28.04.2011

Qoy hökmüdarınız Sevgi olsun!

Hüsamə bin Sərxan              Qarazəncir Antimason Lojası

1.Rejimlər sevgidən yıxılır. Vaxt vardı insanlar sevdiklərinin adına siyahı tutardılar. Ki, hər dəfə o siyahıya baxıb, sevdiklərini xatırlasınlar. Vaxt vardı insanlar nifrət etdikləri insanların adını siyahıya yazıb, sonra yandırardılar. Ki, o nifrət ürəklərində yuva sala bilməsin. Vaxt vardı. İndi vaxt yoxdu. Xüsusən dəruni və doğal hisslərə. İndi hisslərin ən səmimisi olan nifrət var. Çünki pulu-paranı, palı-paltarı, bir tikə əkməyi nifrətə ğörə verirlər, abi. Bəlkə elə bu səbəbdəndir ki, nə valideynlərimizi, nə övladlarımızı, nə yaxınlarımızı sevirik. Özününkünü sevməyən insansa, nə millətini, nə Vətənini sevə bilməz. Qardaşı Aleksandra sevgisinə xatir Romanovlar xanədanının axırına çıxan Vladimir Ulyanov təcrübəsi var dünya tarixində. Şəxsən mən Leonid Brejnev ölərkən günlərlə ahu-zar edən, özünü didib-dağıdan onlarla qadın (hələ kişiləri demirəm) tanıyıram. Mən dünyada sevgi-məhəbbətə görə Nobel mükafatı alan yazıçı, ictimai-siyasi xadim, elm adamı tanımıram. Mən dünyada sevgi kinosuna verilmiş “Oskar” xatırlamıram. Belə olsaydı bütün “Oskar”ları hind kinolarına verərdilər. Yaxud da bizim “Ögey ana”mıza... Kimsə “Titanik”i gözümə soxa bilər. Qoy soxsun! Amma o kimsələrə deməliyəm ki, “Titanik” sevgi melodraması deyildi və o gəmini batıran da sevgi yox, nifrət oldu.
Bizim gəmimiz daha böyükdü. Həm də adı “Titanik” yox, Azərbaycandı. Söz yox ki, bizim gəmi qəzalı vəziyyətdə olsa da, hələ batmayıb, onu xilas etmək olar. Buna görə yabanı bəbənək çiçəyinin ləçəklərini “inqilab olacaq-olmayacaq”-deyə yolub, falçılıq etməyə lüzum yoxdur. Yetər ki, nifrəti qanımızdan və canımızdan çıxaraq. Çünki rejimlər nifrətdən yıxılmır, rejimlər sevgi və məhəbbətdən yıxılır,abi. Hətta pişiklər də balalarını çox sevdiklərindən yeyirlər.
Nifrət-bu mənim həyat təcrübəmdir. Leqal, qeyri-leqal formada müdafiəsinə qalxdığım, hüquqlarını müdafiə etdiyim insanların sonda mənə qarşı sərgilədiyi hissdi.
2. Azərbaycan ədəbiyyatının “novruzəli”si: ŞƏRİF AĞ... Sevginin mövcud olduğu məkanlarda, təkcə rejimlər deyil, ədəbiyyat və ədəbi zövqlər, hətta təsərrüfatlar da dəyişir. Şeri qoyuram bir tərəfə. Halonki, biz şair millətik və bizdə həmişə yaxşı şer olub. Pis şeir də öz yerində. Demirəm eee..., pisi də şeirdi.Amma bilirsiz bu nəyə bənzəyir?! Belə deyək də, Tovuzun, Gədəbəyin, canım sizə ərz eləsin, Lerikin kartofu olan yerdə Cəlilabad kartofuna ehtiyac yoxdu, qardaş! Allah Cəlilabada kartof itələyənin evini yıxsın. Taxıl və üzüm öz yerində,Cəlilabad təbii və coğrafi məkan olaraq pomidoru və xiyarı daha çox sevir. Sadəcə, əsl pomidor və xiyarın dadını bilmək istəyənlər, Cəlilabada qaz verməlidirlər. Yolmağa yox, yandırmağa. Cəlilabada “çay” suyu vermək lazımdır. İçməyə yox, torpağımızın canına qan verməyə.
Ədəbiyyatımız da “qan” istəyir. Fəqət, Qarabağlı, Qazaxlı qanı yox, əsl Yazar qanı. Elə bir qan ki, o qanı Mirzə Fətəli, Cəlil Məmmədquluzadə gəzdirirdi.
O gün “El içində” verlişinin qırağında hərlənən Şərif Ağ (əslində Qara) çox qəribə bir məntiq sərgilədi. Guya o, hər əyalət səfərindən sonra bir həftəlik “novruzəli” olurmuş. Türklər demiş “iyi”. Qayət, hal-hazırda halımın elə bir əhvalındayam ki, Şərif Ağa bu “fəlsəfəsinə” görə “sağ ol” deyə bilməyəcəm. Nöşün ki, bu məmləkətdə tanıdığım ən tipik “novruzəli” elə o özüdü. Baxmayaraq ki, mən “novruzəli”ləri çox sevirəm. “Novruzəli”siz Azərbaycan “Terminator”suz Amerikaya bənzəyər, abi!   
Yazının “DABAN”I: ...Bu gün bu millətin hər şeyi var. Prezidenti də Qızıl İnsandı. Çatışmayan sevgidi. Sevgimiz nifrətimizə qalib gələrsə, bütün həyatımız dəyişəcək, inişallah.

   Özünü sev! Sən özünü sevəndə daha qüdrətli olacaqsan, Millət!

Комментариев нет:

Отправить комментарий