19.05.2012

Doktor Ələsgər

Azərbaycan kişiləri

“Hamı vəzifə almağa xahişçi göndərir, ilk dəfədir ki, vəzifədən çıxarılmaq üçün yanıma minnətçi göndərirlər”

5 qardaşın hamısı odun-alovun içindən sağ-salamat geri qayıdır

Masallı səhiyyəsinin tarixində özəllikləri, yüksək bacarığı və fədakarlığı ilə yadda qalan həkimlərdən biri çoxlarının indi də ehtiramla xatırladığı Ələsgər Əsədullayevdir.
Bu günlərdə 100 yaşı tamam olacaq Əsədullayev Ələsgər Məşədi Əsədulla oğlu 15 aprel 1912-ci ildə Masallıda, indi rayon mərkəzi - Masallı şəhəri adlanan ərazidə anadan olub.
Doktor Ələsgər Masallıda adlı-sanlı bir nəslin övladı idi və buna görə də xeyli əzabları yaşamaq məcburiyyətində qaldı. Onun atası Məşədi Əsədulla Masallının ən məşhur tacirlərindən olub.
Onu da xatırladaq ki, doktor Ələsgərin böyük qardaşı Hüseyn həmin vaxt bu bölgənin tanınmışlarından olan Mir Sadıq bəylə yaxın qohum idi. Məhz buna görə də Azərbaycanda sovet hakimiyyəti qurulanda onlara məxsus evlər müsadirə edildi. Təqiblərə məruz qaldığından ailə Bakıya köçməli olur.
Doktor Ələsgərin böyük qardaşı Hüseyn Məmmədov Bakı Dövlət Universiteti yarananda, 1919-cu ildə birincilər sırasında ora qəbul olunanlardan idi və təbii ki, 1923-cü ildə Azərbaycanın yeganə ali təhsil ocağının da ilk məzunlarından biri olaraq kimya-biologiya ixtisası üzrə ali müəllimlik diplomu qazandı. Hüseyn Məmmədov bir müddət Lənkəranda Pedoqoji Texnikumda direktor və Bakıda müəllim işləyib. Daha sonra, 1937-ci ildə Tibb İnstitutunu da bitirərək həkim kimi də fəaliyyət göstərib. Ələsgər hələ sağlığında deyərmiş ki, bizim ali təhsil almağımızda qardaşım Hüseynin əvəzsiz rolu olmuşdur. Belə ki, Hüseynin ciddi səyi ilə Ələsgərdən əlavə ailənin digər 3 oğlu da ali təhsil almışdı. O vaxt bəy və tacir övladlarının təhsil alması çətin olduğundan Hüseyn Məmmədov bütün qardaşlarını öz himayəsinə götürür və onların hamısının ali təhsil almasına nail olur. Həmin dövrdə bir ailədən 5 nəfərin ali təhsil alması olduqca fövqəladə və dəyərli hal idi.

Ələsgər Əsədullayevin qısa tərcümeyi-halı

Doktor Ələsgər orta təhsilini başa vurduqdan sonra əczaçılıq texnikumunu , daha sonra isə 1936-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirir. Elə həmin ildən də Azərbaycan Tibb İnstitutunda muəllim işləməyə başlayır. Sonradan rayonlarda həkimlərə ciddi ehtiyac olduğunu nəzərə alıb bir neçə aydan sonra Ə. Əsədullayevi Cəlilabad rayonunun indiki Göytəpə (o vaxt Prişib adlanırdı) ərazisindəki xəstəxananın müdiri təyin edirlər. (Onu da xatırladaq ki, bu vaxta qədər Məmmədov soyadını daşıyan Ələsgər təqiblərdən qurtarmaq üçün ali təhsilini başa vurandan sonra baba soyadını - Əsədullayevi götürməli olur)
.


5 qardaş müharibə meydanında

Maraqlıdır ki, anası Sürəyya xanım 5 ali təhsilli oğlunu elə müharibə başlayan kimi eyni gündə hərbi xidmətə yola salır və həm də fərəhlidir ki, 5 qardaşın hamısı odun-alovun içindən sağ-salamat geri qayıdır.
Ələsgər və qardaşı Hüseyn Gəncədə yerləşən diviziyanın ayrı-ayrı batalyonlarında həkim kimi xidmət ediblər. Bir müddətdən sonra böyük qardaş Hüseyn xəbər tutur ki, kiçik qardaşı Ələsgərin qulluq etdiyi batalyonu döyüş bölgəsinə yola salırlar. Hüseyn diviziya komandirindən xahiş edir ki, cəbhə bölgəsinə Ələsgəri yox, onu göndərsinlər, qardaşı Ələsgər təzə nişanlanıb, cavandır, onu arxa cəbhədə saxlaysınlar. Diviziya komandiri onun xahişi ilə razılaşır. Sonralar isə hər iki batalyon cəbhə bölgəsində yanaşı döyüşür. Hüseyn və Ələsgər qardaşları yüzlərlə yaralını ölümdən xilas edirlər.
1942-ci ildə Ələsgərin qulluğ etdiyi batalyon Mazdok şəhərində döyuşərkən o, ağır yaralanır və bundan sonra Ələsgər arxa cəbhəyə göndərilir. Müharibədən qayıtdıqdan sonra o, yenidən Prişib (indiki Göytəpə) xəstəxanasında mudir işləməyə başlayir. Onun peşəkarlığı Prişib xəstəxanasının cənubun ən tanınmış şəfa ocaqlarından birinə çevrilməsinə səbəb olur. O, bu xəstəxanada 1963-cü ilə qədər, 25 ildən artıq müdir işləyir. Bu illərdə onun şöhrəti bütün ətraf rayonlara yayılır, xüsusən, Masallı rayonundan yüzlərlə xəstə onun rəhbərlik etdiyi və çalışdığı xəstəxanaya axışır. Həmin illər yayılmış bir çox yolxucu xəstəliklərin – qarın yatalağının, malyariyanın aradan qaldırılmasında doktor Ələsgərin gecəli-gündüzlü böyük zəhməti olmuşdur.
Doktor Ələsgərin yaxın dostu, Masallı səhiyyəsinin cəfakeşlərindən olan Həbib Zahidov ondan təkidlə xahiş edir ki, onsuz da xəstələrinin çoxu Masallıdandır, ora ilə qurtar, gəl Masallıya. Nəhayət, 1963-cü ildə o, 51 yaşında iş yerini Masallıya dəyişir. Bundan sonra cəlilabadlı xəstələr Masallıya axışmağa başlayırlar. Yanına gələn xəstələr o qədər çox olur ki, o, bazar və bayram günü bilmədən evində də xəstələri qəbul etməli olur.
Doktor Ələsgəri tanıyanlardan onun haqqında soruşanda öncə bu insanın öz sənətini olduqca dərindən bildiyini və ən böyük sevincinin xəstələrə şəfa vermək olduğunu önə çəkirlər. Vəzifə, pul onun üçün bəlkə də 5-ci, 10-cu dərəcəli bir istək idi. Bəzi epizodları yada salaq.
...1971-ci ildə Rusiya-İran qaz kəmərinin Masallıdan keçən hissəsində partlayiş baş verir və bir neçə adam xəsarət alır. Buna görə Masallının o vaxtkı baş həkimi vəzifəsindən kənarlaşdırılır. Həmin vəzifə doktor Ələsgərə təklif olunur. O isə razılaşmır. Xeyli təkiddən sonra boynuna qoyurlar ki, heç olmasa, müvəqqəti, bir-iki aylıq baş həkim vəzifəsini icra etsin. O da razılaşır. Bir müddət bu vəzifədə çalışandan sonra 1-ci katibdən dəfələrlə xahiş edir ki, onu baş həkimlikdən azad etsin, onun üçün ən şərəflisi sırafi həkimlik, xəstələri müalicə etməkdir. Lakin rayon rəhbərliyi onu buraxmaq istəmir. Doktor Ələsgər məcbur olub Bakıdan köhnə dostu, Xalq Nəzarət Komitəsinin 1-ci müavini Salman Cəfərovu Raykom katibinin yanına xahişə gətizdirir ki, onu baş həkimlikdən çıxarıb sıravi həkim təyin etsinlər. 1-ci katib Ömərov deyir ki, hamı vəzifə almağa xahişçi göndərir, ilk dəfədir ki, vəzifədən çıxarılmaq üçün yanıma minnətçi göndərirlər.
Xatırladaq ki, o vaxt Masallıda Vərəm Dispanserinin müdiri işləyən Həbib Zahidov da işdən çıxmaq üçün çox cəhd edir, lakin o vaxtkı baş həkim Həsən Abdullayev yüksək bacarığını nəzərə alıb onu vəzifəsində saxlayır. İndi də yarızarafat, yarıciddi danışırlar ki, baş həkimin könlünə yeyib-içmək düşəndə Həbib Zahidova deyərmiş ki, bir qonaqlıq təşkil elə, səni vəzifəndən azad edək. Beləliklə, ondan bir neçə dəfə qonaqlıq da alırlar.
Həsən Abdullayev danışır ki, biz yaxın dostumuz, rəhmətlik Şərafət Bayramovun dayısı kimi onunla tez-tez görüşür və ondan məsləhətlər alırdıq. Yunus Cəfərov, Vaqif Əhmədov və mən Tibb İnstitutunu təzə bitirmişdik. O bizə deyərdi ki, xəstədən pul istəməyin, amma özü versə, qaytarmayın. Çünki xəsətə elə fikirləşəcək ki, ya verdiyi pul azdır, ya da o öləcək deyə, puluna yiyə durmursunuz.
Doktor Ələsgərin bacısı oğlu Raqif Bayramov da onunla bağlı maraqlı xatirə danışdı. Belə ki, bir dəfə doktor Əsədullayev təkmilləşdirmə kursunda imtahan verməli olur. İmtahan görürən müəllim professor İsazadə onu görən kimi deyir ki, mən bu şəxsdən imtahan götürə bilmərəm. Biz tibb institutunda onunla birgə oxumuşuq. Bizim hamımızdan çox bildiyi üçün Ələsgəri professor adlandırardıq. İndi mən ondan necə imtahan götürüm.
Doktor Ələsgər Əsədullayev 1993-cü il yanvarın 24-də, 81 yaşında vəfat edib.
Bu il aprelin 15-də onun anadan olmasının 100 ili tamam oldu.
24 yaşından ömrünün sonuna kimi, 57 il həkimlik etmiş, minlərlə insana şəfa verən bu insan o vaxtkı hökumət tərəfindən bir çox orden və medallarla təltif olunmuş, Əməkdar həkim (Masallı tarixində ilk dəfə) adına layiq görülmüşdür. Lakin o, səfa verdiyi insanların sevgisini özü üçün ən böyük titul, ən şərəfli vəzifə sayırdı.
Doktor Ələsgərin 2 övladı olub - Böyükağa adlı oğlu atasının yolunu davam etdirərək həkimlik edir, qızı Solmaz isə şəhər 1saylı tam orta məktəbin müəllimidir. 


Zahir Əmənov

Комментариев нет:

Отправить комментарий