Ədəbiyyatımızın və sənətimizin böyük bir qolunu təşkil edən Bakıdan,yəni mərkəzdən uzaqlarda yaşayan yaradıcı qüvvələrə adətən ƏYALƏTDƏKİ YARADICILAR adı verilmiş.Təbii ki, mərkəzdən uzaqda olan bu yaradıcılar Yazıçılar Birliyinin indiki məqamında böyük bir qüvvədilər və buna görə də bu Birliyin filialları deyə bir termin də var və onlar bu filiallarda birləşirlər.İndiki kommunikasiya dövründə artıq bu termin öz əhəmiyyətini itirmiş kimidir və internet dünyası o filialların yaradıcılarını və günlük qəzet yazarlarını daha yaxına çəkib gətirmişdir.İnternet-sorğu deyilən bir termin yaranıb ki, bu uzaqlığı çox yaxınlaşdırıb. Həmin sıradan bu günkü qonağımız yazar Böyükxan Bağırlıdır.Bəyəfəndiylə söhbətimiz Özü və Ədəbiyyat haqqındadır.
–Keçənlərdə sənin “Ulduz” jurnalında bir hekayən çıxmışdı və orada yekə- yekə yazmışdılar ƏYALƏT- CƏLİLABAD.Nə deməkdi bu? Boynuna bir minnətmi qoyurlar. Sən bilən nə deməkdi bu əyalət yazıçısı?
–Dediyin o hekayə “Ulduz “ jurnalının onuncu sayında dərc olunub. Soruşa bilərsən: Bəs niyə “Ulduz”da? Bu, qəlbimdəki nostalji bir hiss, duyğuyla bağlıdı. Mənim ilk ədəbi yazım-“Qonşular”sərlövhəli şeirim unudulmaz şairimiz Məmməd Arazın xeyir-duasıyla 1968-ci ildə “Ulduz” jurnalının üçüncü sayında dərc olunmuşdu. Gənclik illərimdə hər bir sayını oxuyub, yatandan sonra başımın altına qoyduğum “Ulduz” bu gün də mənimçün doğmadır, əzizdir. Jurnalın saylarını diqqətlə izləyirəm. Gənc həmkarlarımın uğurlu axtarışları, həqiqi, istedadın bəhrəsi olan yazıları məni sevindirir və mən bu yazılara istinadən ədəbiyyatımızın sabahına çox nikbin baxıram. “Ulduz”da dərc olunan “Tələ” adlı hekayəmə gəldikdə, bunu deyə bilərəm ki, müəllif kimi mənimçün əsas onun “Əyalət” və qeyri hər hansı bir rubrika altında verilməsindən asılı olmayaraq, çap edilməsidi, oxucuya çatdırılmasıdı. Bu işi də, sağ olsunlar, “Ulduz”un redaktoru və şöbə müdiri görüblər. Mən o hekayəni yazmaqla əslində azarımı öldürmüşəm. Yaxından tanıdığım, hər gün təmasda olduğum bu tipləri “Ulduz”un oxucularına göstərmək istəmişəm. Qaldı ki, yazıçının əyalətdə, yaxud mərkəzdə yaşamasına, məncə, bunun məsələyə nə dəxli var?! Harda və necə yaşamasından asılı olmayaraq yazar elə yazardı. Yox, söhbət onun ədəbi məhsulunun keyfiyyətindən gedirsə, bu ayrı məsələdi. Məsələn indiyə kimi “Ədəbiyyat”qəzeti mənim xeyli hekayəmi dərc eləyib. Amma heç birinin üstündə “Əyalət”sözü yazılmayıb. Heç “525-ci qəzet”in 8 dekabr tarixli (2010-cu il) sayında dərc olunmuş hekayəmin üstündə də “Əyalət”sözünü görmədim. Yazsaydılar da, yenə deyirəm, mən inciməzdim. Mənimçün əsas azarımın öldürülməsidir. Mənim elə bir iddiam yoxdu, redaksiyaları heç narahat etməyə də bilərəm. Mənimçün əsas məsələ yazı yazmaqdır, ürəyimi boşaltmaqdı. Olmasın bir parça kağız, yaxud qəzet, jurnal səhifəsi, yeri düşəndə arada bəzən ürəyimi, yaşıl yarpaqlara, səmada üzən aya, ulduzlara boşaldıram. Kağız-qələm tapmayanda ağzımı quyuya tutub :“İskəndərin buynuzu var-buynuzu…” deyir və cəmiyyət qarşısında öz mənəvi borcumu yerinə yetirdiyimə görə mənən özümü bir az rahat hiss edirəm.
–Bir yazar olaraq sənin yazılarında çox gözəl bir kolorit duyulmaqdadı və bilirəm ki, sən bu şəhərlə də çox bağlısan.Ancaq bütün hekayələrində cənuba bağlılıq və cənub aksenti çox seçilir.Sizin tərəflərdən olan neçə-neçə yazarda bunu hiss etmək çox çətindi.Heç uzağa getməyək: çox istedadlı şair və yazar Aqşin Yenisey… bax ha… təxəllüsə bax… YENİSEY. Məsələn Sergey Yesenin yada düşür.Və onun yazılarında həmişə bir intelektullıq özünü biruzə verir və bunu onun yazarlar haqqında yazılarında da görmək mümkündü. Məsələn, yazar Kamal Abdulla haqqında yazısı məhz bu əynəmdə yazılmış bir yazı idi.Sən bilən intellektuallıq yazara haracan lazımdı. Və ya zorla intellektuallıq haqqında fikriniz nədir?
–Yazılarımda dediyin o, koloriti ilk dəfə ustad yazıçımız Sabir Əhmədli duymuşdu. Hekayələrimi oxuduqca altdan-altdan qımışdığını görmüşəm, bir çox gənc yazarların yazılarını bəyənməyərək üstlərinə atan, ümumiyyətlə, rəhbərlik etdiyi nəsr şöbəsinnən yazı keçirmək çox müşgül məsələ olan Sabir Əhmədlinin “Ədəbiyyat”qəzetində hekayələrimə səxavətlə yer ayırması, bəlkə də, o koloritlə bağlıdır.
– Sizinlə razıyam amma bu da var ki,şərti olaraq deyə bilərik ki, cənub ləhcəsi yazılarınızda açıq-aydın görünməkdədi…
–Bildiyin kimi, mən Cənub bölgəsində, bir vaxtlar yaşadığın Pokrovka kəndi ilə qonşu olan Alar kəndində doğulub boya-başa çatmışam. Bizim alarlıların, yaşlı nəslin dediyinə görə, kökü Altaylara, Sibir çöllərinə, daha sonra Cənubi Azərbaycanın Urmiya gölü ətrafına, Şahdağı mahalına, Ərdəbil dövrəsinə gedib çıxır. Düzünü Allah bilir. Ana tərəfdən isə, Cənubi Azərbaycanın Ərşə mahalıyla bağlılığımız var. Bizim evdə, kəndimizdə, demək olar ki, bütün rayonumuzda, eləcə də, qonşu Yardımlı rayonunun kəndlərində də hamı Cənubun Ərdəbil dövrəsinin ləhcəsində danışır. Sərhədlər açılanda, bir neçə dəfə yolum İrana düşmüşdü. Gedib gördüm ki, Ərdəbildən tutmuş ta Təbrizəcən hamı bizim ləhcədə danışır. Odur ki, orda darıxmadım, özümü onlardan biri hesab etdim. Adamlara qaynayıb-qarışdım. Yadımdadı, bir dəfə mən, birinci kursda tarix dərsində çıxış edərkən qeyri ixtiyari olaraq Cənub ləhcəsində ağzımdan sözlər çıxdı. “Ir”, “ir”, “r” xəbər şəkilçilərini “ey” sonluğuyla əvəzlədim. Bir də gördüm ki, hamı mənə baxır və qımışır.
AZƏRBAYCAN TARİXİNDƏN BİZƏ MÜHAZİRƏ OXUYAN RƏHMƏTLİK LƏTİF ƏSGƏROV MƏNİM SIXILDIĞIMI GÖRÜB DEDİ:
NECƏ Kİ, NƏSİMİ DEYİRDİ:
“…Sındır qəfəsi, tazə gülüstan tələb eylə”.
Əgər Puşkin, Qoqol, Turgenev və digər rus klassikləri ədəbiyyata yeni sözlər gətirməsəydilər, görün rus ədəbiyyatı nə qədər kasıb görünərdi. Mən böyük söz ustadımız Rəsul Rzanın “Qızıl gül olmayaydı”, Səməd Vurğunun “Muğan”, “Aygün”, Nəbi Xəzrinin “Günəşin bacısı”, Bəxtiyar Vahabzadənin “Etiraf”, “Muğam”, Əli Kərimin “İlk simfoniya”, İsa İsmayılzadənin “Böyüdülmüş şəkillər” poemalarını, böyük şairimiz Məmməd Arazın təbiət mövzusunda yazdığı şeirləri, eləcə də Vaqif Bayatlının “Qonşu toyuna oynayan uşaq” şerini, Anarın “Dantenin yubileyi” povestini, “Yaxşı padşahın nağılı” hekayəsini, Bayram Bayramovun “Karvanyolu”, İsmayıl Şıxlının “Dəli kür”, Sabir Əhmədlinin “Gülmalı kişinin axırı”, İlyas Əfəndiyevin “Geriyə boylanma, qoca”, Elçinin “Ölüm hökmü” romanlarını, Əkrəm Əylislinin “Kür qırağının meşələri”, Mövlud Süleymanlının “Dəyirman” povestlərini dönə-dönə oxumaqdan doymuram. Ona görə ki, bu əsərlərdə xalqımın ruhu, ürəyinin çırpıntıları, dilinin dadı-tamı var. Bu əsərlərin müəlliflərinin imzalarını gizlətsən, göstərməsən, yaxud sürətlərin adlarını digər millətlərin adlarıyla əvəzləsən də, mətnlərin koloritindən bilinəcək ki, bu yazılar məhz Azərbaycan xalqına, Azərbaycan təfəkkürünə məxsusdur. Əlbətdə, bu sözləri kitablardan, yaxud ədəbiyyatdan ədəbiyyata gələn intellekt “Dibçək güllərinin” – özlərini super yazar kimi təqdim edənlərin, savad gücünə quraşdırıb-uydurduqları və pişik alması kimi müxtəlif nəşrlərdə tez-tez oxucuların qabağına çıxıb, onların ovqatını təlx eyləyən əndərəbadi sicilləmələrinə aid etmək olmaz. “Bu dibçək güllərinin” yazılarına nə qədər intellekt enerjisi yüklənsə də, xalqın ovqatını əks etdirən bədii söz baxımından müqayisədə onlar dərman və rayondaki kalorili yem gücünə çəki artımı verən, günəşin altında gəzişib yaşıl otlarla qidalanmayan dadsız-tamsız yekrəng fabrik toyuq-cücələrinə bənzəyir. Müqayisə, bir az kobud çıxsa da, bu həyat həqiqətidir. İş onda mütəqəlqəl olur ki, bu intellekt-yazarlar vəzifə, mənsəb sahibi olalar. Belələrinin dövrəsində fırlananlar başlayırlar onların ora-burasına xına yaxmağa. Bir deyən də yoxdur ki, ay qardaş, həvəsdi, bəsdi. Ayıbdı axı, bu adamlar nə Çexovdu, nə Mirzə Cəlil, nə Çəmənzəminlidir, nə də Ənvər Məmmədxanlı. “
NOT: Soyaddakı dəyişiklik yazıçının arzusu ilə olmuşdur
Tofiq ABDİN
Комментариев нет:
Отправить комментарий