24.04.2011

“BİNƏ” BAZARINDA NARAZILIQ SƏNGİMİR

Yarmarkada sahibkarlardan əlavə vergi yığılması vəziyyəti daha da tündləşdirib



Lökbatan qəsəbəsi yaxınlığında fəaliyyət göstərən “Binə” ticarət mərkəzlərindən sahibkarlardan vergi yığılması ilə bağlı ciddi narazılıq yaranıb. Belə ki, narazı sahibkarlar yarmarka rəhbərliyindən vergi yığılacağı təqdirdə rüsumun ləğv edilməsini tələb ediblər.
Bu barədə “Yeni Müsavat”a “Binə” bazarında işləyən ticarətçilərdən biri məlumat verib. Onun sözlərinə görə, son aylar rəhbərlik rüsum haqqını artırıb: “İndi hər mağazadan 200-300 manat əlavə rüsum haqqı alınır. Bundan əlavə, mağazalara kassa aparatlar quraşdırmaq istəyirlər. Belə çıxır ki, biz həm rüsum haqqı, həm də vergi ödəməliyik. Qonşu "Sədərək" yarmarkasında belə deyil. Artıq “Sədərək” bazarında rüsumla bağlı narahatlıq aradan qaldırılıb. Haqlar aşağı salınıb. Sahibkarlarla ticarətin güçləndirilməsi ilə əlaqədar söhbətlər aparılıb. Bizdə isə vəziyyət getdikcə ağırlaşır. Müraciətlərimizə baxmayaraq Kəbirə xanım bizi qəbul etmək istəmir. Əksinə, bazarın genişləndirilməsinə girişib ki, buda alverin “ölməsinə” gətirib çıxarıb. Bir vaxtlar ölkədə ucuz bazar kimi tanınırdı. Amma indi belə deyil. Bu səbəbdən də müştərilər əsasən qonşuluqdakı yarmarkalara üz tuturlar".
Qeyd edək ki, son aylar ən çox narazılıq məhz “Binə” ticarət mərkəzində müşahidə edilib. Hətta narazı ticarətçilər bir neçə dəfə yaxınlıqdan keçən magistral yolu bağlamağa cəhd ediblər.
Onu da əlavə edək ki, bəzi mətbuat orqanlarında yaxın zamanlarda Azərbaycanda bütün ticarət obyektlərində kassa aparatları quraşdırılacağı barədə məlumat yayılıb. Məlumata əsasən ilk növbədə bu aparatlar şəhər daxili ticarət mərkəzlərindəki mağazalarda quraşdırılaçaq. Yenilik şəhərdəki meyvə-tərəvəz satışı ilə məşğul olan mağazalara da şamil ediləcək.
Amma Vergilər Naziriliyinin Analitik informasiya mərkəzindən modern.az saytınə belə bir təsnifatın olmadığını deməklə kifayətləniblər.

Комментариев нет:

Отправить комментарий