Əli
Şirin Şükürlü
işıq
düşür otağa tədricən. qaranlıqdan çıxır əşyalar.
ilk baxışdan hər
şey olduğu kimi. dəyişməyib əşyalar
arasında məsafə də. amma az əvvəl əşyalar gizlənmişdi
öz yoxluğunda. varolmada hər
şey əslində dəyişmiş şəkildə
olsa da belə.
varolmada – onu görsək də görməsək
də.
əşyalar
arasında dəyişməz məsafə və əmələ gətirdiyi
məkanda
mən. hazırlayıram özümü
başlayan günə.
yuyunuram, idman eləyirəm, geyinirəm və sairə
–
mənimçün
var olan dünyanın şəklini
çəkir idrakım,
şəklini
çəkir ayırır obyektiv
varolmadan.
yalnız o şəkillərdən danışıram, daha dəqiq – danışa bilərəm
yalnız o şəkillərdən danışıram, daha dəqiq – danışa bilərəm
hazırda. deməli
belə:
***
çıxıram evdən.
vərdiş etdiyim əşyalar, ev, adamlar
yenə
gizlənir öz yoxluğunda,
- yenə
varolmada məndən
xəbərsiz. milyon-milyon əşyalar, milyon-milyon evlər,
milyon-milyon
adamlar kimi.
indi şəhərin həyətinə beton döşənmiş məkanlarından
birindəyəm. beton üzərində çəmənlik. öncə bir parça
yaşıllıq saxlayır
məni. sonra çəmənlikdə darıxan ağaclar,
sonra yaşıllığı
dimdikləyən quş.
çəmənlik - yamyaşıl
qonubdu
qaratoyuq –
qapqara toyuq
dimdiyi
sapsarı toyuq
uçub getdi
qəfildən
çəmənlikdə
yoxluğu
qaldı dən-dən
qaratoyuq –
dimdiyi sarı toyuq
nə apardı uçub getdiyi yerdən
uzaqlaşıram.
o məkanda çəmənlik qalır, çəmənlikdə ağacalar,
bir də mənim və quşun yoxluğu.
***
7-ci mərtəbəyə qalxıram liftlə. lift – eynən paraleliped şəklində.
iri bir həndəsi fiqur; sıxlıq və məhdudluq. belə vəziyyətdə anlaşılır
sonsuzluğun
doğurduğu azadlıq. harda səma gizlənər, harda səma
örtülərsə azalar azadlıq. qalxıb enən adamlara baxıram, - müxtəlif
yaşda, müxtəlif görkəmdə. kimi qalxır, kimi enir. kimi enir,
kimi
qalxır. paralel
xətlər boyu baş verir eniş və yoxuş. kimini
hüdudsuzluq
gözləyir səma altında, kimini məhdudiyyət paraleliped
şəklində. bütün qalxıb-enmələr əbədilikdən xəbər verər, özü də
usandırıcı,
bir az da mənasız əbədilikdən.
bərbəzəkli evdə hüzür məclisi. gözüm saata sataşır mərhumun
şəkli qoyulmuş dolabın üstündə. şəkil çəkdirər, zamanı
dondurmaq
keçər könlündən. amma donmuş məkan boylanar
şəkildən adamın üzünə.
öldü
saatı işləyir hələ də
dolabın üstündə.
***
məzarlıqda daşlar üzərindəki yazıları oxuyuram. maraqlı
bir hekayət oxuyacaq kimi dayanıram həmişə daşlara həkk
olmuş
yazılar qarşısında. iki müxtəlif rəqəmlər arasında
hadisələr – insan həyatı; eyni yolda müxtəlif
hadisələrdi talelər.
fərqli əyrilər cızca da eyni nöqtədə kəsişmələr var. pozulur
qanunu efklid
həndəsəsinin. paralel düz xətlər kəsişər burda.
xatırlamaz
insan
dünyanı ilk
gördüyü anı
son
gördüyünü də
iki
unutqanlıq arasında –
həyat
***
qaranlıq
düşür yavaş-yavaş. gizlənir öz yoxluğunda yenə
tanış əşyalar, tanış ev, tanış adamlar.
görmədiyim
milyon-milyon
əşyalar,
milyon-milyon evlər, milyon-milyon
adamlar
kimi. sevgi şeiri pıçıldayıram əbədi fanilikdə:
mən səni sevirəm
amma
unutrmaq istəyirəm səni
səni sevincə
min yol
ölüb
min yol
dirilməkdi
mən səni sevirəm
sevirəm səni ölüncə
amma
unutmaq istəyirəm
yox yox...
unutmağı
unutmaq istəyirəm
səni sevincə
***
bir gün də azalır bu yazdan. azalmada hər şey.
harda ki mən yoxam gizlənər o yoxluqda
olanlar. bu
gün də ayrılır şəkil kimi dünyadan.
təsviri yaddaşımda - nə qədər yaşayacaq görəsən.
ax bu yazı
bu yazı...
heç nə yaza bilmədim
nə qaldı bu yazdan
nə qaldı bu yaza bilmədim

Комментариев нет:
Отправить комментарий