30.04.2011

Təzəkli təhsil

Aqşin Yenisey

O gün, daha doğrusu, hicri-qəmərinin isfənd ayında təğyiri-libas olub, artıq həyət-bacalarında ayağına iri çəkmələr geyinmiş uşaqlardan və beli bükülmüş qocalardan başqa kimsənin gözə dəymədiyi, yastı-yapalaq komalarında dul gəlinlərin həyatdan gizləndiyi, cavanların yarısının torpağın altına, yarısının ərşə çəkildiyi əyalətlərimizdən birinin beş-altı kəndini gəzməli oldum; 


Hər yerdə Rusiyada alver edən cavanların göndərdiyi pullar hesabına tikilmiş məscidlərin təmtərağını və elə həmin rusların imperiya zamanı tikdiyi məktəblərin xarabalıqlarını gördüm. Din saraylara, elm xarabalıqlara sığınmışdı gəzdiyim kəndlərdə.
Mən biləni Azərbaycanda dünyəvi təhsilin ənənələri Qori seminariyasından başlayır. Bu seminariyadan əvvəl, Azərbaycanda “təhsil” dedikdə adamın yadına yalnız dini təmayüllü mədrəsələr, molla, falaqqa düşür ki, orada da, Sabir demiş, yazı yazanda molla şəyirdi döyürmüş. Qori seminariyasını Azərbaycan təhsilinin, maarifçiliyinin beşiyi, əsgi üstə qoyanı adlandırıb, keçək bu şəyirdin döyülmə məsələsinə. Ümumiyyətlə, dünyanın bütün mədəni xalqları öz övladlarını döyə-döyə oxudublar; hətta səhv etmirəmsə, ingilislər bu gün də tədrisdə və tərbiyədə çubuqdan istifadəni yığışdırmayıblar. Onlar bunu həm də onunla izah edirlər ki, uşağa kiçik yaşlarından dünyada cəzanın mövcudluğunu aşılamaq lazımdır. Ancaq cəzanın nə üçün verildiyi uşağa mütləq izah olunmalıdır. Biz həm ailədə, həm də məktəblərdə uşaqlarımızı pota balası kimi döyəcləsək də, yazıqlar yalnız böyüyüb arvad-uşaq sahibi olandan sonra anlayır ki, onu otuz il bundan əvvəl nə üçün cığnayırmışlar.

Cəzanın növü də uşağın tərbiyəsinə, təhsilinə ciddi təsir göstərən amildir. Oxuduğum orta məktəbdə şagirdləri “öyrətmək” üçün müxtəlif növ cəzalardan istifadə olunurdu və bu cəzalar birmənalı olaraq, yalnız və yalnız biz azyaşlı uşaqların formalaşmaqda olan azyaşlı şəxsiyyətinin təhqirinə yönəlmişdi. Məsələn, müəlləmlər dərsi hazırlamayan, yaxud hazırlamaqda çətinlik çəkən şagirdləri ağına-bozuna baxmadan lövhənin qabağına çıxarır və nisbətən hazırlıqlı şagirdlərə əmr edirdilər ki, tənbəllik edib dərsi əzbərləməyən yoldaşının üzünə tüpürsünlər. Sonra da üzütüpürcəkli şagirdə əmr edirdilər ki, üzünü dərs boyunca təmizləməsin. Bəzən, tutaq ki, Abbas Səhhətin “Könlümün sevgili məhbubu mənim, vətənimdir, vətənimdir, vətənim” tipli boğazdanyuxarı pafosla yazdığı şerini əzbərləyə bilməyən şagirdin üzünə o qədər tüpürürdülər ki, zavallının bütün sir-sifəti göz yaşına və tüpürcəyə bələnirdi. Üzətüpürmə şəxsən mənim oxuduğum məktəbdə - SSRİ zamanında - ən geniş yayılmış cəza növü idi və dəhşətlisi bu idi ki, bu cəza uşaqların – istər oxuyanlar olsun, istərsə də savadsızlar – təhsilini, tərbiyəsini yaxşılaşdırmaq əvəzinə onları daha da sırtıqlığa və bir-biriləri ilə düşmənçiliyə sövq edirdi. Artıq uşaqlıqdan millətin balalarının bir-birilərini sevməmək, bir-birilərinə nifrət etmək, bir-birilərinin üzünə tüpürməyin ənənələri qoyulurdu. Üzünə tüpürülən uşaq dərsdən sonra üzünə tüpürən sinif yoldaşlarını tutub əzişdirirdi, əzişdirilən isə səhəri gün acığını soyutmaq üçün yoldaşının üzünə daha da lombayla tüpürürdü.

Yaxud qış aylarında müəllimlər maşanı sobada qızdırıb şagirdlərin əlinə dağ basırdılar. Şəxsən məni Fernando Magellanın ilk dünya səyahətinə neçə nəfər “xiyarla” – hələ də acıqlıyam - çıxdığını bilmədiyim üçün çoğrafiya müəllimi qışın oğlan çağında məktəbin qaranlıq və rütubətli zirzəmisinə salmışdı. Qırxbeş dəqiqəlik dərs boyunca zirzəmidəki nəm daşın üstündə oturub Magellanın yeddi arxadan dönənini söyə-söyə zırıldadım o vaxt. On iki yaşında zindan həyatının dadına baxan bir uşağın içində hansı duyğu cücərə və böyuyə bilər? Əminəm ki, bizim məktəblərdə bundan daha betər mənzərələr olub və bəlkə, hələ də davam edir.

İndi qayıdaq gəzdiyim kəndlərin birində şahidi olduğum hadisənin yanına; həmin kənddə təsadüfən birinci sinifə gedən üç-dörd uşaqla qarşılaşdım. Maraqlandım ki, kürəklərinə şələlədikləri çantaların içində nə var; çantaların birini açıb baxdım; çantada iki-üç dəftər-kitabla, vərəqə bükülmüş pendir-çörəklə yanaşı nə görsəm yaxşıdır? TƏZƏK! – qəzetə bükülmüş inək təzəyi. Sən demə, sinif otağını qızdırmaq üçün digər isidici vasitələr olmadığı üçün müəllimlər uşaqlara tapşırıblar ki, sobada yandırmaqdan ötrü hərəsi özü ilə məktəbə bir təzək gətirsin. Halbuki bir çəllək nöyütlə kənd məktəbləri bütün qışı kecinə bilər.

...çantasında kitabla təzəyi bir yerdə gəzdirən uşaq böyüyüb ya dahi olacaq, ya da heç nə.

Комментариев нет:

Отправить комментарий