyini əsirgəməyən, çörək verən, sözün düzünü deyən olublar. Mən həmişə belə adamların diqqət və qayğısını hiss etmişəm, ağsaqqal kimi hərəkətlərinin canlı şahidi olmuşam. Cahangir Paşayev də xoş xatirələrlə yaddaşıma həkk olunub. Onu təkcə Cəlilabadda yox, eyni zamanda respublikada da yaxşı tanıyırdılar. Uzun illər Ali Məhkəmənin sədri işləmiş İsmayıl İbrahimov və başqa nüfuzlu şəxslər Cahangir Paşayevin adını həmişə hörmətlə çəkərdilər...
 İnsan həmişə firavan günlər keçirmir. Həyatda yaşayırsansa, deməli çətinliklərlə də üzləşməli olursan. Mənim ən ağrılı, nisgilli günüm 2002-ci il yanvar ayının son günləri olub. Ömür-gün yoldaşım, qəlb sirdaşım Yemən xanım yanvarın 30-da dünyasını dəyişdi. O ağrılı, o acılı və nisgilli günlər bu gün də, ömrümün bu yaşında da məni rahat buraxmır. Kişi üçün həyat yoldaşı, mən deyərdim ki, həyatda hər şeydir. Ona görə həyat yoldaşınızın qədrini, qiymətini bilin. Onu bütün bəlalardan, xətalardan qoruyun, ona sipər olun. Sağlam yaşaması üçün imkanlarınızı əsirgəməyin.

  4. Həmrəylik günü

 Yeni ili qarşılamaq üçün dekabrın 30-da rayona gedəsi oldum. Yolda hər addımbaşı düzülən yol polisləri bayram əzuqəsi toplamağa çıxmışdılar. Polislərdən biri bizim maşının sürücüsünü saxlayıb Azərbaycan yol polisinin “şücaətini” sərgiləməyə başladı. Sürücüdən təhlükəsizlik kəmərini niyə bağlamadığını soyuşanda sürücü and-aman elədi ki, bəs kəməri bağlayıb. Bu zaman polis kəmərin köhnə olduğunu deyib, “açıq söhbətə” keçdi: “10 manat verməlisən”. Sürücü polisin üstünə çımxırıb dedi ki, 10 manat nə gəzir, kasıb adamam. Onda polis 5 manat endirim edib, qarşıdan gələn bayramda evinə əliboş getmək istəmədiyini bildirdi. Mübahisənin sonu çox yaxşı oldu. Belə ki sürücü polisə 1 manat verib, and-aman elədi ki, gücü buna çatır. Hər ikisinin üzündəki zəhər dağıldı və hər iki müasir azərbaycanlı gülümsəyərək, bir-birlərini qarşıdan gələn Yeni il münasibətilə təbrik edib ayrıldılar. Sürücü yoluna davam elədi, polis isə soyğunçuluğuna, yalvara-yalvara pul dilənməyinə.
 Bu mərəkədən yadımda qalanı və ən çox məni narahat edəni isə şanlı Azərbaycan polisinin yalvarışları idi: “Elə bilirsən səndən aldığımı tək yeyirəm. Bayramdır e, hamısının payı çatmalıdır”.




   5. Tank

Yat dostum yat
Ulduzlarn qaydına qalma
Döşlərindən süd verəcək
Ay onlara
Və sabah
Günəş şərab süzəcək
Ulduzların sağlığına.

              Ramin Cahangirzadə
      

 Böyük səhranın ucqarlarından başlayan səmum küləyi tədricən güclənirdi. Bu vaxt səhrada olan sahibsiz dəvələr bir yerə toplaşmağa cəhd elədi və başçı dəvə qumun üstünə çıxdı. O biri dəvələr kürək-kürəyə söykənib balalarını kürəkləri arasına alaraq acı küləklərdən qorumaq üçün hazırlıq gördülər. Əvvəl isti külək əsdi, onun ardınca isə qum qasırğası gəldi. Səhrada elə bir təlatüm oldu ki, qumu göyə sovuran isti külək dəvələri yarıya qədər qum altına qoydu. Dəvələr qasırğalara ömürləri boyu alışdıqları üçün gözlərini yumub başlarını bir-birlərinin üstünə qoyaraq səbrlə qasırğanın sonunu gözləyirdilər. İki günlük qasırğa isə, nəhayət dayansa da, qum burulğanlarının başı buluda çatırdı, sakitləşmək bilmirdi.
 Dəvələr ehtiyatla duraraq quma batmış balalarını xilas etdilər. Səhrada qəribə mənzərə vardı. Küləkdən əvvəlki qum təpələrinin yeri dəyişilib, külək səhranın tən ortasında, cənubdan şimala baş alıb gedən qoşa dağların ətəklərində əlavə qum dağı yaradıb. Bu qoşa dağların bir-birindən arası bir ağaclıq məsafə olardı. Onların uzunluğu yüz kilometrlərlə ölçülür. İki dağ silsilələrinin arası çox geniş vadidən ibarətdir ki, qasırğa zamanı dağlar vadiyə qum tökülməyə qoymur. Bu dağların ətəklərində qazılmış mağaralar əcdadlarımızdan bizə gəlib çatmışdır. Hər iki tərəfdə qazılan mağaralar elə qurulmuşdur ki, o biri mağaranın içi görünsün. Saysız-hesabsız mağaralar sanki bu gün qazılıb.
 Yayın orta ayı olduğundan yaylaqların axarlı-baxarlı çağları başlayıb. Dağların zirvəsində əriyən qarın suları kiçik arxlar yaradıb üzü dərəyə axır. Üfüqə qədər uzanıb gedən meşə insanın gözünü oxşayır.
 Qoyunlar otlaqda ağzını yerdən götürmürdü. Zeynal kişi Abdul kişi ilə yanaşı oturub demisini tüstülədirdi. Dərənin aşağı tərəfindən üzü yuxarı qalxan Qasım kişinin qarımış qızı Güləsər dəvə balasının ovsarından tutaraq qəmli-qəmli gedirdi. Hərdən dəvə balasının ağzına nəsə qoyub onu yedizdirirdi. Qocalar bu qıza tamaşa edə-edə söhbət edirdilər. Zeynal kişi bərkdən dedi:
-Allah mübarək eləsin, xoşbəxt olsunlar!
 Ata oğlu Zöhraba elçilik etdi, Abdul kişi isə «amin» dedi. Güləsər dəvə balasının ağzına yenə nə isə qoydu, dəvə balası da öz növbəsində qabaq dizini qatladı, boynunu yerə uzatdı. Gülsər qıçını aşırıb dəvənin boynuna mindi. Dəvə balası başını qaldırıb qızı kürəyinə sürüşdürdü. Zeynal kişi ilə Abdul kişi bu seksual mənzərəni rişxəndlə seyr etməyə başladılar. Ağsaqqallar belə mənzərələri görəndə, bir də qoca arvadlar hər nehrə çalxayanda öz zifaf gecələrini xatırlayrlar, xəyala dalırlar. Zeynal kişi ağzındakı papirosunu marçıltıyla sümürdü. Uzaqdan əsən səmum yeli Abdul kişinin qulaqlarını yalayıb keçdi. «Ömrümüzə şığıyan qaranlıq necə də mənasızdır»-Zeynal kişi dərindən ah çəkdi. «Bəli, bu dünya fanidir» -Abdul kişi başıyla təsdiqlədi.
 Üzərində eşq yaşanmış otlar yoxdur buralarda, nədən ki onları seyr edən qoca və içiçürük ağacların paxıl titrəşməsi onları cücərməyə qoymaz.
 Güləsərin fikri bu idi ki, dəvə balasını dəvətikanı bitən yerə aparıb onu doydursun. Heybəsinə bir neçə təndir çörəyi və su qabına bulaq suyu doldurub dəvənin üstünə aşırmışdı. Bir az irəliyə, gədiyə tərəf getmişdi ki, uzaqlarda qəribə bir səs eşidildi. Diqqətlə ətrafa boylansa da bir şey anlamadı, yenidən dəvəni irəli sürdü. Dəvə ləngər vura-vura gedir, qarşısına çıxan tək-tük kolu dibindən üzərək başını göyə qaldırır, tikanlı kolu acgözlüklə gəvşəyirdi.
 Birdən bu yerlər üçün yad olan texnika səsi aydın eşidildi, tırıltı səsi aləmi götürdü. Güləsər dəvənin boynuna əlini çəkən kimi dəvə dayandı. Heyvan diksinərək bərk səs çıxardı. Elə bu an dərədən dəhşətli görkəmi ilə ətrafa qorxu saçan zirehli bir tank çıxdı. Tank əvvəlcə o tərəf, bu tərəfə burulub nərildədi, sonra dayanaraq böyürlərindən ağ tüstü buraxdı. Səsini azaldaraq bir müddət bu ağ tüstünün içində görünməz oldu.
 Zeynal kişi ilə Abdul kişi bir göz qırpımında qaçıb aradan çıxdılar. Güləsər də «Bissimillah» deyərək dəvəsinin başını döndərdi, tələsik çaparaq gözdən itməyə çalışdı. Burada dəvələr sürətlə qaçır, dəvənin ayaq kündəsi boyük olduğu üçün qumun dərinliklərinə girmir.
-Sonra necə oldu?- tank komandiri soruşdu.
-Necə olacaq, bu hadisədən sonra Makkormakın düz bir ay şeyi durmadı. -qaradərili tuşlayıcı dişlərini ağartdı.
 Gülüş səsləri tankı başına götürdü. Ratsiyada boğuq səs eşidildi:
-Con, horizont təmizdir?
-Hə, heç kim…- deyə tank komandiri tərli alnını qaşıdı.- Şoğəribə qalmış çöllük! Əsl qır qazanıdır ki durub! Bir quyudan-zaddan tapsaydıq…
-Bəs o tüstülənən nədir?- tuşlayıcı nişangahdan gözünü ayırmadan soruşdu. Tank komandiri alnını optik cihaza yaxınlaşdırdı, sonra barmaqlarını klavişlərə döyəclədi. Monitordakı görüntülər sürətlə böyüməyə başladı.
 Tuşlayıcı və komandiri ekrana tərəf əyildilər. Təpənin döşündə otların arasına düşərək tüstülənən «Kazbek» papirosu görünürdü. Abdul kişinin qaloşunun sağ tayı da papirosun yanında aşaraq qalmışdı.
 Tankda yenidən gülüş səsləri eşidildi.

  6. Yanğı
  (Dekonstruksiya ədəbiyyatı)

 Günəş kəndin üstünü almışdı, isti küləksə kəsmək bilmirdi. Torpaq quruyub çat-çat olmuş, yağışdansa əlamət belə yox idi. Quraqlıq ildən ilə artırdı.
 Kənd bomboş idi, bircə qoca qarılar, bir də azyaşlı uşaqlar qalmışdı. İşləyə bilən kişi və qadınlar kəndin yanındakı əkin sahələrində idilər. Cavanlardan isə əsər-əlamət də yox idi, onlar qazanc dalıyca uzaq ellərə getmişdilər.
 Qoca kişilər başlarını yelləyib: «Nə lənətə gəlmiş illərdi!»- deyirdilər. Bəziləri alınlarını tərini silərək «Nuh əyyamından belə istilər olmayıb»- pıçıldaşırdılar.
 Mıtı eyvanın altındakı zirzəminin ağzında oturmuşdu. Kibrit çöplərindən əsgərlər düzəldərək dava-dava oynayırdı. Bizimkilər irəli keçərək qarşı səngərdəki düşmənləri cavab atəşi ilə susdurmaqdaydılar.
 Birdən qışqırıq səsləri küçəni bürüdü.
-Hansıdı evləri?
-Bu… bu…
-Yazıq indi nələr çəkəcək?!
 Mıtı pəncərədən başını uzadaraq çölə boylandı. Bir neçə kişi həyətlərinə uzanan cığırla kimisə xərəkdə gətirirdi. Kənd camaatı əl-qollarını ölçə-ölçə onları müşayiət edirdi. Bir azdan hay-küylü dəstə həyətə doluşdu.
-Hara qoyaq?
-Bura, yataq otağına…
-Yox, hamısından yaxşı elə bura, palazın üstünə…
-Hə, hə, burda hava çoxdu.
-Ev sahibəsi bəs hanı?..
 Evdə Mıtıdan başqa heç kəs qalmamışdı. Ana o biri uşaqları da özü ilə götürərək çölə əkin sahəsinə aparmışdı. Sahədə üçü idilər: ana və iki uşaq. Ana ağır işdən yorulmuşdu, tərini silmək, uşaqlarına su vermək üçün oturdu. Və bu vaxt uzaqdan qaça-qaça gələn Mıtını gördü. Külək uşağın qışqırıqlarını ondan əvvəl qovub gətirirdi: «Atamı gətirdilər! Atamı gətirdilər!» Ananın ürəyi diksindi.
-Bu atamdı, atamdı! Atamız qayıtdı!..- Mıtı şoxumun içindən sıçrayıb onlar tərəfə çıxdı. Əli ilə kənd istiqamətini göstərirdi.
 Qadın tez boxçasını yığıb uşaqlarının əlindən tutdu və evə tələsdi.
…Uşaqlar baxışlarını onlara yaxınlaşan kişilərin üzünə zilləyib dayandılar. Birdən xırıltı, zəif ahıltı eşidildi.
-Hansı bizim atamızdı?- uşaqlardan ən kiçiyi həyəcanla soruşdu.
 Böyük uşaq dinmədi. Axı atasının kənddən çıxıb getdiyi vaxtdan neçə illər keçmişdi, bu müddət ərzində onu görməmişdi deyə sifətini belə xatırlamırdı. Mıtı isə onda hələ anasının bətnində idi.
 Qadın heç nə görmür, eşitmir, uşaqlarını belə seçmirdi…
 Kişilər tutqun-tutqun uşaqlara baxdılar. Qonum-qonşular həyətə toplaşdılar. Səsləri eşidilirdi:
-Baxın, xərəkdəki odur…
-Deyirlər dazbaşlar çırpıblar…
-Yox, deyəsən bizimkilər pul üstündə bıçaqlayıb…
 Kişilər öz evlərinə dağılışdılar, həyətdə isə arvadlar baş vermiş bu bədbəxtlik haqqında qeybət edirdilər.
-İndi bədbəxtin qızı nə edəcək?
-Az zülüm çəkmişdi, görəcəyi bundan sonraymış...
-Pul gətirib, bilmirsüz?
-Deyirlər, heç qara qəpiyi də yoxdu.
-Bakıda pullarını həkimlər soyub…
-Yox, bir urus qızı…
 Axşam qadın həyətdən çör-çöp yığmağa başladı. Ocaq qalamaq, əri üçün isti yemək bişirmək istəyirdi, amma hər şey əlindən tökülürdü. Birdən öz əksini qırıq aynada gördü, dəhşətə gəldi. Necə də qocalmışdı, amma bunu heç kəs hiss etməmişdi…
 Qadın heç bir şey demirdi. Fikri dağınıq idi. Bu nədir belə? Bu odur qayıdıb?.. Yox, yox, ola bilməz… Bütün bu gördükləri həqiqətdir?..
 Nəhayət, ocaq alovlandı. İndi əri üçün isti yemək hazırlayacaqdı. Əli alovun dilimlərinə toxunsa da, bunun fərqinə varmadı. Yerində donub qaldı. Gözləri alova zillənmişdi. İçini qorxu bürümüşdü… Niyə? Bunu özü də bilmirdi.
-Nə üçün o xərəkdə uzanıb?- balaca soruşdu.
-Çünki yorulub,- qardaşı cavab verdi.
-O, xəstədir,- Mıtı dilləndi,- onu arxa sidennikdə gətiriblər.
 Mıtı atası qoyulan küncə baxdı. Rəngi qara, arıq bir kişiydi. Uşaq inana bilmirdi ki, bu cılız, ölümlə dirim arasında çarpışan onun atasıdır. Onun təsəvvüründə atası başqa cür idi- hamıdan güclü… Təsəvvüründə canlandırdığı o əzəmətli ata anasının ona danışdığı nağıllardakı kimi doğma idi, ona vərdiş etmişdi, isnişmişdi…
 Böyük oğul da bilmirdi nə etsin. Həyəcandan ağır-ağır nəfəs alır, hıçqırmaq istəyirdi. O, inanmaq istəmirdi ki, küncdə, xərəkdə uzanan bu adam bir vaxtlar vidalaşarkən onu öpən atasıdır. Bəlkə kişilər çaşıb evə özgə bir adam gətirmişdilər?…
 Ana isə çömçə ilə ocaqdakı dovğanı qarışdırır və susurdu.
-Ana, bu o deyil…
 Uşağın sözünü küncdən gələn pıçıltılar kəsdi:
-Su… su… su…

   7. Fədainin dedikləri

 Belələri heç vaxt öz əcəli ilə ölmürlər. Ancaq bununla belə Cənubi Azərbaycandan olan inqilabçılar öz talelərindən küsməyi şəxsiyyətlərinə sığışdırmırlar. Diqqətlə dinləməyə çalışdığım fədai aramla söhbətinə davam etdi:
-Astaranın cənub sahilindən Rəştə gedən şosse yolunun ətrafında meşənin içində Pəhləvi ordusunun hücumunu gözləyirdik. Payızın axırıncı ayının şaxtalı günləri idi. Ara vermədən yağan sısqa yağış bizi möhkəm islatmışdı. Ancaq bütün çətinliklərə üstün gələn vətən məhəbbəti, fədai qüruru bizi döyüşə hazır vəziyyətdə saxlamışdı. Fəqət tale bunu da bizə çox gördü.
 Daha doğrusu, bu gecə fədai başçılarından biri səngərə bəd xəbərlə gəldi. Dedi ki yoldaşlar, Təbrizdən əmr gəlib, geri çəkilək.
 Əmirağa başını qaldırıb üzümə baxa-baxa davam elədi:
-Görəsən dünyada məğlubiyyət dərdindən ağır dərd varmı?
 Hər halda yuxarıdan gələn əmri qəbul etməmək səlahiyyətimiz yox idi.
 Gecəykən Astara şəhərinin Rəşt darvazasına toplaşdıq. Səhərə kimi yağışın altında qaldıq. Səhər tezdən Təbrizdən iki nəfər mülki şəxs gəldi. Onlardan biri yaşlı, digəri isə çox cavan görünürdü. Yaşlı kişinin alovlu nitqi bizdə çox böyük ruh yüksəkliyinə səbəb oldu. O, yük maşınının üstünə çıxaraq çıxışa başladı:
-Əziz yoldaşlar, qəhrəman fədailər! Vətənimiz Azərbaycan elə bir tarixi məsuliyyət qarşısındadır ki, onu dərk etmək asan deyil. Adətən belə şəraitdə iradəcə zəif olanlar ümidsizliyə qapılırlar. Ancaq əqidəsinə sadiq olanlar- həqiqi vətənpərvərlər öz təmkinlərini qoruyub saxlamağı bacarırlar. Qəhrəmanlıq salnaməsini yaradanlar da məhz belələridir. Etiraf etməliyəm ki, təpədən dırnağa qədər mənfur Amerikanın modern silahları ilə silahlanmış şah ordusunun əsgərləri hərbi təlimat barədə də bəzi üstünlüklərə malikdirlər. Biz də müasir tələblərə cavab verən hərbi təlimat almaq üçün müvəqqəti olaraq o taya- doğma qardaşlarımıza üz tutmalıyıq. Bu, Azərbaycan Milli Məclisinin təcili qərarının mətnidir.
 Əmirağa susub fikirli-fikirli əlini başına çəkdi və çallaşmış bığlarını tumarladıqdan sonra narazılıq bildirən bir ifadə ilə söhbətinə davam etdi:
-Lakin çox təəssüflər olsun ki, o taya verilən vədlər unuduldu. O zaman deyiən sözlərin heç biri düz çıxmadı. Modern silahlar əvəzinə əlimizdə olan adi tüfəngləri də alıb, bizləri sovxozlara, kolxozlara işləməyə göndərdilər. Özü də məcburi şəkildə.
 Sən demə, Arazın bu tayında bizi daha məşəqqətli, daha ağır həyat şəraiti gözləyirmiş. KQB başımıza ağlasığmaz bəlalar gətirdi. Bircə kəlmə haqq söz üstündə canlara dəyən igid fədailərimiz gecə ilə aradan götürüldülər. Bəzilərini səsi-sorağı arabir uzaqlarda eşidilsə də, bəzilərini birdəfəlik itirdilər...
 Burada qalanlarımızın başına da az bəlalar gəlmədi. Gün çıxandan gün bata qədər işləsək də, aldığımız əməkhaqqı bir qarın çörəyə çatmırdı. Ümidimiz bircə ona idi ki, tezliklə o taya qayıdacağıq. Nə başınızı ağrıdım, kənddən-kəndə, şəhərdən-şəhərə keçə-keçə axır gəlib Qubada qərar tutduq. Elə ki o taya qayıtmaq məsələsini bizə unutdurdular, çarəsiz qalıb evlənməli, ailə qurmalı olduq.
 Uzun axtarışdan sonra bir xanımla tanış oldum. Zahiri görkəminə görə ürəyə yatandı, davranışı da nəzakətli idi. Ancaq daxili aləmindən xəbərsiz idim.
 Nə isə, toy gecəsinin səhəri işə gedəndə xahiş etdim ki, təzə gəlin təzə mal ətindən bir küftə bişirsin. Etiraf edim ki, ev yeməyindən ötrü burnumun ucu göynəyirdi. Axşam işdən yorğun-arğın gəlib yuyunandan sonra böyük iştahla süfrə başına əyləşdim. İnsafən, Sara gecikmədən içi küftə-bozbaşla dolu kasanı qabağıma qoydu. Mənciyəz də eynən Meşkin şəhərində olduğum kimi qaşığı qapıb, düşdüm küftə-bozbaşın üstünə. Ancaq tikəni udana qədər az qaldı gözüm kəlləmə çıxsın. Pir olmuş istiotu duzu o qədər doldurmuşdu ki, yemək əvəzinə zəhər alınmışdı. Kor-peşman qaşığı yerə qoyub bir az qatıqdan, pendirdən istədim. Təzə gəlin heyrətlə dolu baxışlarını üzümə zilləyib, barmağı ilə küftəni göstərdi:
-Bəs küftəni niyə yemirsən? Axı bu sənin öz sifarişindi.
 Güclə də olsa əsəblərimi sakitləşdirib, gülə-gülə iradlarımı bildirdim:
-Yoldaş gəlin, istiotu-duzu çoxdur. Eybi yoxdu, gələn dəfə bir az diqqətli olarsan.
 Sara qəribə və məsuliyyətsiz gülüşdən sonra küftəni götürüb otağın aşağı tərəfindəki krantın üstünə cumdu və suyu açıb küftəni qaydaya salmağa başladı.
 ...Söhbətin bu məqamında Əmirağanı bərk gülmək tutdu. O bir əlini mənə tərəf uzadıb nəsə demək istədisə də, gülmək imkan vermədi. Nəhayət özünü ələ alıb, göz yaşlarını sildikdən sonra söhbətini davam etdirə bildi:
-A kişinin oğlu, bütün başıma gələnləri açıb töksəm, mənim əhvalıma oturub uşaq kimi ağlarsan. Hələ bu harasıdır... Bir gün işdən icazə alıb bir az tez gəldim ki, həyat yoldaşımı da götürüb Qubanın mərkəzindəki parkda başqaları kimi mədəni istirahət edim. Ancaq tərslikdən öz evimin qapısı üzümə bağlı oldu. Daha doğrusu, qapını o qədər döyəclədim, cavab verən olmadı. Əsəbi halda pəncərənin qabağına gəlib içəri boylandım. Nə görsəm yaxşıdır?
 Gördüm həyat yoldaşım bir nəfər cavan gədə ilə mənim yerimdə qucaqlaşıb yatıb. Cin vurdu başıma, dedim girib ikisini də bir yerdə gəbərdim. Ancaq iki məsələ mənim qabağımı kəsib, cinayətdən çəkindirdi. Birincisi, fədai adını ləkələmək istəmədim, ikincisi, peyğəmbərimizin müdrik kəlamı yadıma düşdü: “Arvadın pisdir, boşa qurtar”.
 Nə isə, gədəni yaxşı tanıyırdım, Allahın bəlası idi. Evdən necə çıxdısa, görə bilmədim. Əsəblərimi soyutmaq üçün yumruğumu düyünləyib, pəncərəyə elə çırpdım ki, şüşə çilik-çilik olub içəri töküldü. Oyanıb məni pəncərənin qabağında görəndə çaş-baş qaldılar. Dediyim kimi, gədəni tuta bilmədim. Açıq qapıdan içəri girib durdum Saranın qabağında. Qəzəblə dolu baxışlarını gözlərinin içinə zilləyib hiddətlə dedim:
-İt südü əmmiş, heç utanırsan?
 Cavabında nə desə yaxşıdır? Deyir it südü əmmiş də varsan, pişik südü əmmiş də. Özünü yığışdır ha... Bura səninçün İran-zad deyil. Mən Sovet adamıyam, ərim də olmalıdır, “lyubovnik”im də. Yalnız indi başa düşdüm ki, bərk ilişmişəm. Söz-sova son qoyub qaçdım birbaşa rayonun prokuroru Fəxrəddin müəllimin qapısına. Evini təmir etdiyimə görə məni yaxşı tanıyırdı. Özü də həqiqətən tərifəlayiq, alicənab adam idi. Xoşbəxtlikdən qapını özü açdı. Məni qapıdaca sorğu-suala tutdu:
-Əmirağa, xeyir ola, sir-sifətrin niyə bu hala düşüb? Bədbəxt hadisəmi baş verib?
 Əhvalatı olduğu kimi ona çatdırdım. Allah balasını saxlasın, ikicə günə yaxamı o canavarın əlindən qurtardı.
 Birdən fədai ara verib sualedici baxışlarını üzümə dikdi. Elə bil söhbətin məndə oyatdığı təəssüratı öyrənmək istəyirdi. Hərəkətlərindən daxilən qürur hissi keçirdiyi də duyulurdu. Elə bil başına gələn bəlanı iyirmi il öncə deyil, lap indicə yaşamışdı. Fürsətdən istifadə edib, ayağa qalxaraq iri pəncərənin qabağına gəldim.
-Dediklərindən belə aydın oldu ki, birinci nigah uğursuz olub. Bəs ikinci nigahın necə oldu?
 Əmirağa yerdən qalxıb mənlə üzbəüz dayandı.
-Ailə qurduğumuz bu iyirmi ildə yoldaşımdan bir qüsur görməmişəm. Telo insan cildinə girmiş mələkdir. Uğursuz illərin ağrı-acısını mənə unutduran o olub. Bundan başqa, vətənçün üç fədai balası tərbiyə edib. Onların əynində fədai paltarı görmək mənim ən ümdə arzumdur. O ki qaldı ikinci nigah məsələsinə, onun da səbəbkarı məni birinci nigahın bəlasından xilas etmiş Fəxrəddin müəllimdir.
 Yaxşı yadımdadır, bir istirahət günü şəhər parkında rastlaşdıq. O məni yanına salıb gətirdi mərhum Rafiq bəygilə. Bizi çox səmimi qarşıladılar... Söz-söhbətdən sonra mənim əvəzimdən Rafiq bəygilə, onların əvəzindən mənə söz verib, bütün məsuliyyəti öz üzərinə götürərək ikinci nigah məsələsini həll etdi. O, təmtəraqsız fədai toyunu da özü təşkil etdi.
 Onu da qeyd edim ki, mərhum Rafiq bəy çox ləyaqətli və hörmətə layiq şəxsiyyət idi. Vaxtilə yaşadığı rayonda yaxşı vəzifədə işləmişdi. 37-ci ilin tuthatutunda bir çoxlarını sürgündən, hətta ölümdən xilas etmişdi. Onlardan biri də həmin Fəxrəddinin özü idi. Fəxrəddin ilə Rafiq bəy çox yaxın dost olmuşdular. Təəssüf ki, donosbazlıq epoxasında kişinin özünü də ləkələyib aradan götürməyə nail oldular. Bəhanələri də olub ki, o mürəkkəb dövrdə Əlməmməd bəyin oğlu Rafiq bəy Arazı bu tərəfə keçib. Bakıda qalıb öz həmyerliləri ilə çiyin-çiyinə işləmək əvəzinə rayona niyə gəlib? Rayon Partiya Komitəsinə necə yol tapıb?
 Göründüyü kimi, ittiham uydurma olsa da, məntiq üzərində qurulmuşdu. Stalinin ölümü kişini gözlənilən bəladan xilas etsə də, istintaq öz işini görmüşdü. O çək-çevirdən sonra kişi bir daha özünə gələ bilmədi. Günü-gündən əriyib geri gedirdi. Ölənə bir gün qalmış məni yanında oturdub yüngülvari vəsiyyət elədi:
-Əmirağa, bu iki zərbə məni yaman yıxdı!
 Kişinin sözünü kəsib dedim:
-Ay kişi, xahiş edirəm məni kövrəldib ağlatma. Sizin kimi polad iradəli bir şəxsi hansı zərbə yıxa bilər?
 Dedi yox, yeznə, bunlar adi zərbələr deyillər. Qurama ittiham, bir də o tay həsrəti! Mən həyatımın son anlarını yaşayıram. Buna görə də uşaqlarımı sənə, səni də tanrıya tapşırırıam. Bir-birinizə mehriban olun. Bu sözlərdən sonra kişinin nitqi kəsildi, gözləri axdı.
 Tez qaçıb təcili yardıma zəng vurdum. Lakin həkimlər nə qədər çalışsalar da, kişini həyata qaytarmaq mümkün olmadı. Bəli, hörmətli oxucu, qızılbaşın, fədainin şərəfinə başladığımız qəhrəmanlıq hekayəti göz yaşları ilə sona yetdi.

  8. Atam
  (Krazın dedikləri)

 Göyün üzü buludlu deyildi, ancaq hava kölgəli kimi tutqunuydu. Kəndimizin üst tərəfində Kürün sağ sahili ilə suyun axarına qarşı, daha doğrusu çayın üstündən salınmış piyada körpüsünə tərəf gedirdim. Uzaqdan körpünün qaraltısı görünürdü. Yer tam palçıq idi. Qərq olmaqdan, palçıqda batmağımdan ehtiyat etdiyimə görə addımlarımı yeyinlətmək istədim, lakin bu mümkün olmadı, mənə mane olanın nə olduğunu da anlamırdım.
 Ətrafda heç kəs yox idi. Dayanmadan əvvəlcə arxaya və qabağa boylandım, bir adam görünmədi, sonra da sol tərəfə suyun səviyyəsindən təxminən 15 metr hündür olan yarğanın üstünə, kəndimiz tərəfə baxdım. Burada da heç kəsi görmədikdə- batsam da heç kəs köməyimə çatmayacaq- deyə düşünərək, yüngül qorxu hissi keçirdim. Get-gedə qaranlıqlaşırdı, mən isə palçığa bata-bata, çətinliklə də olsa irəliləyirdim. Lakin mənə elə gəlirdi ki, bir azdan zülmətə qovuşacağam və bununla da həyatımın sonu olacaqdır.
 Artıq alatoran idi, beş metr məsafə güclə seçilirdi. Ailəmi- ata-anamı, uşaqlarımı, həyat yoldaşımı gözümün qabağına gətirdim, yaxınlarımı, dostlarımı düşündüm. Və fikirləşdim ki, sabah hamı bizə yığışacaq, yəqin ki məni dəfn edəcəklər, böyük oğlum da Bakıdadır, o da 600 kilometrlik yolu öz maşınında narahatçılıqla gələcək, həm də ki uzaq yoldur, bir hadisə-filan törəyər. Bu fikirlə bir az da getmişdim ki, birdən qənşərimdə ağ saçlı, ağ saqqallı, pirani-nurani bir kişi peyda oldu. Bala, hara gedirsən?- deyə soruşdu. Bu an məndəki pessimistlik əhvalı birdən-birə tamamilə məhv oldu. Özümdən asılı olmayaraq, əlimi qabağa uzadıb: -bu tərəfə gedirəm,- dedim. O isə, -qayıt, bala, ora sənlik deyil- dedi və ani bir vaxtda qeyb oldu. Mən geriyə döndüm, elə bu an cərrahın səsinə oyandım:
-Aslan, bu oğlan- Miriş sənin oğlundur?..
 Bütün bunları mənə atam- aşıq Aslan danışırdı. Aslan qarın yırtığından ikinci dəfə əməliyyat olunandan sonra danışdı və- güman edirəm ki nurani-pirani kimi Xızr peyğəmbər idi- deyərək, sözünü təsdiqləyirmiş kimi başını irəli-geri silkələdi. Hadisə belə olmuşdu.
 1997-ci ilin qızmar yay günləri idi. Mən onda Bakı Mərkəzi Univermağında şöbə müdiri işləyirdim. Qardaşım- Qabil kənddən mənə zəng vurub- atamın qarnındakı yırtıq dağılıb, tez gəl- dedi, və- hazırda xəstəxanada əməliyyatdadır- deyə əlavə etdi. Bir an belə gözləmədən maşına minib yola düşdüm. Yol boyu özümdə günah aradım, lakin yaz başı atama- gəl gedək əməliyyat elətdirək, qarnındakı yırtıq müalicə olunsun- deyə verdiyim təklifi xatırladım. O isə mənə- yox, bala, payız vaxtı elətdirərik- demişdi. Və- hələki məni incitmir- deyə arxayın salmışdı...
 Atam Rustavidə “Zavod xəstəxanası”nda (bu xəstəxana belə adlanırdı) müalicə olunurdu. Əməliyyat olunandan iki gün sonra atamı reanimasiya şöbəsindən çıxarıb, otaqlardan birinə (palataya) yerləşdirdilər, axşam tərəfi isə həkimlər ona toyuq ətinin bulyonundan sınaq qidası verdilər. Hələik hər şey qaydasında idi, narahat olmalı heç bir əlamət hiss olunmadığından hamımızda arxayınçılıq yaranmışdı. Əməliyyatın və həkimlərin haqqını ödəyib Bakıya qayıtdım. Atama isə yaxın günlərdə ona baş çəkəcəyimə söz verdim. Lakin talenin qisməti, bəlkə də diqtəsi tamam başqa cür imiş.
 Gecəykən yol gəlib Bakıya çatdım və səhər heç evə dönmədən, ailə-uşağa baş çəkmədən bir başa işə getdim. Görüləcək işlərimlə məşğul oldum. Elə həmin gün, günortadan bir az keçmiş, dəqiq desəm saat 16 civarında qardaşım mənə telefon açıb- dur gəl, atamın vəziyyəti ağırdır- dedi. Nə baş verdiyini soruşanda isə o,- bilmirəm, həkimlər də baş açmırlar- dedi. Sonra da yavaşca, doluxsunmuş xırıltılı səslə- uşaqları da gətir, deyəsən öləcək!- dedi. Bir anlıq yerimdə donub qaldım, gözlərim doldu, nə qədər toxdamağa çalışsam da göz yaşım üzümdən çox içimi islatdı. Götür-qoy vaxtı deyildi, ona görə də maşını birbaşa evə sürdüm. Ömür yoldaşım oğluma hamilə olduğundan onu aparmağı məsləhət görmədim, lakin qızlarım- 8 yaşlı Humayı və 4 yaşlı Ürfanəni də götürüb yola düşdüm. Hər şey bizim istəyimizlə olsaydı nə vardı ki. Qobustanda maşının qızıcı paylayıcı sistemi (tramlyor) sıradan çıxdı, onun təmiri iki saat vaxtımı aldı. Sonralar bunun bəlkə də fikirlərimi dağıtmaq üçün xeyirli olduğunu düşündüm. Təmirdən sonra maşını bütün gecəni dayanmadan sürdüm...
 Sınıq körpüyə çatmağa təxminən iki kilometr qalmış vahiməli hava siqnalı eşitcək özümə gəldim. Sən demə sükan arxasında yuxu məni tutubmuş. Xoşbəxtlikdən yolda başqa maşın olmayıb. Uzaqdan üzbəüz gələn böyük maşınının sürücüsü isə məni öz yolumdan çıxıb onun yolunu da kəsərək, tədricən qırağa doğru yaxınlaşdığımı görüb və sükan arxasında yatdığımı hiss edib. Elə bu səbəbdən də güclü hava fitini işə salıbmış. Yuxudan ayılan kimi mən uzaqları nəzərdən keçirdim, Allaha dualar etdim və yük maşınının sürücüsünə əl işarələrimlə minnətdarlığımı bildirdim...
 Nəhayət, səhər tezdən kəndə çatdım. Hər kəs xəstəxanada idi, evdə tək gəlinimiz qalmışdı. Dərhal düşünmədən Rustaviyə, atamın yerləşdirildiyi xəstəxanaya yollandım...
 Ən doğru qərarı qardaşım vermişdi, təbii ki mən də eyni addım atardım. Bulyonu qəbul edəndən təxminən 18 saat sonra atamın güclü ağrıları başlayıbmış. Hətta o dərəcəyə çatıb ki, atam özünü öldürməyə bir alət və ya əşya axrarırmış. Bunu mənə anam dedi. Həkimlər yığışıb, hamısı çaş-baş qalıblarmış. Sonda baş həkim-cərrah Qabilə təklif edib ki, bu kişi onsuz da ölür, izn ver bir daha əməliyyat edək, bəlkə alındı. Qabil heç tərəddüd etmədən razılıq verib. Əməliyyatdan sonra, bəlkə də əməliyyat vaxtı atam həmin yuxunu görübmüş. Mən də elə bir məqamda gəlib çatmışdım ki, həkimlər və bütün qohumlar atamın bühuşdardan oyanmasını gözləyirdilər. Cərrah- Nuqzar həkim (o, milliyyətcə gürcü idi) məni görən kimi yaxınlaşıb qolunu boynuma saldı və biz birlikdə reanimasiya şöbəsinə, atamın yanına doğru addımladıq. O, mənə müraciətlə- gedək, bəlkə sənin gəlişini duyub, indi ayıla- dedi. Belə də oldu. Cərrah atama müraciətlə- Aslan, bu oğlan, Miriş sənin oğlundur?- deyə uca və kobud səslə soruşdu. Atam azca başını qaldırıb- bəli, bəli, mənim oğlumdur- dedi və yenə də başını salıb, gözlərini yumdu. Mən göz yaşımı saxlaya bilmədim, eynimdə sevinc və kədər yaşı bir-birinə qarışmışdı. Bu həm atamın sağ qalmasına görəydi, həm də onun çəkdiyi əzablara görə. Həkim məni qucaqladı və- o, mənim dosumdur, sənin atan yaxşı adamdır- deyib, kövrəldi. Doğrudan da, atam gürcü dilini yaxşı bildiyinə görə kənddə bir xəstələnən olanda ona müraciət edərdilər, o da xəstəni birbaş Nuqzar həkimin yanına aparardı. Bax beləcə onlar dostlaşmışdılar...
 Atam oyandıqdan sonra isə ona təxminən on gün ardıcıl olaraq qan və qanın tərkib hissəsi olan plazma köçürdülər. Onun ikinci dəfə əməliyyat olunmasının səbəbi isə, birinci əməliyyat zamanın bağırsağın hansısa bir nöqtədə buruq düşməsi imiş, xəstənin qəbul etdiyi sınaq qidası həmin nöqtəyə çatanda onun şiddətli ağrıları baş veribmiş. Bunu mənə cərrah özü izah etmişdi. Beləcə atam sağaldı, lakin bundan altı il sonra yazıq atam başqa bir xəstəlikdən əziyyət çəkdi. Bu xəstəliyin kökü onun uşaqlıq çağlarına dayanırdı...
 Məm həmişəki kimi tez-tez ata-anama telefon açır, vəziyyətlərindən hali olurdum. 2003-cü ilin qışında atam bir gözündə ağrıların olduğunu dedi. Mən isə ondan müayinə üçün Bakıya gəlməsini xahiş etdim. Nədənsə o,- keçib gedər- deyərək tərəddüd etdi. Vaxtaşırı zəngləşsək də, ara aprel ayına qədər uzandı. Bu dəfə anam telefonda atamın ağrıyan gözünün giləsinin kiçildiyini dedi. Mən inadımı nümayiş etdirdim və mayın əvvəlində atamın Bakıya gəlməsinə nail oldum. Bir an belə gözləmədən Mərkəzi Göz Xəstəxanasına müraciət etdik. Həkim xəstənin gözünün mütləq çıxarılacağını dedi və- əgər çıxarılmazsa, xəstə göz o birini də zədələyəcək- deyə, israr etdi. Başqa bir yol görmədiyimizdən, razılıq vermək məcburiyyətində qaldım...
 Atam uşaq vaxtlarındaykən dananın boğazına bağlanmış çatını tut ağacına bağlamaq üçün, onu kəmənd atırmış kimi uzaqdan qolazlayıbmış. Ağaca dolanıb qayıdan çatının düyünlənmiş ucu təsadüfən atamın gözünə dəyibmiş. O vaxt nəqliyyat-filan olmadığından həkimə gec müraciət ediblərmiş. Lakin hər halda müalicə olunsa da, onun həmin gözündə ağ ləkə qalmışdı. İndi əməliyyat olunan da atamın həmin gözü idi. Beləcə yazıq atam gözünün birini itirdi. Lakin onun üç yaşından atasız qalması (atası Hilal kişi ikinci dünya müharibəsi zamanı itkin düşüb), əziyyətlər içində böyüməsi, sonra da dörd dəfə cərrahiyyə əməliyyatı (bir dəfə də kor bağırsaqdan əməliyyat olunmuşdu) olunması və bütövlükdə həyatın çətinlikləri ilə üzləşməsi onu sarsıtmışdı. Şair demişkən, əli işdən soyumadı, ürəyi arzudan. Əvvəlcə Qazaxlı aşıq Qəni Səydulladan, sonra Borçalı aşıq Bəxtiyardan dərs almış atam Aslan Hilal oğlunun 2013-cü ildə 75 yaşı tamam olacaq. O indi də hərdənbir telli-tavar sazını sinəsinə basır, Yanıq Kərəmdən bir-iki abzas deyir.  

Комментариев нет:

Отправить комментарий