04.11.2010

Bu gələn o deyilmiş

Hekayə

Böyükxan Bağırlı

Gün elə təzəcə əyilmişdi ki, başı buludlara dəyən «Əkizlər» dağının dabanındakı Qurudərə kəndinə bir şad xəbər yetişdi: «Ə, sən demə, Dədəbəy oğlu Böyükbəy rusyətdə əməlli-başlı sağ-salamatmış. Budu, özü də gəlir. Ə, bax bunda deyiblər də, təki oğlum sağ olsun, lap urumda olsun...».
Allah, Allah, Qurudərə kəndi bir an içində gör necə canlandı, gör necə cuşə gəldi. Kənd poçtunun həyətində Böyükbəy barədə şıdırğı söhbət gedirdi. Arvadı tərəfdən Böyükbəyə qohumluğu çatan və indi pensiyasını almaq üçün poçta gələn lopabığ Tağıəli kişiyə gözaydınlığı verib onunla xoş-beş eləyirdilər:
– Tağı dayı, Allaha şükür, Böyükbəy gəlir!
Tağıəli kişi əlini hisli-paslı lopa bığında gəzdirərək:
– Gəlir, - deyirdi, - dayınız sizə qurban, gəlir.
– Deyirəm, ay Allah, səni tanımayana lənət!
– Ə, bə nədi, dünya xali döyül ki?! Bizim dılğırların cibində beş-altı manat pul var, day elə zənn eləyirlər ki, sən öl, tarıya da təpik atmaq olar.
– Tarı kişi o yana qalsın, - deyə Tağıəli kişi gülümsəyib saralmış həvə dişlərini göstərdi – bizim bu uşağa, Böyükbəyi deyirəm, oxərtənə ilmə atdılar...
– Noolsun, ay Tağı dayı, yamanlıq kimə qaldı?! Budu, Böyüybəy gəlir, özü də deyirlər ağ «Niva» ilə gəlir. Elə bu dəqiqələrdə «Həsənqulu» yoxuşunu aşıb kəndə girməlidi. 
– Dayın sənə qurban, hər nəynən gəlir, gəlsin. Təki canı sağ olsun, özün bilirsən, biz əlimizi onnan üzmüşdük.
– Yetimin də Allahı var ey!
Bəli, keçmə gözəl Allahdan. Hərə bir söz diyirlədirdi. Biri deyirdi elə, biri isə deyirdi yox, belə. Nə bilim, «vorzakonlar başını yeyiblər, işini bitiriblər». Hanı? Hamısı yalan-palan. O sayaq qiryətdi oğula kim qıyar?! «Vor-zakon»?! Ağzında «zakon» deyirsən. «Zakon» nanəcib iş görməz. Bax budu gəlir. Qoy gəlib evində toxdasın, dədəlik eliyəcək kənddəki bəzi xalası göyçəklərə...
Bu dəqiqələrdə qurudərəlilərin gözü Həsənqulu yoxuşundaydı. Hamı indicə kəndə girəcək ağ «Niva»nın pişvazındaydı. Cavan olmasına baxmayaraq Dədəbəy oğlu Böyükbəy kəndin görüb götürmüş cahıllarındandı. Rusyətə getdiyi beş ildən çox olsa da, onun dadı hələ də qurudərəlilərin damağından çəkilməyib. Sinəsini qabağa verib kəndə yol çəkdirən, rusyətdən gətirdiyi pulla cındırından cin ürkən kənd məktəbini təmir elətdirib abıra salan, rəhmətlik anasının üstündə beşlik imperiallar cingildəyən boyunbağısını satıb üç min metr məsafədən – Qoşaqaya dağının ətəyindəki «Soyuqbulaq»dan rezin borularla Qurudərəyə şipşirin su gətirən kimdi?!» Əlbəttə ki, Böyükbəy. Subay, yetim oğlandı, yığdığı pullarla özünə bir gün ağlaya bilərdi, ailə qurardı, ev-eşik düzəldərdi. Amma, sağ olmuş bunnarı eləmədi. Əvəzində malını-pulunu elin yoluna səpdi. Dedi, ilmüdam bizim Qurudərə camaatının qanını sorub haqqını əlindən alanlar, dövlətin-xəlqin malını sıpa balası kimi basıb yeyənlər qoy bu görülən işlərə baxıb yerə girsinlər.
Amma yerə girən kimdi?! Gör heç tüklərini darağa verirdilər? Özlərini o yana qoyurdular?! Guya poçtun qabağında, bələdiyyənin tinində, Ağamməd çayxanasında pülənən zurnalar, qulaqları cingildədən beşmərtəbəli söyüşlər bunlara aid deyilmiş. Onlar ayıblarına kor olmaq əvəzinə hələ bir üz qoymadıqları camaatın arasına da çıxıb qozulanır, orda-burda şaiyə yayırdılar ki, bəs Böyükbəyin gördüyü bu «xırım-xırda» işlərin arxasında umacağı var. «Adam deputatdığ eşqinə düşüb».
Kənddə qırmızı adam kimi tanınan çayçı Ağamməd müştərilərinin yanında səsinin yoğun yerinə salıb bələdiyyə Bəndalının tində-bucaqda söz iylədən çopur Ağamalı bacanağına demişdi:
– Yeznə, o filankəsə de ki, yapışmır, kleynən də yapışmır!
«Çopur» çayxanada ona dikilən və heç də xoş məram ifadə eləməyən, bir növ tamaşa gözləyən baxışların önündə özünü yerə vurmadı, azacıq üst dodağını əyib seziləcək bir rişxəndlə soruşdu:
– Başa düşmədim, nə yapışmır?!
– Sən dediyimi çatdır, yiyəsi öz sözün tanıyacaq. Bir də, yeznə, sənə əziyyət olmasa, onu da çatdır ki, adam salavata selbə atmaz. Bizdə xeyir işə «mübarək!» deyərlər. Barı bir üz qoysun ki, sabah mafasından yapışan tapıla. Sənin özüvə gələndə, ədəbin olsun, yaşca özünnən böyüknən danışanda, ağzuvu əymə.
«Çopur» koramal kimi fısıldadı, dağ laləsi kimi qızarmış peysərini tər basdı. Üç eləmədi. Ağammədin kipriksiz, girdə, qanqırmızı xoruzu gözlərinin oynadığını görüb tütəyin dilini çəkdi. Qalın yerinə salıb bir az oyan-buyan eləsəydi qaynar çaynik təpəsinə gələcəkdi. Çayçı Ağamməd Qarabağ davasında kontuziya almış adamdı. Cibində həkimdən kağızı vardı, özü demişkən, qazanca qalmış adamdı. Beləsindən nə desən gözləmək olardı. Odu ki, «Çopur» bənd olmadı, Ağammədin sözlərini yeyib gedərkən təkcə bunu dedi:
– Yaxşı!
Eşib çox şey tapmaq olardı bu «yaxşı»dan. Amma yeri deyildi. Müştərilər Ağamməddən çay istəyirdilər...

***

Bütün bunlar çoxdanın söhbəti olsa da, qurudərəlilərin yadından çıxmamışdı. O da yaddan çıxmayıb ki, Böyükbəy poçtun həyətində camaatın gözü qabağında bələdiyyə sədrinin abrını ətəyinə büküb demişdi: – Ayıbdı, utanın, bəsdirin. Bu camaatı qoyun yerinə qoymayın. Örüşü də, qəbristanlığı da satıb talayırsız. Sabah, vallah, bu qurudərəlilər səni basdırmağa yer tapa bilməyəcəklər. Bəlkə yalan deyirəm?! Əgər yalan deyirəmsə, Allah mənim cəzamı versin!
***
Həsənqulu yoxuşunda bir-iki maşın göründü. Amma hələ ağ «Niva» gözə dəymirdi. Çayçı Ağamməd samovarın odduğuna bir-iki xırda kömür atıb el yoluna tərəf boylandı:
– Bəlkə ayrı maşında gəlir? – deyə müştərilərinin fikrini öyrənmək istədi. 
– Yox, yox, «Niva»da gəlir, özü də ağ «Niva»da, - çayxanada əyləşənlərin hamısı bir ağızdan səsləndi. – Kəndə zəng çalıblar, xəbər göndəriblər.
Balam bəs zəng vuran kimdir, xəbər çatdıranın adı nədir? Bax, bunları dəqiq bilən yoxdur. Bu deyir ondan eşitmişəm, o isə deyir filankəsdən.
Uca dağların arxasında görünməz olan, bələdiyyə sədrinin «Eşşəyim ölmə yonca bitincə» kimi boş-boş sözlərindən bezib cəzanə gələn Qurudərə kəndi bu dəqiqələrdə nəsə bir təzəlik ab-havası vəd edən «Böyükbəy gəlir!» xəbərinin doğurduğu bayram ovqatını yaşayırdı.
Bu şad xəbər kənddən azacıq kənarda, bələdiyyə Bəndalının əkin yerində kartof becərən qız-gəlinə də çatmışdı. Bu dəqiqələrdə onların da gözü Həsənqulu yoxuşundaydı. Bu xəbərdən qızların arasında Böyükbəygilə qohumluğu çatan, onlarla qapıbir qonşu olan Gülayənin min yerdən çiçəyi çırtlamışdı. Qız pərvazlanıb uçmaq istəyirdi. İşçi qızların böyüyü sayılan, ələyi ələnib xəlbiri göydə fırlanan, yaşı ötdüyünə, əndamını ət basdığına görə ər sarıdan əlini Allahın ətəyindən üzən Nazqayıt bacı Gülayəni ilk dəfə görürmüş kimi qıyqacı süzüb:
– Ay qız, bura gəl görüm, - dedi, - yaxanı ver bəri. – Sonra o, üzünü bu dağların arxasında qarıyan, rusyətə gedən cavanların xiffətindən gündən-günə solub saralan ağbirçək qızlara tutub dedi: - Ay qızlar, Gülayənin sağ əli başınıza. Gətirin sancaqlarınızı taxın bu qızın yaxasına, gün o gün olsun ki, sizin də bəxtiniz açılsın, ürəyinizdə tutduqlarınız Böyükbəy kimi qayıdıb gəlsin.
İşçi qızlar bir-bir Gülayəyə yaxınlaşıb niyyət tutdular, sancaqlarının ucunu onun köynəyinin yaxasına batırıb çəkdilər. Binəsib Qurudərə qızlarının bu ümidsiz niyyəti onsuz da dərdi başından aşan Nazqayıt bacının gözlərini yaşartdı, onu haldan-hala saldı. Hıçqırığını içində boğub nəmçimiş gözlərini heç kimə hiss etdirmədən sildi. Sağ əlini alnında daraqlayıb Həsənqulu yoxuşuna nəzər yetirdi, Gülayəni səsləyib dedi: 
– Ay qız, nə durmusan, gedib Səlmi bibindən muştuluq alsana. Tərpən, di get! Sənin işini biz görərik. Böyükbəyin qonşususan, yaxın qohumusan, sonra da, o söz, hə... Tərpən. Qonaq-qaraları, biş-düşləri olacaq, sənin köməyin vacibdir, yallah! 
Gülayənin bu dəqiqələrdə alışıb-yanan gözləri ayaqlarına zillənmişdi. Tərəddüd eləyirdi. «Yanımızda ağzı göyçəklər var» deyə özünü yerə vurmurdu, ağır oturub batman gəlirdi. Ürəyində deyirdi: «Bizim əskimiz tüstülüdü. Elə o dəqiqə söz çıxardacaqlar...».
Nazqayıt bacı işi belə görəndə gözünü ərkyana ağartdı, irəli yeriyib ondan yağlı bir burma götürdü, yalnız Gülayənin eşidəcəyi bir səslə astadan dedi:
– Böyüyün sözün eşit!
Ürəyində isə ayrı söz dedi. Dedi ki, bu namərd zəmanədi, bala, bir də görərsən ki, kimsə səndən qabağa düşdü. Nə çoxdu növrəstə, gülüburnunda yeniyetmə.
Gülayə uşaq deyildi, özünə görə söz tanıyan adamdı. Düşündü ki, ürəkdə istək olmasa sənə bu qədər can yandırıb əriyini əzməzlər. Odu ki, elə o da ancaq Nazqayıt bacının eşidə biləcəyi səslə «Yaxşı» deyib tez özünü çölləmə yolla kəndə çatdırdı. Məktəbin yanından keçəndə gördü ki, idman meydançasına toplaşan müəllimlərin də gözü Həsənqulu yoxuşundadı. Hərə bir niyyətlə gözünü yola zilləmişdi. Arada su bulandıran, gölə qarğı sancan da vardı.

***

Gülayə Səlmi bibisigilin həyətinə girəndə Ənnağı babanı eyvanda təzəcə üzü qibləyə tərəf uzatmışdılar. Dəllək Məşədi Tapdıq əlüstü kişinin üzünü təraş eləmişdi, indi digər vacib işlərin tədarükündəydi. Səlmi bibiyə deyirdi ki, zarafat deyil, altmış il bir yastığa baş qoymusuz. Fürsət var ikən kişidən halallıq al, özün də haqqını ona halal elə. Siz bir də qiyamətdə, hesab-dəftər günündə görüşəcəksiniz. 
Bu sözlər Səlmi bibinin nuru çəkilmiş bulanıq gözlərini yaşla doldurdu. Əlini dizinə çırpıb «Bu evdə, avalaşda tək qaldım...» deyə yaşmağının altında özünü oxşadı, astadan bozdadı. 
Dəllək Məşədi Tapdıq Səlmi bibini sakitləşdirib «hələ gec çəkər» deyəndə Gülayə artıq eyvandaydı, heç nəyin fərqinə varmadan özünü bibisinin qucağına atdı, ondan muştuluq istədi. 
Ənnağı baba ocağının aman-gümanı olan nəvəsi Böyükbəyin gəlməsi xəbərini elə bil ki, dərin bir quyunun dibində eşitdi. Səksənən kimi oldu. Dirsəyini döşəyə söykəyib sağ böyrü üstə azacıq dikəldi, havalanmış gözlərini açıb ətrafa dovruxdu, qarısını aradı. Bu dəm Səlmi arvadın qardaşı nəvəsi Gülayəni bərk-bərk qucaqlayıb dönə-dönə öpməsini görəndə huşunun hələ də başında olduğunu, xəbəri də düz eşitdiyini anladı və yarpaq kimi titrəyən hər iki əlini çiyinləri bərabərində yuxarı qaldırıb şükür elədi. Qurumuş dodaqlarını tərpətdi...
Bu arada Səlmi bibi Gülayənin üz-gözünü duz kimi yalayıb deyirdi:
– Belə sənə canım qurban, dədəm balası. «Böyükbəy gəlir» deyən dilivə bu bibin qurban olsun. Kərəminə şükür, Xudavəndi-aləm, səni tanımayana min təsbih lənət. Əhd eləmişəm, gözəl Allahıma yalvarmışam ki, məni yerdən balam götürsün, mafamın qabağında balam yerisin. Böyükbəyim yerisin...
Səlmi arvad yaşına yaraşmayan bir çevikliklə özünü yataq otağına yetirdi, vaxtilə babasının Ərdəbil bazarından «Fərşi-füruşi» deyilən xalça-palaz satışı mərkəzindən alıb gətirdiyi cehizlik fərməşi açıb içindəki ayın-oyunu tökdü yerə. Qanovuz düyünçədən nişan üzüyünü çıxarıb Gülayənin barmağına taxdı. 
– Mənimçün bunnan əziz, bunnan urvatdı gün olmayacaq ki?! – deyə bir də Gülayənin boynunu qucaqladı. – Bu halal-hümmət mal sənindi, bala, bir gün gec, bir gün tez. Mənim gəlinimsən, öz dədəmin balasısan.
Gülayə barmağında alışıb yanan üzüyü çəpəki süzüb pörtdü, yanaqları allandı, gündən qoruduğu ağ buxağını tər basdı, azacıq yaşmanıb üzünü bibisindən gizlətdi və birdən qətiyyətlə:
– Bibi, başımın böyüyüsən, - dedi, - rusxət sənindi. Amma bağışla məni, elin urfi-adəti var – Gülayə üzünü kənara çevirib ehmalca barmağını bibisinə tərəf uzatdı. 
Səlmi arvad ona tərəf uzanmış əli ürəyinin üstünə qoydu:
– Düz deyirsən, mənim balam, - dedi, - mən bir az şaddığımnan tələsdim. Bəli, elin adəti var, üzük məclisdə taxılar. Amma indi onu çıxartsam, şükümü yaxşı olmaz. Bala, biz, - qibləyə uzadılmış ərini göstərdi - gövlü sınıx adamlarıq, bax odu kişinin sinəsinə Əzrayıl çöküb. Mənim də sannı günüm qalıb. Hər dəqiqənin öz hökmü var. Bu gün Allah özü səni gətirib çıxarıb bura. Su girdi qaba, oldu içməli... Böyükbəy gəlir, qonaq-qarası olacaq. Samovara od sal, həyət-bacanı süpür, bibinə əl yetir, bu ev sənindi. 
«Biz gövlü sınıx adamlarıq» deyən bibinin nəyə işarə etdiyini Gülayə yaxşı başa düşürdü. Səlmi bibinin oğluyla gəlini, yəni Böyükbəyin ata-anası o hələ uşaq ikən bir qəza nəticəsində həlak olmuşdu. O vaxtdan bu günədək yazıq arvadın üzü gülüb ürəyi açılmamışdı.

***

Səlmi bibi qəttəzə əcəri paltarını geyinib nəvəsini qarşılamağa tədarük gördü. «Dost var, düşmən var» deyə üst-başına əl gəzdirdi. Eyvandan Gülayəni səslədi: 
– Bibin sənə qurban, inək tövlədə doğub, arada bir ona göz yetir ki, qoy ətənəsin yeməsin, yesə südün kəsər.
– Yaxşı – deyə Gülayə tövləyə tərəf getdi. Baxıb gördü ki, hələ o işə çox qalıb. Qaşqa inək hələ ağızdanmamış balasının üstündəki selik-çərəni yalamaqdaydı.
Bir az bundan əvvəl üzü oyannıq olan əri sarıdan başında qara buludlar oynaşan, dörd divar arasında tək-tənha keçirəcəyi qara günlərin xofu indidən canına üşütmə salan Səlmi arvadın ürəyini «Böyükbəy gəlir» xəbəri toxtatmışdı, əməlli-başlı toxtatmışdı. Əlüstü eyvana döşədiyi «Tilsim», «Ərşə», «Şallama», «Təbrizi» çeşidli xalçalar, hər ilməsində, ərişində, arğacında qədim elat qızlarının barmaqlarının izi qalan kənarələr, hanayi döşəkçələr, gülməxmər yastıqlar alıx-balıx vurur, suyu sovrulmuş dəyirmana bənzəyən, sakinləri kimi artıq qocalıb əldən düşən bu köhnə dudmana təzə bir ab-hava gəldiyindən xəbər verirdi. 
Vaxt ötdükcə Səlmi arvadın səbri tükənirdi, fikrini cəmləyib özünə toxdaqlıq verə bilmirdi, tələsirdi, yaman tələsirdi. Bircə balasını görsəydi, ürəyi yerinə düşərdi.

***

Böyükbəyin gəlməsi barədə xəbər Ənnağı kişinin od qonşusu dəllək Məşədi Tapdığı qətiyyən açmadı. Ona görə ki, ürəyində tutduğu niyyəti boşa çıxmışdı. Dəlləyin niyyəti buydu ki, Ənnağı kişi dünyasını dəyişən kimi onun həyət-bacasını da çəpərləyib öz həyətinə qatsın. Xeyli vaxtdı ki, bu geniş həyəti gözaltı eləmişdi. Xüsusən dörd-beş il bundan qabaq guya Böyükbəyin tələf olması barədə kəndə xəbər sızanda bu niyyət dəlləyin beynində göyərmişdi. Fikirləşirdi ki, Ənnağı kişinin işi bitənnən sonra Səlmi nənə arvad xaylağıdı, onun saqqızını oğurlamağa nə var ki?! Hanı, bunun da sapı çıxdı, budu Böyükbəy gəlir.
Əyilib o da yoxuşa tərəf boylandı, amma gözünə ağ «Niva»dan, zaddan bir şey dəymədi, özünə təskinlik verib işin dalını gözlədi, səbrini basdı. Ənnağı kişiyə tərəf çönüb:
– Əniş əmi, - dedi, - vəsiyyət yüngüllükdü, gəl bir yerdə əşədəni deyək. 
Ənnağı kişi nəvəsinin xəbərindən bir az dirçələn kimi olmuşdu. Bir az bundan əvvəlki boğulmalar çəkilmişdi, sinəsi atmırdı. Böyükbəyin havası bədəninə, ruhuna bir mübhəm istilik, hərarət gətirmişdi. Amma dəlləyin «Gəl bir yerdə əşədəni deyək» sözü kişini hövülləndirdi. Əşədəni demək istəyəndə dili dolaşdı, udqundu. Çənəsinin şaqqıltısı tutdu, kişi yarpaq kimi əsdi. Elə dəlləyin də qəsdi bu idi. O, bu dəqiqələrdə canının hayında olan, hövüllənmiş gözləri hədəqədən çıxan benava kişidən əl çəkmək istəmirdi:
– Əniş əmi, de ki, yüz iyirmi dörd min peyğəmbər haxdı.
Ənnağı kişinin boğazı xırıldadı:
– Ha-a-xdı...
– Ay sağ ol, indi de ki, on iki imam haxdı.
Ənnağı kişi əlini yelləyib üzünü kənara çevirdi. Səlmi arvad yaxınlaşıb yaş dəsmalla qocanın üz-gözünü sildi. «Sən mənim yaman gündə qardaşım» deyə dəlləyə üzrxahlıq eləyib ehmalca bir əliylə ərinin alnını ovuşdurdu, o biri əliylə yaşmağını burnuna tərəf çəkdi, sinni ötsə də naməhrəm yanında ədəb saxladı. Ərini göstərib astadan soruşdu:
– Məşədi, dediyin bu sözlərin indi ona xeyri var?
Yaş yetişmiş bu saya-sadıq arvadın artıq halvası çalınan bu quru kösöyçün durub indi xeyir güdməsini dəllək Məşədi Tapdıq tatın qaysvadan pay umması kimi bir şeyə oxşıtda, odu ki, dodağı qaçdı, güclə özünü gülməkdən saxlayıb dedi:
– Əlbət də ki, var. Kişi ağır səfər üstədi. Bunnarı yadına salıram ki, inkir-minkir ayağında, sorğu-sualda çaşmasın, qəbir evində onu incitməsinlər.
 “Yaxşı ki, nəvəsi gəlir – deyə Səlmi arvad özünə təskinlik verdi, yoxsa mən neyləyərdim...?”
– Bu kişinin qaragül dərisindən qəttəzə papağı vardı, qolunda bahalı saat görmüşdüm, - dəllək Məşədi Tapdıq zəndlə Səlmi arvada baxdı, atdığı ilməni – «Yaxşı bir Quran oxuyan tanışım var» kəlməli arğacla bərkitdi.
– Yaxşı olardı, - deyə Səlmi arvad nəmçimiş gözlərini silib burnunu çəkdi. – O cür bahalı sovxalar elə yaxşı Quran oxuyana çatmalıdı, özü də ola kasıb. Ancaq, iş budu ki, kişinin bütün əyin-başının rüsxəti alınıb...
– O kimdi?! – dəllək Məşədi Tapdıq quyruğu tapdanmış qızıl ilan kimi yerində oyan-buyana qıvrılıb qurumuş dodaqlarını yaladı.
Səlmi arvad o tərəf, bu tərəfə göz gəzdirib, kimdənsə çəkinirmiş kimi əlini dodaqlarının üstündə daraqlayıb:
– Keçən həftə, - dedi, - bələdiyyə Bəndalı sərsovqatla gəlmişdi kişini yoluxmağa. Ordan-burdan söz düşdü. Əyilib mənim qulağıma dedi ki, Ənnağı baba müharibə veteranıdı, onu yerdən götürmək bizim borcumuzdur. Durub gedəndə kişinin bütün şey-şüyünü, canım sənə desin, bütün torpaq kağızından beləsini yığıb-yığışdırdı, qoltuğuna vurub özüylə apardı.
Bu sözlərin hər biri ağır bir çəkicə çevrilib dəllək Məşədi Tapdığın başına sağdan, soldan küt zərbələr endirir, neçə vaxtdan bəri beynində düzüb qoşduğu, son günlər havasıyla yaşadığı «qurğunu» söküb dağıdırdı. Odu ki, Səlmi arvadın onunçün qara qəpiyə dəyməyən bevec nağılına qulaq asmağa hövsələsi çatmadı, namaz qılmaq adıyla ayağa qalxıb evinə tərəf yönəldi. «Bunnar gönü çoxdan suya veriblər, mən əbləh də bekara yerə burada oturub papağımı günə verirəm» deyə o ki, var özünü danladı. Sonra bələdiyyə Bəndalının arağaz vücudunu gözlərinin önünə gətirib «Buna bax, - dedi, - kor baytal gör hara rəm atır, bunnarın tamahına bax. Yernən gedəni – yerdə, göynən gedəni – göydə. Allah, Allah, neynək, sələmçi oğlu, neynək. Mənə borc olsun, qara qulluğunda hazıram...».
Dəllək Məşədi Tapdıq evinin alaqapısına çatar-çatmaz Səlmi arvad arxadan onu haqladı, bəslədiyi çil toyuqlardan saytalının birini onun qoltuğuna basıb «Məşədi, - dedi, - çörək də yemədin, götür bunu, gündə bir yumurtası var... Haqqını halal elə...».

***

Həsənqulu yoxuşunda ağ rəngli bir maşın göründü və elə o dəqiqə köhnə məscid tərəfdə səs-küy qopdu:
– Böyükbəy gəldi! Böyükiəy gəldi!
«Gəlib kərəni kürə eliyəcək, çıxın pişvazına» - əli qaragül dərili buxara papaqdan, gözaltı elədiyi həyət-bacadan çıxan Məşədi Tapdıq deyinə-deyinə evinə tərəf yollandı, gözünün ucuyla da olsun belə qurudərəlilərin intizarla boylandığı səmtə nəzər yetirmədi.
Kənddə Böyükbəyin gəlişinə qara geyinən ikinci adam bələdiyyə Bəndalıydı ki, sarısını udmuşdu və bu dəqiqələrdə bərk vurnuxur, yumurtası tərs gələn toyuq kimi bir yerdə qərar tuta bilmirdi. Öz-özünə «Balam, bu gedə xortdeyib gəlibsə – deyirdi, - dükan tozdu».
Əməlli-başlı hövüllənmişdi Bəndalı. Canını qoymağa yer gəzirdi. Qorxurdu ki, pası açılar, zibillərinin haq-hesabı çürüdülər. Odur ki, tez xəlvət yerə çəkilib mobil telefonuna əl atdı. Perm şəhərinin «bərk gedən»lərindən sayılan qudası «Bed Mamed»ə zəng çalıb ağlaşma qurdu:
– Alo, ə, keçəl, - dedi, - bu nə işdi mənim başıma gətirirsən? Mən maya qoymuşdum, o boyda xərc çəkmişdim. 
«Bed Mamed» də o sayaq ehtiyatı əldən verməyib ad çəkmədi: 
– Noolub, dığa? – deyə çımxırdı, - yuxu görmüsən?
– Nolacaq, kəndə xəbər yayılıb ki, filankəs gəlir. 
«Ded Mamed» onun sözünü ağzında qoydu:
– Bura bax, - dedi, - əgər nə vaxt qurbağalar adam kimi dil açıb danışsalar, kərtənkələlər əllərinə qaval alıb muğam oxusalar, hə bax onda filankəs qayıdıb gələ bilər. Nə dediyimi başa düşdün?
– Hə...
– Get papağını dınqılı qoy gəz, kef elə, filankəsin işi bitib. O, kəndi sənə vermişik. Ağürək... Get, qurdnan qiyamətədək qarı... «Yekə»yə də salam söylə...
Bu heynidə gözlənilən ağ «Niva» bələdiyyə Bəndalının lap yaxınlığından şütüyüb keçdi. Üstəlik onu toza da basdı. Bəndalı maşının içindəkiləri apaydın gördü. İki nəfərdi. Tanımadığı adamlardı. Onların maşını köhnə qəbiristanlıq tərəfdən kəndə girdi, məktəbin yanından keçib bələdiyyə idarəsinin həyətində dayandı. Burada xeyli adam vardı. Onlar Böyükbəyin havasına gəlmişdilər. Qonaqlar maşından düşəndə kənd sakinlərinin sual dolu baxışları bir-birlərinə dikilmişdi. Kimsə özünü saxlaya bilməyib gileyləndi:
– Bə hanı, dedilər ki, Böyükbəy gəlir?!
– Ağsaqqal, Böyükbəy elə mənəm, - deyə gələnlərdən biri irəli çıxıb salam verdi, əlini çənəsində gəzdirə-gəzdirə adamları müştəri gözüylə bir-bir nəzərdən keçirtdi, ürəyində «sizlərlə işim olacaq» dedi.
O biri qonaq irəli çıxmış qarnını gizlədirmiş kimi pencəyinin düymələrini bağlayıb yoldaşını təqdim etdi:
– Böyükbəy müəllim bizim Elektrosetin enerji satışı şöbəsinin təzə rəisidir. İlk səfəri sizin kəndədir. Bu barədə səhər zəng çalıb kənd poçtuna məlumat vermişik. Demişik ki, Böyükbəy müəllim gəlir. 
Böyükbəy müəllim deyilən şüvərək, kürən kişi, oynaq gözlərini qıyıb yüngülcə boğazını arıtladı. 
– Rayon mərkəzində – dedi, - sizin Qurudərə camaatının mərdliyindən, kişiliyindən danışıblar mənə...
Kimsə arxadan «Bu sözlər qoltuğumuza Sabirabad qarpızıdır, mətləbə keç» deyə mızıldandı, ancaq qonaqlar onun mızıltısını eşitmədilər. Odur ki, Böyükbəy müəllim sözünü tumarlaya-tumarlaya deyirdi:
– Amma belə bir qiryətdi, gözəl kənddə enerji sərfiyyatı həddən ziyadə çox olduğu halda, ödəniş faizi bərbad vəziyyətdədir. Abonentlərin bir çoxu, bəli, bəli, bir çoxu, təəssüf ki, illərlə sərf etdiyi enerjinin haqqını ödəmir. Biz bu gün ağsaqqalların iştirakı ilə belələrinin işığını kəsməyə, onları cərimələməyə məcbur olacağıq... Sizin kimi gözəl kişilər olan bir kənddə...
Bineyi-qədimdən bu sayaq nağıllara mail olmayan, belə ovşarlı sözləri ayıb yerlərinə xına yaxmaq hesab edən və buraya ayrı bir mərama görə toplaşan, hilal əvəzinə məlal görən qazdan ayıq qurudərəlilər hiss olunmadan bir-bir sivişib aradan çıxdılar. Qonaqlar bir də ayılıb gördülər ki, lələ köçüb yurdu qalıb.

***

İşıqçı qonaqlar axşamüstü kənddən çıxıb gedəndən sonra üzə çıxan bələdiyyə Bəndalı kefi kök, damağı çağ bir vəziyyətdə məhbubəsi Tamaşabəyimin evində gülməxmər üzlü mütəkkəyə dirsəklənmişdi. Düz il yarım bundan qabaq əri qırağını qatladığına görə Tamaşabəyimin əl-qolu açılmışdı və bu dəqiqələrdə gümüş qaşıqda bələdiyyə Bəndalının ağzına gül mürəbbəsi ötürürdü. O, xarranmış yemiş kimi elə indcə saplağından üzülmək üzrəydi ki, Bəndalının mobil telefonu cingildədi. Zəng «Yekə» ləqəbli Yengibar böyüyün nömrəsindən gəlmişdi. Bəndalı o dəqiqə suluğunu uddu. Bu vaxtın zəngi xeyirə deyildi. Düyməni basıb pəltəklədi:
– Eşidirəm...
– Ə yekəbaş, telefonu niyə açmırsan, buynuz qoça ağırlıq edir?! Kim gəlmişdi kəndə?
– Poçt işçiləri zəngi yaxşı başa düşməyiblər... Səhv salıblar. Gələn o deyildi, həmin adda işıqçıydı.
– Tula itdən də mürdar, bala, mən bu gün müvafiq distansiyalarla əlaqə saxlamışam. İşıq idarəsində belə nam-nişanda adam yoxdu. Bu adla bəlkə bizə mesaj verirlər?
Bələdiyyə Bəndalı hövüllənmiş mal kimi o yana, bu yana dövrükdü, gözləri hədəqəsindən çıxdı:
– Yoox, - deyə kəkələdi.
– Necə yox, ə? – telefonda «Yekə»nin səsi kükrədi – hər şey mümkündü. Mən Bakıda otruduğum halda oranı səndən yaxşı görürəm, sən yatıbsan, yekəbaş! İndicə mənə xəbər verdilər ki, bu adam özünü şübhəli aparırmış. Xüsusən Həsənqulu yoxuşunda maşından düşüb ətrafa xeyli göz gəzdirib. Əgər o, güney tərəfdən gəlibsə, dikdirə çıxanda sənin dərədəki xaş-xaş zəmini yüz faiz görüb. Yox, «Bəkirqaya» tərəfdən yola enibsə, görə bilməzlər. Sənə söz deyirəm, indi havanın qaralan vaxtıdı, elə bu dəqiqə get qonaqların maşınının rəddinə, rizinə bax, onun hansı səmtdən gəldiyini müəyyənləşdir. Əgər iz «Güney» tərəfə getsə, dərhal gecə gözü o zir-zibili məhv elətdir, öz adamlarını tök ora, qoy izi-tozu qalmasın.
Bu söhbətdən bir neçə dəqiqə sonra «Yekə» yenidən zəng çalıb Bəndalının kefinə soğan doğradı: 
– Bu nədi, ə, - dedi, - kənddə Məşədi Tapdıq burnunu hər yerə soxur. Kəndin ağası o deyil, sənsən. İndi xaş-xaşın çərtilən vaxtıdı. Sezon vaxtı belə qəmişi sanatoriyaya zada göndər, pul bas, kənddən kənarlaşdır. Karoçi, onun haqqında fikirləş...Bilmirəm, neyləyirsən elə…
Bələdiyyə Bəndalı bilirdi ki, dəllək Məşədi Tapdıq yer altdan yasa gedən, qazdan ayıq əclafın birisidir. Beləsini dilə tutub əriyini əzsən, iştahı artar, atılıb adamın boynuna minər. Gördüyündən göz kirəsi istəyən bu alçağı hələlik qurdalayıb iyitməsən yaxşıdı.

***

Qaş qaralan, it qurtdan seçilməyən vaxtda artıq o, tapşırılan yerdəydi. Axşam dişsə də, yolu, rizi ayırd etmək mümkündü. Yüz faiz müəyyən elədi ki, işıqçılar güney tərəfdən gəliblər və deməli, qobudakı xaş-xaş zəmisini görməyiblər. Bələdiyyə Bəndalı «vasvası köpoyoğlu» deyə «Yekə»nin qarasıyca o ki var deyindi, asta addımlarla yoxuşa yaxınlaşdı, maşınına tərəf getdi. Və birdən bərk səksəndi. Əti ürpəşdi, hövüllənən kimi oldu. Gecəgözü qənşərində ağ bir şey peyda olmuşdu... Yaz mehinin təsirindən o, aramsız titrəyir, yatıb qalxırdı. Bu, günorta çağı sevindiyindən canhövüllü kəndə tərəf qaçan Gülayənin boynundan üzülüb yerə düşən ləçəyi idi.

Комментариев нет:

Отправить комментарий