24.04.2011

ANAR MƏMMƏDXANOV VƏFAT ETDİ

                             Onun qəfil ürəktutmasından dünyasını dəyişdiyi bildirilir



Milli Məclisin keçmiş deputatı, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanov dünən günorta vəfat edib. Dünən bu məşum xəbəri alan kimi mərhumun yaşadığı ünvana yollandıq.
A.Məmmədxanovun yaşadığı binanın (Milli Bankın yaxınlığında yerləşir) qarşısında qələbəlik idi. “Bakılı oğlanlar” komandası kapitanının acı xəbərini eşidən dost-tanışları, keçmiş komanda yoldaşları, deputat həmkarları onun evinin qarşısına toplaşmışdılar. Başı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, “Bakılı oğlanlar” komandasının sabiq üzvləri Bəhram Bağırzadə, Murad Dadaşov, Tahir və Cabir İmanov qardaşları, vergilər naziri Fazil Məmmədov, deputatlar Asim Mollazadə və Səməd Seyidov, ünlü tele-jurnalis Rafiq Hüseynov, kinodramaturq Rüstəm İbrahimbəyov, müğənni Bilal Əliyev, bəstəkar Vaqif Gərayzadə, vəkil Aslan İsmayılov və başqa tanınmış şəxslər orada idi. A.Məmmədxanovun vaxtsız vəfatından sarsılmış bu insanların hamısı çox kədərli görünürdü. Mərhumun dostları və yaxınları jurnalistlərdən orada çəkiliş aparmamağı istədilər. Onlar mərhumun ölümü ilə bağlı ətraflı məlumatın sonra veriləcəyini dedilər. Mərhumun yas mərasimi üçün isə saat 19:00 radələrində çadır qurulurdu.
Mərasimlə əlaqədar ora polis əməkdaşları da cəlb edilmişdi. Sabiq deputat bu gün torpağa tapşırılacaq. Onun harada dəfn olunacağı dünən axşama qədər hələ dəqiq bilinmirdi. Amma H.Abutalıbov mərasimin təşkili ilə bağlı müəyyən tapşırıqlar verirdi. Mərhumun cənazəsi 24 aprel saat 15-də yaşadığı evin həyətindən (Şəmsi Bədəlbəyli küçəsi ilə Azadlıq pr. kəsişməsi) qaldırılacaq.
Elektron KİV-lərdə yayılan bilgilərdən belə aydın olur ki, sabiq deputatın xüsusi bir xəstəliyi yox imiş. Ölüm qəfildən gəlib. Trend-in məlumatına görə, Anar Məmmədxanovun halı qəflətən pisləşib, ürəyində kəskin ağrı başlayıb və o, bir saat içində keçinib. Saat 12 radələrində Anar Məmmədxanov “Exo” qəzetinin baş redaktoru Rauf Talışınski ilə danışıb. Anar Məmmədxanovun əhvalı lap yaxşı imiş və o, telefonda redaktorla zarafat da edib. Bu barədə müxbirimizə R.Talışinskinin dostlarından biri deyib.
A. Məmmədxanov bir neçə gün öncə qəzetimizin bir layihəsinin qonağı olmuşdu. Onun media üçün çəkdirdiyi son şəkilləri qəzetimizin gənc reportyoru fotoaparatın yaddaşına köçürmüşdü.
A.Məmmədxanov 1970-ci il, iyulun 20-də Bakıda anadan olmuşdu. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdi. 1992, 1993, 1995-ci illərdə “Şən və hazırcavablar klub”ları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olmuşdu. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü idi. 1991-ci ildən Bakı “Şən və hazırcavablar klubu”nun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olmuşdu. I və II çağırış Milli Məclisin deputatı olmuşdu. Evli idi, 3 övladı qaldı. Allah rəhmət eləsin.

Samir KAZIMLI                          musavat.com

Комментариев нет:

Отправить комментарий