10.04.2012

İT QARĞIŞI

Городские пейзажи. Фотограф Gennadi Blohin

AZƏR QİSMƏT


Zahid yuxudan durub əsnəyə-əsnəyə hamama girdi. Arvadı onun yuxudan durmasını eşidib mətbəxdən deyinməyə başladı: 
-Xalqın da kişiləri var da...evdə bir tikə çörək yoxdur ki, balaların yesin. Yeyirsən-yatırsan, yeyirsən-yatırsan...Yaxşı ki, səhər tezdən toz udub süpürgəçilik edirəm, yoxsa o pul da olmasa aparıb bizi diri-diri basdırardılar. O da çatmır, borc eləməkdən az qalırlar üzümə tüpürsünlər. 
Zahid hamamdan çıxıb qışqırdı: 

-Bəsdi də...Qramofon yenə işə düşdü...iş yoxdur...
-Camaata iş olur, sənə olmur? Get karyerdə daş daşı, optovoyda yük yüklə...üzüyünün qaşı düşməz ki...ali məktəbi qurtarıb axı, buna olmaz...kül sənin kişi başına...
Zahid daha dözə bilməyib mətbəxə keçdi. Və arvadının üstünə yeriyib yapışdı onun boğazından: 
-İndi səni boğub öldürsəm, türmədə güləcəklər ki, “alə, itə görə gəlib düşmüsən bura?”.
Arvadı çırpınırdı. 
-Canın bu deyil? Sənə deməmişəm ki, ər sənin Allahındır, - deyə Zahid arvadının boğazını buraxdı.
Arvadı boğazını ovuşdura-ovuşdura yenə də dilini dinc saxlamadı: 
-Evdə xoruzsan, çöldə fərə. 
Zahid daha heç nə deməyib stol arxasına keçdi:
-Gətir görüm nəyin var. 
Arvadı nifrətlə ona baxaraq çörəklə-pendiri gətirib zərblə stola qoydu. Taqqıltıdan Zahidin özü də diksindi və təzədən qışqırdı:
-Eybi yox, vaxt olar mənim də pulum olar, pərvanə kimi dolanarsan başıma. Deyərsən, ay Allah mənim ərimdən bir dənədir, bir dənə. 
-Mən o günü görməyəcəm, - deyə arvadı döyülməyindən qorxaraq o biri otağa keçdi. 
Zahid yeməyini yeyib çayını qurtuldatmağa başladı. İçib qurtarandan sonra ucunda hələ də siqaret qalan siqaret kötüyünü cibindən çıxarıb odladı və tüstüsünü ciyərinə çəkdi:
-Oxay, nə ləzzət eləyir. 
Arvadı o biri otaqdan qayıdıb dodağının altında deyinməyə başladı. 
-Əlli dəfə demişəm ki, evdə siqaret çəkmə, balaca oğlun var. Get balkonda boğmalan. 
-Ev mənimdir, harda istəyərəm, orda da çəkərəm...
-Yaxşı ki, bu həyatda bircə şey varındısa, o da evindir...
...Zahid ayağa durub pencəyini geyindi. Qapıya sarı gedib qapını açdı. Arxadan arvadının səsi gəldi:
-Gəbərsən, əvvəlcədən xəbər elə, plov dəmləyim, üstündə də toyuq çığırtması. 
Zahid onun sözünə fikir verməyib qapını çırpıb pilləkənlərlə aşağı düşdü.


HƏYƏT 


Əvvəlcə binanın tinində durdu. Yoldan keçən bir oğlandan siqaret istədi. Oğlan çıxarıb iki siqaret verdi ki, “ehtiyat olsun”. Siqareti odlayıb ləzzətlə sümürdü. Sonra həyətdəki skamyada əyləşdi. Əlindəki ağacı oynada-oynada həyətdəki xarici maşınlara və eyvanlara baxdı. Öz-özünə pıçıldadı: “Bəlkə oğurluq edim? Bircə dəfə əlim gətirsə gedib toçka götürüb başlayaram alverə. Yox əşi, mənlik deyil. Məktəb vaxtı kitab oğurlayanda ələ keçmişdim”. 
Sonra başını yelləyib əlindəki ağacı yenə də yelləməyə başladı. Əslində o, neçə dəfə iş axtarmağa getmişdi, diplomunu istəyəndə demişdilər ki, “sənə aid iş yoxdur”. Başqa yerlərə də dəymişdi, bir qaynaqçı işi təklif etmişdilər, ona da razılıq verməmişdi. Qorxmuşdu ki, dost-tanış görüb eləyər, üzdə gülməsələr də, arxasınca fit çalarlar. Hələ tələbə yoldaşlarından biri görsəydi o birilərə zəng edib muştuluq alardı ki, “xəbəriniz var, qardaş sınıb”. Bu barədə düşünmək istəmirdi, ürəyinə belə yaxın buraxmırdı. Nə isə, iş tapmaq lazımdır.         
-Bəlkə o xarici maşınları yuyum? Hər maşına filan qədər pul alaram. Yox, bu da mənlik deyil. Ali təhsilli adam indi durub maşın yuyacaq?
Yenə də başını aşağı salıb susdu. 
Qonşuda bir oğlan qalırdı. Rusiyadan təzə gəlmişdi. Gələndə özü ilə bir it də gətirmişdi. Həmin oğlan yenə də itini gəzdirməyə çıxarmışdı. İtin zəncirindən tutub gəlib Zahidin yanında oturdu. 
-Günortanız xeyir. 
-Günortanız xeyir. Nə yaman iri itdir?
-Hə, Moskvanın it bazarından 3 min dollara almışam. Medalları da var. Gündə 2 kilo ət yeyir. 
-3 min dollara?, - deyə Zahid təəccübünü gizlədə bilmədi. Və heyrətlə itə baxdı. 
Oğlan durub getdi. “Mən burda çörək tapa bilmirəm, bu gədə itinə gündə 2 kilo ət yedizdirir. İt oğlu it”. 
...Birdən başına-başına döyəcləməyə başladı ki, axı niyə bunu indiyəcən etməyib?!
Ayağa durub binanın tinində gizləndi. İtlə gəzən həmin qonşusunun qayıtmasını gözlədi. Saatına baxdı: “Harda qaldı bu?”.
Uzaqdan həmin oğlan yanında da iti üzübəri gəlirdi. Oğlan və it binanın tinindən gəlib keçəndə Zahid ayağının ucu ilə onların arxasınca addımladı. Oğlan skamyada əyləşib itin xaltasını açdı ki, bir az gəzişsin, həm də təbii təlabatını yerinə yetirsin.  İt bir az uzaqlaşıb ağacların dibini iyləyə-iyləyə gəzirdi. Oğlan isə mobil telefonla kimləsə danışıb-gülürdü. Zahid oğlanın başının qarışdığını görüb itə iri bir daş atdı. Daş itin kürəyinə dəydi və hirsindən mırıldayaraq Zahidin üstünə cumdu.
Zahid qaçmaq istəsə də it onun ayağından dişlədi. Qışqırıq səsinə maraqlı qonşular eyvanlara çıxdılar ki, görsünlər nə tamaşadır. İtin yiyəsi səsi eşidib gözünü qəzetdən ayırdı və gördü ki, onun bahalı iti bayaq söhbətləşdiyi adamın yanında mırıldayır, Zahid isə qışqırır. Oğlan yaxınlaşıb həyacanla dedi: 
-Qonşu, nə olub?
Zahid yerə uzanılı ayağını tutub zarıyırdı:
-Zəhrimar olub canına. İtin ayağımı dişlədi. İndi səni məhkəməyə verərəm bilərsən. 
Oğlan həyacanından bilmirdi nə desin. Tez xaltanı itin boğazına keçirdi. Və yenə həyacanla: 
-Qonşu, vallah... nə edim axı...Allahın heyvanıdır də...
-İtin tutağandır, boynundan xaltasını açıb camaatın üstünə nöşün cumdurursan?
-Gəlin, sizi aparım həkimə. Həkim də, iynə pulu da mənlik. 
-A kişi, həkimə nə qədər verəcəksən? Qəpik-quruş. Bəs, keçirdiyim sarsıntı? Bəs, keçirdiyim qorxu? Allah bilir ömrümdən neçə il getdi. 
Qonşusu ətrafa baxıb heç kim eşitməsin deyə pıçıldadı: 
-Bəlkə bu məsələni məhkəməsiz həll edək getsin?!
Zahid ona gözaltı baxıb zarımağını davam etdirdi. Oğlan cibindən pul kisəsini çıxara-çıxara:
-Al bu 100 dolları, xoşluqla ayrılaq. 
Zahid daha da bəkdən zarıdı: 
-Buna bax, həyatımdan 10 il gedib, bunun verdiyinə bax?!
Oğlan ətrafa baxıb evə tərəf tələsdi. Zahid onun arxasınca baxıb gülümsündü. Beş dəqiqə keçməmiş oğlan gəlib 400 dolları da uzatdı: 
-Hə, necədir, razısan? 
Zahid pulları alıb cibinə qoydu və dedi: 
-Bir də itini xaltasız gəzməyə buraxma. Yaxşı ki, qarşına Allah adamı çıxdı, - deyə guya axsaya-axsaya oradan uzaqlaşdı. Taksi saxlayıb həkimə getdi. Həkim ona iynə vurdu, vəssalam. 


ZAHİDİN EVİ 


O, evə gəiib pencəyini stulun başına keçirdi. Arvadı əlindəki boşqabı silə-silə qarşısına çıxdı:  
-Boşqabı silməyimə baxma. Evdə dişə vurası heç nə yoxdur, uşağa axırıncı kartoşkanı qızartdım. 
Zahid bığaltı gülə-gülə arvadına baxıb dedi: 
-Bəsdir daha. Bu gündən kasıbçılığa son qoyuldu. De görüm, bu yayı harda istirahət edək. Antalya, Bodrum, yoxsa Karib adaları. 
-Yox bir  Burkino-Faso? Ac toyuq darı məsələsidir deyəsən. Dolayırsan? Nolar dola. Amma unutma ki, sənə heç bir arvad dözməzdi. 
-Eeeee...beynimi aparma. Bura baaaax, - deyə Zahid cibindən dollarları çıxarıb arvadına göstərdi. Arvadı sevinə-sevinə  onun üstünə gəlib dollarları sinəsinə sıxdı, elə bil bağrına basdı. Sonra qaşları çatıldı. Mənalı-mənalı ərinə baxdı: 
-Bura bax, sənin əlindən nə alver, nə də kiminsə işini düzüb-qoşmaq gəlir. De görüm, bu pullar sənə hardandır? Əgər oğurlamısansa, kimisə soymusansa, onda pulların başına dəysin. Eşidirsən? Evə haramlıq qatma. Eşidirsən, ya yox? 
-Arvad ki arvad. Aaaaz, sənə nə lazımdır? Pul lazım deyil? Götür də...Daha nə istəyirsən? 
-Zəhrimar istəyirəm, öd istəyirəm canına. Bir parça çörəyimizə haramlıq qatma, qoy, oturmuşuq yerimizdə. 
-Əşi, nə oğurlamışam, nə də kimisə soymuşam. Qonşumuzun itinə daş atdım, it də ərini qapdı. Sonra oğlandan 500 dollar qopardım. Bu haramlıqdır? 
-Sənin ağlına keçə yamayım. Bəs haramlıq deyil, nədir? Apar pulu qaytar yiyəsinə. 
-Heç kimə qaytaran deyiləm. Bəs, Allah görmür ki, nə çəkirik?
-Allah hər şeyi yaxşı görür. Bəlkə Allah səni kasıbçılıqla sınağa çəkir?
-Evə pul gətirirəm, vəssalam. Rəhmətlik atam yaxşı deyirdi ki, arvada sirr vermə. Sənə dəxli yoxdur. Otur kartoşkanı qaynat...,- deyə Zahid köynəyini soyunub çarpayıya sərələndi. Bir azdan xorultusu eşidildi. Arvad isə mətbəxdə oturub balaca oğlunu qucaqlayıb hıçqırdı.


HƏYƏT


Səhəri gün Zahid evdən çıxıb irəlilədi. Əyilib cibinə daş doldurdu. Binalarında elə adam qalmamışdı ki, it saxlasın, bir az uzaqlara getmək lazım idi. O ümüdlə mikrorayondakı başqa binaların yanında fırlanmağa getdi. Binaların birinin tinində durub cibindən siqaret çıxarıb odladı. Ətrafa göz gəzdirdi. Bir kişinin itlə gəzişməsini gördü. Siqareti yerə atıb tapdaladı. Bic-bic gülümsədi. Yavaş-yavaş həmin kişinin və itinin arxasınca düşdü. Əlini cibinə aparıb 3-4 daş çıxardı. Və başladı iti daşlamağa. İtin yiyəsi nədənsə şübhələnib arxaya çevrildi. Zahid heç nə olmamış kimi başını aşağı saldı. Kişi üzünü çevirib yenə də yoluna davam etdi. O, yenə də iti daşladı. Bu dəfə it dözməyib qəfildən kişinin əlindən çıxdı və Zahidin üstünə cumub onu dişlədi. Qışqırığını ətraf binalar da eşitdi. Kişi həyacanla yerdə uzanılı qalana doğru əyildi:
-Nə oldu? Nə oldu?
-İtin dişlədi məni. Gör indi başına nə oyun açacağam...ay Allah, öldüm. Bu nə zülümdü düşdüm.
Həyacanlanan kişi onun qolundan tutub qaldırmağa çalışdı.
-Durun ayağa gedək həkimə.
-Sən həkimə nə qədər verəcəksən? Uzaqbaşı, qəpik-quruş. Bəs, keçirdiyim sarsıntı? Bəs, keçirdiyim qorxu? Onun əvəzini kim qaytaracaq? Məhkəmədə görərsən. 
-Əşi, qurtar görək. Məhkəmə nədir, zad nədir? Nə istəyirsən? 
-Əvvəla, həkim, iynə pulu. İkincisi, 3 aylıq müalicə kursu. Ücüncüsü, əsəb sistemimin bərpası üçün mütləq xaricə getməliyəm, yoxsa bu zibil elə-belə keçib getməyəcək.  
-Dayan görüm e. Birincisi, əsəb sistemi bərpa olunmur. İkincisi, bəlkə ömür boyu səni dolandırmalıyam, hə? Bilməmişdik. 
-Dayan görüm ə. Əyləcini bas. Bu nə tondur danışırsan? Deyəsən sənlə xoş-xoş danışdım a. 
-Yaxşı-yaxşı...üstümdə pul yoxdur, telefon nömrəni ver zəng edərəm.
-Ölmüşdü Xankişi, sonra da zəng etməyəsən, heç Himalayda da tapa bilmərəm səni. Elə sən öləsən, bu dəqiqə jurnalistləri tökürəm bura, nazirlikdən də ekspertlər çağıraram ağlın başına gələr. 
Kişi nə düşündüsə, sonra biləyindəki qızıl zənciri açıb Zahidin üstünə tulladı.
-Oğlum Rusiyətdən göndərmişdi, al sox gözünə. 
-Danışığını bil, qoca kaftar. Elə sənin kimilərdi də bizi yaşamağa qoymayan. 
Kişi başını bulaya-bulaya ordan uzaqlaşdı. 
Zahidsə gülə-gülə kişinin arxasınca baxıb qızıl zənciri sinəsindən qaldırdı, uşaq sevinci ilə axsaya-axsaya öz binalarına tərəf irəlilədi, yadına düşdü ki, həkimə iynə vurdurmalıdır, yoxsa quduzlaşar.  


ZAHİDİN EVİ 


Zahidin arvadı içən ərini danlayırdı: 
-Ayıbdır sənə, əl çək bu əməlindən. Allahın acığı tutar bizə. Allah görür hər şeyi. 
-Əl çək. Pul istəmirdin, bu da sənə pul. Yeri cəhənnəm ol, çay gətir. 
Arvadı başını bulaya-bulaya mətbəxə keçdi. 


KASIB EVİ 


Ata oğluna deyir:
-O iti hardan gətirmisən? 
-Küçədən tapdım. Qabağına çörək atdım, düşdü dalımca, düz evə qədər, - deyə 12 yaşlı oğlan itini tumarlaya-tumarlaya atasının reaksiyasını gözlədi. Reaksiya olmayanda təzədən üzünü atasına tutdu: 
-Ata, məktəb bağlanır e. Mamedin atası uje onun kitab-dəftərini alıb. Bu gün həyətdə göstərib lovğalanırdı. 
-Darıxma, görüm neynirəm. 
-Gedim itimi gəzdirim, - deyə oğlan itini qucağına alıb binanın qarşısına endi. Arxadan atasının səsi eşidildi ki, “bitli olar, çox tumarlama”.
Zahid bu gün mikrorayondan uzaq başqa mikrorayona gəlib çıxmışdı. Gözünə itlə gəzən heç kim sataşmamışdı. Geri qayıtmaq istəyirdi ki, həyətə itlə enən oğlanı görüb sevindi. O qədər sevindi ki, əllərini bir-birinə sürtdü. Oğlan küçüyünü qucağından düşürüb başladı onunla atılıb-düşməyə. Zahid yaxınlaşıb guya yanından keçirmiş kimi küçüyə gizlincə bir təpik ilişdirdi. Balaca çubuş hürdü, amma cummadı. Hiyləsi baş tutmadı. Təzədən itə yaxınlaşdı, yenə də ona təpik atdı. Küçük hürdü, yenə cummadı. Zahidin daha səbri çatmadı və yerə yıxılıb başladı qışqırmağa: 
-Ay aman, küçük dişlədi məni.
Oğlan ona yaxınlaşaraq: 
-Dayı, axı o, sizi dişləmədi?!
-İt uşağı it, mən boyda kişi yalan danışır?
Səsə oğlanın atası həyətə endi və həyacanla: 
-Nə məsələdir burda? 
Oğlu yazıq-yazıq dilləndi: 
-Ata, dayı deyir ki, itim onu dişləyib. Allah haqqı yalan danışır. 
Atası üzünü yerdə zarıyan Zahidə tutdu: 
-Oğlumun küçüyü dişləyib sizi?
-Hə, dişlədi. 
-Hanı? Göstərin görüm? 
Zahid keçən dəfəki it dişləməsinin yerini göstərdi. Atası yaraya diqqətlə baxıb dedi: 
-Bu təzə yaraya oxşamır axı? 
-Məzələnirsiz? Sizi məhkəməyə verərəm bilərsiz. 
Atası oğluna tərs-tərs baxıb qışqırdı: 
-Rədd elə itini burdan, - deyə başını ikiəlli tutub sanki zarıdı. Zahidə baxıb yenidən dilləndi: 
-Qardaş, sən Allah məni çevir balalarının başına. Uşaqdır, bilməyib. Kasıb adamam, bizim məhkəmədə nə işimiz var. Sən Allah, bu dəfə keç. 
-Əşi, hara keçirəm? Başınıza oyun açacam... Evinizi satdıracam...
-Başıma haranın daşını salım? Qardaş, qurban olum, müsəlmançılıq deyil, nə olar keç. Qurban olum keç. Uşaqdır, qələt eləyib. Vallah, adama yaxşılıq qalacaq. 
-Keçmərəm, vəssalam. 
Atası başını tutub yelləyir, hərdənbir ayağını tutub zarıyan Zahidə, hərdənbir də oğluna baxırdı. 
-Yaxşı, nə istəyirsən?
-Heç olmasa 3 aylıq müalicə kursu almağım üçün 500 dollar. 
-Nə qədər? 500 dollar? A kişi, Allahın olsun, heç ömrümdə o qədər pul görməmişəm...hardan tapım sənə o qədər pulu?
-Dəxli yoxdu e. Bax, gedirəm a...sonra peşman olassız. 
Atası nə fikirləşdisə evə qalxıb sonra yenidən Zahidin yanına endi:
-Götür, həyat yoldaşımın nişan üzüyüdür...Bundan başqa heç nəyimiz yoxdur...halal eləmirəm sənə...
-Halal elədin-eləmədin dəxli yoxdur.
Və Zahid sevinə-sevinə ordan uzaqlaşdı. Uşağın atası isə skamyada oturub başını tutdu. Oğlu qorxa-qorxa yaxınlaşaraq ona sığındı. Atası heç nə demədi. 


ZAHİDİN EVİ 


Arvadı onu yenə danlayırdı. 
-Bəsdir, tök bu daşı ətəyindən. 
-İt milçəyi kimi nə yapışmısan e məndən?! Əvvəl ət də tapmırdın, indi həftəyə 5 kilo ət alıram. Tıxıb nə boyda olmusan.
-Sənin aldığın nə varsa, hamısı soyuducudadır. Ondan uşaqlara heç nə bişirməmişəm. Haram tikə bizim boğazımızdan keçməz. 
Zahid arvadının sözlərinə qəhqəhə çəkib üzüyü cibindən çıxarıb baxdı. Sonra yıxılıb yatdı. 


HƏYƏT


Zahid dünəndən bilmişdi ki, binalarında bir kişi də it saxlayır, yoxsa 3-cü mikrorayonda vurub 9-cu mikrorayona niyə getməli idi ki...elə hazır burda varmış ki...
Yenə də binanın tinində durub həmin kişinin itlə həyətə enməsini gözləyirdi, cibində daşları vardı, səhər tezdən yığmışdı. Bir saat gözləyəndən sonra evinə qalxmaq istədi, “bir 15 dəqiqə də gözləyim, ya mədəd, ruzusuz qalmaram”. On dəqiqədən sonra kişi iti ilə həyətə endi. Xaltanın itin boğazından çıxarılmasını gözlədi. Nəhayət, xalta itin boğazından çıxarıldı. 
Zahid sevinə-sevinə bir az da onlara yaxınlaşdı. Ağacın dalında gizlənib cibinə doldurduğu daşlardan 3-4-ni çıxarıb başladı itə atmağa. İt duruxdu. Ətrafa baxıb mırıldadı. Zahid yenə də itə daş atdı. İt ətrafa baxdı. Bu vaxt Zahidin arvadı 4 yaşlı oğlunu bağçadan gətirirdi və onlardan xəbəri yoxdu. Başladı yenə də itə daş atmağa. İtin sahibi isə skamyada oturub qəzet oxuyurdu. İt mırıldadı və ətrafa baxıb ana ilə oğlunu gördü. Sürətlə onlara tərəf cumdu. Zahid ağacın arxasından çıxıb yalnız bu sözləri qışqıra bildi:
-Qaçıııınnnnn....
İt isə sürətlə Zahidin oğlunun üstünə cumub bir anda onu altına aldı. Və iti dişlərilə harasına gəldi dişlək atdı. Zahidin dəhşətli qışqırığı eşidildi. O, oğluna tərəf qaçıb iti təpikləməyə başladı. İt uşağı buraxıb onu dişləm-dişləm etsə də, ata oğlunu qucağına götürmək istəyirdi. Götürə bildi. Oğlunu çağırır, uşaq cavab vermirdi. O, qan içində olan oğlunun meyiti qarşısında diz çökərək mərsiyə deyən qadın kimi saçını yolurdu. Amma oğlunun pıçıltı ilə “ata, it məni dişlədi” sözlərini eşitmirdi.

Комментариев нет:

Отправить комментарий