02.05.2012

Məqsədim hamıdır, özüm heç kiməm!

Sayman Aruz

Heç vaxt yazmadığım şeiri yazıram
heç vaxt görmədiyim bir qıza, sənə!
Az qalır dünyanı sevgiləriylə
satam uşaq kimi bir göyərçinə!

Divarda yazılan söyüşlər kimi
məqsədim hamıdır, özüm heçkiməm!
Tapdağa dözümlü  küçələr kimi
üstümdən keçsən də, inanma dinəm!

Ağladan bir qəzet başlığı kimi
nə susa bilmədim, nə dinəmmədim!
Bizim bəxt quşumuz dəvəquşuymuş
nə uça bilmədi, nə minəmmədim!


Yaşamaq ölümdür, intihar günah
səni sevirəm mən, sevirəm vallah!
Yuxudan diksinib, haray çəkirəm
həyətə yıxılır, yuxulu Allah!

“Qorxudan” qorxuram, bir də həyatdan
bir də bu fəlsəfi ümidsizlikdən.
Çaxmağın içində alov kimiyəm
alışa bilmirəm əlin yox ikiən.

Gözlərin yağışa bənzəyir, nəsə
səndə islanmağa qıcığım gəlir.
Sms yazmıram özün biləsən
virtual sevgidən acığım gəlir!

Küçədə kölgələr, qəlbimdə kədər
evin içindəsə dayanıb zaman.
 Zülmün süfətinə çırpılmaq üçün
əlimdə bir yumruq  yekəlir yaman!

İki sevgiliydik , iki yol kimi
iki çəmədana döndük gedəndə!
Səni sevir mənim...səni sevir mən...
dilin quruluşu dağılıb məndə!

Səni görməmişəm amma nə fərqi
səni düşünmüşəm hər boşalanda.
Sevgilin mən idim, indi ərinlə
məni də xatırla qucaqlaşanda!

Комментариев нет:

Отправить комментарий