İbrahim Sel Professional Oxucu Liqası
Maraqlı bir deyim var- qəhrəmanlıqla caniliyin sərhəddi çox yaxındır. Yəni, müəyyən bir məqamda qəhrəmanlığa layiq olan insanı, əksinə, qısa zaman kəsiyində cani, vətən xaini də saymaq olar. Məsələn, əfsanəvi qəhrəman Mehdi Hüseynzadə 2-ci Dünya Müharibəsi bitəndən bir neçə il sonra vətən xaini sayılırdı, sonrakı araşdırmalar isə onun qəhrəman olduğunu sübut etdi. Bu gün də az qala qəhrəmanlığa layiq olanları bəziləri vətən xaini kimi qələmə verməyə çalışır. Hər şey öz əllərindədir- yalancı əmrlər, saxta arayışlar, daha sonra yalançı şahidlər, peşəkarlaşmış üzəduranlar, həyasını itirmişlər böyüklərin balaca işarəsi ilə istənilən şəxsi ləkələməyə hazırdırlar. Məhz bunun nəticəsidir ki, bizdə acizlərin, mağmunların, üzəduranların, sınmışların böyük və “şanlı” ordusu yaranıb. Ən güclü saydıqlarımız belə öz acizliklərinə bəraət qazandırmaq üçün min cür bəhanələr, “daşdan keçən” əsaslar düzəldirlər.
III yazı: Kimlərəsə xalqın kor olması, uşaqlarımızın bayatı və mərsiyə üstündə böyüməsi sərf edir
I yazı: Başqaları qarışqalarını fil kimi təqdim edəndə biz filimizin boyunu soxmağa yer axtarırıq
Əziz həmvətənlər, dostlar, sabahınız xeyirdirmi? Bilmirəm sizə nə danışım, nə tövsiyə edim. Bir tərəfdən televiziya, internet artiq gecə-gündüz sizə hər şeyi deyir. Bir tərəfdən də, əlbəttə bu deyilənlərin bolluğu içində avara qalmaq olar. Mən bilirəm, sizin aranızdan hər kim çıxa bilər. Amma bu hər kim təəssüf ki nadir hallarda çıxır və bəzən hətta yüz illərlə də çıxmır. Bəs niyə belə? Yəqin ona görə ki həyat sizi dartıb öz ardınca, öz gündəlik tələblərinə tərəf, öz bazarına doğru elə bir güclü cazibə ilə aparır ki, tamamilə kənar məsələlərlə məşğul olmağı tələb edən kənaraçıxma baş vermir. Bununla da nəinki bir kənd, bir rayon, hətta bütöv xalq itirir.
Beləliklə də yarim eynşteynlər, yarım mariya kürilər hətta doğulsalar belə, həyat yürüşünə qoşulanların içində itib batırlar. Halbuki belə bir şəxsiyyət hər xalqın ağır günündə nüfuz və milyonları ilə onun köməyinə gələ bilər. Heç şübhə yoxdur ki, Eynşteyn, Nils Bor və Rokvellerlər olmasaydı, İngiltərə höküməti və BMT Fələstində İsrail dövlətini yaratmaq haqqında heç vaxt qərar çıxarmazdı. Doğrudur, burada ərəb torpaqlarında hər kənd uğrunda öz oğullarını qurban verən begin ve moşe dayanların əzmi də az rol oynamadı.
Bir sozlə, bir qədər aydın desək, bizim milli catişmazlığımız və hətta rüsvayçılığımızdan biri də kitab oxumamağımızdır. Nə gizlədək, xalqımızın savadlıları nə ilə desən məşğul olurlar, kitab və ya qəzet-jurnal oxumaqdan başqa. Keçən il Hollandiyada olan iki türk cavanı burada kiçik gəmi ilə hansısa adaya getməli olurlar. Onlar yazırlar ki, biz gəmiyə minəndən sonra bizimlə bərabər gedən yüz-yüz iyirmi nəfər yerli xalqın nümayəndələri, eləcə də bizim kimi başqa ölkələrdən gələnlər yerlərində oturanda və gəmi fit verib yola düşəndə istisnasız olaraq, hamısı bir nəfər kimi bağlamalarından kitab və ya jurnal çıxarıb oxumağa başladılar. Biz ikimiz mat-məəttəl qalaraq neyləyəcəyimizi bilmədik. Çünki kənardan baxanda, doğrudan da gülünc bir vəziyyətdə idik. Elə bil adamlar arasında iki eşşək oturmuşdu.
Çalışaq basqa millətlər bizə eşşək kimi baxmasınlar. Bununçün bilik mənbəyi sayılan kitabları nəzərimizdən qaçırmayaq. Kitab qədimlərdə müqəddəs bir məfhum olmuşdur. Yaddan çıxarmaq lazım deyil ki, kitab əhli olan xalqlara minilliklər boyu başqa xalqlar nökər işləmişlər. Mən şəxsən erməninin asfalt cəkən fəhləsini belə görmüşəm ki, istirahət vaxtı kitab əlindən yerə düşmür. Məgər biz Mirzə Fətəli, Mirzə Şəfi, Sabir, Mirzə Cəlil, Qurban Səid kimi mütəfəkkirləri, musiqi sahəsində Üzəyir bəy, Vaqif Mustafazadə, Fredi Merkuri (Firudin Gülsaray), Qara Qarayev, elmdə Yusif Məmmədəliyev, Lütfi Zadə, siyasətdə Şah İsmayil Xətai, Məmməd Əmin Rəsulzadə kimi nəhəngləri yetirən xalq deyilikmi?
Belə bir postulat var ki, əvəzedilməz insan yoxdur. Ancaq həyat bu iddianı rədd edir və sübut edir ki, vaxtından əvvəl əbədiyyata qovuşmuş istedadlı elm və mədəniyyət xadimlərinin yerini heç kim doldurmur, doldura da bilməyəcək. Onlar əvəzedilməz şəxslər idilər.
Lutfi Zadə Bakıda öz nəzəriyyəsini bəyan edəndə fitə basaraq ”Bunun bası xarabdır!” bağırtıları altında zaldan qovduq. Amerikaya gedib tanınmış bir alim oldu və neçə-neçə mükafatlar aldı. Deyilənlərə görə, onu Azərbaycana dəvət edəndə bu ölkə ilə heç bir əlaqə qurmayacağını bildirmişdi. Cəlil Məmmədquluzadə qorxumuzdan evdən çölə çıxa bilmirdi, axırda da ürək xəstəliyi tutub öldü. İndi adını rayonlarımıza veririk. Danos yaza-yaza Mikayıl Müsfıqi, Əhməd Cavadı axır ki ruslara güllələtdırə bildik, urəyimiz sakitləşdi. İndi yazdıqlarını eşidəndə ayağa qalxırıq. M.F.Axundovu müsəlman dunyasının 1 nömrəli düşməni, az qala Salman Rüşdisi elan edəcəkdik, Sovet hökuməti bəyəndi, qorxumuzdan səsimizi çıxarmadıq. Yusif Vəzir Çəmənzəminlini didərgin saldıq, qarlı-şaxtalı Rusiyanın yalquzaq ulayan yiyəsiz məskənlərindən birində ömrünü başa vurdu. Əliağa Vahidin meyxanalarından biri də olsun sağlığında və haqqında film çəkilənə qədər radioda, televiziyada səslənmədi, çünki biz azərbaycanlılarda kəndli təfəkkürü həmişə önəmli rol oynayıb. Yazıq meyxanalarını o vaxt çap olunan şairlərə bir arağa sata-sata dolanırdı. Ölümündən sonra Əli Kərim böyüklüyü haqqında mədhiyyələr deməyin bir qara qəpiklik də qiyməti yoxdur. Sağlığında işdən qovub səfil bir həyata sürüklədik, dərddən-sərdən sağalmaz bir içki düskününə çevrildi. Mühazirələrinə 1000 nəfərdən çox könüllü adamın qulaq asdığı Asif Atanı universitetdən tullayıb bütün həyat qaynaqlarından mərhum edərək, ağlını itirmək dərəcəsinə çatdırdıq.
Ümidsizlik içində çırpınan Mirzə Fətəli öləndən sonra bizə “Lakin biləndə ki, gələcək nəsillər də bu eşşəklərdən törəyəcək, mənim gələcək nəsilə də inamım itir” kəlamını miras saxlayıb.
Öz dahilərini acından öldürüb, öləndən sonra heykəlini qoyan bizlərik. Biz başdan ayağa müəmma ilə doluyuq. Qəribəyik, qəribə! Bizim təvazökarlığımız da qəribədir. Başqaları qarışqalarını fil kimi təqdim edəndə biz filimizin boyunu soxmağa yer axtarırıq. Biz özümüzün üstün keyfiyyətlərimizi qabartmır, təbliğ etmirik ki, birdən kiminsə xətrinə dəyər, özünü naqolay hiss edər, həsəd aparar... Amma nahaq!
Bu gün də həmin yolu gedirik. Sübut edirik o toplumuq ki Cəlil Məmmədquluzadəmiz aramızda acından ölüb, o toplumuq ki Seyid Əzimi vurub öldürmüşük. Ölümümüzü gözləyirlər. Öləndən sonra başlayırlar tərifləməyə. Habil demişkən, “öləndən sonra adamı o qədər tərifləyirlər ki, adamın lap ölməyi gəlir”. Elə eləmək lazımdır ki, gələcək nəsil, necə ki indiki nəsil öz ata-babalarını günahlandırır, bizi də elə yada salıb günahlandırmasın.
Bildiyiniz kimi, məşhur bir şəxsin yerini başqa bir adam tuta bilməz. Məşhur bir adamın ölümündən sonra heç bir adam onun əsərini tamamlamağa girişə bilməz. Böyük bir şair, böyük bir düşüncə adamı, böyük bir dövlət adamı və böyük bir əsgər haqqında da vəziyyət eynilə belədir. Çünki onların əsərləri sənət sahəsində qurulmuş bir dəzgah tərəfindən yaradılmamışdır. Yaratdıqları əsərlər Allahın onlara göndərdiyi təbii bir hədiyyə olmuşdur.
***
Dünyada 6 milyard adamdan yalnız 1 milyardı insan ola bilər. Əgər insan nəzərdə tutulmaqla, çox yox, bu rəqəm 3 milyard sayla çoxluq təşkil etsəydi, dünyada silah lazım olmazdı. Məşhur norveç səyyahı Tur Heyerdal səyahətlərinin birində gedib adamyeyən qəbilə ilə görüşüb və onların insan əti ilə qidalanma məramlarını öyrənməyə çalışdığında qəbilə üzvü olan yarımvəhşi adam cavab verir: “Biz öz qəbiləmizdən deyil, yalnız başqa qəbilədən adam yeyirik. Çünki o da adam ətidir və yeməlidir. Bəs siz müharibə edib, adamlar öldürürsünüz. Əgər onları yeməyəcəksinizsə, niyə öldürürsünüz? Bu qədər silahlar düzəldirsiniz. Özünüz də elmli, böyük təfəkkürə malik insanlar olduğunuzu deyirsiniz. Belə olan təqdirdə, yeməyəcəyiniz adamı niyə öldürürsünüz? Yemirsiniz, hələ üstəlik dəfn də etməyib çöldə qoyub gedirsiniz”. Bizim bir xalq məsəlində deyilir: “İki qoçun başı bir qazanda qaynamaz”. Qazanı böyük elə, lap on qoçun başı qaynayar. Biz yaxşı ailədə tumarla, sığalla böyüsəydik, deməzdik ki iki qoçun başı bir qazanda qaynamaz. İnsanlar arasında gözəl ünsiyyət qurulsa, hər kəs bir-birini başa düşsə həyat da gözəlləşər.
***
Maraqlı bir deyim var- qəhrəmanlıqla caniliyin sərhəddi çox yaxındır. Yəni, müəyyən bir məqamda qəhrəmanlığa layiq olan insanı, əksinə, qısa zaman kəsiyində cani, vətən xaini də saymaq olar. Məsələn, əfsanəvi qəhrəman Mehdi Hüseynzadə 2-ci Dünya Müharibəsi bitəndən bir neçə il sonra vətən xaini sayılırdı, sonrakı araşdırmalar isə onun qəhrəman olduğunu sübut etdi. Bu gün də az qala qəhrəmanlığa layiq olanları bəziləri vətən xaini kimi qələmə verməyə çalışır. Hər şey öz əllərindədir- yalancı əmrlər, saxta arayışlar, daha sonra yalançı şahidlər, peşəkarlaşmış üzəduranlar, həyasını itirmişlər böyüklərin balaca işarəsi ilə istənilən şəxsi ləkələməyə hazırdırlar. Məhz bunun nəticəsidir ki, bizdə acizlərin, mağmunların, üzəduranların, sınmışların böyük və “şanlı” ordusu yaranıb. Ən güclü saydıqlarımız belə öz acizliklərinə bəraət qazandırmaq üçün min cür bəhanələr, “daşdan keçən” əsaslar düzəldirlər.
Elə bilirsiniz Nəsiminin dərisini soyanların, Mirzə Fətəlini ehtiyac içində boğanların, Mirzə Cəlili kasıbçılıqdan əlyazmalarını yandırmağa məcbur edənlərin, Cəfər Cabbarlının gənc yaşında ürəyini partladanların, Müşfiqi, Hüseyn Cavidi məhv edənlərin, Elmar Hüseynov kimi jurnalisti qapısı ağzında gülləyənlərin nəvə-nəticələri aramızda azdır?
Bu millət Mirzə Ələkbər Sabir kimi nəhəngin qədrini bilmədi. Sağlığında kitabının çapını görməyən, ehtiyac içində yaşayan şair sabun satıb dolanaraq etiraf etdi ki, mən sözlə bu xalqın içini təmizləyə bilmədim, bəlkə bişirdiyim sabunla çölünü təmizləyəm. Çox təəssüf ki indi həmin “sabun”dan da bəzi üzdəniraqlar mənəviyyatlarını çirkləndirərək cəmiyyətin öndə gedənlərini alçaltmaq üçün “istifadə edir” və emosiyalarını cilovlaya bilməyən jurnalist Elnur Astanbəyli də “Allah bu milləti çörəklə və sabunla imtahana çəkməsin” kimi qəribə bir deyimdən istifadə etməli olur.
Məhz ölümlərindən sonra həmin adamlarımızın qeyri-adi nadir şəxsiyyət olduqlarını anladıq. Bəlkə də o zaman bu cür düşünən insanlara hələ çox rast gələcəyimizə inanırdıq. Ancaq zaman keçdikcə, həyat təcrübəsi artdıqca belə insanların nə qədər az olduğunu görürük. Çağdaş gəncliyimiz bu insanlardan örnək alaraq gələcəyə doğru irəliləyir.
Adolf Hitler deyir ki, bir dahiyə, onun düşüncə və əsərlərinə hörmət etməyin özü güclü olmağın əlamətidir. Kütləyə hörmət göstərmək isə əsla bir güclülük nişanəsi deyil. Qəlblər parçalandığı, ruhlar ümidsizliyə düşdüyü zaman keçmişin qaranlıqları içindən sıyrılıb, insanların köhnə məyusluq və tərəddüdlərinin, yoxsulluğunun, fikri düşkünlüyünün və təzyiqlərin qarşısını almağı bacaranlar yenə ortaya çıxarlar. Gözlərini və mübarizələrini ümidsizliyə qarşı çevirib, onlara yardım əllərini uzadarlar. Bax bu əlləri tutmaqdan utanan millətləri qınayıram.
II yazı: Küt auditoriyadan yeni Eynşteynlər doğmayacaq, lakin eyni zamanda yeni Çe Qevaralar da doğmayacaq
Əhməd bəy Ağaoğlu “Sərbəst İnsanlar Ölkəsində” əsərində yazır: “Bir ağac üçün çiçək və meyvə nədirsə, bir cəmiyyət üçün də böyük adamlar odur. Məlumdur ki, ağacın cinsini yaşadan, onun varlığını göstərən həmin ağacın çiçək və meyvələridir. Cəmiyyətləri də yetişdirdikləri böyük adamlar yaşadır, varlığını qoruyur və bu cəmiyyətlərin yüksəlişləri üçün yol göstərir.
Doğrudan da, hər hansı cəmiyyətin varlıq qüvvəsi fikir, sənət, elm, hərb və sair sahələrdə yetişdirdiyi böyük adamların alışqanlıq və qiymətləri ilə ölçülə bilər. Bu baxımdan böyük adamların yetişdirilməsi, onların qorunması cəmiyyət üçün ölüm-qalım məsələsidir. Böyük adamların yetişdiyi zamanlarda ağlı başında bir cəmiyyət onlardan bacardıqca çox faydalanmağa çalışar, həyatlarının hər dəqiqəsindən bəhrələnməyi özünə məqsəd bilər, onların əməyinin boşa çıxmasına və pozulmalarına isə heç dözməz. Axı böyük adamlar hər gün və hər zaman yetişmir. Bəzən bir millət əsrlərcə hamilə olduqdan sonra onlardan birini həyata yetirir. Bəzən də bu doğuş əməliyyatı çox çətin və qorxunc olur. O səbəbdən ağlı başında olan cəmiyyət elə övladını göz bəbəyi kimi qoruyur və onlardan bacardıqca çox faydalanmağa çalışır!”
Kor qaragüruh (çünki qaradan betər rəng olmaz,- öz funksiyasindan hələ də əl çəkməyib qara!), vaxilə Axundovun, Sabirin, M.Cəlilin, Ü.Hacıbəyovun, Cavidin, Müsfiqin, Əli Kərimin, Eldar Baxışın və neçə-neçə adını bilmədiyimiz ziyalımızın amansızlıqla axırına çıxan ağçaqqallar dəstəsi nə özləri bir iş görür, nə də başqalarına imkan verirlər, sonra da qayıdırlar ki; “Axı kim sizi qoymur, kim imkan vermir ki, Freyd, Pamuk, Tolstoy olasınız?!”. Bəlkə elə Gunel Mövlud düz deyir ki, burda kentavr olsan ancaq arabaya qosulmağa yarayarsan? Rafiq Tağı köhnəliyə qarşı yazdığı bircə yazıya görə həbs olundu. Professional Oxucu Liqası olaraq bildiririk ki, Rafiq Tağı təkcə çağdaş deyil, Azərbaycan ədəbiyyatının bütün dövrləri ücün ən yaxşı hekayəçilərdən biri sayılır. İnsanları VI əsr qanunları ilə- islam şəriətiylə mühakimə etmək nə dərəcə ağlasığandır? Bəs onda bu xalqı ələ salan, dolayan, təhqir edən Axundovun adı milli kitabxanaya verilib, niyə heç kim səsini çıxarmır? Yaxud heç kim “Cin görürəm, şeytan görürəm qorxmuram, Harda müsəlman görürəm qorxuram” yazan Sabirin heykəlini uçurmaq barədə fikirləşmir? Heç şübhəniz olmasın, bilin ki, 50-100 ildən sonra millətlərin içində özünə imza tapa bilməyən qeyri-ciddi millətimiz Rafiq Tağı kimi düşünənləri qəhrəman elan edəcək, “kişi gör o vaxtı nələr yazıb eee, bu gun də aktualdır!” deyəcəklər, necə ki bu gün Mirzə Cəlil haqqında deyirlər. Amma bunu deyənlərin özləri belə öz dövrlərinin rafiq tağılarını, əli əkbərlərini məhv etmək barədə düşünəcəklər. Və bu ikiüzlülük carxı qiyamətə qədər Azərbaycanda fırlanacaq.
Bizdə hələ də orta əsrlərə qayıdıb kotanla yer şumlamağı təklif edəcək qədər köhnə fikirli adamlara rast gəlinir. Onlar bilməlidirlər ki, sənətkar digər sahillər və dənizlər haqqında məlumat verən mayak kimidir. Əsəri mühakimə etmək sirli həqiqət carçısını mühakimə etmək deməkdir, və birinci şərt odur ki, sənətkarın yaradıcılığına anlaşıqlı yanaşılsın. Müasirlərin bədii məhsullarını müzakirə edərkən, insanlar sənətkar qarşısında da məsuliyyət daşıyırlar, öz qarşılarında da. Əgər fikir plürializminə və gözəlliyə ehtiyacları varsa, bu məsuliyyəti onlar hökmən anlamalıdırlar.
Görkəmli mütəfəkkir Cəlil Məmmədquluzadə əsrin əvvələrində yazırdı: “Hərənin bir etiqadı, hər cəridənin bir məsləki var, hər yazıçının bir mətləbi var; yoxsa bu işlər bihudə deyil; heç bir şairə demək olmaz- elə yazma, belə yaz; heç bir cəridə sahibinə demək olmaz məsləkini çöndər; heç bir fikir sahibinə demək olmaz ki, qandığını at, mən qandığımı tut”.
Cahil mühitə qarşı barışmaz olan Üzeyir Hacıbəyov isə “Öz qədrimizi bilmirik” məqaləsində göstərir: “Belə bir ağır şəraitdə yaşadığımız halda bizim içimizdən ingilislərin şekspirlərinə müqabil adamlarımız olmadığı təbiidir, lakin orasını unutmamalıdır ki, bizim millətimiz içində indi və ya gələcəkdə şekspirlər istedadında yaradılmış adamlar yox deyildir. Vardırlar və bədbəxtlik burasıdır ki, biz öz cəhalətimizlə o dahilərin zühuruna mane oluruq. Onlar üçün müsaid şərait hazırlamırıq ki, öz zühurları ilə həm bizi sairlər içində başıuca etsinlər, həm də insaniyyətə bir xidmət göstərsinlər”.
Məmləkətimizdə söz azadlığına qarşı basqının tarixi qədimdir, ən azı 14-cü əsrdə Nəsiminin öz fikirlərinə görə edam edilməsi, sonrakı yüzilliklərdə Axundovun, Cəlil Məmmədquluzadənin, Sabirin və yüzlərlə digər fikir adamının basqı altında saxlanılması bunun sübutudur. Dəhşət burasındadır ki, dünyanın bir çox klassik müəlliflərinin əsərləri müəyyən zaman keçdikdən sonra öz aktuallığını itirdiyi halda, Azərbaycanın maarifçi klassiklərinin əsərləri hələ də aktuallığını qoruyub saxlayıb. Bu, onların böyüklüyü deyil, xalqın keçmiş dəyərlərin içərisində batıb qalmasının təzahürüdür.
Dialektikaya görə, varlığın birinci şərti irəliyə getmək, inkişaf etmək, keçmişdən qopub gələcəyə yönəlməkdir. Bir də ki hər dövran və zəmanə öz sənətini, öz sənətkarını və öz üslublarını yaratmağa borcludur.
Seçilmişlərimizin qədrini sağ ikən bilməyimiz gərəkdir. Şair Hüsamə bin Sərxan demişkən, əvvəl-axır vətən təkcə onun əziyyətlərini çəkmək üçün deyil ki!
***
Müsəlman ölkələrində kitaba tapınanlar, mütaliəni sevənlər təbəqəsinin hansı mənəvi faciələr yaşadığını Azərbaycan ədəbiyyatının Kefli İskəndər obrazından da yaxşı tanıyırıq. Tanınmış türk yazarı Orxan Pamukun “Qara kitab”ında İstanbullu bir qoca tənha jurnalistdən bəhs olunur. O, Avropanın məşhur yazarı Marsel Prustun “İtirilmiş zamanın axtarışında” romanını oxuduqda, din və cahillik qaranlığına düşmüş əhali içində fikirlərini bölüşmək üçün özündən başqa bu dərin əsəri oxuyana rast gəlmir, kitaba maraq göstərən tapmır. Jurnalist, ölkəsinin belə bədbəxt və kasıb olmasına, bu ölkədə Prust və onun Albertinasını tanıyan olmadığına görə kədərlənir. Düşünür ki, “burada Prustu və Albertinanı anlayanlar yarananda, küçələrdəki bədbəxtlər bəlkə daha yaxşı yaşayacaq, dəli qısqanclıqdan bir-birini bıçaqlamayacaqlar…” Bu nəticəni Azərbaycan reallıqlarına da aid etmək gərək. Kütlədə mütaliə alışqanlığının olmamasından kitab oxuyanlarınla ətrafdakılar arasında yaranan münasibəti Pamuk çox yerində tutmuşdur: “Heç kəsin oxumadığı Qərb kitabını ləzzətlə oxumuş hər bir türk bir müddətdən sonra nəinki bu kitabı ləzzətlə oxumağına, hətta bu kitabı özü yazdığına səmimi inanmağa başlayır. Və sonra da ətrafdakılara yalnız bu kitabı oxumadıqlarına görə yox, bu cür yazmağa qadir olmamalarına görə onlara nifrət və həqarətlə baxmağa başlayır”.
Nüfuzlu təşkilatlardan birinin statistik məlumatına görə, hər bir Yaponiya vətəndaşı ildə ortalama 25 kitab oxuyur. Türkiyədə isə hər 6 türk ildə 1 kitab oxuyur (!). Nə qədər qorxunc bir fərq… Yaponiyanın və Türkiyənin fərqi bu statistikadan açıqca görünür. Azərbaycan da kitabçılıq baxımından Türkiyəyə bənzəməkdədir.
Mütaliə kültürünün yayğın olmaması toplumun ümumi geriləməsinə gətirib çıxarır, adamları yalnız maddi nemətlər istifadəçisi səviyyəsində saxlayır, ruhları kütləşdirir. Rusiyada son illər məşhur “Duxless” romanının müəllfi Sergey Minayevin bir fikri burada yerində düşür: “Ağıllı istehlakçı heç kəsə maraqlı deyil, küt istehlakçı isə hamı üçün- dövlət, istehsalçı, falçılar üçün idealdır. Əlbəttə, küt auditoriyadan yeni Eynşteynlər doğmayacaq, lakin eyni zamanda yeni Çe Qevaralar da doğmayacaq. Bu isə ümumi “təhlükəsizlik” üçün daha vacibdir…”
Bir neçə il öncə Rusiyada fəaliyyət göstərən nüfuzlu qeyri-hökümət təşkilatlarından biri 29 keçmiş sovet xalqı arasında onların mütaliə mədəniyyətini üzə çıxarmaq məqsədilə sorğu keçirmişdi. Sorğunun nəticələrinə görə şanlı xalqımız axırıncı, yəni 29-cu yeri tuturdu.
Bizim xalq həmişə kitaba nifrət edib. Biz bu mövzuya dəfələrlə müraciət etmişik. Əgər yadınızdadırsa, respublika mətbuatında AYB-nin latın qrafikası ilə kitab nəşri proyektini pis günə qoyması barədə çıxışlar da etmişdik, həmin proyekt tərəfimizdən kəskin tənqid olunmuşdu. Çünki fikrimizcə, başbilənlərimizin naşıcasına seçdiyi və kitabxanalarımıza doldurduğu müəlliflərin əsərləri müasir oxucuya heç bir bilgi vermək iqtidarında deyil və Azərbaycan oxucusunda kitaba həvəsin ölməsində son noqtəni qoydu.
Bir dəfə İnternetdə Vitoşun Kolleksiyasında belə bir yazıya da rast gəldim ki, “Görəsən dünyada Az dilində yazılan elə bir kitab varmı, bizim yazıq azərbaycanlı ordan bir savad öyrənə bilsin?” Bir az mübaliğəli görünsə də, maraqlı ifadəydi. İstər-istəməz Cəlil Məmmədquluzadə dövrü yada düşür. Biz həmin dövrdən çoxmu irəli getmişik? Əsla! Həmin dövrdə ziyalılarımızı narahat edən bir sıra məsələlər indi də aktual olaraq qalır.
III yazı: Kimlərəsə xalqın kor olması, uşaqlarımızın bayatı və mərsiyə üstündə böyüməsi sərf edir
Azərbaycanda heç vaxt oxumuş adamın hörməti olmayıb, bu məlum məsələdir. Azərbaycanlı qızı üçün hər zaman pullu kişi universitet təhsilli adamdan hörmətli olub. Oxumuş adamın çiyinlərində paqon olsa, bu başqa məsələ. Orda oturma, gəl yuxarı başda əyləş…
Bir tərəfdən adamın dili dinc durmur və demək istəyirsən ki, əgər yazıçı öz kitabını çap etdirmək üçün ondan beş manat, bundan on manat dilənirsə, belə cəmiyyətdə yazıçılığın nə hörməti ola bilər?
Bir tərəfdən də baxırsan, Azərbaycanda oxumuş adamdan bir az qorxurlar. O mənada ki o “donos” yazıb aləmi bir-birinə qata bilər... Nə isə, çox dərinə getməyək və keçək bizi düşündürən məsələyə.
Bizdə kitab alınmır. Bu da həmin o nifrətdən qaynaqlanır. Bir yazarın kitabı min ədəd satılsa, bu müəllif üçün böyük maddi imkan olardı. İndi kitaba heç kim qonorar da vermir. Maddi tərəfi problemlidir. Bu problem təkcə bizdə deyil, bütün dünyada belədir. Ciddi, dərin ədəbiyyatın pərəstişkarı çox azdır. Əksəriyyəti erotika və ya başqa şeylər oxuyurlar. Bu isə ədəbiyyat deyil. Aqşinin dediyi kimi, Aygün Kazımovanın kitabı çıxsa, 50 min tirajla satılar, mənimkini isə heç kəs almır.
Hardadır o gözəl günlər? Sovet höküməti yüz min tirajlarla dəyərli kitablar buraxıb havayı qiymətə qabağımıza qoyurdu. Elə o vaxt da Azərbaycan həmişə kitab oxuma səviyyəsinə görə ən axır yerlərdə olub.
Axı indi də dəyərli, oxunaqlı kitablar çap olunur. Kim də bilməsə də, təvazökarlıqdan uzaq olsun, biz professional oxucular bilirik ki, arada səviyyəli kitablar çıxır və onlar heç də Sovet dövründəki dərin fəlsəfə və ya oxunaqlı macərə kitablarından geri qalmır. Hətta mən deyərdim ki, onları üstələyir də. Lakin onlar kimə lazımdır, ümumidə bu fikir formalaşıb ki; “Azərbaycanlının yazdığı kitab nə olacaq e!” İnanmırsınızsa, gedin Respublika Kitabxana Kollektorunda rusdilli ədəbiyyatın da satışına baxın, doğma dilimizdə olan ədəbiyyatın satışına da. Rusdilli kitablar göydə uçur, azərbaycanca ədəbiyyata isə yaxın duran da yoxdur…
Azərbaycanda Yazıçılar Birliyinin üzvləri 1500 nəfərə yaxındır. Onlardan 5-6 nəfəri rusca yazır. Amma bu 5-6 nəfəri bütün dünya tanıyır. Düzdür, 1500-ün içində İlqar Fəhmi kimi yazıçılar da var. Amma rusca yazanlar Azərbaycanı dünyada tanıdırlar. Mən çox istərdim ki, 1500 nəfərin içərisində 5-6 nəfər rusca yazan öz yerində, heç olmasa, bir nəfər fransızca, ingiliscə, ispan və ya alman dilində yazan olsun. Amma bu şərtlə ki ingilis, fransız və ya alman yazıçılarından pis yazmasın. Rus dilində elə-belə yox, rus yazıçılarından fərqlənməklə yazmaq lazımdır. Qoy desinlər ki, Qırğızıstanda rus dilində yazan Çingiz Aytmatov, Qazaxıstanda Oljas Süleymenov, Azərbaycanda Çingiz Abdullayev, Natiq Rəsulzadə var. Natiq Rəsulzadə Rusiyada Ostrovski adına mükafata layiq görüləndə tanınmış yazıçı Valentin Katayev ona ünvanladığı məktubda “Siz rus dilində bizim yazıçılardan qat-qat yaxşı yazırsınız və bu dili onlardan yaxşı bilirsiniz”- deyə yazmışdı. Əgər ermənilərin Çingiz Abdullayev kimi yazıçısı olsaydı, onu qaldırıb dağın başına qoyardılar. Çingiz təzə-təzə yazmağa başlayanda: “Rus dilində yazır və ya bizim xalqa detektiv lazımdırmı?”- deyə az qala ona hücum çəkirdilər. Çingiz isə xalqa nəyin lazım olduğunu gözəl bilir. Yazıçı məşhurlaşa-məşhurlaşa ölkəsini də tanıdır.
Gəlin belə bir eksperiment keçirək: iki eyni kitab buraxaq, biri doğma dilimizdə olsun, biri rus dilində. Birinin adını “Qürubdan sübhədək” qoyaq, o birinin isə adını “Ot zakata do rassveta”. Tutaq ki reklamını və satışını da necə lazımdır təşkil etdik. Sizcə hansı daha çox satılacaq? Sizi inandırıram ki, rusca olan variant azərbacanca olandan qat-qat çox satılacaq…
Problem heç pulda da deyil. Problem kitaba olan nifrətdir. Bu xalq kitab oxumur. “Qanun”nəşriyyatı Orxan Pamukun “Mənim adım qırmızı” romanını çap eləyib. Eşidiblər ki, bu türk oğlu Nobel mükafatı alıb, dünya oxucusunun maraq dairəsinə düşüb, deyiblər yəqin bizdə də satılar. Kitab alınmır, qardaş. Səlim Babullaoğlu çağdaş yazarların altı kitabını buraxıb, alan yoxdur. Məmləkətin 1 nömrəli ədəbi dərgisi “Alatoran” 100 nüsxə satılır. 20-dən çox universiteti olan şəhərdə bütün dünya ölkələrindən tərcümələr verən modern ədəbiyyat dərgisinin bu cür satışının adı biabırçılıqdan başqa bir şey deyil. AYB-nin guya 1500-ə yaxın üzvü var, lakin bu təşkilatın “Ulduz” jurnalını alan yoxdur. Çünki əksər AYB üzvləri özləri nəinki “Ulduz”u oxumur, hətta bir çoxlarının bu adda jurnal buraxıldığından xəbəri belə yoxdur.
“Sonuncu mogikan”lardan sayılan, tək-tük ədəbi fədailərimizdən biri Səlim Babullaoğlu gələn ildən yəqin ki “525 kitab” seriyasının- bu gözəl layihənin daha redaktoru olmayacaq. Bu cəfakeş insan “525 kitab” seriyasından 2 il ərzində 21 kitab buraxdı. Sonuncusu- Pasternakın şeirləri onun öz tərcüməsində oktyabrın axırlarına planlaşdırılmışdı. Son 5 il ərzində “Dünya ədəbiyyatı” seriyasından 18 kitab, Azərbaycan şair və yazıçılarının kitablı-jurnallı 17 publisistikasını, 4 say isə öz tərcümələr jurnalını çıxara bildi. Nə qədər əsəb, enerji və maddi vəsaiti getdi. Nəşrlərə lazım olan hər manatdan ötrü nə qədər qapıları döyməli oldu. Amma bu işlərin ümumi büdcəsi çox gülüncdü. Dövlət pulunu dağıdıb iş görənlərlə müqayisədə heç nədi. Nəticəsi isə, bizdə həmişə olduğu kimi- qara nankorluq!
Bu gün bizim xalq kitabsız böyüməkdədir. Bunun sonu görünmür. Dünya tarixi də təsdiqləyir ki, belə hallar çox vaxt mənəvi fəlakətlə başa çatır və bunu anlamaq üçün heç də müdrik ağıl tələb olunmur.
***
Yuxarıda dediyimiz kimi, dəyərli kitablar var və Bakıda ziyalı elitada onlar əldən-ələ gəzir. Lakin təəssüf ki bu kitablar geniş oxucu kütləsinə məlum deyil və səviyyəsiz cızma-qaralar dənizində itib batır. Yəni, son zamanlar üstü bəzək, içi isə heç nə olan kitablar o qədər buraxılıb ki, oxucunun kitabdan əli soyuyub və daha istirahət vaxtını xoş keçirmək üçün kitaba əl atmır. İstisnalar haqda danışaq. Bu dəqiqə kitab bazarında Seymur Baycanın skelet-memuarları, Həmid Herisçi və İlhamiyyə Rzayevanın birgə proyekti olan “Gecə kanalı” kitabı yüksək qiymətləndirilir. Bir növ 90-cı illərdə Sabir Rüstəmxanlının “Ömür kitabı” kimi, bu kitablar da Azərbaycan ziyalısının stolüstü kitabına çevrilib. Bu kitabları oxumadan müasir həyata bələd olmaq mümkün deyildir. Tanınmış və qalmaqallı publisist Seymur xarici ölkələrə, o cümlədən Ermənistana etdiyi səfərlərlə bağlı xatirələrini yazır. Həmid Herisçi və İlhamiyyə Rzayeva isə Azərbaycan mediasının ən intellektual yazarlarından sayılır. Əgər yadınızdadırsa, Həmid və onun xanımı bir müddət əvvəl “Space”də böyük tamaşaçı kütləsi toplamış “Gecə kanalı”nın aparıcıları idilər. İndi yazılı və elektron KİV-lərdə eyni adlı proyektlə və müxtəlif aktual mövzulara toxunan kitablarla çıxış edirlər. Bu kitablardan geniş danışmayacağıq, ayrıca söhbətin mövzusudur. Qısaca deyək ki, “Gecə kanal”ında solçuluqdan tutmuş qədim kahinlər zümrəsinədək, siyasətin pərdəarxası sirlərindən tutmuş masonlaradək, Ziya Bünyadovun ölümündən tutmuş xalqın gələcək taleyinədək bütün maraqlı cəhətlərə toxunulub, aydınlıq gətirilib. Di gəl ki belə kitablar o qədər də reklam olunmur və geniş oxucu kütləsinə çatmır. Oxucunun dünyagörüşünü formalaşdıran və intellektual aləminə dəyərli naxışlar vura biləcək belə kitabların çapı mərkəzi mətbuat orqanlarına da sərf etmir. Hansı ki dövlətimizin maliyyələşdirdiyi ədəbi dərgilər çəpərüstü söhbətlərlə, “yalvarıram gəl komama” kimi şeirlərlə, “Bu gün kəndlinin traktora ehtiyacı vardır” tipli məqalələrlə doldurulur. Kimlərəsə xalqın kor olması, uşaqlarımızın bayatı və mərsiyə üstündə böyüməsi sərf edir. Bu yolda vacib olan bütün işlər görülür. Qoy nə edir etsin, təki bu xalqın övladları savad öyrənməsin. Savadlı adamların çox olduğu ölkədə qanunlara ciddi riayət olunar və məmurlar daha qaz vurub qazan doldura bilməzlər axı…
***
Hərdən optimist fikirlər də səslənir və hüquqi nihilizmin at oynatdığı məmləkətimizdə gələcəyə inam yaradır. Məsələn, şəxsən mən istedadalı jurnalistimiz Sabutayın ölkəmizin kitab bazarının formalaşması ilə bağlı fikirlərini çox böyük maraqla qarşılayıram. Zatən Sabutayın hekayələrini bəyənməsəm də, onun jurnalist qələminə söz ola bilməz. Taleyin işi elə gətirib ki, onunla iki ay bir otaqda qalmalı olmuşam və bir gecəyə iki kitabı oxuyub resenziya hazırlamasının, gün ərzində 20-30 kilometr gəzib iki-üç müsahibə götürməsinin də şahidi olmuşam. Sözün həqiqi mənasında bu cavan oğlanda olan enerjiyə, həvəsə heyran qalmışam. Nəsə, əsas odur ki jurnalist həmkarımızın qaldırdığı problemlər yenilikçi əhval-ruhiyyəsi ilə yadda qalırdı. Həmişə “axına qarşı” üzən Sabutay bu dəfə də sübut etməyə girişdi ki, bizdə kitab alınır, ədəbiyyata necə lazımdır tələbat var, sadəcə nəşriyyatlarımız hansı tələbatın olduğunu öyrənib nəzərə almalıdırlar.
Haşiyə çıxaraq deyim ki, Sabutayın yazıları həqiqətən optimist yanaşma tərzi ilə maraq doğurur. Yadımdadır, o bir dəfə də sübut etməyə çalışdı ki, bizdə Dünyaya çıxarılacaq əsərlər heç də az deyildir. Çünki ictimaiyyətdə belə bir fikir formalaşmışdı ki, azərbaycanlının yazdığı əsər Biləcəridən o yana oxuna bilməz. Sabutay isə yenə tezisə qarşı bir antitezis irəli sürərək Çingiz Abdullayevi, Maqsud İbrahimbəyovu, Çingiz Hüseynovu misal çəkdi və göstərdi ki, işlər heç də pis deyil. Doğrudan da, Kamal Abdulla publisistikası, Rasim Qaraca şeiri, Pərviz Yusif nəsri nəyə desən dəyər.
Bütün bu fikirlərə rəğmən onu da deyim ki, Sabutaya “İlin ən yaxşı mədəniyyət yazarı” mükafatı veriləndə də ən çox sevinənlərdən biri mən oldum. Həm ona görə ki bu adamı yaxşı tanıyırdım, əmin idim ki bir çox mükafatlardan fərqli olaraq düz ünvanını tapıb, həm də Sabutayın bu mükafatı kitab təbliğinə görə almağı bizim Liqa üçün bir plyus idi…
***
Yaxşı kitab insana kömək etməlidir. Həyatda özünü saxlamaq, özünün yaşamını qurmaqda kömək etməlidir. Bilirik ki, biz istəsək də, istəməsək də, Allaha inansaq da, inanmasaq da hamımız bu dünyadan gedəcəyik. Bilirik ki, əslində nə qədər biz xoşbəxt yaşasaq da, axırı faciəli olacaq. Hamımız gedəcəyik. Bütün bunlardan sonra da əgər biz sevə, uşaq böyüdə biliriksə, binalar, Allah evləri tikiriksə, görünür içimizdə inam deyilən nəsə var. Bizi saxlayan, bizə kömək həmin bu inamdır. Bu inamı da insanlarda mədəniyyət, incəsənət saxlayır. İlk növbədə ədəbiyyat. Bunlar olmasaydı, bəlkə də insan vəhşi olardı.
IV yazı: Azərbaycanlılar kimi heç bir xalqda “oxumuş adam”a bu qədər aqressiya, onu ələ salmaq hissi yoxdur
IV yazı: Azərbaycanlılar kimi heç bir xalqda “oxumuş adam”a bu qədər aqressiya, onu ələ salmaq hissi yoxdur
Aparılan yerli sorğular göstərir ki, Azərbaycanda əhalinin cəmi 8 faizi kitab oxuyur. Bu faiz digər qonşularımıza baxdıqda olduqca azdır. Deyirlər ki Azərbaycan ordusu Ermənistan ordusundan qat-qat güclü ordudur. O biri tərəfdən də deyim ki, YUNESKO 2012-ci ili rəsmi olaraq Ermənistanda “Kitab ili” elan edib. Mən bunu eşidəndə yerə girdim, ürək ağrısı keçirdim. Avropada yeganə paytaxt Bakıdır ki, burada kitab mağazaları yoxdur. Cəmi 4 kitab mağazası var bu boyda şəhərdə… Düzdür “Qrafika”, “Əli və Nino” açılıb. Amma bu mağazlarda qələm də satılır, kukla da. Halbuki bizdə 108 kitab mağazası var idi. Onları bağlayıblar. Oxumuruq, ona görə ki, ilk növbədə təbliğat yoxdur. Bu böyük faciədir. Mütləq bununla bağlı nazirlik olmalıdır. Bizim kitablarımız, kitab mağazalarımız olmalıdır. Təkcə Azərbaycan dilində deyil, ingilis, rus və digər dillərdə olmalıdır. Ermənistan və Gürcüstanda 39-44 faiz kitab oxunur. Bizdən sonra yalnız Türkmənistandır. Ola bilsin əlifba məsələsi, uzun müddət kitabın olmaması, bu kimi hallar kitab oxunmasını azaldıb. İndi prezidentin fərmanı ilə kitablar nəşr olunmağa başlayıb. Əgər kitab oxunmursa, o millətin gələcəyi yoxdur. Mən bizim akademiklərdən soruşursan ki, sizin evinizdə latın əlifbasında dünya ədəbiyyatı kitabxanasından hansı kitablar var? Deyirlər yoxdur… Bəs bunlar belə olanda adi vətəndaş nə etsin?
Bəs mütaliə sahəsində geniş imkanlar açan internetlə bağlı vəziyyət necədir? “Gənc liderlər” adlı uşaq təşkilatının keçirdiyi sorğular mətbuatda dərc olunub. Rəyi soruşulan 220 məktəblinin 169-u internetdən ancaq porno izləmək üçün istifadə etdiyini bildirib. 10 nəfər isə ümumiyyətlə internet biliklərinin olmadığını deyib. Əslində bütün dünyada vəziyyət bu cürdür. Ən mükəmməl axtarış sistemi olan google.com vaxtaşırı ən çox axtarılan sözləri dərc elətdirir. Hər zaman “seks” sözü birinci olub. Belə vəziyyət də başqa xalqlar üçün problem deyil. Xalqın ari hissəsi bizdə çox-çox azdır. Avropa ölkələrində xalqın intellektual kəsimi formalaşıb, öz yerini tutub, cəmiyyətə təsir imkanları var. Amma bizim intellektuallar ya səfil günündə yaşayır, ya da intellektuallıqlarını hakimiyyət olimpinə çıxmaq üçün nərdivana çeviriblər. Bu isə bizi mədəni fəlakətə aparır.
Bu günkü Azərbaycan burjuaziyası da pulunu müğənnilərə yatırtmaqdadır. Düzdür, burada da bir elə qazanc yoxdur. Yəni nə qazanırsa, müğənni özünə qazanır. Deyilənə görə, müğənnilər də pulun əvəzini natural formada çıxırlar. Bu da öz işləridir. Hacıbala Əmir demişkən, babalı öz boyunlarına…
Bu gün Azərbaycanda mədəniyyət heç kimə lazım deyil. Nə burjuaziyaya, nə xalqa, nə də dövlətə. Bu gün Azərbaycanda mədəniyyətin deqredasiyası gedir. Mirzə Fətəli, Mirzə Cəlil yetişdirən xalqın sonunun belə olacağını kimsə gözləməzdi.
Təəssüf, azərbaycanlılar kimi heç bir xalqda “oxumuş adam”a bu qədər aqressiya, onu ələ salmaq hissi yoxdur. Nə bilmək olar, bəlkə Afrikanın vəhşi adamyeyən tayfalarında ola. Amma çətin ki orada oxumuş adam tapıla.
***
Bir müddət əvvəl çox maraqlı bir olayla üzləşdim ki, sizin də nəzərinizə çatdırmaq istərdim. Açılıb-bağlanmamışdan qabaq, müntəzəm çıxdığı vaxtlarda “Alma ” qəzetində filosof-alim Ağalar Məmmədovun bir yazısı diqqətimi cəlb etdi. Əgər yadınızdadrsa, Həmid Herisçinin M.F.Axundovun mason olması barədə yazısı cəmiyyətdə böyük hay-küylə qarşılanmışdı və müxtəlif qəzet səhifələrində bu məsələyə bir-birindən fərqli yanaşmalar dərc olunmaqdaydı. Belə cavab yazılarından biri də Ağalar Məmmədovun qələminin məhsulu idi. Məsələnin mahiyyətini qoyaq bir tərəfə, bu barədə artıq yetərincə danışılıb. Məni maraqlandıran Ağaların məqaləsinin giriş hissəsi oldu. Sən demə, tanınmış filosof-alim uzun müddət onunla bir qəzetdə çıxış edən Herisçinin nə yazdığını nadir hallarda, təsadüfdən təsadüfə oxuyurmuş. Səbəb kimi o, “assosiativ təfəkkür vərdişlərinə malik olan H.Herisçi mənim üçün qeyri-ciddi müəllif olduğu üçün” göstərsə də, oxucular çox təəssüfləndirici bir məqam ilə üzləşdilər. Məlum olduğu kimi, hər iki yazar məhz “Alma ”nın markası sayılırdılar və çoxları həmin qəzeti elə Həmidin “Gecə kanalı”na və Ağaların fəlsəfi fikirlərinə görə də alırdılar. Və (sanki aydın səmada bir top atəşi!) məlum olur ki, eyni qəzetdə çap olunan bir məşhur publisist digərinin yazdıqlarını oxumur. Sən bir işə bax ki, Güntay Gəncalpın Herisçinin tezisinə antitetik cavabı olmasaymış, heç Ağalar müəllim maraqlanıb Herisçinin yazısı gedən səhifəyə baxmayacaqmış da…
Bu tipdən olan ikinci bir maraqlı vəziyyətlə ədiblər arasında modda olan “Yazar” qəzetinin səhifələrində üzləşdik. Söhbət Sevinc Çılğınla Mübariz Xanağalı arasındakı plagitat qalmaqalından gedir. Bir müddət ədəbi aləmi “plagiat bumu” başına götürmüşdü, müxtəlif çaplı və yönümlü qələm sahibləri bir-birini plagiatda suçlandırır, yeri gəldi-gəlmədi öz şeirini və oğru hesab etdiyi müəllifin şeirini qəzet səhifələrinə çıxararaq oxucuları köməyə çağırır, köhnə qaragül papaqlı patriarxal epoxada olduğu kimi, “oğru”nu qınaq obyekti etməyə çalışırdılar, hətta məhkəməyə verəcəkləri ilə hədələyənlər də var idi. Haşiyə çıxaraq deyim ki, mən bu cür boşboğaz və eqoist söhbətləri gerilik əlaməti sayıram, diqqətlə baxanda görürsən ki, hər iki şeir bir-birindən yerlə göy qədər fərqlənir, sadəcə hər iki yazar bir-birindən xəbərsiz də göstərilən nümunələri yarada bilərdi. Dərinə getsək, görərik ki bü cür mühakimələr Gi Debor, Marsel Düşamp, Çe Qevara ənənələrindən, ən azı Umberto Eko nəzəriyyəsindən bixəbərlik deməkdir. Mübariz Xanağalının “Plagiatlıq bəs nədir?” yazısını oxuyan Sevinc xanım hədsiz dərəcədə çılğınlaşıb və… qaş qayırmaq əvəzinə vurub gözü də çıxarıb deyək, el sözüylə, yəni açır sandığı, tökür pambığı… Şeirlərini həmişə sevə-sevə oxuduğumuz xanımın elə ilk cümləsində məni gülmək tutdu; “Yazar” qəzetinin məlum buraxılışında yayımlanan adını belə xatırlamadığım (nəinki yaradıcılığı ilə tanış olmadığım) Mübariz Xanağalı deyə birinin…”- elə bura çatanda da dayanaraq yaddaşımın işə salıb xatırlamağa çalışdım. Elə mən də bu mövzudakı fikirlərimə aydınlıq gətirmək niyyəti ilə əvvəlcə arxivimi araşdırmaq qərarına gəldim, sonra isə toza alergiyama rəğmən vaz keçdim. Axı maraqlıdır ki, buna qədər “Alatoran” jurnalının hər sayında Sevinc Çılğınla birgə Mübariz Xanağalının da şeirləri gedirdi. Heç belə də iş olar? Belə görünür ki, ya Sevinc Çılğın təmsil olunduğu qurumun jurnalında öz şeirlərindən başqa heç kəsi oxumur, heç bir imzaya baxmır, ya da vaxt qıtlığından əziyyət çəkir... Yazını sonadək oxuduqda isə bəzi mətləblərə aydınlıq gətirə bildim. Məlum olur ki, Sevinc xanım ancaq diqqətini çəkən imzaları oxuyurmuş, “raskrutka” olunmamış, cəmiyyətin o qədər də tanımadığı imzalara isə məhəl qoymur (?)…
Əgər Sevinc hər sayında şeirləri gedən həmin jurnalı diqqətlə izləsəydi, onun yeni çapdan çıxmış kitabından bütöv bir şeiri öz adından dərc etdirən müəllifin də kim olduğunu bilərdi…
Bəli, bizdə bəlalardan biri də budur ki, eyni təşkilatdan olan yazarlar belə bir-birlərinin kitablarını oxumurlar. Nə AYB-çi AYB-çinin, nə də AYO-çu AYO-çunun kitabıyla maraqlanmır, Dünya Azərbaycanlı Yazarlar Qurumu üzvləri isə heç görüşürdülərmi ki, bir-birlinə kitablarını da versinlər?
Bilal Alarlı danışır ki, bir dəfə çayxanada rast gəldiyi AYB rayon şöbəsinin üzvü olan bir yoldaşa yeni kitabını verir. O, kitabı alır və böyük məmnuniyyətlə oxuyacağını bildirir. Bir azdan Bilal getməli olur, lakin yadına düşür ki, çayın pulunu verməmişdir, geri qayıdır. Çayxanaya girərkən görür ki, kitabını verdiyi AYB üzvü də getmiş, lakin Bilalın ona verdiyi kitabı isə “yadından çıxıb” stolun üstündə qalmışdır…
Bir dəfə isə Bakı Kitab Klubunda gənc yazar kitablarının təqdimat mərasimi keçirilirdi. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə buraxılmış kitabların təqdimatına çoxlu adamlar, əsasən də gənclər yığışmışdı. Tədbirə qatılmış yazarlardan biri irəli çıxdı və bu kitablardan ağızdolusu danışmağa başladı. Lakin yerlərdən narazılıqlar eşidildi və onu oturmağa məcbur elədilər, çünki gənc yazarlar bu adamı yaxşı tanıyırmışlar; bildirdilər ki, o heç bir kitab-zad oxumur. Doğrusu, bu hadisə məni xeyli təəccübləndirdi və çox pərişan etdi.
Əgər dəng eləmirəmsə, sizə bu xüsusda daha maraqlı bir əhvalat danışım və biləsiniz ki ölkənin əsas yazar təşkilatı AYB-də bu sarıdan vəziyyət olduqca acınacaqlıdır. Birinin ilk kitabının təqdimatıymış. Ön sözdə yazıbmış, bu mənim dördüncü kitabımdı, son sözdə yazıbmış, üçünü hələ çap etdirə bilməmişəm. Həmin məclisə məmləkətin bir nömrəli kulturoloq-virtuoloqu da təşrif buyurubmuş. Tələm-tələsik gənc yazarın kitabına ordan-burdan göz gəzdirir, ön sözdən də həmin cümləni oxuyur, təcrübəsi sayəsində möhtəşəm çıxışa hazır olur. Sinəsini kürsüyə dayayıb gənc və istedadlı yazarın ilk kitabının dürlü-dürlü məziyyətlərindən söz açır, dərin, əhatəli, dünya kulturoloji fikrinin ön nailiyyətləri kontekstində çox sanballı bir çıxış yapır. Axırda təəssüflə deyir, heyif, mən bu cür gözəl yazarın əvvəlki üç kitabını oxumamışam, sizin qarşınızda söz verirəm, mütləq yaxın vaxtlarda o kitabları tapıb oxuyacam, onu da elmi-kulturoloji cəhətdən təhlil eləyəcəm. Tədbirə təşrif gətirənlərin çoxu da bu gundə olduqlarından, heç kim buna diqqət yetirmir. Camaat dağılanda yazar kulturoloqa deyir, qalan üç kitabı gələrsən evdə göstərərəm.
İndi özünüz deyin, əgər yazıçılar aləmində də heç kəs heç kəsin kitabını oxumursa, bu yazıq camaat onların kitablarını necə oxusun?
Mədəniyyətli olmağın iki yolu var. Ya kitab oxumaq, ya da kitaba həvəs yaradan təhsil sistemi yaratmaq. Başqa yolu yox artıq...
Комментариев нет:
Отправить комментарий