24.04.2011

JURNALİSTLƏR “LİDER” TV İLƏ “AFRA” OTELİ MƏHKƏMƏYƏ VERİR

Qan TuralıGizli çəkiliş məsələsi Avropa Məhkəməsinə qədər də gedib çıxa bilər



“Azadlıq” qəzetinin əməkdaşları Qan Turalı və Natiq Güləhmədoğlu “Lider” televiziyasını və Oğuz rayonundakı “Afra” otelini məhkəməyə verir. Bu barədə “Azadlıq” radiosuna Qan Turalı məlumat verib.
Natiq GüləhmədoğluJurnalistin sözlərinə görə, onun və həmkarı N.Güləhmədoğlunun bu yaxınlarda “Lider” TV-də yayımlanan görüntüləri məhz “Afra” oteldə olarkən gizli kamera ilə çəkilib: “Əlbəttə, "Lider" TV ilə bağlı məsələ aydındır. Amma “Afra” otelində bu kamera necə quraşdırılıb, kim bunu edib, qoy onu məhkəmə aydınlaşdırsın. Konkret olaraq kimisə günahlandıra bilmərəm. Amma əgər bu təxribatı hakimiyyət etməyibsə, onda qoy günahkarı tapıb cəzalandırsınlar. Bu məhkəmə hakimiyyətə özünün günahkar olmadığını sübut etmək üçün bir sınaqdır. Amma bu məsələ ilə bağlı bütün mülahizələr hakimiyyəti göstərir".
Q.Turalı deyib ki, onlar məhkəməyə müraciət etməklə günahkarların üzr istəməsinə və özlərinə dəyən mənəvi ziyana görə təzminat ödənilməsinə nail olmağa çalışacaqlar. O, Azərbaycan məhkəmələrində istədiklərinə nail ola biləcəklərinə inanmır. Ona görə də bu şikayəti Avropa Məhkəməsinədək davam etdirəcəklərini bildirir.
2010-ci ilin dekabrında Almaniyanın Konrad Adenauer Fondu Oğuz rayonunda “Siyasətçilər və jurnalistlər üçün siyasi kommunikasiya” proqramı üzrə media təlimi keçib. “Afra” otelində keçirilən tədbirdə müxtəlif media nümayəndələri ilə yanaşı AXCP, Müsavat, YAP və bəzi başqa partiyaların təmsilçiləri də iştirak edib. Qan Turalının (Tural Cəfərov) və Natiq Adilovun (Güləhmədoğlu) “Lider” TV-də yayımlanan görüntüləri də gizli kamera ilə o zaman çəkilib.
“Afra”nın direktoru Məsumə Sultanova deyib ki, həmin tədbiri yaxşı xatırlayır. Jurnalistlərlə yanaşı bütün partiyalardan siyasətçilər də orada olub. Direktor hesab edir ki, tədbir iştirakçılarından kimlərsə özləri öz aralarında bunu edə bilər. Onun fikrincə, indiki texniki inkişafın qarşısında bu elə də çətin məsələ deyil. Amma onun deməsinə görə, otelin özünün bunu etməsi mümkünsüzdür: “Kim olursa olsun, burada siyasi məsələlərlə bağlı heç nəyə yol vermərik. İxtiyarımız da çatmaz ona. Bu, otelçiliyə yaraşan bir şey deyil, antireklamdır. Kim elə şeyə yol verər axı?! Hər yerdən gəlib qalanlar olur burada. Kiminsə yataq otağını çəkməkmi olar? Bu, otelin imici və mənim özüm üçün də yaxşı iş deyil. Mən özüm də belə şeylərə qarşıyam”.
M.Sultanova deyib ki, oteldə dəhlizlərdə, liftlərin qarşısında təhlükəsizlik kameraları quraşdırılıb. Onun fikrincə, aradan xeyli vaxt keçdiyi üçün o arxivin qeydləri silinmiş də ola bilər. Amma deməsinə görə, onlar yenə də məsələni araşdırmağa və məhkəmə olarsa, “Afra” otelin bu məsələdə maraqlı olmadığını sübut etməyə çalışacaqlar.
“Lider” TV-dən isə “Azadlıq” radiosuna bildiriblər ki, məsələyə münasibət bildirəcək səlahiyyət sahibləri işdə deyillər. Təxminən ona oxşar cavab da Milli Teleradio Şurasından verilib. Deyiblər ki, bu, elə bir məsələdir ki, ona ancaq şuranın sədri Nuşirəvan Məhərrəmli cavab verə bilər, o da işdə deyil...

Sevinc TELMANQIZI                          musavat.com

Комментариев нет:

Отправить комментарий