30.04.2011

ŞƏHƏRİN İÇİNDƏ 1001 DƏRDİ OLAN KƏND - ƏHMƏDLİ

Kənd camaatı sulu, işıqlı, qazlı, kanalizasiyalı sovet dövrünün xiffətini çəkir



Bakının sosial problemlər içində itib-batan qəsəbələrindən biri də şəhərin bir addımlığında yerləşən və el arasında “Kənd Əhmədli” kimi tanınan Əhmədli kəndidir. Son illər burada xeyli yeni ev tikildiyindən ilk baxışdan kəndin görünüşü bir o qədər də pis deyil. Buna baxmayaraq kəndin bitib-tükənməyən problemləri çoxdur.
Bakının digər kəndlərində olduğu kimi burada da əhali işıq, qaz, su və kanalizasiya problemləri üz-üzə qalıb. İşsizlik isə kənd sakinlərinin əzəli problemi sayılır. Qəsəbəyə işləyən 323 saylı avtobuslar köhnə olduğundan sakinlər şəhərə gedib-gəlməkdə əziyyət çəkir. Hətta bu günlərdə marşrutda işləyən avtobuslardan biri nasazlıq üzündən yanıb. Qəsəbədəki dar yollar marşrut avtobusların hərəkətinə mane olur. Dar küçədə iki maşının yanaşı hərəkət etməsi qeyri-mümkündür. Bu səbəbdən də avtomobillərin hərəkəti məhdudlaşır və tıxaclar yaranır. Sakinlər qəsəbəyə işləyən marşrutların azlığından da şikayət edir. Marşrutlar fasilələrlə işləyir.
***
Əhmədli kəndinin IX əsrdə salındığı söylənir. Ancaq sakinlər kəndin adının XVI əsrdə yarandığını deyir. Onların sözlərinə görə, Səfəvilər dövründə Əhməd və Mahmud adlı iki varlı maldar qardaş öz tayfaları ilə birgə qış otlaqları tapmaq məqsədilə bu yerlərə gəlmiş və həmişəlik burada məskunlaşmışlar. Tayfa başçısı Əhmədin şərəfinə bura “Əhmədli” adlandırılır. Həmin vaxtdan bu günə qədər Əhmədli kəndinin adı dəyişmədən qalmaqdadır.
Bakının 32 kəndindən biri olan Əhmədlinin tarixində üç mərhələ var. Əhmədli kəndi 1936-cı ildə şəhər tipli qəsəbə statusunu alıb. Əhalisi 15 min nəfər, ərazisi 108 hektardır.
Əhmədli məscidinə də baş çəkdik. Maraqlısı odur ki, məscidin axundu bizə məscidin tarixi barədə məlumat verməkdən imtina etdi. O, bildirdi ki, Qafqaz Müsəlmanları İdarəsinin tapşırığı olmadan jurnalistlərə açıqlama vermir. Bununla belə öyrənə bildik ki, minarəsi olmayan bu məscid 1904-cü ildə tikilib. Kənd sakinlərinin sözlərinə görə, hazırda Bakıda iki yerdə minarəsiz məcid var. Onların biri Əhmədli, digəri isə Keşlə kəndindədir. Məscidin maraqlı tikilmə tarixi olub. Belə ki, məscid tikilərkən Bakının neft milyonçusu Hacı Zeynalabdin Tağıyev faytonla kənddən keçirmiş. Görür ki, camaat məscid tikir. Hacı Zeynalabdin “məktəb tiksəydiniz, daha yaxşı olardı” deyir. Daha sonra “məscid də tikirsinizsə eybi yoxdur” deyərək məscidin tikilməsinə maliyyə köməkliyi edir.
Bunları danışan 70 yaşlı kənd sakini Ağacəfər dayı deyir ki, bu məscid onlara çox əzizdir: “Bax bu məscidin tikilmə pulunu o rəhmətlik verib. Buna görə də bu gün uşaqdan böyüyə kimi hamı onun adını hörmətlə çəkir”.
Kəndin problemləri bir deyil, beş deyil. Qəsəbə sakini Nəcəf Muradxanov bizimlə söhbətində bildirdi ki, Əhmədli kəndi hazırda problemlər içində batır. Onun dediyinə görə, Əhmədli sovet dönəmindən sonra bu vəziyyətə düşüb: “Prezident gələndən sonra kəndin girişini yaxşı asfaltlayıblar. Çünki magistral yola yaxındır. Ancaq bir az aşağılara getsəniz, biabırçılıqları özünüz də görəcəksiniz. Sovet dövründə bu kəndin yaxşı kanalizasiya xətləri olub. Elə ki müstəqillik qazandıq, bu günə qədər kənd problemdən yaxa qurtara bilmir. Bu qəsəbədə kanalizasiya xətti adlı bir şey yoxdur. Çirkli sular birbaşa asfalta axıdılır. Bu da asfaltın tezliklə sıradan çıxmasına səbəb olur. Yağış yağanda vəziyyət daha dözülməz olur”.
Sakinlər kənd bələdiyyəsinin fəaliyyətindən də söz açdılar. Onlar bildirdilər ki, bu qurum sadəcə torpaq paylamaqla məşğuldur: “Kəndin heç bir sosial problemlərini həll etməyiblər. Əhali çirkli suları axıtmaq üçün dəmir borulardan istifadə edir ki, bu da tez-tez sıradan çıxır. Prezident İlham Əliyev aprelin 1-də Əhmədli kəndində oldu və biz sakinlərlə görüşərək problemlərimizlə maraqlandı. Amma ölkə başçısı qəsəbəyə gələndə bir neçə küçəyə asfalt salınsa da əksər küçələr bərbad vəziyyətdədir. "Əhmədli" metrosunun bir addımlığında olan qəsəbə bu gündədirsə, görün digər kəndlərimiz nə gündədir".
Kənd sakini Arif Qasımov dedi ki, uzun illərdir onlar bu kənddə yaşayır: “Ulu babalarımız bura İrandan gəlib. Biz Qacarlar nəslindənik. Bu kəndin məşhur sakinləri olub. Molla Əliqulu, Molla Əbdüləli, Korbaba kəndin sayılıb-seçilən kişilərindən olublar. Bəstəkar Hacıbaba Həsənov bu kənddə doğulub. Mənim əmim 30-cu illərdə ticarət texnikumunun direktoru işləyib. Kənddən tanınmış ziyalılar da çıxıb. Hazırda kənddə xəstəxana, poliklinika, mədəniyyət evi və poçt var. Eşitdiyimə görə, bu yaxınlarda qəsəbədə geniş abadlıq işlərinə başlanacaq. Kənddə ən böyük problem işsizliklə bağlıdır. Yaxşı olardı ki, yerli icra nümayəndəsi və bələdiyyə imkansız ailələrin mənzillərinin təmirinə kömək göstərsin. Kənddə elə ailələr var ki, onların yaşadıqları ev tamamilə uçub”.
Qəsəbədə olarkən onu da öyrəndik ki, kənd sakinlərinin meşə kimi tanıdığı böyük bir ərazi Xətai Rayon İcra Hakimiyyəti tərəfindən talan edilərək ayrı-ayrı şəxslərə satılıb. Əhmədli sakini Məşədi Həsən bizimlə söhbətində bildirdi ki, bu meşə sahəsindən əsər-əlamət qalmayıb: “Ekologiya və Təbi Sərvətlər Nazirliyi yerli qurumlarla birləşərək ərazini pay-püş etdilər”.
Doğrudan da biz həmin ərazidə olanda böyük şam ağaclarının hasara alındığının şahidi olduq. Ərazi meşə sahəsi adlandırılsa da artıq meşədən əsər-əlamət qalmayıb. Ağacların yarısı kəsilib, yarısı isə şəxsi təsərrüfat kimi hasara alınıb. Onu da öyrəndik ki, qəsəbədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geologiya idarəsi fəaliyyət göstərir. Ancaq bu qurumun nə işlə məşğul olmasına heç kəs aydınlıq gətirə bilmədi. İdarənin həyətində olarkən orada bir neçə sınıq-salxaq maşının olduğunu gördük.
...Kənddən ayrılanda bir yığın problemi bir yazıya necə yerləşdirmək haqda fikirləşirdik. Sakinlər isə bu yazıdan sonra onların problemlərinin həll olunub-olunmayacağı haqda suallar verirdilər. Bizdən yazmaq idi. Müvafiq qurumlardan da problemləri həll etmək olmalıdır...

Elmin BƏDƏLOV, Məhəbbət ORUCOV                               musavat.com

Комментариев нет:

Отправить комментарий