İctimai Palatanın 17 aprel aksiyasında "Azadlıq!", "İstefa!" şüarları səsləndirdiyinə görə polis maşınına mindirilən ana və 5 yaşlı qızcığaz təsadüfü yoldan keçənlər imiş. Əslən Sabirabad rayonundan olan Gülnar Quluzadə bu barədə "Azadlıq" qəzetinə müsahibəsində deyib
O, heç bir partiyanın üzvü olmadığını, siyasətlə də maraqlanmadığını deyib. Gülnar Quluzadə Rusiyadan Azərbaycana qızı ilə qonaq gəldiyini, müxalifətin 17 aprel aksiyasından isə xəbərsiz olduğunu bildirib. «Mən aksiyaya çıxmamışdım. Bazar günü idi uşağı gəzdirməyə çıxarmışdım. Heç həmin gün Bakıda mitinq olacağından xəbərim yox idi. «Sahil» tərəfə gələndə gördüm ki, yollar bağlıdır. Yolu keçəndə birdən qızım Məryəm «Azadlıq!», «İstefa!» qışqırmağa başladı. Televiziyadan görüb bunu. Evdə də bir də görürsən, hərdən «Azadlıq!» qışqırır. Bu zaman polislər üstümüzə gəldi, bizimlə kobud rəftar etdilər. Bu hamının gözü qarşısında baş verdi. Mən polislərə dedim axı, nə olub, nə baş verib? Üstümə qışqırdılar ki, səsini kəs, keç get burdan. «ƏGƏR DEMOKRATİYA VARSA, 5 YAŞLI UŞAĞIN ŞÜAR SƏSLƏNDİRMƏSİNƏ NİYƏ BELƏ REAKSİYA VERİRLƏR?» Gülnar Quluzadə deyir ki, o, polislərin 5 yaşlı qızın şüar səsləndirməsinə aqressiv reaksiya verəcəyini gözləməyib və sonra o, özü də «Azadlıq» qışqırıb. «Əlbəttə, gözləmirdim. Bu uşaqdır axı. Məgər onun şüar səsləndirməsi bu qədər dəhşətli hadisədir?! Bir də ki, hər yerdə deyirlər Azərbaycanda demokratiya var. Əgər demokratiya varsa, 5 yaşlı uşağın şüar səsləndirməsinə niyə belə reaksiya verirlər? Açığı, mən dəhşətə gəldim polislərin bu hərəkətindən. Uşaq da qorxdu, ağladı». Gülnar Qulazədənin deməsinə görə, onları polis maşınından düşürüb avtobusa mindiriblər, sonra da hansısa bir idarənin həyətinə aparıblar. Gülnar Qulazədə qeyd edib ki, polislər ona aksiyaya gəlməyə görə, 50 manat pul verildiyini deyiblər. O isə bunu qəti təkzib edib. 5 yaşı Məryəm. Foto: Azadlıq Qəzeti «Bu hadisə məni çox sarsıtdı. Mən inanmazdım ki, 5 yaşlı uşağın şüar səsləndirməsinə görə, belə şeylər baş verər». «HƏYATDA QADINA ŞƏR ATMAQ QƏDƏR İYRƏNC BİR ŞEY OLA BİLMƏZ» Gülnar Quluzadə bəzi qəzetlərdə onun hansısa barda işləməsi ilə bağlı yazılanlara da münasibətini bildirib. «Bu, böhtandır. Özü də çox iyrənc böhtandır. O məqaləni yazanların halına acıyıram. Həyatda qadına şər atmaq qədər iyrənc bir şey ola bilməz. Bunu bir qadının dediklərinə əsasən yazıblar. Sonradan qəzetlərdən oxudum ki, bu qadın vaxtilə insan alverinə görə həbs edilib. Görün, bunlar kimlərin sözlərinə inanırlar, kimlərin sözü ilə məqalə yazırlar». «MİTİNQİ TELEVIZORDA GÖRMÜŞƏM» «Azadlıq» qəzetinin müxbirləri 17 aprel aksiyasında «Azadlıq!» və «İstefa!» qışqıran 5 yaşlı qızcığaza da bir neçə sual verib. Adının Məryəm olduğunu bildirən qız mitinq nədir sualına onu televizorda görmüşəm deyib. «BİZİ UZAQLARA APARDILAR» «Televizorda görmüşəm, adamlar çıxıb qışqırır, polislər də onları döyür. Buna mitinq deyirlər, düzdü? Mən də qışqırmışam e... mitinqdə, keçən dəfə anamla lahmacun yeməyə gedəndə. Qışqırdım «Azadlıq!», «İstefa!», sonra polislər anamın qolunu tutdu. Mənim də qolumdan tutub, yuxarı qaldırdılar. - Qorxdun? - Hə, ağladım e... Bizi polis maşınına saldılar, uzaqlara apardılar... » faktxeber.com |
Комментариев нет:
Отправить комментарий