29.04.2011

"AZƏRBAYCAN QƏRBİN BÜTÜN MARAQLARINA TƏSLİM OLUB"

Mayis Güləliyev: "Azərbaycan kimi kiçik ölkələrdə o, halda inqilab baş verir ki, xarici güclərin maraqları olsun"


Tanınmış rusiyalı politoloq, Rusiya İslam Komitəsinin sədri Heydər Camal, “Bu gün Azərbaycana Gürcüstandan gələn bir təhlükə mövcuddur” sensasiyalı bəyanatla çıxış edib. Rusiya İslam Komitəsinin sədri iddia edir ki, Gürcüstanda Azərbaycan üçün dövlət çevrilişi planı hazırlanır: “Gürcüstan əraizisində Azərbaycanda dövlət çevrilişinə hazırlıq gedir və bu hazırlığa görə məsuliyyət Gürcüstanın Təhlükəsizlik Şurasının üzərinə düşür. Azərbaycandakı Gürcüstan səfirliyində bu fəaliyyəti kurasiya edən mərkəz var. Mənə məlum olduğu qədər, Azərbaycan hakimiyyətinin devrilməsi barədə qətiyyətli qərar 28 may tarixinə təyin edilib. Mayın 29-da isə Londonda Azərbaycana həsr edilən konfrans keçirilməlidir və bu konfransda Hillari Klinton çıxış edərək, Azərbaycandakı vəziyyət, Azərbaycan müxalifəti və hakimiyyət barəsində fikirlərini bildirəcək.”
Heydər Camalın bu çıxışına münasibətini açıqlayan, Yaşıllar Partiyasının həmsədri, fəlsəfə elmlər doktoru Mayis Güləliyev FaktXeber.com-a bunları danışdı: “Mənim Heydər Camala böyük hörmətim var və onun çox çıxışlarını oxumuşam. Lakin təəssüf edirəm ki, onun proqnozlarının əksəriyyəti özünü doğrultmur.  Mən deyərdim ki, Heydər Camal bu açıqlaması ilə çox böyük səhvə yol verib.  Azərbaycanda nəinki bu iI, nəinki gələn il hətta mənim verdiyim proqnozlara görə 2018-ci ilə qədər heç bir dəyişiklik gözlənilmir. Mən bunu 2002-cil ildə Gürcüstanda  keçirilən konfransda demişdim. Artıq həmin dövrdən 9 il keçib. Bu günə qədər bu proqnoz özünü doğruldub. Hələ bundan sonra 7 il də özünü doğruldacaq. Yəni 2018-ci ilə qədər Azərbaycan hakimiyyətində heç bir dəyişiklik olmayacaq. Mən Heydər Camala öz dərin hörmətimi izhar edərək demək istiyərdim ki, o, verdiyi proqnozda çox ciddi səhvə yol verib. Heydər Camal 2 il bundan əvvəl deyirdi ki, ABŞ İranı vuracaq. Amma həmin proqnoz özünü doğrultmadı. Azərbaycanda yaxın illərdə heç bir inqilab gözlənilmir. Bunun üçün həm obyektiv, həm də ki, subyektiv şərait olmalıdır. Lakin bu şəraitlərin Azərbaycanda heç biri yoxdur. Azərbaycan kimi kiçik ölkələrdə o, halda inqilab baş verir ki, xarici güclərin maraqları olsun. Azərbaycanda inqilab etmək nə qonşu ölkələrin marağında deyil, nə də ki, Qərbin.  Qonşu ölkələri ona görə istəmirlər ki, baş verə biləcək dəyişiklər ABŞ-ın Azərbaycanda yerləşməsinə böyük imkan yaradacaq.  Qərb ölkələrinin istəməməsinin səbəbi isə, artıq onların Azərbaycandan istədiklərinin almasıdır. Yəni nə qədər neft  aparmaq, Azərbaycan cəmiyyətini nəzarətdə saxlamaq, iqtidar və müxalifəti idarə etmək, təhsili və səhiyyəni dağıtmaq mümkündürsə onu ediblər. Qərbin Azərbaycanda inqilab etməsi üçün heç bir səbəb qalmayıb. Buna görə də Azərbaycanda inqilab, xüsusilə ənənəvi müxalifətin inqilabı mümkün olmayacaq. Qərb Azərbaycan müxalifətindən növbəti güzəştlərin əldə olunması üçün istifadə edir və bundan sonra da edəcək.”



Xəyal Şükür, faktxeber.com

Комментариев нет:

Отправить комментарий