04.11.2010

Məktəblərimizdən biri

Cavidan
ryabina06@list.ru

Məktəblərimizdən biri haqqında yazmaq istəyirəm.
Daha doğrusu, məktəblərimizdən birinin ikinci sinfində təhsil, təhsillə yanaşı (əvəzinə də istisna deyil) şillə, yumruq, çimdik, çubuq, söyüş kimi milli-mənəvi dəyərlərimizdən də geninə-boluna alan balaca Rasimin anasının dilindən balaca, maraqlı, azcana da dəhşətli bir hekayəti olduğu kimi diqqətinizə çatdırmaq kimi bir fikrim var.
Bu məktəb ötən əsrin birmərtəbəli 69 projeli sıradan bir kənd məktəbiydi qabaqlar. Həyətində sinəsi beşulduzlu oktyabryatlar, boynu al-qırmızı qalstuklu pionerlər, gününün yarısı məktəbdə, o biri yarısı kitabxanada keçən komsomolçular, yarısı donos yazan, yarısı donos qurbanı olan kommunistlər dolaşardılar belədən-beləyə…
Sonra oktyabryatları yarıac-yarıtox Qarabağ döyüşçülərinin uşaqları, pionerləri oxumağa və yazmağa kitab, dəftər, qələm tapa bilməyən yoxsulcuğazlar, komsomolçuları yarısı Sibel Canın, o biri yarısı Küçük Əmrahın fanat ordusu, kommunistləri isə alverçilər əvəz elədi.
Daha sonra qocaldı bu məktəb…
Daha sonra YAP-a üzv oldu.
Daha sonra isə yerlə-yeksan edilib H.Əliyev fondunun hesabına qəttəzə ikimərtəbəli binaya çevrildi.
Açılışına möhtərəmin özü və xanımı gəldi.
Açılış günü… “Utanmadan, qızarmadan zorla bütün uşaqları küçəyə tökdülər ki, dayanın gözləyin. Təsəvvür elə, hamının əlində gül dəstəsi, dilinin ucunda söyüş vardı… adam bu qədər yaltaq olmaz ki, nə xəbərdi axı, prezident də bizim kimi adi bir adamdı da, zəhləmizi tökdülər neçə saat, – deyir balaca Rasimin anası, – hələ bir məktəbli qız hicablıydı, onu qovdular ordan ki, prezident səni belə görməsin, qız da ağlayıb evinə getmişdi, nənəsi gəldi ora… ay Allah! Arvadı o küçədə o polislər nə hala saldılar! Adam tüpürmək istəyirdi onlara… basdılar maşına, apardılar sonra harasa…”
“Bəs sən niyə istəmədən dayanmışdın?” – soruşuram.
“Uşağımın birinci dərs ili başlayırdı, həm də maraqlıydı da, bir tərəfdən də tək buraxa bilməzdim axı o hay-küydə, basabasda uşağımı”- deyir.

  Ayaqqabı qadağası…

Daha sonra gülməli və bəlkə də ağlamalı bir şey danışır Rasimin anası.
“Hə, vallah, indiyə kimi o təzə binaya ayaqqabıyla girən olmayıb hələ, balamın canıyçün, məktəb korlanmasın deyə, az qala hər uşağın başında bir nəzarətçi dayanıb, dərs öyrətmək yaddan da çıxıb, hamı ancaq o haydadır ki, məktəb çirklənər. Açılış günündən bu yana hamı bir nəfər kimi məktəbin qapısında ayaqqabılarını soyunub içəri girməlidir, şəpi varındısa geyin, yoxundusa ayaqyalın keç…”

  Konslager cəzaları…

“İnanmazsan, bir gündə üç müəllimənin dərsində oturmuşam, mən, ali təhsili olmayan birisi, onlardan 11 səhv tutdum, gör bizim balalarımız kimlərin ixtiyarına verilib, gör bu adını zorla yazan müəllimələr nə qədər harındırlar ki, uşaqları döyürlər, təhqir eləyirlər, üstlərinə gedəndə bir-birini də elə müdafiə eləyirlər ki! Mənim uşağımı keçən il müəlliməsi elə döymüşdü, uşaq evə gəlib xort düşərək yatdı, ayılanda yastığı qan içində idi, qan qusmuşdu, təsəvvür eləyirsən? Getdik məktəbə, boyun almadılar, alanda da uşağımın nadinc olmasını əsas gətirib məni özlərinə borclu çıxartdılar. Amma deyəndə ki, yuxarılara şikayət eləyəcəyik, başladılar yalvarmağa, dilə tutmağa, pislik eləyə bilmədik, evini yıxmağa ürəyimiz gəlmədi o müəllimənin, müsəlmançılıqdı, kəndçilikdi, deyib sakitləşdik… amma uşağın dili tutuldu qorxudan neçə gün, sonra da kəkələməyə başladı, indi də pəltəkdir…”
“Mən bunları qəzetə yazacam ha,- deyirəm.- Adını yazımmı?”
“Yox, qurban sənə, ad olmasın, heç məktəbin, kəndin də adını yazma, amma dediklərimi yaz mütləq, heç olmasa bir-iki nəfər bilsin ki, belə şeylər də olur…”
Belə… Məktəblərimizdən biriydi bu, adını çəksək nə fərqi, çəkməsək nə fərqi… Alisi dəli, Valisi dəli… qırılmışın Hamisi dəli…

Комментариев нет:

Отправить комментарий