26.04.2011

NEHRƏMDƏ AXCP FƏALININ QARDAŞINA TƏZYİQLƏR EDİLİR

7 noyabr 2010-cu il parlament seçkilərində 6 saylı Culfa-Babək Seçki Dairəsindən "AXCP-Müsavat" blokunun namizədi olmuş, AXCP Naxçıvan Muxtar Respublika Təşkilatının sədr əvəzi, Yaşar Bağırsoyun qardaşı, Nehrəmli fermer Zeynalabdin Bağırzadə Bağır oğluna Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyevin tapşırığı ilə təzyiqlər edilir



Fermerin 6 hektar əkin sahəsinə 200 ədəd meyvə ağacı əkilmiş bağına su verilmir. 21 aprel tarixdən isə öyrədilmiş şəxslər tərəfində mal-qara ötürülərək onun əkin sahələri otarılır. Bunu  RATİ-nin Naxçıvandakı müxbirinə Z.Bağırzadənin özü bildirib.

Seçkilərdən sonra noyabrın 24-də rayon icra başçısının özünün fermer təsərrüfatı yerləşən  sahəyə gəldiyini, kəndin icra nümayəndəsinin, bələdiyyə sədrinin və Nehrəm Kənd Su Asossasiyasının sədrinin, torpaq komitəsinin nümayəndəsinin yanında onu təhdid etdiyini bildirən Z. Bağırsoy bundan sonra təsərrüfatının dağıdılması prosesinin başladığını iddia etdi.

“İcra başçısı dedi ki, fermer təsərrüfatımı başıma yıxacaq. Mən ona başa düşmədiyimi bildirdi. O isə mənə bildirdi ki sahəni satım. Mən sahəni satmaq fikrində olmadığımı bildirdim. Bundan sonra sahəyə baxış keçirildi və bildirildi ki, mənim sənədlərim səhvdir. Mən isə onlara hüquqlarımı bildiyimi xatırlatdım  və dedim ki, sənədlərimdə  səhv yoxdur, olsa belə onu düzəldərik. Sonra o mənim sahəmə əkin üçün su verməmək tapşırığı verdi. Həmin vaxtdan etibarən mənim sahəmə gələn su borularının ağzı qaynaq edilərək bağladıldı”,  - deyə qeyd edən fermer bildirib ki, payızda əkin sahələrini suvarmaqdan məhrum edilib, habelə dondurma suyu verə bilməyib. O. Bir neçə dəfə  icra başçısı E. Hüseynəliyevlə görüşərək, məsələyə aydınlıq gətirmək istəyib. İcra başçısı onun sahəsinə yeni su xətti çəkdirəcəyini bildirsə də buna əməl etməyib. Dünən (21.04.11) isə Bir nəfər onu əkin sahələrinə mal-qara ötürərək otarmağa başlayıb. Həmin şəxs Z.Bağırzadəyə deyib ki, onun fermer təsərrüfatını yandıracaq.  Kənd icra nümayəndəsi Təvəkkül Ələkbərov telefonla məlumatlandırılıb. Fermer əraziyə polis çağırılıb və 5 nəfər polis əraziyə gəlib. Polislər məsələni araşdıraraq əkin sahəsini otaran şəxsi cəzalandıracaqlarını bildirsələr də, bu günə qədər heç bir tədbir görülməyib.

“Bu günə qədər dözdüm. Dünənki hadisədən sonra isə artıq dözə bilmərəm. Bu artıq təxribatdır. Adamı öyrədərək mənim əkin sahələrimi məhv etmək istəyirlər. İstəyirlər ki, mən qarşıdurmaya gedəm və mənim özümü həbs edələr. Bu mənim qardaşımın siyasi fəaliyyətinə görədir. Əvvəllər bu cür hadisələrlə rastlaşmamışam. İcra başçısı ilə görüşlərimdə də bunu hiss etmişəm. Bir neçə dəfə o mənə təklif edib ki, qardaşım Yaşar Bağırsoy  siyasətlə məşğul olmasın, müxalifətin əleyhinə çıxışlar etsin və  onların bütün problemləri həll olunsun. Lakin mən bununla razılaşmamışam. Çünki qardaşım müstəqil insandır və öz əqidəsi, öz fikri vardır. Mənim ona təsir etmək imkanım yoxdur”, - deyə Z. Bağırzadə bildirib.

Fermer əlavə olaraq qeyd edib ki, hazırda onun fermer təsərrüfatında 6 nəfər işçi işləyir və onlar ailələrini dolandırırlar. Fermer təsərrüfatının məhv edilməsi 20 nəfər insanı çörəksiz qoya bilər. “Babək rayon İcra Hakimiyyətinin başçısı Prezidentin fərman və tapşırıqlarına əməl etmir. Dəfələrlə prezidentin Sahibkarlara və fermerlər şərait yaradılması haqda göstəriş verib. Amma bu gün icra başçısı  fermerləri incidir, onların işinə əngəl törədir”, - deyə o bildirdi.

Məsələ ilə bağlı müxbirlərimiz Nehrəm kənd Bələdiyyəsində və Nehrəm kənd icra nümayəndəliyində olublar. İş saatı olmasına baxmayaraq Bələdiyyənin sədri Tofiq Abutalıbov otağında tapılmayıb. Kənd İcra Nümayəndəsi Təvəkkül Ələkbərov isə müxbirlərin suallarını cavablandırmaq, məsələyə aydınlıq gətirmək əvəzinə bir neçə polisin müşayiəti ilə jurnalistlərə təzyiq göstərərək onları binadan çıxarmağa çalışıb.

faktxeber.com

Комментариев нет:

Отправить комментарий