Məmməd Süleymanov mameds@mail.ru "Bizim yol" | |
Sol filosof Slavoy Jijek kapitalizmin məzmununu obrazlı ifadələrlə təqdim etməyi bacaranlardandır. Ondan bir misal: Bir zavodda bir işçi oğurluq edir. Şübhələnirlər, ancaq oğurluq üstündə yaxalaya bilmirlər. Hətta bilmirlər ki, Nə oğurlayır. Hər gün işdən çıxanda keşikçilər onun sürdüyü arabanı çıxışda yoxlayır, heç nə tapmırlar. Arabada oğurluq heç nə olmur. Bir dəfə, beş dəfə... Sonunda axtaranlara çatır: İşçi elə arabaları oğurlayırmış... Qabağımızda ölkə adında araba oğurlanır, sökülür, dağıdılır. Biz isə bu oğurluq arabanın içində oğurluq əşyalar axtarır, tapmır, hay-küy salır, etiraz edirik. Biz oğurlanan əşyanı oğurluq arabada axtarırıq. Nəhəngi qoyub, detallarla əlləşənlər məmləkəti. *** Bu nöqtədən baxanda əsl, real Azərbaycan haradadır? Oğru o arabanı sürüb aradan çıxandır, yoxsa onun haray-qışqırığına inanıb onu saf, doğru, təmiz sayanlardır? Biri araba oğurlayır, o birisi bunu ağlına da gətirmir, çünki xırda oğurluqlara alışıb və ağlına da gətirmir ki, bu dərəcədə sinizm ola bilər - ölkəni oğurlamaq. Oğurlanan ölkədə isə təkcə təmizlə çirklinin yeri səhv düşmür. Səhv düşən həm də realla irrealın yeridir. Oruell necə deyirdi? “Müharibə - Sülhdür, Azadlıq - Əsarətdir, Savadsızlıq - Gücdür”. Bizim həqiqətlərimiz. Və get-gedə reallıqla nağılı bir-birindən ayırmaq çətinləşir. Bizim hələ ki yaddaşımız və təcrübəmiz var, 2 dəfə 2-nin 4 olduğunu heç də həmişə unutmuruq. Bəs bizdən sonra gələnlər? Bizdən sonra gələnlər üçün bütün irreallıqlar reallıq kimi qavranılacaq, şablon - orijinal sayılacaq, əsarət - norma, yaltaqlıq - praqmatizm, əclaflıq - qanunauyğunluq, oğurluq - ağlın xüsusiyyəti. Və bizdən sonra gələnləri inandırmaq olmayacaq ki, Astarada, Qəbələdə insanları öz torpaqlarını “sot”u 30-40 manatdan satmağa məcbur edirlər. Hələ üstəlik bu qəpik-quruşu da nəqd vermirlər, yəni heç vaxt da verməyəcəklər. Bu faktı onlara deyəndə Yaşar Nurinin “Ac həriflər” tamaşasındakı qəhrəmanı sayaq “Hə nə olsun?!” deyib üzümüzə duracaqlar. Onlara deyəndə ki, 1,5 ilə çəkilməli Bakı-Oğuz-Qəbələ su kəməri 3,5 ilə çəkildi, dəyəri bu gedişatda 2 dəfə bahalaşdı, yol boyu insanların torpaqları əlindən alınıb pulları verilmədi, yenə də deyəcəklər: “Hə nə olsun ey?! Onlara deyəcəksən: Həmin kanal su ilə təchiz edə bilmir, layihə özünü doğrultmur, ancaq büdcənin (həm də sənin) pulunu havaya (və ciblərə) sovurublar, deyiblər ki, daha Bakıda 24 saat mənzillərə su gələcək, ancaq yenə də gündə 3-4 saat su gəlir... yenə də Yaşar Nurinin personajının kəlməsini eşidəcəksən. Başqa misal çəkəcəksən: nazir Füzuli Ələkbərov əlillərə telekameralar qarşısında maşın paylayıb kameralar söndürülən kimi də geri alıb. Hələ bu ötən il də baş verib. Yenə eşidəcəksən: Bəs bu ötən il də olmuşdusa, əlillər nəyə, kimə və niyə inanırdılar? Sonra qapadılan Neyrocərrahiyyə xəstəxanasından danışacaqsan - bütün tibb personalı işsiz qalır, ağır xəstələr isə müalicəsiz. Və bu, planlı təmirlə bağlıdırsa, niyə bu plandan heç kəsin xəbəri yoxdu?! Yaxud son 1 ayda ikinci dəfədir baş verən dəhşətdən - polislərin qabağında özlərini yandırıb intihar edən ailə başçılarından danışacaqsan. Hər ikisinin 3 övladı qalıb, o cümlədən, 24 yaşlı gəncin övladları lap körpədir! Yenə də eşidəcəksən: Hər kəs öz qismətini özü seçir, kimi özünü yandırır, kimi də onu bu həddə çatdıranı. Bir sözlə, sosial-darvinizmi bir sosial dəyər kimi qəbul edən bioloji toplum formalaşmaqdadır. Onlar üçün yaşamaq uğrunda mübarizə heyvanların yox, elə məhz insanların xüsusiyyətidir. Ancaq o toplumu yetişdirən də biz özümüzük. Axı hələ də oğurlanan arabanı görməyib onun içində oğurluq əşya axtarırıq. “Araba oğruları” üçün cənnət... |
Blogdakı publisistik materialları plagiat edərək öz adınızdan II və III dərəcəli qəzetlərdə dərc edə bilərsiniz
30.04.2011
Araba oğrusu
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий